Ermənistandakı seçki prosesi getdikcə daha dramatik hal alır
Ermənistanda parlament seçkilərinə artıq sayılı günlər qalır və son həftələrdə müşahidə olunan proseslər göstərir ki, bu seçkilər təkcə hakimiyyət uğrunda siyasi mübarizə deyil, həm də ölkənin gələcək geosiyasi kursunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Seçkiqabağı kampaniya son mərhələsinə yaxınlaşdıqca siyasi rəqabət daha da kəskinləşir, hakimiyyət və müxalifət arasında qarşılıqlı ittihamlar artır, cəmiyyət daxilində isə müxtəlif siyasi baxışların toqquşması daha aydın şəkildə özünü göstərir.
Milli Məclisin deputatı Kamran BAYRAMOV qəzetimizə açıqlamasında deyib ki, mövcud siyasi mənzərə Ermənistan cəmiyyətinin növbəti dəfə mühüm seçim qarşısında olduğunu deməyə əsas verir: "Bu seçkilər yalnız parlamentdə qüvvələr nisbətinin müəyyənləşdirilməsi ilə yekunlaşmayacaq, eyni zamanda ölkənin xarici siyasət prioritetlərinin, regional əməkdaşlıq imkanlarının və təhlükəsizlik strategiyasının gələcək istiqamətlərinə də təsir göstərəcək. Məhz buna görə də seçki kampaniyasının əsas müzakirə mövzuları sırasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sülh sazişinin perspektivləri, regionda kommunikasiya xətlərinin açılması və Ermənistanın beynəlxalq tərəfdaşları ilə münasibətləri xüsusi yer tutur. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Mülki Müqavilə" partiyası seçki kampaniyasını əsasən sülh gündəliyi, Azərbaycanla münasibətlərin normallaşdırılması, kommunikasiyaların açılması və Qərblə inteqrasiyanın gücləndirilməsi üzərində qurur. Ancaq müxalifət Paşinyanı Qarabağ məsələsində güzəştlərdə ittiham edir və daha sərt siyasi xətt tələb edir".
Kamran Bayramov hesab edir ki, son aylarda Ermənistan daxilində hökumətlə erməni Apostol kilsəsi arasında yaşanan gərginlik də seçki prosesinin mühüm elementlərindən birinə çevrilib. Kilsə ətrafında baş verən qarşıdurmalar, bəzi din xadimləri və müxalif dairələrlə bağlı hüquqi proseslər ölkədə daxili siyasi mübarizənin daha da sərtləşdiyini göstərir. Bu amil seçkilər ərəfəsində cəmiyyət daxilində əlavə parçalanma yaradan faktor kimi çıxış edir. Ermənistanın xarici siyasət istiqaməti də seçki kampaniyasının əsas mövzularındandır. "ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq sənədlərinin imzalanması, həmçinin Rusiya ilə münasibətlərdə müşahidə olunan gərginlik seçkilərin geosiyasi əhəmiyyətini artırır. Moskva ilə İrəvan arasında yaranmış fikir ayrılıqları fonunda Ermənistan cəmiyyətində ölkənin gələcək xarici siyasət kursu ilə bağlı müzakirələr daha da intensivləşib", - deyə o bildirib.
Deputat vurğulayıb ki, Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələri regiondakı proseslərə də birbaşa təsir göstərəcək. Xüsusilə Azərbaycan-Ermənistan sülh gündəliyinin gələcək taleyi, nəqliyyat-kommunikasiya layihələrinin perspektivi və regionda sabitliyin möhkəmləndirilməsi baxımından seçkilərin nəticələri diqqətlə izlənilir. Bu gün Ermənistan cəmiyyəti faktiki olaraq iki fərqli yanaşma arasında seçim edir. Bir tərəfdə regionda əməkdaşlıq, iqtisadi inteqrasiya və sülh perspektivini önə çəkən qüvvələr, digər tərəfdə isə revanşist ritorikanı davam etdirən siyasi dairələr dayanır. Ermənistan xalqının verəcəyi qərar yalnız ölkənin daxili siyasi həyatına deyil, bütövlükdə Cənubi Qafqazın gələcək siyasi mənzərəsinə təsir göstərəcək.
K.Bayramov deyib ki, Ermənistanda seçkilər ərəfəsində baş verən proseslər ölkənin daxili siyasi mənzərəsindəki qeyri-sabitliyi və cəmiyyətdəki dərin parçalanmanı bir daha açıq şəkildə nümayiş etdirir: "Regionda sülh və sabitliyin bərqərar olması üçün Ermənistanın destruktiv yanaşmalardan əl çəkməsi, qonşularına qarşı ərazi iddialarından və revanşist ideologiyadan imtina etməsi əsas şərtdir. Lakin seçkiqabağı ritorika və siyasi qüvvələrin nümayiş etdirdiyi mövqe göstərir ki, Ermənistan hələ də reallıqları qəbul etməkdə çətinlik çəkir. Azərbaycan öz gücü və beynəlxalq hüququn prinsipləri əsasında tarixi ədaləti bərpa edib və regionda yeni reallıqlar yaradıb. Ermənistanın siyasi dairələri isə bu yeni reallıqlarla hesablaşmaq əvəzinə, populist vədlər və xalqı aldatmağa yönələn çağırışlarla məşğuldurlar".
K.Bayramov əlavə edib ki, Ermənistanın gələcək inkişafı və regiondakı inteqrasiya proseslərinə qoşulması yalnız konstruktiv dialoqdan və beynəlxalq öhdəliklərə əməl etməkdən keçir. Seçkilərin nəticələrindən asılı olmayaraq, rəsmi İrəvan dərk etməlidir ki, Azərbaycanla münasibətlərin normallaşması üçün tək yol səmimi və real addımların atılmasıdır. Əks təqdirdə, bu cür siyasi proseslər ölkəni daha böyük dalana dirəyəcək.
Ə.QARDAŞXANOVA,
"Azərbaycan"