Altsheymer xəstəliyi beyin funksiyalarının tədricən zəifləməsi ilə xarakterizə olunur. Mütəxəssislərin fikrincə, xəstəliyin tam müalicəsi mümkün olmasa da, düzgün qidalanma və sağlam həyat tərzi yaddaşın qorunmasında və xəstəliyin irəliləməsinin yavaşladılmasında mühüm rol oynayır.
Bu barədə AZƏRTAC-a Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirildiyinə görə, araşdırmalar göstərir ki, bəzi qida məhsulları beyin sağlamlığını dəstəkləyir və neyronların qorunmasına kömək edir. Xüsusilə yaşıl yarpaqlı tərəvəzlər, giləmeyvə, Omeqa-3 yağ turşuları ilə zəngin balıq növləri, qoz, fındıq, yumurta və zeytun yağı yaddaş funksiyalarına müsbət təsir göstərir.
Mütəxəssislər bildirirlər ki, qaragilə, nar, tünd şokolad (ən azı 70 faiz kakao tərkibli) və yaşıl çayda olan antioksidantlar və polifenollar beyin hüceyrələrini qoruyur. Eyni zamanda, B qrupu vitaminləri – xüsusilə B6, B9 (folat) və B12 diqqət və yaddaşın güclənməsinə kömək edir, homosistein səviyyəsini azaldır.
Bununla yanaşı, şəkərli məhsullar, ağ un, fast food və trans yağlar (marqarin) beyin hüceyrələrinin sürətlə yaşlanmasına səbəb olur. Bundan əlavə, Altsheymer xəstələrində tez-tez D vitamini çatışmazlığı müşahidə edilir. Susuz qalmaq və insulin müqaviməti də yaddaş problemlərini dərinləşdirən əsas risk faktorları sırasında yer alır. Beyin sağlamlığının qorunması isə gündəlik qidalanmadan başlayır və sağlam qidalanma yolu Altsheymer riskinin azaldılmasında vacib amildir.