26 İyun 2023 09:10
953
SİYASƏT
A- A+
Qürur günü

Qürur günü

 

Bu gün - 26 İyun Silahlı Qüvvələr Günündə 105 yaşlı Azərbaycan Ordusu dünyanın ən güclü silahlı birləşmələrindən biri kimi qəbul olunur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə 44 günlük Vətən müharibəsindəki böyük zəfər bütün dünyaya ordumuzun qüdrətini bir daha nümayiş etdirdi. Azərbaycan Ordusu şanlı qələbəsi ilə dünyanın ən güclü, müasir silahlı qüvvələri sırasında layiqli yer tutduğunu əyani şəkildə sübut etdi.
İndi böyük qürur hissi ilə Silahlı Qüvvələrimizin Cənubi Qafqazın ən sivil, modern və hazırlıqlı ordusuna çevrilməsinin iftixarını yaşayırıq. Son 20 ildə ordumuzun maddi-texniki bazası inanılmaz dərəcədə inkişaf edib. Ali Baş Komandan tərəfindən Silahlı Qüvvələrdə aparılan islahatlar öz uğurlu nəticəsini verib. Buna baxmayaraq, Ali Baş Komandan ordumuzun daha da modernləşdirilməsi istqamətində islahatları davam etdirir. Ordumuzun silah arsenalı gücləndirilir, hərbi sənayemizin inkişafı, silahlı qüvvələrin müasir silah-sursat və texnika ilə təchizatı daha da yaxşılaşdırılır.
Dövlətimizin ordu quruculuğu istiqamətində gördüyü işlər barədə Milli Məclisin deputatlarının fikirlərini öyrəndik.

 

"Ordu quruculuğu Ali Baş Komandan İlham Əliyevin diqqətindədir"

 

Aydın MİRZƏZADƏ,
Milli Məclisin deputatı, 
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü:

- Azərbaycan xalqı hərbi sahəyə hər zaman böyük diqqət göstərib. Qədim dövrlərdən bəri Azərbaycan dövlətlərində həmişə torpağını, müstəqilliyini qoruyan ordu olub. 
Torpağa, dövlətçiliyə bağlılıq 1918-ci ildə Xalq Cümhuriyyəti elan edildikdən sonra özünü qabarıq surətdə göstərdi. 23 ay müddətində əsgər və zabitlərimiz müstəqilliyimizi, torpaqlarımızın bütövlüyünü qorudular. Həmin dövrdə ermənilərin Azərbaycana qarşı hərbi təxribatlarının qarşısını aldılar. Çox təəssüf ki, sonradan müstəqilliyimizi itirdik. 
1991-ci ildə Silahlı Qüvvələrimizin yeniden yaranması cümhuriyyət dövrünün varisi olmaq prinsipi üzərində quruldu. Azərbaycan Silahlı Qüvvələri yaranan gündən döyüşdə, torpağın müdafiəsində oldu. Birinci Qarabağ müharibəsində şəhid olan  minlərlə əsgər və zabitimiz ilk növbədə öz peşəsinə, vətən sevgisinə həyatını qurban verməyə hazır olduğunu göstərdi. 
Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra Azərbaycan Ordusu yenidən quruldu, NATO standartları, Türkiyə Ordusunun təcrübəsi əsasında formalaşdırıldı. Ulu Öndərin ordu quruculuğu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Hərbi büdcəmiz Ermənistanın dövlət büdcəsinə bərabər oldu, yeni silah, texnikalar alındı. Vaxtaşırı keçirilən hərbi təlimlər ordumuzun peşə hazırlığını yüksəltdi. 
44 günlük Vətən müharibəsində isə Azərbaycan Ordusu nəyə qadir olduğunu göstərdi. Qazanılan böyük zəfərdən sonra da ordumuz hərbi hazırlığını artırır. Ordu quruculuğu məsələsi Ali Baş Komandan İlham Əliyevin diqqətindən bir an belə, kənarda qalmır. 
İyunun 23-də Prezidentin Müdafiə Nazirliyinin komando hərbi hissələrindən birinin açılışında Silahlı Qüvvələrimiz, onun inkişaf perspektivləri ilə bağlı söylədiyi fikirlər bir daha göstərir ki, ordumuz dövlətçiliyimizin, müstəqilliyimizin əsas qarantıdır. Ordumuzun nailiyyətlərində Ali Baş Komandanın yüksək sərkərdəlik bacarığı, onun dövlətçilik siyasətinin doğruluğu, eyni zamanda xalq-ordu birliyi durur. Gənclərimiz ordu sıralarında qulluq etməyi özlərinin şərəf məsələsi hesab edirlər. Hər biri böyük həvəslə vətən qarşısında hərbi borcunu yerinə yetirir. 
Silahlı Qüvvələr Günü münasibətilə əsgər və zabitləri, ehtiyatda olan hərbçiləri təbrik edirəm! Ordumuzun bundan sonra da ölkəmizin müdafiəsində ayıq-sayıq dayanacağına heç bir şübhəmiz yoxdur.

 

"Ordumuz yeni texnikadan istifadə edən milli kadr potensialı ilə komplektləşib"

 

Arzu NAĞIYEV,
Milli Məclisin deputatı, 
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü:

- Bu gün Azərbaycan Ordusu dünyanın güclü orduları sırasındadır. Silahlı Qüvvələrimiz həm NATO, həm də digər döyüş standartlarına malikdir. Ordumuz həm dağda, həm səhrada, həm suda, həm də havada döyüşməyi bacarır. Azərbaycan Ordusu yeni texnologiyaları mənimsəmiş, yeni texnikadan istifadə edən milli kadr potensialı ilə tam şəkildə komplektləşib. Hazırda Türkiyə standartlarına uyğun komando tipli döyüş qabiliyyətli hərbi hissələr yaradılır.
Ali Baş Komandanın tapşırığına uyğun olaraq ordumuz istənilən vəzifəni yerinə yetirmək iqtidarındadır. Bütün təlimlərdə - istər NATO strukturunda olan, istərsə də digər ordularla birgə keçirilən təlimlərdə Azərbaycan ən yüksək nəticələr göstərir. Azərbaycan Ordusu xalqını, ölkəsini qoruya bilən ən mühüm silahlı qüvvələrdəndir. Vaxtilə Heydər Əliyevin təməlini qoyduğu hərbi akademiyaların müdavimləri olan qalib generallarla təmsil olunmuş ordudur. Azərbaycan Ordusu yeni texnikalarla təmin olunub. Bunun səbəbi "Əsrin müqaviləsi"ndən gələn gəlirin həm də ordu quruculuğuna yönləndirilməsidir. 
Bu gün Azərbaycan Ordusunda xidmət etmək şərəf sayılır. Hər bir Azərbaycan gənci vətənin müdafiəsinin nədən ibarət olduğunu yaxşı bilir. 44 günlük müharibədə qələbə çalan Azərbaycan Ordusu ermənilərin öz orduları haqqında yaratdığı mifi darmadağın etdi. 44 günə 30 illik işğalın nəticələrini aradan qaldırdı. Allah şəhidlərimizə rəhmət eləsin. Bu gün onların adı böyük ehtiramla anılır. 
Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edirəm. Onlara uğurlar, qələbələr arzulayıram! 

 

"Azərbaycan Ordusu xalqın qürur mənbəyidir"

 

Elşad MİRBƏŞİROĞLU,
Milli Məclisin deputatı, 
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü:

- Hər bir dövlətin əsas dayağı onun ordusudur. Azərbaycan Silahlı Qüvvələri bu gün dünyanın güclü orduları sırasında yer alıb. Bu, ordu quruculuğu istiqamətində sistemli addımların atılması, ordunun davamlı olaraq maddi-texniki bazasının gücləndirilməsi və idarəçiliyinin düzgün həyata keçirilməsi ilə bağlıdır. Müdafiə sənayesinin ən yeni nailiyyətlərinin ordunun təchizatında istifadə olunması, müasir döyüş texnikalarının mənimsənilməsi, etibarlı müdafiə sisteminin qurulması və digər vacib məsələlər Azərbaycan Ordusunun davamlı olaraq güclənməsini şərtləndirib. 
Azərbaycanın dövlət büdcəsindən ən çox vəsaitin məhz ordu üçün nəzərdə tutulması dövlətin təhlükəsizliyi baxımından olduqca zəruridir. 2020-ci ilin payızında Azərbaycan Ordusu nəyə qadir olduğunu dünyaya nümayiş etdirdi. Təbii ki, 2020-ci ilə qədər də ordumuz dünyanın güclü orduları sırasında yer alırdı və bir neçə il öncə də torpaqlarımızı hərbi yolla işğaldan azad etmək gücünə malik idi. Lakin beynəlxalq hüquq normalarına, humanizm prinsiplərinə sədaqət nümayiş etdirərək keçmiş münaqişə vəziyyətini dinc yolla aradan qaldırmağa çalışırdıq. Hər zaman keçmiş münaqişənin dinc vasitələrlə həlli istiqamətində danışıqlarda fəallıq göstərirdik. Ermənistan isə danışıqlarda sadəcə olaraq imitasiyalarla məşğul idi. Özünü sülh tərəfdarı kimi qələmə verərək Azərbaycan torpaqlarını işğal altında saxlayırdı. 
Prezident İlham Əliyev isə dəfələrlə qeyd etmişdi ki, biz nəticəsiz danışıqları sonsuzluğa qədər davam etdirməyəcəyik. Dövlətimizin başçısı qeyd edirdi ki, əgər münaqişə dinc yolla aradan qalxmasa, onda Azərbaycan hərbi yolla torpaqlarını işğaldan azad edəcək. İlham Əliyevin bu mövqeyi təcavüzkar Ermənistan tərəfindən qiymətləndirilmədi. Ermənistan irəli gedərək yeni ərazilər işğal etmək üçün yeni müharibə şüarını səsləndirməyə başladı, işğalçılıq planlarını davam etdirməyə cəhd göstərdi. 2020-ci ilin iyulunda Tovuz istiqamətində ciddi təxribatlar törədərək yeni əraziləri işğal etməyə çalışdı. Sentyabrda isə genişmiqyaslı təxribatları intensivləşdirərək  işğalçı siyasətindən çəkilməyəcəyini bir daha nümayiş etdirdi. Belə olan halda Azərbaycanın səbir kasası daşdı və 2020-ci il sentyabrın 27-də torpaqlarımızın işğaldan azad edilməsi əməliyyatlarına başlandı. 44 gün ərzində Ermənistan ordusu məğlub edildi. 
Azərbaycanda ordu quruculuğu Zəfərdən sonra da davam etdirilir. Prezident İlham Əliyev hər zaman qeyd edir ki, bugün hüququn gücü yox, gücün hüququ işləməkdədir. Ona görə davamlı olaraq hərbi gücümüzü daha da artırmalıyıq. Bu gün Azərbaycan Ordusu daha da güclənir, yeni hərbi hissələr, komandolar yaradılır, ordu quruculuğu sahəsində beynəlxalq əməkdaşlığımız və xüsusən Türkiyə ilə birgə təlimlərimiz genişlənir. Təbii ki, bunlar Azərbaycan Ordusunun gücünü artırır, ordumuzu müasirləşdirir, onun müdafiə qabiliyyətini artırır, dövlətimizin təhlükəsizliyini daha təminatlı edir. 
Ordu həm də dövlətin xarici siyasətinə birbaşa təsir edir. Dövlətin diplomatiyası güclü orduya söykənərək həyata keçiriləndə o diplomatiya daha təsirli olur. 
2020-ci ildən ötən zaman ərzində də Ermənistanın təxribatlarının davamlı olduğunu görürük. Azərbaycan bu təxribatların qarşısını qətiyyətlə alır. 
Bu gün Azərbaycan uğurla müdafiə sənayesini də inkişaf etdirir. Ordu quruculuğu, Silahlı Qüvvələrin inkişafı istiqamətində bu sahənin ayrıca yeri var. Bu həm ordumuzun daxili resurslar, yerli istehsal hesabına təchizatını genişləndirir, həm də Azərbaycan iqtisadiyyatına dəstək elementləri formalaşdırır. Həmçinin Azərbaycanın müasir silah bazarında yerini təyin edir. Bütün bunlar göstərir ki, ölkəmizdə Silahlı Qüvvələrin daha da inkişafı istiqamətində sistemli, düşünülmüş addımlar atılır. 
Beynəlxalq reytinq cədvəllərinin göstəricilərinə görə, Azərbaycan Ordusu təcavüzkar Ermənistan ordusundan ən azı iki dəfə güclüdür. Bu baxımdan Azərbaycan xalqı təhlükəsizliyinin daha etibarlı təmin olunacağına əmindir, ordusunun gücünə inanır. Silahlı Qüvvələr Günü münasibətilə xalqımızı təbrik edirəm! Azərbaycan Ordusu hər bir vətəndaşımızın qürur mənbəyidir! 

 

"Azərbaycan Ordusunun ikiəsrlik tarixi"

 

Anar İSGƏNDƏROV,
Milli Məclisin deputatı,
Elm və təhsil komitəsinin üzvü:

- Azərbaycan xanlıqları XIX əsrin ilk 30 ilində çar Rusiyası tərəfindən işğal ediləndə xanlıqların orduları ləğv, silah-sursatları müsadirə olundu. Çar üsul-idarəsi XIX əsrin 70-ci illərində müsəlmanların, o cümlədən azərbaycanlı əhalinin hərbi xidmətə çağırılmasını dayandırdı, hərbi xidmət hərbi mükəlləfiyyətlə əvəz olundu. Fevral burjua inqilabından sonra rus ordusunun tərkibində kifayət qədər erməni, gürcü əsgər və zabiti xidmət etdiyi halda, azərbaycanlılar haqqında bunu demək mümkün deyildi.
Azərbaycanın milli-demokratik qüvvələri Kerenskinin rəhbərlik etdiyi Müvəqqəti hökumətə milli qoşun hissələrinin yaradılmasına icazə verilməsi ilə bağlı müraciətlər etsə də, hökumət bu işi 1917-ci ilin sentyabrın sonuna kimi ləngitdi. 1917-ci ilin dekabrında Zaqafqaziya Komissarlığının qərarı ilə Müsəlman Korpusu yaradıldı. Korpusun komandiri general-leytenant Əliağa Şıxlınski təyin olundu. 
1918-ci il mayın 28-də Tbilisidə Azərbaycan Milli Şurasının üzvləri Müsəlman Şərqində ilk cümhuriyyətin yaradılmasını elan etdilər. Gəncəyə köçən hökumət iyunun 26-da Müsəlman Korpusunun Əlahiddə Azərbaycan Korpusu adlandırılması haqqında qərar verdi. 
Beləliklə, Milli Azərbaycan Ordusunun təşkilinə başlanıldı. İyunun 4-də Azərbaycan hökuməti ilə Osmanlı dövləti arasında imzalanan Batum müqaviləsinin 4-cü bəndinə uyğun olaraq, Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz-İslam Ordusu Azərbaycanın köməyinə gəldi. Milli Ordu hissələri ilə Qafqaz-İslam Ordusu ümumi düşmənə qarşı vahid qüvvə şəklində birləşməyə müvəffəq oldular. Gəncədən başlanan mücadilədə Türk-Azərbaycan qoşunları ilə Bakı Soveti qüvvələri arasında həlledici döyüş Qaraməryəm ətrafında baş verdi. Sentyabrın 15-də Bakı düşmən qüvvələrindən azad edildi. Milli Hökumət Gəncədən Bakıya köçdü. Beləliklə, Bakı öz tarixində ilk dəfə olaraq bütün Azərbaycanın paytaxtına çevrildi.
Milli Ordu hissələri Bakını və Qarabağı düşmən qüvvələrindən təmizlədikdən sonra sırada Lənkəran dayanırdı. Hələ 1918-ci ilin avqustunda bu bölgə ilə heç bir əlaqəsi olmayan millətçi rus zabitləri Molokan qiyamını həyata keçirdilər. Ona görə də Azərbaycan Ordusunun qarşısında duran əsas məsələ bu bölgədə qiyamı yatıraraq Milli Hökumətin idarəçiliyinin bərpa edilməsinə nail olmaq idi. Qiyamçıların  qurudan və dənizdən hərtərəfli yardım almasına baxmayaraq, 1919-cu ilin avqustunda düşmən darmadağın edildi, bölgədə əmin-amanlıq bərpa olundu.
Erməni təcavüzünə qarşı mübarizədə Azərbaycan Ordusu böyük qəhrəmanlıqlar göstərdi. Qısa müddət ərzində Qarabağda ermənilərin pozuculuq fəaliyyətinə son qoyan milli ordu hissələri 1919-cu ilin avqustunda erməniləri Azərbaycan idarəçiliyini qəbul etməyə məcbur etdilər.
1918-1920-ci illərdə fəaliyyət göstərən cümhuriyyətin ən uğurlu işlərindən biri Milli Ordu quruculuğu olub. Qısa zaman kəsiyində 40 minlik bir ordunun yaradılması böyük siyasi hadisə idi. 1920-ci ilin aprel işğalının ən böyük zərbəsi Milli Ordu hissələrinə vuruldu. 1939-1945-ci illər II Dünya Müharibəsi illərində milli Azərbaycan diviziyaları təşkil edildi. 
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordu quruculuğu əsas məsələyə çevrildi. Düşmən havadarlarının gücündən istifadə edərək Azərbaycan torpaqlarının 20 faizini işğal etdi. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ordu quruculuğu sahəsində böyük işlər görüldü. Milli Ordu hissələri ilk dəfə Horadiz əməliyyatında düşmənin layiqli cavabını verdi. Erməni işğalı ilə barışmayan Azərbaycan xalqı hər cür alçaldıcı razılaşmalardan imtina etdi. 
Bünövrəsi Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu Ali Baş Komandan İlham Əliyev tərəfindən də uğurla davam etdirildi. Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad etmək üçün Vətən müharibəsinə başladı. 44 günlük müharibədə qazandığımız qələbə Azərbaycan Ordusunun nəyə qadir olduğunu dünyaya bəyan etdi. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: "17 illik hakimiyyətim dövründə Azərbaycan əsgəri üçün əlimdən gələni etdim". Bu müharibənin qəhrəmanı Ali Baş Komandan və onun yetişdirdiyi Azərbaycan əsgəridir.
Bu gün güclü Azərbaycan dövləti var. Bu gün güclü Azərbaycan Ordusu var. Bu ordu hər cür müasir silahla təchiz olunub. Bu ordu İkinci Qarabağ müharibəsində öz tarixi torpaqlarını azad edərək xalqımızı qalib xalqa, Vətənimizi qalib ölkəyə çevirdi. 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan xalqı qalib əsgəri ilə öyünür, onun qəhrəmanlığı ilə fəxr edir. Şanlı Azərbaycan əsgəri öz zəfəri ilə 26 iyun gününü qaliblərin bayramına çevirdi.
Yaşasın, Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!

 

"Şuşaya bayraq sancan müzəffər ordu"

 

Bəhruz MƏHƏRRƏMOV,
Milli Məclisin deputatı, 
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü:

- Azərbaycan xalqı artıq üçüncü dəfədir ki, Silahlı Qüvvələr Gününü qalib kimi qeyd edir. Bu, son 200 ildə davam edən məğlubiyyət alqoritminin və Azərbaycanın ətafında qlobal güclərin Ermənistanı alət etməklə formalaşdırdığı geosiyasi şəraitin darmadağın edilməsidir. 
Cənab İlham Əliyev iki əsrdən artıq davam edən tendensiyaya son qoyaraq,  Azərbaycanı regionun əsas hərbi-siyasi gücünə çevirib. Azərbaycanın ən azı ikiəsrlik ordu quruculuğu tarixi mövcuddur, lakin müasir mənada Silahlı Qüvvələr anlayışı ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə gündəmə gəlib. Ordu quruculuğu sahəsində müəyyən addımlar atılsa da, AXC süquta uğradığı üçün proseslər davam etməmişdi. 1991-ci ildə müstəqilliyimizi bərpa etsək də, ordu quruculuğu prosesi faktiki olaraq baş tutmamış, nizami ordu yerinə ayrı-ayrı şəxslər ətrafında silahlı qruplar yaranmışdı. Bu gün müstəqilliyin ilk illərində, beynəlmiləlçiliyin təsirlərinin davam etdiyi şəraitdə döyüş ruhunun olmaması, yaxud hərbçi kadrların azlığı ilə bağlı müəyyən tezislər dolaşır. Lakin unutmayaq ki, Azərbaycan xalqının döyüş ruhu həmişə olub. Kadrlara gəlincə, sovet ordusu zamanında Ulu Öndər Heydər Əliyevin yaratdığı hərbi məktəbləri bitirən, o cümlədən Heydər Əliyev tərəfindən SSRİ-nin müxtəlif hərbi məktəblərinə və hərbi kafedralarına göndərilən azərbaycanlı zabitlər xidmət edirdi, yəni əslində kadrlar var idi. Sadəcə 1993-cü ilin iyununa, yəni Heydər Əliyevə qədər döyüş ruhunu dirçəldəcək, sovet ordusunun peşəkar zabitlərindən ibarət ciddi kadr ehtiyatını milli orduya çevirəcək, ona komandanlıq edəcək səviyyədə rəhbər olmayıb. Heydər Əliyevin hakimiyyətə qayıdışı ordu quruculuğunun başlanğıcı oldu və bir il keçməmiş Azərbaycan Ordusu situasiyanı dəyişib uğurlu Horadiz əməliyyatı keçirdi.  
Silahlı Qüvvələrimizin sonrakı inkişafı, Şuşaya bayraq sancan müzəffər orduya çevrilməsi isə birmənalı şəkildə cənab İlham Əliyevin adı ilə bağlıdır. Məhz onun bütün sahələrdə, o cümlədən iqtisadi sferada uğurlu siyasəti imkan verir ki, ordumuzun daha da gücləndirilməsini birnömrəli vəzifə olaraq müəyyən edərək yeni silahların, texnikaların alınmasına, yeni döyüş birləşmələrinin yaradılmasına lazımi dərəcədə dövlət vəsaiti ayrılsın. 
Vətən müharibəsində zəfərimizlə bərabər elə qələbənin özü qədər qiymətli olan döyüş təcrübəmizi ümumiləşdirərək komando qüvvələrinin yaradılması, altı hərbi qurum üzrə Xüsusi Təyinatlı Qüvvələrin sayının dəfələrlə artırılması, silahlı qüvvələrdə yeni strukturlaşma, hərbi təhsilə yeni baxış, Azərbaycanı gücü ilə hesablaşılan qüdrətli beynəlxalq subyektə çevirib. Müzəffər Ali Baş Komandanın özünün də ifadə etdiyi kimi, ölkəmizin öz müqəddəratını özü müəyyən edən, heç kimdən asılı olmayan dövlət olması bu prosesdə istənilən maneəni aşmağımıza imkan verir. Bu isə bütün təhdidlərdən sığortalanmaq deməkdir. Möhtərəm Prezidentin Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə döyüş bayrağı təqdim edərkən dediyi kimi, məhz bu gücümüzə, hərbi potensialımıza görə istənilən hərbi-siyasi təxribata layiqli cavab verə bilirik.
Üstəlik, ordumuzun zəfərlərini siyasi və diplomatik müstəvidə daha da möhkəmləndirməklə, Azərbaycan hərbi-siyasi güc kimi özünü təsdiq edə bilib. Təbii ki, bütün bunlar yalnız peşəkar kadrlar və döyüş ruhu ilə həll ediləcək məsələlər deyil. Xalqımızda döyüş ruhu və Azərbaycana bağlı sovet ordusunun peşəkar zabitləri 90-cı illərdə də var idi, amma o zaman məğlub olduq. Bu mənada mövcud reallıqların kökündə ilk növbədə qətiyyətli siyasi iradə və aydın vizion dayanır. Hər kəs, o cümlədən anti-Azərbaycan dairələr belə, bu iradə ilə hesablaşmağa məcburdur. Dövlət başçısının komando qüvvələri qarşısında da ifadə etdiyi kimi: "vaxtilə Qarabağ erməniləri üçün hansısa xüsusi status tələb edən qüvvələr artıq tamamilə fərqli açıqlamalar verirlər. Görürük ki, vaxtilə "Qarabağ Ermənistandır və nöqtə" deyən Ermənistan rəhbərləri indi mənim sözlərimi təkrarlayırlar: "Qarabağ Azərbaycandır!" Yəni bütün bunlar bizim son iki il yarım ərzində apardığımız siyasətin nəticəsidir". 
Bu siyasi xətt Azərbaycana imkan verir ki, beynəlxalq hüquqa əsaslanan şərtlərini diktə etsin. Ermənistan bütün xarici təsirləri dəf edərək, ona yaradılmış şansdan yararlanaraq Azərbaycanın tələblərini yerinə yetirəcəksə, dövlət başçımızın təbirincə desək, Cənubi Qafqazda uzunmüddətli sülh yarana bilər. Əks halda, sülh olmayacaq. Bu halda isə Müzəffər Ali Baş Komandanı və bu gün 105 yaşını qeyd edən Azərbaycan Ordusunu kimsə dayandıra bilməyəcək.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında

01:54
06 İyun

Su təsərrüfatı və meliorasiya işçilərinin təltif edilməsi haqqında

01:53
06 İyun

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib  

22:28
05 İyun

Putin Zelenski ilə mümkün görüş barədə danışıb  

22:01
05 İyun

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

21:54
05 İyun

Rəqəmsal mühitin təhlükəsizliyi uşaqlarımız üçün mühümdür

21:38
05 İyun

 «Sabah”ın gənc ulduzu Avropada parlayır  

21:29
05 İyun

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

21:28
05 İyun

Dünya Bankı: Mayda “Brent” neftinin orta qiyməti əvvəlki ayla müqayisədə 10,7 faiz azalıb  

21:19
05 İyun

İnvestisiya Portalında yerləşdirilən layihələrin sayı 173-ə çatıb

21:13
05 İyun

“Baku Steel Company” Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində Gold Sponsor qismində iştirak edib  

21:01
05 İyun

Almaniya banklarında milyardlarla avro “unudulub”

20:51
05 İyun

ABŞ-də “Obama Prezident Mərkəzi”nin açılışı olacaq

20:41
05 İyun

Almaniyada milyonçuların sayı artır  

20:32
05 İyun

Dünyada ilk: süni intellekt tərəfindən hazırlanan vaksin insanlar üzərində sınaqdan keçirildi

20:24
05 İyun

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

20:20
05 İyun

İslam iqtisadiyyatında böyük artım: xərclər 2,6 trilyon ABŞ dollarına çatdı

20:13
05 İyun

Qərbi Balkanlarda Avropa İttifaqı həyəcanı

20:06
05 İyun

 “Apple”ın növbəti hədəfi ağıllı eynəklərdir

19:58
05 İyun

Ağdam Sənaye Parkının yeni rezidenti plastik tullantıların təkrar emalı layihəsi həyata keçirəcək

19:51
05 İyun

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

19:49
05 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!