Qurban kəsmək Məkkədə həcc ziyarətində olan
zəvvarlar üçün vacibdir, qalan müsəlmanlar üçünsə müstəhəb əməldir. Qurbanı yalnız
imkanlı şəxslər kəsməlidirlər. İmkanlıların qurban kəsməməsi məqbul olmadığı kimi,
imkansızların da ailəsinin güzəranına ziyan vurmaqla, yaxud borc-xərc hesabına qurban
kəsməsi məqbul deyil.
Qurbankəsmə mərasiminin tarixi qədim dövrlərə
gedib çıxır. Tarix boyu dünya xalqları bu ayini müxtəlif cür icra etmişlər. Hətta
insanları qurban kəsmək, odda yandırmaq, suya atmaq kimi dəhşətli adətlər olmuşdur.
Hər üç səmavi dində - iudaizm, xristianlıq və islamda bu və ya digər formada qurbankəsmə
ayini var. İslamın bərqərar etdiyi Qurban bayramı isə bəşəriyyətin həyatında tamamilə
yeni səhifə açmış, Allahın yaratdığı ən kamil məxluqa - insana bir vaxtlar bəslənmiş
vəhşi münasibətə son qoymuşdur.
Qurban bayramı İbrahim peyğəmbərin həyatında
baş vermiş bir əhvalatdan qaynaqlanır. Həmin əhvalat Qurani-şərifdə əksini tapmışdır.
Müqəddəs kitabımıza görə, İbrahim əleyhissəlam yuxusunda görür ki, Allah ondan oğlu
İsmayılı qurban kəsməyi buyurur. İbrahim peyğəmbər gördüyü yuxudan çox kədərlənir,
əhvalı pozulur. Bir ata kimi özü də qoca vaxtında Yaradanın bəxş etdiyi övlad payını
itirmək istəmir. İbrahim peyğəmbər həmin yuxunu təkrar-təkrar görür və axırda dərk
edir ki, sevimli oğlunu qurban kəsmək Allahın əmridir, Xaliqin buyruğu isə yerinə
yetirilməlidir. İbrahim peyğəmbər sevimli oğlunu qurban kəsmək istəyəndə isə nə
qədər cəhd etsə də, Allahın hökmü ilə bıçaq kəsmir. Elə bu məqamda səmadan səs gəlir:
"Ey İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin
(Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun
yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq”
(Quran, Saffat, 104-105).
Uca Yaradan İsmayılı qurban kəsməyi əmr etməklə
peyğəmbərlik üçün bəyənib seçdiyi bəndəsini - İbrahim əleyhissəlamı sınağa çəkirdi
və onun bu sınaqdan mətanətlə çıxdığını görüb İsmayılın əvəzinə qurban kəsmək üçün
qoç göndərir. İbrahim peyğəmbər qoçu qurban kəsib Allaha şükür edir...
Qurban bayramının əsasında duran bu hadisənin
böyük mənası var. Bir tərəfdən, Allah-Təala İbrahim peyğəmbərin səmimiliyini, Tanrıya
sədaqətini və qəlbən bağlılığını, Onun buyruqlarına əməl etməyə hazır olduğunu sübut
etdi. Digər tərəfdən, Allah-Təala İbrahim peyğəmbər vasitəsilə öz bəndələrinə bildirdi
ki, yalançı dinlərdə olduğu kimi, insanların qurban kəsilməsini istəmir. Allah qurban
kəsmək üçün göydən qoç göndərməklə yalançı etiqadların puçluğunu, yaratdığı ən mükəmməl
məxluqun - insanın bütün məxluqlardan uca olduğunu bəndələrinin nəzərinə çarpdırdı.
Belə bir məqamı vurğulamaq lazımdır ki, qurban
kəsmək Allaha xoş gələn əməllərdəndir. Müsəlman qurban kəsməklə Yaradana sədaqətini
nümayiş etdirir. Elə "qurban” sözünün hərfi mənası (yaxınlıq, yəni Allaha yaxınlıq)
da buna dəlalət edir. Müqəddəs kitabımızda deyilir: "Biz qurbanlıq dəvələri də Allahın
nişanələrindən (Onun haqq dininin əlamətlərindən) etdik. Sizin üçün bu qurbanlarda
(dini və dünyəvi) xeyir vardır. Artıq onları ayaq üstə durduqları (sol əli bağlı,
sağ əli və iki ayağı açıq vəziyyətdə olduqları) halda kəsərkən üstlərində Allahın
adını çəkin (bismillah deyin). Onlar böyrü üstə düşən (canları çıxdığı) zaman (ətindən)
özünüz də yeyin, (yanınızda olub utandığından) əl açmayana (lakin verilənə etiraz
etməyənə) və dilənçiyə də yedirdin. Onları (qurbanlıq heyvanları) sizə belə ram
etdik ki, bəlkə, (nemətimizə) şükr edəsiniz! Onların nə əti, nə də qanı, əlbəttə,
Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz
ibadətdir)” (Quran, Həcc, 36-37).
Qurban kəsmək Məkkədə həcc ziyarətində olan
zəvvarlar üçün vacibdir, qalan müsəlmanlar üçünsə müstəhəb əməldir. Qurbanı yalnız
imkanlı şəxslər kəsməlidirlər. İmkanlıların qurban kəsməməsi məqbul olmadığı kimi,
imkansızların da ailəsinin güzəranına ziyan vurmaqla, yaxud borc-xərc hesabına qurban
kəsməsi məqbul deyil.
Qurban yalnız qoyun, keçi, dəvə və inəkdən
kəsilməlidir. Qurbanlıq heyvan sağlam, qüsursuz və cavan olmalıdır. Qurban əti,
adətən, üç yerə bölünür: bir hissəni qurban kəsən özünə saxlayır, bir hissəsini
qohum-əqrəbaya və dost-tanışa verir, bir hissəsini də ehtiyacı olanlara paylayır.
Müsəlman istəsə, qurban ətinin hamısını kasıblara paylaya bilər. Həm də imkan daxilində
bir yox, bir neçə qurban kəsib ehtiyacı olanlara paylamaq savabı artırar. Yeri gəlmişkən,
peyğəmbərimiz Məhəmməd Salavatullah Qurban bayramında çoxlu qurban kəsib kasıblara
paylayarmış...
İmkanlı müsəlmanın qurban kəsib imkansızların
ehtiyaclarını, qismən də olsa, ödəməsi xeyirxahlıq təzahürüdür. Allaha xoş gələn
bu əməl Qurban bayramında özünü daha qabarıq şəkildə büruzə verir. Qurban ətinin
paylanması insanların bir-birinə kömək etməsinin vacibliyinə dəlalət edir.
Bu il Qurban bayramını koronavirus kimi ümumbəşəri
bəlanın tüğyan etdiyi şəraitdə qeyd edirik. Odur ki, vətəndaşlar virusa yoluxmamaq
üçün səlahiyyətli hökumət orqanlarının müəyyənləşdirdiyi qaydalara riayət etməlidirlər.
Uca Tanrı kəsəcəyimiz qurbanları qəbul eləsin!
Gələn il Qurban bayramını Qarabağda qeyd edək, inşallah!
Allahverdi MEHDİYEV,
"Azərbaycan”