Son zamanlar Rusiyada baş verən hadisələr, xüsusilə miqrantlara və etnik azlıqlara qarşı nümayiş olunan ayrı-seçkilik, şovinist yanaşmalar və diskriminasiya hallarının artması və sistematik tendensiya alması ciddi narahatlıq doğurur. Bu proseslər təkcə Yekaterinburqla məhdudlaşmır və Rusiyanın bütün regionlarını əhatə edir.
Milli Məclisin deputatı Sevinc Hüseynova qəzetimizə açıqlamasında bildirib ki, mövcud faktlar Ukraynada davam edən hərbi münaqişə fonunda Rusiyanın miqrantlara və qeyri-rus etnik mənsubiyyətinə malik vətəndaşlara qarşı müxtəlif formaları tətbiq etdiyini təsdiqləyir. Onlar narkotik vasitələrlə şərlənmək, hüquqi əsasları olmayan ittihamlarla üzləşmək, ailə üzvləri ilə təhdid olunmaq kimi qeyri-qanuni vasitələrlə hərbi əməliyyatlarda iştirak etməyə məcbur edilirlər. Verilən vədlər, o cümlədən maddi kompensasiya və digər təminatlar isə əksər hallarda yerinə yetirilmir. "Bu, təəssüf doğuran tendensiya ilə bağlı Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin açıqladığı rəsmi statistika və etiraflar da mövcud vəziyyətin miqyasını və ciddiliyini bir daha təsdiqləyir. İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində iki soydaşımızın öldürülməsi, bir neçəsinin isə işgəncələrə məruz qalması, həbs olunması ölkədə azsaylı xalqlara qarşı təşkil olunan diskriminasiya və milli ayrı-seçkiliyin bariz nümunəsidir", - deyə o əlavə edib.
Deputat qeyd edib ki, bu kimi hallar beynəlxalq hüququn insan hüquq və azadlığının, həmçinin tərəfdaşlıq prinsiplərinin kobud şəkildə pozulmasıdır. Azərbaycan Respublikasının mülki təyyarəsinin vurulması faktı ilə bağlı Rusiyanın nümayiş etdirdiyi passiv mövqe və məsələyə münasibətdə hərəkətsizlik də qəbuledilməzdir. Bu kontekstdə Həştərxanda keçirilmiş tədbirə dəvət olunmuş Milli Məclisin deputatının Rusiya ərazisinə buraxılmaması bu ölkədə Azərbaycana qarşı mövcud olan qərəzli yanaşmanın və dostluq prinsipinə zidd münasibətin açıq göstəricisidir. Bundan əlavə, Azərbaycana məxsus informasiya resurslarına qarşı həyata keçirilmiş kiberhücumlar da təzyiq kampaniyasının bir hissəsidir. Bu hücumların arasında Rusiyanın müəyyən dairələrinin dayandığına dair ciddi əsaslar Milli Məclisin aidiyyəti komissiyasının müvafiq hesabatında da öz əksini tapıb.
S.Hüseynova vurğulayıb ki, Rusiyada milli və dini azlıqlara qarşı artan təzyiqlər, islamofobiya meyillərinin artması, bunun dövlət səviyyəsində təşviqi ciddi narahatlıq doğurur: "Kremlin nəzarəti altında fəaliyyət göstərən bəzi media təmsilçilərinin, o cümlədən Solovyov kimi şəxslərin açıq anti-Azərbaycan çıxışları bu proseslərin məqsədli və sistemli şəkildə həyata keçirildiyini təsdiqləyir. Bu gün Ermənistanda revanşist və radikal dairələrin fəallaşması, Koçaryan, Sarkisyan və Moskvanın təsiri altında olan digər şəxslərin yenidən aktiv fəaliyyətə başlaması təsadüfi deyil. Məqsəd Cənubi Qafqaz regionunda sülhə, təhlükəsizliyə ciddi təhdid yaratmaqdır. Təəssüf ki, bu münasibət Cənubi Qafqazda Rusiyanın sonuncu və real tərəfdaşı olan Azərbaycana qarşı sərgilənir".
Deputat sonda qeyd edib ki, Azərbaycan öz milli maraqlarını, suverenliyini və vətəndaşlarının hüquqlarını qorumaq üçün bütün hüquqi və diplomatik vasitələrdən istifadə edəcək, regionda sülhün, təhlükəsizliyin və sabitliyini təmin olunması istiqamətində prinsipial və ardıcıl siyasətini davam etdirəcək.
Ə.QARDAŞXANOVA,
"Azərbaycan"