"Bakı Enerji Həftəsi" bunu bir daha təsdiqləyir
Texniki və texnoloji tərəqqinin sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Sosial-iqtisadi mühitin dinamik şəkildə dəyişdiyi müasir dünyada enerji təhlükəsizliyi anlayışı da yeni və daha geniş məzmun qazanır.
Bu anlayışın müxtəlif tərifləri mövcud olsa da, enerji siyasətini araşdıran əksər tədqiqatlar göstərir ki, enerji təhlükəsizliyi yalnız enerji təchizatının etibarlılığı ilə məhdudlaşmır. O, enerji səmərəliliyini, iqtisadi dayanıqlılığı, ekoloji məsuliyyəti və iqlim dəyişiklikləri ilə mübarizəni özündə birləşdirən çoxşaxəli bir məfhumdur.
Milli Məclisin deputatı Azər BADAMOV qəzetimizə açıqlamasında deyib ki, enerji sektorunda yeni tendensiyalar formalaşır və həmin dəyişikliklər enerji təhlükəsizliyinə daha geniş və hərtərəfli yanaşmanı zəruri edir: "Artıq enerji təhlükəsizliyi dedikdə yalnız enerji resurslarının əlçatanlığı deyil, həm də enerji səmərəliliyi standartları, ətraf mühitin qorunması və dayanıqlı inkişaf prinsipləri nəzərdə tutulur. Enerji təhlükəsizliyi ilə iqlim dəyişiklikləri arasında sıx əlaqə mövcuddur. Bu iki amil gələcəyin enerji siyasətinin əsas hərəkətverici qüvvələri hesab edilir. Enerji təhlükəsizliyi uzun illərdir enerji siyasətinin əsas sütunlarından biri olsa da, iqlim dəyişiklikləri ilə bağlı narahatlıqlar son dövrlərdə daha da aktuallaşmış və qlobal enerji siyasətinin istiqamətini əhəmiyyətli dərəcədə dəyişdirmişdir. Dövlətlər hazırda iki mühüm çağırışla üz-üzədirlər: bir tərəfdən enerji sistemlərinin etibarlılığını təmin etmək, digər tərəfdən isə istixana qazı emissiyalarını azaltmaq. Bu məqsədlərə eyni vaxtda nail olmaq asan deyil, ona görə də yeni yanaşmaların, innovativ həllərin və uzaqgörən siyasətin formalaşdırılması vacibdir".
Deputat qeyd edib ki, təmiz və rəqabətqabiliyyətli enerji sistemlərinin qurulması yeni baxış və strategiyalar tələb edir. Enerji təhlükəsizliyi və iqlim dəyişikliklərinin səbəblərinin düzgün təhlili, həmçinin bu problemlərin həlli üçün müasir yanaşmaların tətbiqi böyük əhəmiyyət daşıyır. Bu baxımdan bərpaolunan enerji mənbələrinin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Bərpaolunan enerji həm enerji ehtiyatlarının qorunmasına, həm də enerji təchizatının davamlılığının təmin edilməsinə mühüm töhfə verir. Buna görə də bu sahəyə münasibət köklü şəkildə yenilənməli və gələcəyin enerji siyasətinin əsas istiqamətlərindən birinə çevrilməlidir. "Müasir sənaye sahələrinin fəaliyyəti etibarlı və əlverişli enerji təchizatından asılıdır. Elektrik enerjisində baş verən fasilələr istehsal avadanlıqlarına zərər vura, məhsuldarlığı azalda və iqtisadi itkilərə səbəb ola bilər. Eyni zamanda enerji qiymətlərindəki qeyri-sabitlik mal və xidmətlərin maya dəyərinə birbaşa təsir göstərir. Qida sənayesi də enerji təhlükəsizliyindən birbaşa asılıdır. Müasir kənd təsərrüfatı texnikasının işləməsi, gübrə istehsalı, məhsulların daşınması və saxlanılması enerji resursları tələb edir. Qida məhsullarının xarab olmamasını təmin etmək üçün də fasiləsiz enerji təchizatı vacibdir. Enerji təchizatındakı problemlər səhiyyə sisteminə də ciddi təsir göstərə bilər. Xəstəxanaların və tibb müəssisələrinin fəaliyyəti etibarlı enerji təminatından asılıdır. Bu isə birbaşa insan həyatı və sağlamlığı məsələsidir", - deyə o əlavə edib.
A.Badamov bildirib ki, enerji sektoruna yönələn təhdidlər təbii fəlakətlər, texnoloji qəzalar və ya insan fəaliyyəti nəticəsində yarana bilər. Buna görə də enerji təhlükəsizliyi məsələsi bəşəriyyət tərəfindən son dərəcə ciddi qəbul edilməlidir. Enerji təhlükəsizliyinə malik dövlətlər riskləri qabaqlamaq, azaltmaq və dəyişən şəraitə uyğunlaşmaq imkanına sahib olurlar.
Deputat vurğulayıb ki, Azərbaycanın enerji siyasəti bu baxımdan xüsusi diqqətəlayiqdir: "Prezident İlham Əliyev enerji təhlükəsizliyini qlobal səviyyədə mühüm çağırış kimi dəyərləndirir və bu istiqamətdə ardıcıl siyasət həyata keçirir. Azərbaycan liderinin rəhbərliyi ilə ölkəmiz yalnız öz enerji təhlükəsizliyini təmin etmir, həm də regionun və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir. "Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən beynəlxalq tədbirlər bir daha göstərir ki, Azərbaycan enerji sahəsində qlobal əməkdaşlığın vacib iştirakçılarından biridir. Dövlət başçısı çıxışında vurğuladı ki, müasir dünyada qazıntı yanacaqları hələ də mühüm rol oynayır. Bununla yanaşı, planetimizin qorunması, ekoloji tarazlığın saxlanılması və daha təmiz ətraf mühitin formalaşdırılması istiqamətində qlobal səylər davam etdirilməlidir".
O bildirib ki, Azərbaycanın iqtisadi göstəriciləri ölkənin uğurlu inkişaf modelini nümayiş etdirir. Yoxsulluğun azalması, maliyyə sabitliyinin möhkəmlənməsi və xarici borcun idarəolunan səviyyədə saxlanılması bu uğurların əsas göstəricilərindəndir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaş kimi çıxış edir. Vaxtilə xarici sərmayələrin cəlb olunması üçün böyük səylər göstərən ölkəmiz hazırda investisiya baxımından cəlbedici məkana çevrilib. Azərbaycanın enerji şirkətləri artıq müxtəlif regionlarda, o cümlədən Yaxın Şərq, Afrika və Mərkəzi Asiyada uğurla fəaliyyət göstərirlər. Nəqliyyat və kommunikasiya infrastrukturunun inkişafı da ölkəmizin strateji prioritetləri sırasındadır. Bu istiqamətdə həyata keçirilən layihələr regionun iqtisadi inteqrasiyasına və enerji əməkdaşlığının genişlənməsinə xidmət edir.
A.Badamov Azərbaycanın müasir enerji siyasətinin təməlinin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladaraq, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində imzalanmış "Əsrin müqaviləsi"nin ölkənin enerji strategiyasının əsasını təşkil etdiyini vurğulayıb: "Bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycan bərpaolunan enerjiyə və aşağıkarbonlu texnologiyalara böyük investisiyalar yatırır. İşğaldan azad edilmiş ərazilərin "yaşıl enerji zonası" elan olunması və burada müasir enerji layihələrinin həyata keçirilməsi ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm hissəsidir".
Deputat yekunda əlavə edib ki, "Bakı Enerji Həftəsi" enerji sahəsində dialoqun genişləndirilməsi, yeni təşəbbüslərin irəli sürülməsi və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm platformadır. Bu tədbir bir daha nümayiş etdirdi ki, Azərbaycan enerji resurslarına yalnız iqtisadi vasitə kimi deyil, beynəlxalq əməkdaşlığın, qarşılıqlı etimadın və davamlı inkişafın mühüm elementi kimi yanaşır.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"