Üstəgəl kompleks turizm xidmətləri
Bir neçə onillik əvvəl Azərbaycanda turizm məkanı kimi tanınan bölgələrin sayı çox deyildi. Nabran, Naftalan, Qalaaltı, Qusar və daha bir neçəsi. Həmin sırada Quba da vardı. Bu şimal bölgəmiz bütün zamanlarda qonaqlı-qaralı olub. Amma o turizm hara, bu turizm hara...
Ölkəmizdə getdikcə inkişaf edən sahələrdən biri də turizmdir. Turizm potensialı olan bölgələrdə bu sahə üzrə infrastrukturun müasir standartlara uyğun qurulması əlaqədar təşkilatlar qarşısında qoyulmuş əsas vəzifələrdəndir. O səbəbdən turizmin daha sürətli inkişafı üçün həyata keçirilən dövlət siyasəti artıq öz bəhrəsini verir. Bölgələrin sosial-iqtisadi inkişafına yönəldilmiş dövlət proqramları, qeyri-neft sektorunun inkişafının prioritet elan olunması turizmi sözün əsl mənasında dirçəldib. Nəticədə bu gün istər paytaxtımızda, istərsə də bölgələrimizdə dünyanın hər yerindən gələn minlərlə turist görmək mümkündür.
Əzəldən turizm zonası kimi tanınan və bu gün də inkişafdan qalmayan, valehedici flora və faunaya, əsrarəngiz təbiətə malik Quba qonağı olan hər kəsi valeh edir. Rusiya ilə sərhədin bir addımlığında, Bakıdan isə cəmi 150 kilometrlik məsafədə yerləşən bu rayon bənzərsiz dağ kəndləri ilə turistləri özünə çəkir. Həmişə xalça üzərində gəzənlər çadırlarda qalmağı adrenalin kimi qarşılayırlar. Quba qədim tarix-mədəniyyət abidələri, sənətkarlıq nümunələri ilə də məşhurdur. Xalçaçılıq, misgərlik, digər qədim peşələrin ardıcıllıqla davam etdirildiyi bölgə bu yöndən də səyahət həvəskarlarının çox xoşladıqları ünvandır.
Şahdağın ətəklərində və Qudyalçayın sahilində qərar tutan Qubada ilin bütün fəsillərində təbiət vurğunu olan minlərlə səyahətçiyə rast gəlmək mümkündür. Hər fəslin gözəlliyini öz görkəmində əks etdirən dağlar və dərələr, tarixi qədim dövrlərə gedib çıxan yaşayış məskənləri, maraq doğuran tikililər buraya yolu düşənləri ovsunlayır, onları təkrar-təkrar füsunkar diyara səsləyir. Elə bu il də iyunun əvvəllərindən Qubaya gələn turist axını müşahidə olunur. Axı insanların ən çox istirahət etdikləri yay fəslidir.
Qubada dağ, kənd, çadır turizmi geniş yayılıb. Hotel turizminə isə daha çox qış aylarında üstünlük verilir.
Turistlərin bəyəndikləri marşrutlarından biri Xınalıq istiqamətinədir. Xınalığın tarixi, qədim yaşayış məskəni kimi indiyədək qalması kəndə turist axınını şərtləndirir. Bu marşrut boyu piyada hərəkət edən qonaqlar axşam qaranlıq düşənə qədər ərazidə gəzib-dolaşırlar. Bəzən də elə həmin ərazilərdəki kəndlərdə gecələyirlər. Haput, Qrız, Cek, Afurca, Gültəpə və digər kəndlərə yollanan turistlər bu yerlərdə kirayəyə ev götürürlər. Hətta açıq havada çadırlarda gecələyənlər də olur.
Məlumdur ki, turizmin inkişafında yollar az əhəmiyyət daşımır. Məsələn, Qonaqkənd istiqamətində yolların təmiri bu ərazilərə turist axınına səbəb olub. Abad yol olarsa, Səfalı Möhüc, Tülər, Gültəpə,Yenikənd kimi dağ kəndləri də daha gur turist marşrutlarına çevrilə bilər. Çünki bu ərazilərdə ətraf mühit, dağ yollarının kənarları təkrarsız gözəlliyə malikdir. Buna görə də rayon rəhbərliyi turizmin inkişafına təkan verəcək işlərin görülməsi istiqamətində vacib qərarlar qəbul edib. Bu qərarlar sırasında yeni turist marşrutlarının müəyyənləşdirilməsi də nəzərdə tutulub.
Qubanın istirahət mərkəzləri hazırladıqları təamlarla da ad qazanıb. Kababın müxtəlif növləri, salatlar, qazan xörəkləri, Avropa servisi və digər sahələr üzrə seçilən mərkəzlər daha çox müştərini də cəlb etməyi bacarırlar. Ümimiyyətlə, Qubadakı istirahət mərkəzlərində, hotellərdə qonaqlara zəngin mətbəxtimizin saysız-hesabsız yeməkləri təqdim olunur. Yay aylarında menyuya bir sıra digər ölkələrin təamları da daxil edilir. Bəzi istirahət mərkəzlərində isə hətta həmin ölkələrin adətlərinə uyğun xüsusi təqdimat formaları hazırlanır.
Digər bir məsələ də həll olunur. Belə ki, son dövrlərədək istirahət mərkəzlərində çalışanlar arasında peşəkar mütəxəssislər az idi. Bu da turistlərin qəbulunda, onlara göstərilən xidmətdə özünü açıq-aydın göstərirdi. Narazı turist bəzən bir istirahət yerinə görə marşrutunu dəyişirdi. İndi belə bir problem yaşanmır. İşçilər kurslarda iştirak edir, təcrübələrini artırırlar. Çünki bu gün istirahət mərkəzlərinin təkcə xarici görkəmi deyil, daxili xidmətləri də müasir qaydalara cavab verməlidir.
Qubadakı istirahət mərkəzlərində çalışan xidmət personalının digərlərindən bir üstünlyü də var. Burada çalışanların böyük hissəsi bir neçə dildə danışmağı bacarır. Bu, vacib bir məqamdır. Çünki tərcüməçi vasitəsilə ünsiyyət qurmaq turistlərə məlumat almaqda kömək edir.
Qarşıdan daha isti, qızmar yay günləri gəlir. Yolunuzu Qubadan salın. Bu şimal bölgəmiz sizi təkcə əsrarəngiz təbiəti ilə deyil, həmçinin kompleks turist xidmətləri ilə qarşılayacaq.
Akif ƏLİYEV,
"Azərbaycan"