06 Noyabr 2022 03:25
3411
SİYASƏT
A- A+

Qüdrətli Komandanın möhtəşəm Zəfəri

 

Böyük möcüzə kiçik möcüzələrdən yaranır

 

İnsan nəyisə öyrənmək istəyəndə sual verir.

İnsan hərdən bildiyini dəqiqləşdirmək üçün də sual verir.

İnsan bəzən ritorik sual da verir.

Başqa sözlə, cavabı içərisində gizlənən suallar da olur.

İndi isə belə bir sualı nəzərdən keçirək:

Həyatda möcüzə varmı?

Gəlin biliyimiz və dünyagörüşümüz həddində bu suala cavab tapmağa çalışaq.

***

Biz hamımız uşaqlıqda möcüzə görmək arzusunda olmuşuq...

İstəmişik ki, bütün arzularımız bir anda, möcüzəvi şəkildə yerinə yetsin.

Hətta bunun icrasının yolunu da tapmışıq:

Sehirli çubuq!

Nağıllarda rast gəldiyimiz sehirli çubuq!

Belə çubuğa sahib olmağı o qədər arzulamışıq ki...

Bir qədər böyüdükdən sonra anlamışıq ki, sehirli çubuq yalnız əfsanə kimi mövcuddur.

Həyatda isə arzuna, istəyinə çatmaq üçün zəhmətə qatlaşmalı, yorulmadan çalışmalısan, daim məqsədinə doğru irəliləməlisən.

Ancaq bəzən insan həyatda möcüzəyə və ya möcüzəyəbənzər hadisələrə də rast gəlir!

Əfsanəvi yox, real möcüzəyə!

Sehirli çubuqla yaranan möcüzəyə yox, real həyatda yaranan möcüzəyə!

Gözü ilə gördüyü, şahidi olduğu, adi insanların iştirakı, əli ilə yaranan möcüzəyə.

Onlardan bir qismi barədə danışmaq istəyirik.

***

Azərbaycan ərazisinin zorla alınaraq Ermənistana verilməsinə xidmət edən "Qarabağ problemi" uydurulandan, XX əsrin sonlarında isə SSRİ-nin dağılma prosesi başlayandan ölkəmiz daim təklənib, haqsızlıqlara məruz qalıb.

Əvvəlcə dünyaya yeganə informasiya çıxışı kanalları olan sovet informasiya agentlikləri, mərkəzi televiziya və mərkəzi qəzetlərdə problem təhrif olunmuş şəkildə işıqlandırılıb və dünyaya təqdim olunub.

Azərbaycan "məzlum", "zavallı" erməniləri sıxışdıran, öldürən tərəf kimi göstərilməklə məsələnin mahiyyəti saxtalaşdırılıb.

Sonra sovet ordusunun bölmələri və silahları vasitəsilə Azərbaycan ərazisi işğala məruz qalıb.

BMT Təhlükəsizlik Şurasının məşhur 4 qətn

aməsi - Qarabağın Azərbaycana məxsus olmasını və erməni silahlı birləşmələrinin dərhal, qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən sənəd isə uzun illər boyu yerinə yetirilməyib.

Əksinə, ərazisi işğala məruz qalan Azərbaycana qarşı ABŞ Konqresi bədnam 907-ci düzəlişi qəbul edib.

Həmin dövrdən başlayaraq erməni diasporunun güclü olduğu dünyanın aparıcı dövlətlərində ermənilərin sözü keçib, beynəlxalq hüquq ayaqlar altında qalıb, ATƏT-in Minsk qrupu isə münaqişəni həll etmək əvəzinə saqqız kimi uzadıb, özünün mənasız və səmərəsiz fəaliyyəti ilə məşhurlaşıb.

Xalqın arzu və tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıtması nəticəsində Qarabağın işğaldan azad olunması məsələsi yeni mərhələyə qədəm qoymuşdur.

Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə isə başlanan işlər daha yüksək səviyyədə davam etdirilmiş, yaranan vəziyyət və mövcud şərait dəqiq qiymətləndirilərək torpaqlar hərbi yolla işğaldan azad olunmuşdur.

İkili standartların hökm sürdüyü, BMT-nin, ATƏT-in Minsk qrupunun acizlik göstərdiyi, erməni diasporunun at oynatdığı və Ermənistanın sülh danışıqlarına gəlmədiyi bir zamanda Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsinə başlayaraq 44 gün ərzində Ermənistan ordusunu məhv etməsi, düşməni qarşısında diz çökdürməsi və ona kapitulyasiya aktını imzalatdırması əsl möcüzə oldu!

Görünən odur ki, 44 gün ərzində Azərbaycan təkcə işğalçı Ermənistana deyil, üstəlik, onun müdafiəçilərinə və havadarlarına, erməni diasporuna, beynəlxalq hüququ pozanlara da qalib gəldi, üstəlik, BMT-nin və digər beynəlxalq qurum və təşkilatların görəcəyi işi təkbaşına özü gördü!

İlham Əliyevin xalqın ən müqəddəs arzusunu həyata keçirərək yaratdığı bu böyük möcüzə, əslində, onun bu istiqamətdəki kiçik möcüzələrinin məntiqi yekunu idi.

Bəs həmin kiçik möcüzələr hansılardır?!

***

İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbə dünya tərəfindən birmənalı şəkildə və eyni cür qiymətləndirildi:

Azərbaycan Vətən müharibəsində sürətli və möhtəşəm Zəfər qazanıb!

Yeni strategiya və ən müasir taktika tətbiq edib!

PUA-ların nümunəsində yeni silahlar işlədib!

Bütün bunlar isə ölkəmizə XXI əsrin ən yeni müharibəsini aparmağa və dünya müharibələri tarixində təzə səhifə açmağa imkan verib!

Möcüzə deyilmi?!

***

Müzəffər Ali Baş Komandan İlham Əliyev baş sərkərdəsi olduğu bu müharibədə iki rekorda da  imza atmış oldu:

Əvvəla, son beşəsrlik dövrdə Azərbaycan ilk dəfə olaraq işğal olunmuş torpaqlarını geri qaytardı!

İkincisi, Vətən müharibəsindəki Zəfər həm də iki əsr ərzində mövcud olan, habelə tarixinin ən keşməkeşli dövrlərində Azərbaycandan kimlərinsə əli ilə torpaq qoparılması ilə nəticələnən Qarabağ münaqişəsinə birdəfəlik son qoydu!

Daha heç kəs "Qarabağ problemi" adı ilə bizə təsir və təzyiq göstərə bilməyəcək!

Daha kimsə kimlərinsə havadarlığı ilə bizdən müxtəlif üsul və bəhanələrlə torpaq qopara bilməyəcək!

Möcüzə deyilmi?!

***

Hər bir müharibənin çoxsaylı şəhidi və qəhrəmanı olur.

Onlarsız ötüşmək mümkün deyil!

Hər bir müharibənin həm də yeganə baş qəhrəmanı olur!

Müharibəyə hazırlığı təmin və təşkil edən, bütün qərarlara "hə" deyərək icrasına yaşıl işıq yandıran, son söz sahibi olaraq hər şey üçün cavabdehlik daşıyan səlahiyyət sahibi!

Hər bir müharibənin taleyini həll edənə, həmin insana isə Ali Baş Komandan deyilir!

44 günlük Vətən müharibəsinin əsl baş qəhrəmanı cənab İlham Əliyev oldu!

Müzəffər Ali Baş Komandan İlham Əliyev diplomatiya və informasiya müharibəsinin də yeganə baş qəhrəmanıdır!

Cənab İlham Əliyev ixtisasca diplomatdır.

Dünyanın ən tanınmış ali təhsil ocaqlarından birini - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib!

Təkcə bitirməyib, həm də orada dərs deyib!

Və bu gün də onunla qürur duyan təhsil ocağı şəklini şərəf lövhəsində saxlayır.

Azərbaycan Prezidenti nə hərbi təhsil alıb, nə də peşəkar zabit kimi orduda xidmət edib!

II Qarabağ müharibəsi ilk döyüşü, Ali Baş Komandan kimi rəhbərlik etdiyi ilk hərbi əməliyyat oldu!

Bütün bunlara baxmayaraq, cənab İlham Əliyev elə bir qeyri-adi müharibə apardı, elə bir zəfər qazandı ki, bütün dünya heyran qaldı.

Həm də təkcə heyran qalmadı!

Həmin müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin tətbiq etdiyi straregiya və taktikanı öyrənərək ordularında tətbiq etməyə başladılar!

İlk dəfə müharibə aparan cənab İlham Əliyev yeni müharibə örnəyi yaratdı!

Möcüzə deyilmi?!

***

Erməni işğal etdiyi ərazilərdə yerləşmiş, rahat oturmuşdu.

Artıq Qarabağı da, Şərqi Zəngəzuru da özününkü sayırdı!

Xislətinə uyğun olaraq hər yeri söküb dağıdır, dostlarına satıb pula çevirir, viran qoyurdu...

Tutduğu yerləri geri qaytarmaq niyyətində də deyildi!

Amma içində bir qorxu da vardı!

Bilirdi ki, torpağın əsl sahibi nə vaxtsa geri dönəcək, itirdiklərini geri qaytaracaq, qisasını alacaqdır!

Odur ki, 30 il ərzində havadarlarının və dostlarının köməyi ilə hər tərəfdə müdafiə istehkamları qurmuş, dərin səngərlər qazmış, dəmir qapılarının qalınlığı 70 santimetr olan beton bunkerlər tikmişdi.

Bakıda yaradılan Hərbi Qənimətlər Parkında Qarabağdakı 6 qatlı müdafiə sədlərinin bütün elementlərini açıq-aydın görmək mümkündür.

Təbii relyefin də "kömək göstərdiyi" hərbi mühəndis qurğularından bir pişik belə keçə bilməzdi!

AMMA...

Sən öz saydığını say...

Müzəffər Ali Baş Komandan İlham Əliyev elə bir müharibə apardı, elə hərbi manevrlər etdi ki, düşmən 30 ildə qurduğu mövqelərdən bir güllə belə ata bilmədi...

Ağdam, Laçın və Kəlbəcər kimi rayonlar dinməz-söyləməz geri qaytarıldı!

Halbuki həmin mövqelərdən Azərbaycana güclü zərbələr vurmaq, böyük miqdarda canlı qüvvə itkisinə nail olmaq nəzərdə tutulmuşdu!

Beləliklə, erməninin 30 ildə qurduğu müdafiə mövqeləri gərəksiz şeyə çevrildi!

Möcüzə deyilmi?!

***

Hücuma keçən tərəf yalnız qələbə barədə düşünür!

Qələbənin şərtləri isə çoxdur!

Burada şəxsi heyətin hazırlığından, ruh yüksəkliyindən, silahlanmasından, tətbiq olunan taktika və strategiyadan, dəqiq kəşfiyyat məlumatlarından, öndə döyüşənlərin bütün növ təchizatlarla təminatından və digər amillərdən də çox şey asılıdır.

Təbii ki, hücum tərəfinin işi daha çətin olur.

Minalanmış sahələrə rast gəlmək, pusquya və tələyə düşmək, müxtəlif sürprizlərlə qarşılaşmaq hər an mümkündür.

Odur ki, birnəfəsə keçilən hücumla qələbəyə çatmaq olduqca müşkül məsələdir!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qurduğu Azərbaycan Ordusu isə müharibə başlayandan hərbi əməliyyatların dayandırıldığı anadək daim hücumda oldu!

Daim irəli getdi!

Hər gün qarşıya qoyulan döyüş tapşırıqlarını uğurla yerinə yetirdi!

Bircə gün də olsun hücumunu dayandırmadı!

44 gün ərzində nə müdafiəyə keçdi, nə də geriyə çəkildi!

Möcüzə deyilmi?!

***

Hər bir müharibənin uğuru qarşı tərəfin hazırlığı, mövqeləri və yerləşməsi, silahlanma səviyyəsi ilə bağlı dürüst məlumatlara malik olmasından da asılıdır.

Azərbaycanla Ermənistan 27 il ərzində təmas xəttində qarşı-qarşıya dayanmış, bir-birlərinə güllə atmışlar.

Ermənilər xislətlərinə uyğun olaraq dəfələrlə təsərrüfat işləri ilə məşğul olan mülki əhalini, hətta körpə uşaqları belə hədəfə çevirmişlər.

Düşmənin sülh danışıqlarına gəlməməsi, özünü qalib tərəf kimi təkəbbürlü və iddialı aparması gec-tez Qarabağda müharibənin yenidən alovlanacağına dəlalət edirdi!

Aprel müharibəsi isə, necə deyərlər, bunun anonsuna çevrildi.

Azərbaycan isə sülh danışıqlarının baş tutmayacağı təqdirdə münaqişəni hərbi yolla həll edəcəyini gizlətmirdi.

Həm də hər il hərbi sahəyə Ermənistanın dövlət büdcəsindən də çox vəsait ayırır, silahlanırdı.

İndiki dövrdə düşmən tərəf barədə yetərincə məlumat əldə etmək üçün imkan və vasitələr çoxdur.

Kosmosdan peyk vasitəsilə izləmələr, PUA-larla kəşfiyyat aparmaq, kimin hansı ölkədən hansı silahları almasından, habelə keçirilən hərbi təlimlərdən yetərincə məlumat toplamaq çoxları üçün əlçatandır.

Xüsusən Ermənistanın dostlarının imkanlarını və ərazilərimizə yaxınlıqlarını nəzərə alanda bunun bir o qədər də çətin olmadığını görürük.

AMMA...

Müharibə başlayanda Azərbaycan elə silahlardan istifadə etdi, elə taktika işlətdi, elə nöqtələrdən hücuma keçdi ki, təkcə Ermənistanın özü yox, müdafiəçiləri də çaş-baş qaldılar!

Bu qədər "dostu", havadarı olan Ermənistanın Azərbaycanın hərbi potensialı, silahları, sürətli müharibə aparmaq imkanları barədə dəqiq və geniş informasiya əldə edə bilməməsi möcüzə deyilmi?!

***

Hər bir müharibənin öz hesablamaları olur.

Tərəflər döyüş meydanına nə qədər canlı qüvvə, texnika, silah-sursat çıxaracaqlarını, müharibənin təqribən nə qədər çəkəcəyini, hər gününün neçəyə başa gələcəyini və bütövlükdə nə qədər vəsait xərclənəcəyini təxmini olsa da, hesablaya bilirlər!

İtkilər də irəlicədən hesablanır.

Adətən hücuma keçən tərəf 3-5 dəfə çox canlı qüvvə itkisi verir!

Çünki müdafiə tərəfi irəlicədən hazırlanmış səngərlərdə, istehkamlarda, atəş nöqtələrində daldalanaraq üzərinə hücuma keçənləri aydın görə bilir.

II Qarabağ müharibəsində Azərbaycan hücuma keçən tərəf idi.

Ermənistan isə 30 illik hazırlıqla, yerli relyefin imkanlarından istifadə etməklə möhkəm müdafiə sistemi qurmuşdu!

Nəticə heyrət doğuracaq qədər gözlənilməz oldu!

Azərbaycan təqribən 3000 nəfər - Ermənistandan 3 dəfə az itki verdi!

Ermənistan hələ də ərazimizdəki leşlərin hamısını yığıb qurtara bilməyib!

Hələ də gizlətdiyi meyitlərinin kimliyini müəyyən edərək yiyəsinə qaytara bilməyib!

Hücum edən tərəfin müdafiə olunandan bu qədər az itki verməsi möcüzə deyilmi?!

***

Vətən müharibəsinin ən çətin məsələsi Şuşanın işğaldan azad edilməsi sayılırdı.

Şəhərin yerləşdiyi coğrafi mövqe, relyefi, ona doğru gedən mümkün yolların asanlıqla nəzarətdə saxlanması, üstəlik, düşmənin Şuşanı israrla vermək istəməməsi vəziyyəti xeyli çətinləşdirirdi.

Məqsəd həm də az itki ilə qala şəhəri geri qaytarmaq, hücum əməliyyatı zamanı mümkün qədər dağıntılardan qaçmaq idi.

Qəhrəman Azərbaycan əsgəri bu vəzifənin öhdəsindən şərəf və bacarıqla gəldi.

Cənab İlham Əliyevin tərbiyələndirdiyi yeni gənclər nəslinin də iştirak etdiyi qüdrətli ordu, mükəmməl hazırlanmış və xüsusi təlim keçmiş "xüsusi təyinatlı"ların hünəri və incəliyinə qədər düşünülərək hazırlanmış məxsusi hücum planı möhtəşəm qələbəni təmin etdi!

Azərbaycan əsgəri həftələrlə, aylarla gündüzlər gizlənərək gecələr yol getdi, keçilməz cığırlardan keçdi, yalçın qayalardan dırmaşdı, düşmənin gözləmədiyi yerdən, qəflətən hücuma keçdi.

"Şuşa əməliyyatı"nda dağıntı olmasın deyə zirehli texnikadan, raket və mərmi atəşlərindən, habelə əlverişsiz havaya görə PUA-lardan istifadə edilmədi!

Qəhrəman Azərbaycan döyüşçüsü bu qala şəhəri əsgər süngüsü və lapatkası ilə vuruşaraq, əlbəyaxa çarpışaraq geri qaytardı!

Şuşanın bu sayaq alınması möcüzə deyilmi?!

***

SSRİ 1941-1945-ci il müharibəsində alman faşizminə böyük itkilər bahasına qalib gəlmişdi.

Bu müharibədə keçmiş ittifaqdakı bütün xalqlar iştirak etmiş, qurbanlar vermişdi.

Müharibədən sonrakı illərdə sovet xalqının bu qələbəsindən yüzlərlə bədii film çəkilmişdi.

Hamı bu filmlərə böyük maraqla baxır, sovet əsgərinin əfsanəvi qəhrəmanlığından zövq alırdı.

Ara-sıra müharibə dövrü çəkilmiş sənədli kadrlar da nümayiş etdirilirdi.

II Qarabağ müharibəsinə qədər müharibədən canlı döyüşləri isti-isti izləmək heç kəsə müyəssər olmamışdı!

Amma Vətən müharibəsində bunu da gördük!

Həm də necə...

Evimizdə, rahat kreslomuzda oturaraq mavi ekranda "bayraqdarlar", " haroplar" vasitəsilə, dəqiq mərmi zərbələri ilə düşmən hədəflərinin - zirehli texnikasının, bunker və səngərlərdə gizlənən canlı qüvvəsinin, köməyə tələsən əsgər dolu maşınlarının, ön cəbhəyə gedən təchizat avtomobillərinin və digərlərinin darmadağın edilməsinə ləzzətlə baxırdıq!

Təkcə biz yox, bütün dünya da müharibədən "canlı reportajları" heyrətlə izləyirdi!

Evində oturaraq döyüş əməliyyatlarının fraqmentlərini canlı izləmək möcüzə deyilmi?!

***

İndiki müharibələrə “allis müharibə” də deyilir.

Çünki döyüşlər təkcə cəbhədə deyil, informasiya meydanında da aparılır.

Həm də bir cəbhənin uğuru digərinə də ciddi təsir göstərir.

Vətən müharibəsi də istisna deyildi.

Dünyanın tanınmış KİV, televiziya kanalları, informasiya agentlikləri ölkəmizə tökülmüşdü.

Çoxu da xoş niyyətdə deyildi, maliyyəsin aldığı erməni diasporunun tapşırıqlarını icra edirdi.

Sual verənlər müxtəlif olsa da, suallar təqribən eyni xarakter daşıyırdı:

* Azərbaycan niyə sülh danışıqlarını pozdu;

* Niyə hərbi əməliyyatları dayandırmır;

* Türkiyə niyə sizə kömək edir;

* Niyə siz tərəfdə muzdlular döyüşür;

* Qadağan olunmuş silahlardan istifadə edirsinizmi və s.

Əslində, məqsəd erməni tərəfinin günahlarını bizim üzərimizə yıxmaq və dünya ictimaiyyətinə yanlış məlumat vermək idi!

Müzəffər Ali Baş Komandan İlham Əliyev informasiya cəbhəsində demək olar ki, təkbaşına döyüşdü və qalib gəldi!

Əslində, həmin informasiya vasitələrinin tribunasından bəhrələnərək Qarabağ müharibəsi, hərbi əməliyyatlar və onların gedişi barədə əsl həqiqətləri bütün dünyaya yaydı, Ermənistanın ikiüzlü, riyakar mövqeyini ifşa etdi, erməni tərəfinin muzdlulardan, qadağan olunmuş silah və sursatlardan istifadə etdiyini, cəbhə xəttindən xeyli aralıda yerləşən yaşayış məntəqələrinə allistic raket zərbələri endirdiyini, mülki əhaliyə tələfat yaşatdığını konkret faktlarla ifşa etdi!

Azərbaycan dövlətinin mövqeyini, atdığı addımları da geniş izah etdi.

Düşməni bütün cəbhələrdə məğlub və ifşa etmək, təkbaşına informasiya müharibəsində dünya mediasına qalib gəlmək möcüzə deyilmi?!

***

II Qarabağ müharibəsi başlayanda hamımız çox nigaran, çox narahat idik!

Düşmənə kimlərin nə sayaq kömək etdiyindən də xəbərdar idik, onun yaratdığı müdafiə qurğularından və keçilməz sədlərindən də, hətta "yeni müharibə, yeni ərazi işğalı olacaq" xəbərdarlığını da eşitmişdik!

Ancaq dövlətimizə, ordumuza, ən əsası, Ali Baş Komandanımıza da inanırdıq, arxayın idik!

Zaman hər şeyi öz yerinə qoyur!

Zaman hətta möcüzələri də adiləşdirə bilir!

Ancaq zamanın fövqündə duran möcüzələr də var.

Belə möcüzələr çoxsaylı kiçik möcüzələrdən yaranır.

44 günlük Vətən müharibəsi əsrlərboyu öz dəyərini itirməyən möcüzələrdəndir.

Azərbaycan xalqını qalib xalqa, bəxtəvər xalqa çevirən möcüzə!

Dünyanın güclü dövlətlərini belə Azərbaycandan öyrənməyə sövq edən möcüzə!

Azərbaycan əsgərini, qəhrəmanlığı ilə dastanlar yaradan Azərbaycan şəhidini daim ucalıqda saxlayan möcüzə!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrəti, qətiyyəti, iradəsi və qəhrəmanlığı ilə yaranan möcüzə!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video