Bu əvəzsiz
meyvə yenə də rayonun kənd təsərrüfatında xüsusi çəkiyə malikdir
Quba barədə
danışanda almadan söz açmamaq mümkün deyil. Rayonun kənd təsərrüfatında fındıq,
qoz və digər məhsullar yetişdirilməsinə baxmayaraq, almanın xüsusi yeri var.
Təxmini hesablamalara
görə, Qubada alma becərilməsinin tarixi yüz illəri üstələyir. Əvvəllər də burada
əhalinin şəxsi təsərrüfatlarında alma becərilmiş və müxtəlif yerlərə daşınaraq satılmışdır.
Almanın daha
geniş becərilməsi və iqtisadiyyatın ayrıca bir sahəsinə çevrilməsi Ümummilli Lider
Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi illərə təsadüf edir. Həmin
dövr Qubada bağçılığın inkişafı dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdi.
Ümummilli Liderin təşəbbüsü ilə 1974-cü ildə "Meyvəçiliyin intensivləşdirilməsi
və ixtisaslaşdırılması əsasında daha da inkişaf etdirilməsi tədbirləri haqqında”
hökumət qərarının qəbul olunması Azərbaycanda bağçılıq təsərrüfatının inkişafında,
sözün əsl mənasında, yeni mərhələnin başlanğıcı oldu.
Bu qərardan
sonra respublika iqtisadiyyatının tənzimlənməsi və daha da inkişaf etdirilməsi üçün mühüm addımlar atıldı və bir neçə il ərzində təkcə
Qubada 14 min hektarda intensiv tipli yeni bağlar salındı. Xatırladaq ki, o vaxtadək
Azərbaycanın heç bir rayonunda bu qədər intensiv tipli bağ sahəsi olmamışdı.
Söz düşmüşkən,
qeyd edək ki, həmin illərdə Qusar, Xaçmaz və Şəki rayonlarının da hər birində
1000 hektar olmaqla intensiv meyvə bağları salındı. Alimlərin apardıqları araşdırmalardan
sonra əsasən Macarıstan və Moldovadan Azərbaycana
20-yə qədər məhsuldar alma sortları gətirildi.
Ümummilli Lider keçmiş sovet respublikalarından mütəxəssisləri Qubaya dəvət etdi.
1983-1984-cü illərdə bağların hər hektarından orta hesabla 450-500 sentner məhsul
toplanıldı. 1984-cü ildə Quba bağbanları rayonun tarixində ilk dəfə olaraq 100 min
tondan çox meyvə toplamağa müvəffəq oldular.
Müstəqilliyin
bərpasından sonrakı ilk illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə
aqrar islahatlara start veriləndə Qubada 37 kolxoz, sovxoz və digər bu tip dövlət
müəssisəsi mövcud idi. İslahat nəticəsində həmin müəssisələrə məxsus olan 13424
hektar meyvə bağı vətəndaşların xüsusi mülkiyyətinə verildi. Hazırda Qubada 17 min
hektara yaxın meyvə bağı var. Bunun 13 min hektarı alma bağlarıdır. Təkcə son bir
neçə il rayonda 5000 hektardan çox yeni meyvə bağları salınıb. Həmin bağlarda cırhacı, sarıturş, Şirvan gözəli, qızıləhmədi,
aybı, sinab, qəndisinab, qaraturş kimi ənənəvi sortlarla yanaşı, xaricdən gətirilərək
rayonlaşdırılmış yüksək məhsuldar sortlar da geniş yayılıb.
Məlum olduğu
kimi, bağçılığın inkişafının elmi əsaslarını işləyib hazırlamaq məqsədilə Kənd Təsərrüfatı
Nazirliyinin Qubada Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu fəaliyyət
göstərir. Ötən əsrin 20-ci illərində yaranan,
60-cı illərin əvvəllərinədək Mərdəkanda fəaliyyət göstərən bu institut 1964-cü ildə
Qubaya köçürülüb. Hazırda 4 şöbə və 3 laboratoriyadan ibarət olan bu elm ocağında
194 nəfər çalışır. İnstitutun Lənkəranda Sitrus bitkiləri filialı, Abşeronda Təcrübə
stansiyası, Qəbələdə və Zaqatalada dayaq məntəqələri var. İnstitutun əməkdaşları
təkcə Quba rayonunda 350 hektardan çox meyvə bağında təcrübə aparırlar.
Hər il Quba
bağlarında yüksəkkeyfiyyətli meyvə istehsal olunur. 2019-cu ildə rayon üzrə
115,8 min ton alma istehsal edilib. Həmin məhsulun bir hissəsi bağlardan birbaşa
emal müəssisələrinə, bir hissəsi bazarlara göndərilib.
Qubada ayrı-ayrı
sahibkarlar tərəfindən ümumi tutumu 20 min tona yaxın olan 11 soyuducu-kamera tikilib.
Bu da bağbanlara imkan verir ki, istehsal etdikləri məhsulun bir hissəsini saxlayaraq
onu daha sərfəli vaxtlarda bazara çıxara bilsinlər.
Keçən il yığılan
almanın çox hissəsi Azərbaycan brendi kimi Belorusa, Qazaxıstana, Ukraynaya ixrac
edilib. Zərdabi, Alekseyevka, Vladimirovka, Barlı, Gültəpə, Zərqova və digər kəndlərdə
yetişdirilən almanın böyük hissəsi xarici ölkələrə daşınır. Onu da bildirək ki,
vaxtaşırı Rusiya, Özbəkistan, Türkmənistan və başqa ölkələrdən Qubaya gələn nümayəndələr almanın becərilməsi ilə tanış olmuşlar. Digər
tərəfdən dövlət qurumları da almanın satılması və saxlanmasında maraqlıdır.
Qubalılar
yerli alıcıları da yaddan çıxarmırlar. Almanın bir hissəsi daxili bazarlara göndərilir.
Ölkəmizin müxtəlif şəhərlərində keçirilən yarmarkalara bu günədək minlərlə ton alma
daşınıb. Münasib qiymətə bazara çıxarılan məhsul əhali tərəfindən razılıqla alınır.
Qubada alma
bağlarının salınması rayonun bütün təşkilat və idarələri tərəfindən aparılır. Rayon
mərkəzində yerləşən məktəblərin çoxunun himayəsində alma bağları var. Bunlardan
əlavə, Qubada aztəminatlı ailələrə yardım etmək məqsədilə yeni bağlar salınıb. Ümumiyyətlə,
Almaniya, Fransa, Çin, Türkiyə və digər ölkələrdən gətirilən yeni alma sortlarının 350 hektar ərazidə
becərilməsinə başlanıb.
Akif ƏLİYEV,
"Azərbaycan”