XX əsr Azərbaycan mətbuatının görkəmli simalarından olan Qulam Məmmədlinin adını hələ 1970-ci illərin ortalarından, tələbəlik illərindən eşitmişdim. Əslən Cənubi Azərbaycandan, Təbrizdən olduğunu, geniş jurnalist-publisist fəaliyyəti göstərdiyini, eləcə də mətbuat tarixinə, Azərbaycanın görkəmli yazıçı və ictimai xadimlərinin həyat və fəaliyyətinə dair kitablar yazdığını bilirdim.
Lakin şəxsən mənim və yəqin ki, elmlə məşğul olan bir çox tədqiqatçıların həyatına Qulam Məmmədli, ilk növbədə, mənbəşünas-tədqiqatçı kimi daxil olmuşdur. Hələ universitetdə diplom işi yazarkən, daha sonra namizədlik dissertasiyası üzərində işləyərkən onun “Xiyabani” kitabı və İran kommunistlərinin mühacir mətbuat tarixinə dair qiymətli məsləhətləri mənə çox kömək etmişdi.
Qulam Məmmədlinin yazılı irsini təşkil edən kitabların böyük əksəriyyəti çox gərgin və səbirli zəhmətin nəticəsi olmaqla, Azərbaycan ədəbiyyatı, mətbuatı, mədəniyyəti tarixi ilə məşğul olan tədqiqatçılar üçün qiymətli mənbə funksiyasını yerinə yetirir. XX əsr xalqımızın ən görkəmli şəxsiyyətlərinin həyatına dair tərtib etdiyi bioqrafik salnamələrlə (“Molla Nəsrəddin”, “Hüseyn Ərəblinski”, “Azərbaycan teatrının salnaməsi - iki hissəli”, “Üzeyir Hacıbəyov”, “Cavid ömrü boyu”, “Nəriman Nərimanov”, “Abbas Mirzə Şərifzadə”) Qulam Məmmədli Azərbaycanın müasir mətnşünaslıq elmi sahəsində, sözün əsl mənasında, yeni istiqamətin - salnamə ədəbiyyatının əsasını qoymuşdur. Lakin salnamələrin əhəmiyyəti onların yalnız həsr olunduğu şəxslərin ömür və yaradıcılıq yolunu izləməklə məhdudlaşmır, həmin şəxslərin doğulduğu, yaşadığı, yaratdığı bütöv bir tarixi dövrü və mühiti öyrənmək üçün də ilkin, etibarlı və mühüm bir mənbə funksiyası daşıyır. Bu baxımdan Qulam Məmmədlinin istər adıçəkilən salnamələri, istərsə də digər kitabları xalqımızın yalnız ədəbi-mədəni irsinin deyil, tarixinin öyrənilməsi üçün də qiymətli mənbə sayılır.
Bu günlərdə “Təhsil” nəşriyyatının dəstəyi ilə Qulam Məmmədlinin “Ömür dəftərindən səhifələr. Xatirələr. Görüşlər. Müşahidələr. 1897-1977” adlı kitabı oxuculara təqdim olundu. Xatirələr 1897-1977-ci illəri, yəni müəllifin anadan olduğu vaxtdan ömrünün ahıl çağlarına kimi yaşadığı - 80 illik dövrü əhatə edir.
Oxuculara təqdim olunan kitab Q.Məmmədlinin bu günə qədər məlum olan xatirələrinin yeganə, bitməmiş, yaxud hansı səbəbdənsə son səhifələri itirilmiş əlyazma nüsxəsi əsasında, müəllifin dil və üslubu saxlanılmaqla, hər hansı ixtisar, yaxud redaktə olunmadan nəşr edilib.
Qulam Məmmədlinin çoxsaylı əsərlərinin böyük əksəriyyətinin tədqiqatçılar üçün qiymətli mənbə funksiyası daşıdığı kimi, öz-özlüyündə maraqlı və dolğun həyat hekayəsi sayılan “Ömür dəftərindən səhifələr” də memuar ədəbiyyatı olmaqla bu baxımdan istisna təşkil etmir. Əksinə, 80 illik bir tarixi dövrü əhatə etməklə, müəllifin bu tarixin ayrı-ayrı dönəmlərində rast gəldiyi, ünsiyyətdə olduğu, əməkdaşlıq etdiyi məşhur şəxsiyyətlər - siyasi və ictimai xadimlər, yazıçı və şairlər, ədəbiyyat, mətbuat, teatr xadimləri və başqaları haqqında yazdığı xatirələrin hər biri yalnız Qulam Məmmədlinin özünün deyil, xatırladığı şəxsiyyətlərin də həyat və yaradıcılığının hansısa yeni, bəzən naməlum səhifələrinə bir işıq saçır. Bu baxımdan xatirələrdə Sultan Məcid Əfəndiyev, Əli Heydər Qarayev, Həbib Cəbiyev, Ruhulla Axundov və digər Sovet Azərbaycanının dövlət xadimləri, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, Üzeyir Hacıbəyov, Sergey Yesenin, Salman Mümtaz, Hüseyn Ərəblinski və başqaları kimi görkəmli ədəbiyyat və sənət adamları ilə görüşləri və əməkdaşlığı haqqında gətirdiyi şəhadətlər böyük maraq doğurur.
Eynilə Qulam Məmmədlinin uşaqlıq və gənclik illərini keçirdiyi Aşqabad şəhərində azərbaycanlı məhəllələrinin həyatının təsviri, iştirakçısı olduğu tarixi hadisələr, ilk növbədə, 1941-1946-cı illər Cənubi Azərbaycanda baş verən siyasi proseslər və Sovet Azərbaycanı nümayəndələrinin həmin proseslərdə iştirakı ilə bağlı qələmə aldığı tarixi faktlar kimi də əhəmiyyət daşıyır. İki hissəyə parçalanmış bir xalqın uzun onilliklərdən sonra ilk dəfə ən yaxın təmasına hər hansı məqsədlərlə imkan verildiyindən asılı olmayaraq bu ünsiyyətin, bu əlaqələrin, bu əməkdaşlığın, istər öz zamanında, istər sonrakı dövrlər üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyi ayrıca bir mövzudur. Lakin Sovet Ordusunun kapitanı kimi Qulam Məmmədlinin bu “siyasi ezamiyyətinin” nəticəsi olaraq Təbrizdə və Bakıda çap etdirdiyi “Heyran xanım”, “Mirzə Əli Möcüz”, “Bəxtiyarnamə”, “Xiyabani”, “Qızıl səhifələr” kitabları və “Zeynəb paşa”, “Gülşad” kimi tarixi və inqilabi şeirləri bu ünsiyyətin verdiyi bəhrələrin ən bariz nümunələri sayıla bilir.
Təbii ki, Q.Məmmədlinin “Ömür dəftərinin səhifələr”ində oxucuların müəyyən hissəsində, əsasən, Sovet dövründə yaşamamış, yaxud həmin dövrü daha çox mənfi çalarlarda xatırlayan insanlarda, xüsusilə gənclərdə bir sıra suallar doğura biləcək məqamlar da var. Xatirələrin Sov.İKP rəhbərlərindən L.İ.Brejnevdən gətirilən sitatla başlanmasından tutmuş, Q.Məmmədlinin sovet sisteminə, Lenin ideyalarına və üzvü olduğu Kommunist Partiyasına bağlılığını, sədaqətini dönə-dönə vurğulaması, müəllifin ateist mövqeyi və dinə qarşı təbliğatçı fəaliyyəti və s. bu kimi məsələlər bu gün “qəbuledilməz” kimi görünə bilər. Burada qətiyyən Q.Məmmədliyə hər hansı bəraət qazandırmaq cəhdi etməyərək, sadəcə həmin məsələlərə münasibət bildirmək istərdik.
Dini xurafat, cəhalət və nadanlığa qarşı Azərbaycan ictimai-mədəni fikrində hələ sovetlərdən çox-çox əvvəl dərin kökləri olan dəyərlər sistemi formalaşmışdı. Sovet təbliğat maşını da din sahəsində öz işini məhz M.F.Axundzadədən başlayaraq Azərbaycanın 1920-ci ilə qədərki ictimai-mədəni həyatında, mütərəqqi, demokratik ruhlu ədəbiyyatında, mətbuatında bu mövzuda yaradılmış bütöv bir “məktəb”in ənənələri əsasında qurmuş, həmin “məktəb”in görkəmli nümayəndələrini - klassik Cəlil Məmmədquluzadədən tutmuş gənc Cəfər Cabbarlıya qədər - bu işə cəlb etmiş və sözsüz ki, nəzərəçarpacaq uğurlar qazanmışdır. Xatirələrindən göründüyü kimi, “dini etiqad”ına hələ 1913-1914-cü illərdə, “Molla Nəsrəddin”i oxuyandan sonra “xal düşmüş” Qulam Məmmədlinin sonralar sovet rejiminin fanatizm, nadanlıq və geriliyə qarşı yönəlmiş mədəni quruculuq proqramının həyata keçirilməsində fəal iştirakı da bu baxımdan tamamilə məntiqə uyğun idi.
Digər tərəfdən, xatirələrin hər səhifəsindən və bütün ruhundan onun müəllifinin, sözün tam mənasında, əsl sovet adamı və əsl kommunist olduğu duyulur. Və müəllif özü bununla fəxr edir. Başlıca məqam isə Qulam Məmmədlinin bütün bu münasibətində tamamilə səmimi olmasıdır. Həmçinin Qulam müəllimin bu səmimiyyətinə də tam əsas vardır. XIX əsrin sonlarında Cənubi Azərbaycandan Qafqaza və Orta Asiyaya mühacirət etmiş on minlərlə imkansız ailədən birinin övladı, 4 illik molla məktəbində təhsillə kifayətlənməli olan, yeniyetmə yaşlarından ağır əmək fəaliyyətinə başlayan, ənənəvi olaraq bütün dünyada fəhlə sinfinin ən qabaqcıl dəstəsi sayılan mətbəə fəhləsi olmaqla ictimai proseslərə qoşulan, öz fəhmi, ağlı və zəhmətinin gücünə mənsub və məhkum olduğu sosial təbəqədən qopmağa, savada, biliyə, mədəniyyətə qovuşmağa can atan istedadlı bir gənc ona birdən-birə belə bir imkanı yaradan siyasi sistemə necə sədaqətli olmaya bilərdi?!
Bütün 75 illik tarixi milyonlarla günahsız insanların, o cümlədən “müdafiəçisi” olduğu fəhlə və kəndlilərin faciəsi ilə yazılmış sovet dövləti digər tərəfdən məhz milyonlarla Qulam Məmmədli kimilərinin timsalında özünün həqiqətən fəhlə-kəndli hakimiyyəti olduğunu təsdiq edirdi. Təbii ki, Qulam Məmmədlinin öz “karyerasında” pillə-pillə irəliləməsi, Sovet Azərbaycanı rəhbərliyi tərəfindən ona mühüm dövlət tapşırıqları verilməsi, bir sıra vəzifələrə təyin edilməsi onun yalnız “fəhlə sinfinə” mənsubiyyətinə görə deyil, həm də istedad və bacarığı, yüksək işgüzarlıq qabiliyyəti və məsuliyyət hissi nəzərə alınmaqla başa gəlirdi. Ədalət xatirinə, hakimiyyətin də, öz növbəsində, Qulam Məmmədli kimi etibarlı və fədakar kadrlarına göstərdiyi qayğı və dəstək qeyd olunmalıdır.
Burada daha bir məsələni də vurğulamaq lazımdır. Qulam Məmmədlinin bir tədqiqatçı kimi Azərbaycanın tarix və ədəbiyyat elmləri sahəsində xidmətləri respublikanın ən ali elmi dairələrində yüksək qiymətləndirilmişdir. Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyəti və Prezidenti səviyyəsində Moskvada Ali Attestasiya Komissiyası və digər təşkilatlar qarşısında bir neçə dəfə ali təhsili olmadan, nəşr edilmiş əsərlərinin ümumi sayına görə Q.Məmmədliyə dissertasiya müdafiə edib elmi dərəcə almasına icazə verilməsi haqda vəsatət qaldırılmışdır. Lakin mərkəz bu müraciətlərə hər dəfə mənfi cavab vermişdir.
Əslində, Moskvanın o dövrdə, xüsusilə 70 yaşlı yaradıcı bir insana münasibətdə elə də ciddi problem sayılmayan bu məsələdə görünməmiş bir sərtlik və inad göstərərək müdafiəsinə izin vermədiyi “namizədlik” elmi dərəcəsi Qulam Məmmədlinin adi elmi işçinin fəaliyyət dairəsinə qətiyyən “sığışmayan” tədqiqatçı taleyində formal addan başqa bir şey olmayacaqdı.
Zənnimcə, Qulam müəllimə sovet dövründə hökumət və ayrı-ayrı ictimai təşkilatlar tərəfindən verilən fəxri adlar, medallar, nişanlar, mükafatlar da (onların 97 yaşlı bu xadimin xidmətlərini nə dərəcədə dolğun əhatə etdikləri məsələsinə varmayaraq) bu baxımdan elə də böyük əhəmiyyət daşımır. Uzun və məzmunlu həyatı boyu çalışdığı işlərdə, tutduğu vəzifələrdə, ən başlıcası isə yaratdığı əsərləri ilə Qulam Məmmədli, ilk növbədə, mənsub olduğu o taylı-bu taylı Azərbaycan xalqına təmənnasız xidmət etməklə öz adını hər hansı mükafatların fövqündə duran və “ömür dəftərində” böyük ehtiramla xatırlanan klassiklərin cərgəsinə yazıb.
“Ömür dəftərindən səhifələr”i vərəqlədikcə bu həqiqət bir daha təsdiqini tapır. Bu kitab gələn il Qulam Məmmədlinin 120 illik yubileyinə hazırlıq işində ilk töhfələrdən biridir.
Solmaz RÜSTƏMOVA,
tarix elmləri doktoru, professor