Bu il bölgələrdə
84 yeni məktəb binası inşa edilib
Quba rayonunun
Alekseyevka kəndində inşa olunan şəhid Rəhman Məmmədov adına 960 şagird yerlik məktəb
binası yeni tədris ilinin ilk günündə istifadəyə verilib.
AZƏRTAC xəbər
verir ki, Quba Rayon İcra Hakimiyyəti rəhbərliyinin, təhsil işçilərinin, ictimaiyyət
nümayəndələrinin iştirak etdikləri mərasimdə Təhsil naziri Ceyhun Bayramov Bilik
Günü və məktəb binasının açılışı münasibətilə müəllim və şagirdləri, valideynləri
təbrik edib.
Açılış mərasimindən
əvvəl nazir Ceyhun Bayramov və Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev
Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi
şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Məktəbin açılışında
Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təhsilə
göstərdiyi qayğı və diqqətdən danışan nazir ölkəmizdə aparılan təhsil islahatları
haqqında məlumat verib. O, yeni məktəb binalarının inşasının təhsilin keyfiyyətinin
daha da yüksəldilməsinə əhəmiyyətli təsir edəcəyinə əminliyini vurğulayıb.
"Təkcə bu
il ölkəmizdə Dövlət İnvestisiya Proqramı və Prezidentin sərəncamları ilə müxtəlif
bölgələrdə 84 yeni məktəb binası inşa edilib. Onlardan 43-ü bu gün istifadəyə verilir.
Digər 41 məktəb binasının isə dekabr ayınadək təhvil verilməsi nəzərdə tutulur”
deyə nazir qeyd edib.
Bildirilib
ki, Azərbaycanda təhsil sahəsində aparılan islahatlar öz müsbət nəticələrini verir.
Ölkədə müəllim peşəsinin nüfuzu xeyli artıb. Son illərdə qəbul imtahanlarında yüksək
nəticələr göstərən və müəllim peşəsini seçən abituriyentlərin sayında ciddi artım
var.
C.Bayramov
ölkəmizdə təhsil sahəsinin dövlətin yürütdüyü siyasətin prioritet istiqamətlərindən
olduğunu, son illər respublikamızda çoxlu sayda yeni məktəb binalarının tikildiyini,
əsaslı təmir olunduğunu söyləyib. Nazir deyib ki, regionlarda, xüsusən ucqar rayonlarda
yeni məktəb binalarının tikintisi ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin
uğurla davam etdirildiyinin göstəricisidir.
Sonra nazir
yeni məktəbdə yaradılmış şəraitlə tanış olub, müəllimlərlə görüşərək onlarla söhbət
edib.
Alekseyevka
kəndində yeni təhsil ocağının inşasına Prezident İlham Əliyevin sərəncamına əsasən
ötən ilin dekabr ayından başlanılıb. Üçmərtəbəli binada 40 sinif, 6 laboratoriya,
gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman, akt,
oxu zalları, kitabxana və 234 yerlik yeməkxana var.
Təhsil müəssisəsi
müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib. Yeni məktəb binasının
həyətində qazanxana və su çənləri də tikilib.
Rəhman Məmmədov
adına Alekseyevka kənd tam orta məktəbində hazırda 900-ə yaxın şagird təhsil alır.
Təhsil ocağında tədris Azərbaycan və rus dillərində aparılır. Dörd min nəfərdən
çox sakini olan Alekseyevka Qubanın ən böyük kəndlərindən sayılır.
Onu da qeyd
edək ki, dünən Qubada daha 8 modul tipli məktəb binası istifadəyə verilib.