Xidmət obyektində əlavə "xidmət haqqı" məntiqsizdir
Restoran və kafelərdə hesabın üzərinə əlavə olunan 8, 10, bəzən isə 12 faiz servis haqqı uzun illərdir müzakirə olunan mövzulardandır. Kimisi bunu normal qarşılayır, kimisi isə haqsızlıq, soyğunçuluq hesab edir. Xüsusən son illər qiymətlərin artması fonunda insanlar bir sualı daha çox verir: "Mən onsuz da yeməyin pulunu ödəyirəmsə, niyə əlavə olaraq servis haqqı verməliyəm?"
Restorana gedən insan təbii ki, yeməyi özü mətbəxdən götürməyəcək. Ofisiantın sifarişi qəbul edib yeməyi masaya gətirməsi həmin xidmətin əsas hissəsidir. Necə ki, mağazada satıcı məhsulu təqdim edir və bunun üçün ayrıca "satış haqqı" alınmır, iaşə obyektinin də əsas işi iaşə xidməti göstərməkdir. Buna görə də "servis haqqı" adı ilə əlavə məbləğin hesaba yazılması məntiqsizdir.
Ən çox narazılıq yaradan məqam isə bu ödənişin könüllü deyil, məcburi olmasıdır. Bir çox restoranda menyunun kiçik hissəsində, məsələn, "10 faiz servis haqqı əlavə edilir" yazılsa da, müştərinin real seçimi olmur. Hətta bəzi məkanlarda xidmət çox zəif olsa belə, həmin məbləğ yenə hesaba əlavə edilir. Bu isə "xidmət keyfiyyətinə görə təşəkkür" anlayışını tamamilə formal bir ödənişə çevirir.
Əslində, servis haqqının ilkin mənası fərqlidir. Dünyanın bir çox ölkəsində bu anlayış işçilərin motivasiyası və xidmət keyfiyyətini artırmaq üçün yaradılıb. Amma hər ölkədə tətbiq forması fərqlidir. Məsələn, ABŞ-də "çaypulu" ("çayevoy") vermək çox yayılıb. Orada ofisiantların maaşı nisbətən aşağı olduğu üçün əsas gəlirlərinin böyük hissəsi müştərinin verdiyi "çaypulu"ndan formalaşır. Müştərilər, adətən, hesabın 15-20 faizi qədər əlavə ödəniş edirlər. Amma vacib məqam budur ki, bu, könüllüdür. Xidmət yaxşıdırsa çox, zəifdirsə az və ya heç verilmir. Yəni müştərinin seçim haqqı var.
Avropanın bir çox ölkəsində isə vəziyyət tam fərqlidir. İtaliya, Fransa, Almaniya kimi ölkələrdə restoran işçilərinin maaşı birbaşa müəssisə tərəfindən qarşılanır. Bəzi yerlərdə kiçik servis haqqı hesabın içində göstərilə bilər, amma bu, əvvəlcədən qeyd olunur və bu halda çox vaxt əlavə "çaypulu" gözlənilmir. İnsanlar, sadəcə, xidmətdən razı qaldıqda masa xidmətçisinə əlavə kiçik məbləğ "çaypulu" verirlər.
Yaponiyada isə ümumiyyətlə, "çaypulu" anlayışı yoxdur. Hətta bunu təklif etmək hörmətsizlik kimi qəbul edilə bilər. Çünki orada keyfiyyətli xidmət restoranın borcu sayılır.
Azərbaycanda problem ondadır ki, bir çox məkan servis haqqını artıq xidmətin bir hissəsi kimi yox, əlavə qazanc kimi tətbiq edir. Bəzi restoranlarda 10 faizlə yanaşı "kuver", canlı musiqi haqqı və digər əlavələr də olur. Nəticədə 40-50 manatlıq hesab 60-70 manatacan yüksəlir. Müştəri isə özünü aldadılmış hiss edir. Halbuki servis haqqı tətbiq olunursa, bu, menyuda aydın görünməli və xidmət keyfiyyəti ilə uyğun olmalıdır. Müştəri özünü aldadılmış saymamalıdır.
Tez-tez rast gəlinən bir hal da odur ki, əksər restoranlarda servis haqqı olmasına baxmayaraq, ofisiantlar yenə ayrıca "çaypulu" gözləyirlər. Bu isə müştəridə sual yaradır: "Bəs mən ödədiyim servis haqqı kimi alınan məbləğ kimə gedir?" Əgər həmin məbləğ doğrudan da işçilərə, o cümlədən masa xidmətçilərinə çatmırsa, bu artıq problemdir və onun xərci müştərinin üzərinə qoyulmamalıdır.
Əslində, ən sağlam model balanslı yanaşmadır. Restoran xidmətin əsas məsuliyyətini özü daşımalı, işçilərinə normal maaş verməli, müştəri isə xidmətdən razı qaldıqda əlavə təşəkkür etməlidir, o da könüllü. Çünki keyfiyyətli xidmət artıq restoranın təqdim etdiyi məhsulun bir hissəsidir.
İnsan restorana təkcə yemək yeməyə yox, daha çox istirahət etməyə, şənlənməyə, hansısa günü, hadisəni qeyd etməyə gedir. Ona görə də ictimai iaşə obyektlərinin sahibləri elə etməlidirlər ki, müştərilərinə hesab təqdim olunanda onlar həmin restoranı seçdiklərinə görə peşmançılıq hissi keçirməsinlər.
Buna görə də servis haqqı məsələsində əsas prinsip bir cümlə ilə ifadə oluna bilər: məcburi yox, haqq edilmiş könüllü xidmət ödənişi. Ümumiyyətlə, bu ödəniş olmalıdırmı?
Nərminə ƏSGƏROVA,
"Azərbaycan"