05 Dekabr 2023 10:10
3705
Səhiyyə
A- A+

Qızılcaya yoluxma artır

 

Xəstəlik uşaqların sağlamlığı üçün ciddi təhlükə olaraq qalır

 

Son həftələr yüksək yoluxduruculuğa malik qızılca ilə xəstələnənlərin sayında artım var. Təkcə uşaqlar deyil, böyüklər arasında da müşahidə edilən yoluxmaların kütləvi xarakter alması və uşaq ölümlərinin qeydə alınması cəmiyyətdə, xüsusən də valideynlər arasında ciddi narahatlığa səbəb olub.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdəki nümayəndəliyi 2021-ci ildən başlayaraq qızılcaya qarşı peyvəndin əhatə dairəsinin azalması nəticəsində 2022-ci ildə qlobal miqyasda qızılcaya yoluxma hallarının 18 faiz, ölüm hallarının isə 43 faiz artdığını bildirib. Qeyd edilib ki, xəstəlik uşaqların sağlamlığı üçün ciddi təhlükə olaraq qalmaqda davam edir.

 

Bu xəstəlik ev şəraitində təcrid olunaraq müalicə edilməlidir

 

Uşaqlıq dövrünün infeksion xəstəliklərindən hesab olunan qızılca xüsusilə azyaşlılar arasında yayılan, lakin böyüklərdə də rast gəlinə bilən yoluxucu xəstəlikdir. Rubeola virusu tərəfindən yaradılan qızılca əsasən hava-damcı yolu ilə yayılır və dəri ləkələri, hərarət, linfa düyünlərinin şişməsi kimi əlamətlərlə özünü göstərir. Qızılcaya yoluxma ömürdə bir dəfə, istisna hallarda isə iki dəfə olur.
Mütəxəssislər qızılcanın spesifik müalicəsi olmadığını, adətən ev şəraitində izolyasiya olunaraq müalicə edilən xəstəlik olduğunu bildirirlər. Bu xəstələr ailə sağlamlıq mərkəzlərinin həkimləri tərəfindən nəzarətə götürülürlər. Bir sıra hallarda yoluxmuş şəxslərdə xəstəliyin ağırlaşma halları baş verə bilər. Bunlara pnevmoniya, orta qulağın iltihabı, bağırsaq mənşəli ağırlaşmalar, ensefalit, meningit və s. aiddir. Belə olan hallarda xəstələr TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən yoluxucu xəstəliklər şöbələrinə yatırılaraq müalicəyə cəlb olunurlar.

 

İnfeksiyadan qorunmağın yeganə yolu peyvəndləmədir

 

ÜST qızılcaya yoluxmada artım sayını proqnozlaşdırmışdı. Buna səbəb kimi uşaqların peyvənd yaş dövrünün COVID-19 pandemiyasına təsadüf etməsi olub, məhdudlaşdırma tədbirləri ilə bağlı olaraq onlara vaksin vurulmayıb. Buna görə də hazırda yoluxmalar məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir.
Mütəxəssislər qızılcadan qorunmağın yeganə yolunun peyvəndləmə olduğunu bildirirlər. Peyvənd xəstəliyə qarşı güclü immunitet yaradaraq yoluxma riskini xeyli azaldır. ÜST-nin məlumatına görə, qızılcaya qarşı peyvəndləmə əhatəsi 95 faizdən aşağı olduğu zaman bütün ölkələr və icmalar üçün xəstəliyin geniş yayılma riski yaranmış olur. 2000-ci ildən 2022-ci ilə qədər qızılcaya qarşı peyvənd qlobal miqyasda 57 milyon insanın qızılcadan ölməsinin qarşısını alıb.
Xəstəlik uşaqlarla bərabər, 40 yaşdan yuxarı əhali arasında da müşahidə olunduğuna görə təqvimdənkənar peyvənd kampaniyalarına başlanılıb. Mütəxəssislər bildirirlər ki, peyvənd olunanlar qızılcaya yoluxsalar belə, xəstəliyi daha yüngül keçirirlər. Xəstəliyin peyvəndi uşaqlara 2 dəfə olmaqla 1 və 6 yaşlarında müvafiq olaraq Qpm 1 və Qpm 2 (qızılca, parotit, məxmərək), böyüklərə isə yalnız qızılca peyvəndi vurulur. Əgər peyvəndlər zamanında yaşa uyğun olaraq vurulmayıbsa, 1 ay fasilə ilə hər iki doza qəbul edilir.
Şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən müvafiq qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədilə ölkə ərazisində qızılca ilə mübarizə çərçivəsində təhsil müəssisələrində dezinfeksiya işləri aparılıb. Bakıda bəzi məktəblərdə müəyyən siniflər distant tədrisə keçirilib.
Qızılcanın başqa profilaktikası gigiyena qaydalarına əməl etmək, ara məsafəni gözləmək, xəstə insanlarla təmasdan qaçmaqdır. Amma ən önəmlisi peyvənd olunmaqdır.

 

Qonşu ölkələrdə də qızılcaya yoluxma artıb

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, son bir il ərzində türk dünyası coğrafiyasında qızılcaya yoluxmada artım müşahidə olunur. Ən çox yoluxma Türkiyədə qeydə alınıb. Son bir il ərzində qardaş ölkədə qızılcaya 2 min 986 nəfər yoluxub. Eyni zamanda Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanda da artım olub.
2023-cü ilin əvvəlindən Qazaxıstanda 17,7 min nəfər qızılcaya yoluxub. Onların 82 faizi uşaqlardır. Bununla belə, hökumət ölkədə qızılca epidemiyası ilə bağlı hər hansı məhdudlaşdırıcı tədbir tətbiq etməyi planlaşdırmır.
Qazaxıstan Səhiyyə Nazirliyinin Sanitariya və Epidemioloji Nəzarət Komitəsi bildirib ki, qızılcaya yoluxmuş 15 minə yaxın uşağın 83 faizi peyvənd olunmayıb. Xəstə uşaqların 60 faizi valideynlərin imtinası səbəbindən peyvənd almayıb, qalan uşaqlar isə peyvənd yaşına çatmayıblar və ya tibbi güzəştlərə malik deyillər.
Qazaxıstanda ÜST tərəfindən yenidən kvalifikasiyadan keçmiş Hindistanda istehsal olunan peyvənd 2012-ci ildən tətbiq edilir və effektivliyini sübuta yetirə bilib. Noyabr ayından qızılcaya yoluxma halları ilə bağlı epidemioloji vəziyyəti sabitləşdirmək məqsədilə uşaqların əlavə kütləvi immunizasiyasının aparılması qərara alınıb. Ötən ay ölkəyə 500 min doza gətirilib, dekabrda isə daha bir milyon dozanın çatdırılacağı gözlənilir.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video