İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Enerji infrastrukturu” panelində energetika naziri Pərviz Şahbazov ölkəmizin qarşıdakı onillik üçün enerji prioritetləri və özəl sektor üçün investisiya imkanları barədə danışıb.
AZƏRTAC xəbər verir ki, nazir enerji təhlükəsizliyinin gücləndirilməsi, neft-qaz infrastrukturunun inkişafı, bərpaolunan enerjinin genişləndirilməsi, elektrik şəbəkələrinin modernləşdirilməsi, enerji saxlancı və regional enerji bağlantılarının yaradılmasının əsas prioritetlər olduğunu bildirib. Azərbaycanın etibarlı neft və qaz təchizatçısı kimi rolunu davam etdirməklə yanaşı, yeni neft-qaz yataqlarının işlənməsi, mövcud infrastrukturun modernləşdirilməsi və Cənub Qaz Dəhlizinin genişləndirilməsinin vacibliyi vurğulanıb.
2032-ci ilədək təxminən 8 QVt bərpaolunan enerji gücünün yaradılmasının planlaşdırıldığı, həmçinin Xəzər və Mərkəzi Asiyanın enerji potensialını Türkiyə və Avropa bazarları ilə birləşdirəcək yaşıl enerji dəhlizlərinin inkişaf etdirildiyi qeyd olunub.
Nazir bərpaolunan enerji, Xəzərdə külək enerjisi, enerji saxlancı, elektrik şəbəkələri, rəqəmsallaşma, enerji səmərəliliyi və regional enerji dəhlizlərini özəl sektor üçün perspektivli investisiya istiqamətləri kimi göstərib.
“Özəl sektoru yalnız investisiya mənbəyi deyil, yeni texnologiyalar, innovasiya və beynəlxalq təcrübə gətirən uzunmüddətli tərəfdaş kimi görürük. Məqsədimiz müxtəlif enerji mənbələrini və bazarları birləşdirən müasir enerji infrastrukturu qurmaqdır”, – deyə nazir bildirib.