26 İyul 2014 12:07
3449
Mədəniyyət
A- A+
Ramazan bayramı İslam dininin ən əlamətdar bayramıdır

Ramazan bayramı İslam dininin ən əlamətdar bayramıdır

 

İslam dininə qəlbən bağlı olan Azərbaycan xalqı, neçə əsrlərdir ki, Ramazan bayramını yüksək inam və ruh yüksəkliyi şəraitində qeyd edir. Xüsusi vurğulamaq lazımdır ki, hələ keçmiş sovetlər birliyi dövründə bütün qadağalara baxmayaraq, Ramazan bayramının qeyri-rəsmi səviyyədə keçirilməsi ulu öndər Heydər Əliyevin milli maraqlara xidmət edən fəaliyyətinin nəticəsi idi.

Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə dini, milli, etnik münasibətlərin yüksək səviyyədə tənzimlənməsi, vicdan azadlığının tam bərqərar olması naminə ardıcıl tədbirlər həyata keçirdi, xalqın milli təhlükəsizlik maraqları baxımından bu sahəyə daim xüsusi diqqətlə yanaşdı. Ümummilli lider həmçinin vurğulayırdı ki, İslam dini ümumbəşəri mənəvi dəyərlərin mühüm tərkib hissələrindən biri olub Şərqdə sivilizasiyanın inkişafının, insan təfəkkürü və onun təkamülünün müəyyən mərhələsində meydana gələn planetar miqyaslı sosial, tarixi hadisə və fenomendir: "İslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını təşkil etmiş, müsəlmanların dünyada layiqli yer tutmasını təmin etmişdir. "Qurani-Kərim"in bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yollar insanları paklığa, düzlüyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa, cəsarətə, cəsurluğa dəvət edən tələblərdir, tövsiyələrdir. "Qurani-Kərim"in bütün kəlamları bu gün Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün məşəldir".

Ümummilli lider xalqın qəlbən tapındığı dini dəyərlərə bağlı olmaqla yanaşı, həm də müqəddəs İslam bayramlarının dövlət səviyyəsində qeyd olunmasını təmin etmişdir. Ramazan bayramının da rəsmi dövlət bayramları sırasına daxil edilməsi məhz ulu öndərin təşəbbüsü və qayğısı sayəsində mümkün olmuşdur. Milli Məclisdə qəbul olunmuş "Azərbaycan Respublikasının bayramları haqqında" Qanuna və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən, Ramazan bayramı iş günü olmayan bayram hesab edilir və bu, dövlətin vətəndaşların vicdan azadlığına necə yüksək həssaslıqla yanaşdığını bir daha təsdiqləyir.

Ramazan bayramı İslam dinində mövcud olan ən böyük iki bayramdan biri, bəlkə də birincisidir. Bu bayram Ramazan ayının sona çatması münasibətilə Şəvval ayının birində qeyd edilir və dini mənbələrdə "Fitr bayramı" kimi də xatırlanır. Bayram günü İslam şəriətinə görə oruc tutmaq haramdır. Ramazan bayramına keçən gecə fitrə pulunu ayırıb həmin axşam, ya bayram namazına qədər, ya da gün ərzində öz təyinatı üzrə çatdırmaq lazımdır. Bayram namazına qədər fitrə pulunu çatdırmaq daha savab əməl hesab olunur. Fitrə zəkatının vacibliyini Məhəmməd Peyğəmbər (s.v.s) hicrətin 2-ci ilində Ramazan ayının sonunda söylədiyi xütbədə  müsəlmanlara elan etmişdir. Fitrə zəkatı maddi vəziyyəti dözülməz dərəcədə çətin olan adamlara (fəqirlərə) verilməlidir. Fitrə zəkatını hər kəs öz kasıb qohumuna və ya qonşusuna versə daha yaxşı olar.

Bayram günü səhər tezdən qüsl alınır, hava işıqlaşandan  sonra isə bayram namazı qılınır. Bu namaz eynilə Qurban bayramında qılınan namaz kimidir. Bayram namazının məsciddə camaatla qılınması bəzi məzhəblərdə vacib, bəzisində isə müstəhəbdir. Amma bayram namazının imkan daxilində məsciddə camaatla qılınması tövsiyə olunur.

Bayram günü insanın ətirlənib təzə paltar geyinməsi, qohum-qonşularını təbrik etməsi, doğmalarına baş çəkməsi savabdır. Həmin gün qəbirləri ziyarət etmək, onları səliqə-sahmana salmaq, ölənlərin ruhlarına rəhmət diləmək, Fatihə, İxlas və Yasin surələrini oxumaq və ya oxutdurmaq ənənəyə çevrilmişdir.

Ramazan bayramına keçən gecəni ibadətdə keçirmək tövsiyə olunur. Həmin gecə də Qədr gecələri kimi oyaq qalıb çoxlu namaz qılmaq, dua, Allahı zikr etmək, "Qurani-Kərimi" oxumaq və s. kimi ibadətlərlə məşğul olmaq böyük savabdır. Çünki bu gecə də müqəddəs gecə hesab olunur. Rəvayətlərdə deyilir ki, imam Zeynül-abidin (ə) Ramazan bayramının gecəsi sübhə kimi oyaq qalıb namaz qılar və deyərdi: "Bu gecə heç də Qədr gecəsindən əskik deyil". İmam Əli ibn Əbu Talib (əs) isə həmin gecənin üstünlüyünü belə təsvir edirdi: "... insan hər il dörd gecə yalnız ibadətlə məşğul olsun. Fitr bayramı gecəsi, qurban bayramı gecəsi, şabanın orta gecəsi və rəcəb ayının birinci gecəsi." (Qısa İslam Ensiklopediyası, I cild).

Bütün bayramlarda olduğu kimi, Ramazan bayramı günündə də küsülülərin barışması təkid edilir. Məhəmməd Peyğəmbər (s.v.s) də çox küsülü qalmağı bəyənməmiş və səhabələrinə bunu qadağan etmişdir. Bir hədisdə deyilir: "Əbu Əyyub əl-Ənsari rəvayət edir ki, Peyğəmbər(s.v.s) demişdir: "Heç bir kimsəyə üç gündən artıq qardaşı ilə küsülü qalması halal olmaz. Qarşı-qarşıya gəldikdə bu (ondan) üz çevirir, o da (bundan) üz çevirir. Onların ən xeyirlisi salamı birinci verib (sözə) başlayanıdır." (Səhih əl-Buxari, 6077-ci hədis).

Bir ay Allah üçün oruc tutub, gündüzlər ac və susuz qalıb, gecələr ibadət edən, gün ərzində mümkün qədər günahlardan uzaqlaşan və Allahdan bağışlanmalarını diləyən, sonda isə bayram edən müsəlmanları əsas bu məsələlər düşündürür. Görəsən, zəhmətim boşa getmədi ki? Günahlarım bağışlandımı? Allah mənə mükafat nəsib edəcəkmi? İnsan bu suallara dəqiq cavab tapa bilmir. Amma Allaha necə iman gətiribsə, bu üzdən bir ay əziyyətə qatlaşaraq oruc tutub ibadət edirsə, Allahın verdiyi vədə də inanmalıdır. Allahdan doğru danışan kim ola bilər? İnsanın zərrə qədər də heç bir əməli boşa gedə bilməz. İstər pis, istərsə də yaxşı əməl olsun, hamısı hesaba alınır, əməl dəftərinə yazılır. "Qurani-Kərim"də Allah buyurur: "Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz."(əl-Ənam,160).  Ayədən də aydın olur ki, hər kəs əməli müqabilində mükafatını, yaxud cəzasını alacaqdır. Ramazan bayramında insanı cəza yox, yalnız əziyyətinin qarşılığında mükafat düşündürür. Həzrət Məhəmməd Peyğəmbər (s.v.s) buyurmuşdur: "Şəvval ayının ayparası görünəndə (yəni Fitr bayramı gecəsi) mələklər möminlərə elan edərlər: "Sabah öz mükafatlarınızı almağa tələsin. Sabah mükafat günüdür." (Qısa İslam Ensiklopediyası, I cild ).

İmam Əli ibn Əbu Talib (əs) xəlifə olduğu dövrdə Ramazan bayramı günü müsəlmanların qarşısında xütbə söyləyərək buyurmuşdu: "Ey camaat, bu gün yaxşı əməl sahiblərinə savab verilər, pis əməl sahibləri ziyana uğrayarlar. Bu gün qiyamətə çox bənzəyir. Evinizdən çıxıb məscidə toplaşmağınız qiyamətdə qəbirdən çıxıb Rəbbinizin hüzurunda toplaşmağınıza oxşayır. Məsciddə namaza durarkən qiyamətdə Rəbbinizin hüzurunda duracağınızı təsəvvür edin. Məsciddən evinizə dönməniz isə qiyamətin sonunda cənnətə və ya cəhənnəmə getmənizi xatırlatsın sizə.

Ey Allahın bəndələri! Bilin, oruc tutan kişi və qadınlara veriləcək ən kiçik savab odur  ki, Ramazanın sonuncu günündə Allahın əmri ilə mələklərdən biri car çəkib elan edər: "Müjdə olsun sizə, ey Allahın bəndələri! Sizin ötən günahlarınız bağışlandı.Görək gələcəkdə özünüzü necə aparacaqsınız."

Ramazan bayramı oruc tutub-tutmamasından asılı olmayaraq hər bir müsəlmanın bayramıdır. Bütün dünya müsəlmanları bu bayramı qeyd edirlər. Bəzi müsəlman ölkələrində bu bayram rəsmi şəkildə təntənəli surətdə keçirilir. Bu bayramı başqa bayramlardan fərqləndirən bir xüsusiyyət də bir ay boyunca gündüzlər ac-susuz qalıb, axşamlar ibadət edən və bu ibadətlərin çətinliklərinə dözən, Qədr gecələrində səhərə qədər oyaq qalıb ibadət edən müsəlmanların bu ayın tələblərindən irəli gələn məsuliyyətin başa çatmasından dolayı hiss etdikləri bir rahatlıq və arxayınlıq duyğusudur. Başqa bayramlarda olduğu kimi, Ramazan bayramı da insanların yaşayış tərzinə öz müsbət təsirini göstərir. Ümumiyyətlə, bu bayramın yaxınlaşması belə insanlarda xoş əhval-ruhiyyə yaradır. Belə xoş emosiyaların insan psixikasına müsbət təsirinin isə sübuta ehtiyacı yoxdur. Bayram günündə insanlar şadlanır, əhatəsi ilə səmimi və isti münasibət saxlayır, ailəsinə daha çox vaxt ayıraraq bayram gəzintisinə çıxırlar. Ramazan bayramının əsas üstünlüklərindən biri də bir ay boyunca insanın etdiyi əməlləri müqabilində mükafatlandırılacağına inamı və bu işin öhdəsindən gəldiyi üçün keçirdiyi sevinc hissidir.

Əvvəldə dediyimiz kimi, bayram günü İslam şəriətinə görə oruc tutmaq haramdır. Ümumiyyətlə, oruc tutmağın İslam aləmində iki sistemi vardır. Onlardan biri Peyğəmbər sünnəsi ilə, yəni Ayın hamı və yaxud bir neçə nəfər tərəfindən görülməsi ilə, digəri isə ayların dəyişməsinin təqvim hesablaması yolu ilə. Bir hədisdə deyilir : "Abdulla ibn Ömər rəvayət edir ki, Peyğəmbər (s.v.s) demişdir: "Ay iyirmi doqquz gecədir. Odur ki, hilalı görüncəyədək oruc tutmayın. Göy üzü buludlu olduğundan hilalı görməsəniz, (şaban ayındakı) günlərin sayını otuza çatdırın." (Səhih əl-Buxari, 1907-ci hədis).  Aydındır ki, təqvim hesablaması yolu ilə  bir gün tez oruc tutulur və Ramazan bayramı da o biri sistemdən bir gün qabaq alınır. Bu üzdən də bəzi müsəlmanlar məzhəb təəssübkeşliyindən dolayı bir-birini günahlandırır və Ramazan bayramı günü oruc tutmağın haram olması dəlilini gətirirlər. Fikrimizcə, hər iki sistem doğrudur. Amma hər Ramazan bayramı gələndə bəzi müsəlmanlar bayram ab-havasını pozur və dünya müsəlmanlarının çoxunun orucluğu təqvim sistemi ilə tutduğunu sübut kimi gətirərək "çoxluq"dan dəlil kimi istifadə edirlər. Həmin insanlar bilməlidirlər ki, çoxluq heç vaxt bir şeyin həqiqi olmasına dəlil ola bilməz. Ərəb dilli müsəlman peripatetiklər nəslinin sonuncu nümayəndəsi, böyük ərəb filosofu, hüquqşunası və həkimi İbn Rüşd hələ XII əsrdə yazırdı: "Nəyinsə həqiqi olması şərti onun hamı tərəfindən qəbul edilməsi deyil. Ümumi tərəfindən qəbul edilmək hamıya məlum olmaq deməkdir. Məlumdur ki, nəyinsə ümumi tərəfindən qəbul edilməsi heç də onun öz-özlüyündə həqiqi olması demək deyil."

Mübahisə edən müsəlmanlar arasında elə insanlar da tapılır ki, bu iki sistemi "Türkiyə" və "İran" sistemləri adlandırıb, Türkiyə variantının "tərəfdarlarının çox olduğunu" sübut kimi göstərərək ona üstünlük verib, digərini, yəni "azlıqda qalan" variantın isə yanlış olduğunu söyləyirlər. Bu yerdə Türkiyənin Dəyanət İşləri Vəqfinin orucluğun tutulması ilə bağlı bir neçə il qabaq rəsmi mövqeyindəki fikri açıqlamaq yerinə düşərdi. Sənəddə deyilirdi: "Orucluğun hər iki sistemlə tutulması doğrudur. Onlardan hər hansı biri ilə oruc tutmaq yanlış deyil. Əslində yanlış olan insanların bu yönümdə bir-birini günahlandırmalarıdır."

Ramazan bayramı müsəlmanların birliyi və həmrəyliyi baxımından da önəmlidir. Bu bayramda müsəlmanlar bir-birini Ramazan ayını müvəffəqiyyətlə başa vurduqları üçün təbrik edirlər. Bu bayram münasibəti ilə nəinki sıravi müsəlmanlar, hətta dövlət başçıları da bir-birilərini təbrik edirlər. Bəzi müsəlman ölkələrinin dövlət başçıları digər müsəlman ölkələrindəki bayram tədbirlərinə qatılır və bir-birinə qarşı yüksək həmrəylik nümayiş etdirirlər.

Müasir dövrümüzdə Fələstində, Suriyada, İraqda bir insanlıq faciəsi yaşanır və bu xalqlar Ramazan bayramını bombardman şəraitində qarşılamağa məhkumdurlar. Təəssüflər olsun ki, dünya dövlətləri buna susur və seyrçi mövqe tuturlar.

Arzu edirik ki, orucluq, Ramazan bayramı insanlara vəhdət, birlik, həmrəylik, sülh, barışıq, mərhəmət gətirdiyi kimi, müsəlman dövlətlərini də ən azından ilahi amallar ətrafında birləşdirəcək, aralarındakı xırda ədavətləri bir kənara qoyaraq müsəlmanların rifahı naminə bir-birini dəstəkləməsinə və onların beynəlxalq miqyasda sülhün bərqərar olmasına öz töhfələrini verməsi yolunda bir vəsilə olacaqdır.

Əvvəldə dediyimiz kimi, Ramazan bayramı həm də Fitr bayramı adlanır. Bu bayramın başqa bayramlardan bir fərqli xüsusiyyəti də onun milli deyil, ümumbəşəri əhəmiyyətə malik olmasıdır. Bu da bir ay boyunca pis əməllərdən çəkinərək oruc tutub ibadət edən hər bir müsəlmanın əməllərinin boşa getməməsi və mükafatlandırılması üçün Ramazan bayramının şərtlərindən biri kimi, tamamilə yoxsul həyatı yaşamayan hər bir kəsin müəyyən məbləğdə ac-yalavaclar (fəqirlər) üçün sədəqə ayırmasının vacibliyi əmrinə səmimi qəlbdən itaət etməsində özünü göstərir. Bu sədəqəyə də fitrə deyilir. Bu fitrə sədəqəsinin ayrılması və lazımi ünvana çatdırılması o qədər vacibdir ki, bu şərti yerinə yetirməyən müsəlmanın bir ay boyunca tutduğu oruc sual altına düşmüş olur.

Kasıblara sədəqə verilməsini İslam dini bu bayramda vacib saydığı kimi, adi günlərdə də bu təcrübədən yararlanmağı, kasıbların halına acıyaraq Allahın sənə vermiş olduğu ruzidən başqalarına da pay ayırmağı böyük savab və bundan başqa insaniyyət baxımından da xeyirli və ağıllı əməl kimi hər kəsə tövsiyə edir. Statistik məlumata görə, hər saat dünyada yüzlərlə adam aclıqdan həlak olur. Bu baxımdan İslam dininin, orucluğun, Qurban və Ramazan bayramlarının nəinki müsəlmanlar, bütün dünyadakı ac-yalavaclara yardım baxımından nə qədər böyük əhəmiyyət daşıdığı inkaredilməzdir.

Ümumiyyətlə, bayram günlərinin qeyd olunmasında əhəmiyyətli məsələlərdən biri də əqidə azadlığıdır. Azərbaycan Respublikası dünyada tolerant bir ölkə kimi tanınır. Əqidə azadlığı olan ölkələrdə insanlar istədikləri dinə və inanca sahib olmaqda sərbəstdirlər. Bu müddəa Azərbaycan Respublikasının Konstitusiyasında da təsbit olunmuşdur. İnsanlar azad şəkildə öz dini mərasimlərini keçirə və şadlana bilərlər. Bunun  üçün onlara heç bir məhdudiyyət qoyulmur. Amma bildiyimiz kimi, tarixin bütün dönəmlərində belə olmamışdır. Biz 70 ildən artıq dünyada mövcud olmuş dövlətlərdən ən dinsizi olan sovet imperiyasının tərkibində yaşamışıq. Eramızdan əvvəl və sonra mövcud olan bütün dövlətlərdə bu və ya digər şəkildə din və dini mərasimlər, adət-ənənə, ayinlər, bayramlar (bütə, günəşə, aya, ulduzlara, oda, müxtəlif tanrılara, hətta bəzən heyvanlara olsa belə sitayiş olmuşdur) və bu bayramlarda insanların şadlanması tarixi faktdır. Bəlkə də, yeganə dövlət sovet imperiyası idi ki, burada hər hansı  bir ilahi dinə və inanca etiqad qadağan olunmuşdu. O dövrlərdə bu imperiya içərisində yaşayan müsəlmanlar nəinki dini bayramlarını keçirə bilmirdilər, hətta dini inanclarını belə gizlətməyə məhkum idilər. Düzdür, o dövrdə də oruc tutulur və Ramazan gizli olsa da qeyd edilir, bu bayramın şərtlərinə məhdud sayda müsəlmanlar tərəfindən əməl olunurdu. Sovetlər birliyində 70 ildə minlərlə məscid və müqəddəs ziyarətgahlar dağıdılmış, yerdə qalan cüzi sayda məscidlər isə gizli fəaliyyət göstərirdilər. İnsanlar da  bu məscidlərə qorxa-qorxa yığışır və dini ayinlərini gizli icra edirdilər.

Sovet imperiyasının süqutundan sonra müstəqillik qazanan Azərbaycan dövləti dərhal öz vətəndaşlarına etiqad azadlığı verdi. Bu dövrlərdən başlayaraq  Ramazan bayramı da rəsmi şəkildə keçirilməyə başlandı. Ümummilli lider Heydər Əliyev hər il Ramazan bayramının təntənəli şəkildə qeyd edilməsinə xüsusi önəm verirdi. Orucluq günlərində iftar süfrələri açdırır və özü də bu süfrələrdə iştirak edirdi. Heydər Əliyev hər il Ramazan bayramında Azərbaycan və dünya müsəlmanlarını təbrik edirdi. İndi də bu ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bu günlər Prezidentin ənənəyə sadiq qalaraq Azərbaycan və dünya müsəlmanlarını Ramazan bayramı münasibəti ilə təbrik etməsi və bir ay boyunca oruc tutub ibadət edən hər bir müsəlmana xoş arzular ünvanlaması, bununla da Azərbaycan dövlətinin İslam dininə və onun inanc, ayin, mərasim və bayramlarına hörmət, ehtiram və dəstəyini nümayiş etdirməsi sevindirici haldır.

İslami dəyərlərin qorunub saxlanılması Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindəndir. Ölkə başçısı İslam dininin ən əlamətdar bayramlarından olan Ramazanın dövlət səviyyəsində qeyd olunması üçün bütün zəruri tədbirləri həyata keçirir. Eyni zamanda müsəlman ölkələrinin Bakıdakı səfirlərini qəbul edərək bayram münasibətilə onlara təbriklərini, xoş arzu və istəklərini çatdırır. Bütün bunlar göstərir ki, Azərbaycanda din dövlətdən ayrı olsa da, ölkə rəhbərliyi səviyyəsində islama, onun ayrı-ayrı mübarək bayramlarına yüksək hörmət, ehtiram, etiqad mövcuddur. Prezident İlham Əliyev 2014-cü il 17 iyul tarixində müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirakı zamanı bildirib: "Azərbaycan öz milli, dini dəyərlərinə sadiqdir. Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil. Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur".

Dağlıq Qarabağın və ətraf rayonların işğalı ilə əlaqədar təxminən bir milyon soydaşımız doğma torpaqlarından didərgin düşüb, iyirmi ildən artıqdır ki, bu bayramı öz yurdlarında keçirə bilmirlər. Biz ümid edirik ki, bu vətəndaşlarımız tezliklə öz yurdlarında Ramazan və digər bayramları coşqu və sevinclə keçirəcəklər. Bunun üçün hər kəs Prezidentin ətrafında sıx birləşməli, ona dəstək olmalı, əgər sülh danışıqları nəticə verməzsə, müharibə yolu ilə torpaqlarımızı erməni işğalçılarından təmizləməyə hazır olmalıdır.

Biz də bütün dünya müsəlmanlarını, eləcə də bizim ölkəmizin vətəndaşlarını müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edir və Allahdan hər bir müsəlmana bu günlərdə daha çox lazım olan birlik, vəhdət və həmrəylik arzulayırıq.

 

Rauf CƏBRAYILOV,

ilahiyyatçı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!