Qeyri-neft sektorunun inkişafı dövlətin prioritetlərindən biri olaraq qalır. Başlıca məqsəd neftdən asılılığı azaltmaqdır. Fəaliyyətə başlayan hər yeni müəssisə isə ölkəmizdə qeyri-neft sektorunun inkişafını sürətləndirir. Nəticədə ixrac coğrafiyası genişlənir, iqtisadiyyat şaxələnir, məşğulluq artır.
Əvvəla, cari ilin birinci rübündə qeyri-neft-qaz sektorunda əlavə dəyər istehsalının 2,5 faiz artdığını qeyd edək. Sənayenin qeyri neft-qaz sektorunda da məhsul istehsalı çoxalıb - 3,5 faiz. Bu da dövlətin həmin istiqamətdə apardığı ardıcıl tədbirlərin sayəsində mümkün olur.
Prezident İlham Əliyevin Sumqayıt şəhərinə və Qusar rayonuna səfəri bu tədbirlərin ardıcıl xarakter daşıdığını bir daha təsdiq edir. Dövlət başçısı Sumqayıt Kimya Sənaye Parkında olub. Bu, hazırda Azərbaycanda fəaliyyətdə olan 9 sənaye parkından birincisidir. Cənubi Qafqazda isə ən böyük sənaye parkıdır. Prezidentin 2011-ci ildə imzaladığı fərmanla yaradılıb.
Burada daha iki müəssisənin açılışı olub. Bununla da parkda fəaliyyət göstərən müəssisələrin sayı 26-ya çatıb. Ümumilikdə isə indiyədək parkda investisiyalarının həcmi təqribən 6 milyard manatdan artıq olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Parkın rezidentləri tərəfindən ümumilikdə təxminən 14 milyard manatlıq məhsul satışı həyata keçirilib. Bunun təqribən üçdəbir hissəsi ixracın payına düşüb. İxrac coğrafiyası 70-dən çox ölkəni əhatə edir. Parkda 6 mindən çox insan daimi işlə təmin olunub.
Açılışı olan "Kartaş Kimya" MMC-nin tikinti kimyəvilərinin istehsalı zavodunda isə hazırda 102 nəfər işləyir. Növbəti mərhələdə onların sayının 245 nəfərə çatdırılması nəzərdə tutulur. "Kartaş Kimya" MMC-yə burada 2022-ci ilin iyulunda rezident statusu verilib. Təməli 2023-cü ildə dövlət başçısı tərəfindən qoyulan zavodun tikintisi üçün 2,5 hektar ərazi ayrılıb və müəssisə Türkiyənin qabaqcıl avadanlıqları ilə təchiz olunub.
Layihəyə 25 milyon manat investisiya yönəldiləcək. İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu müəssisəyə 6 milyon manat güzəştli kredit verib.
Zavodun ümumi illik istehsal həcmi 295 min ton təşkil edir. Burada məhsul çeşidləri üzrə 7 istehsal xətti qurulub. Məhsul istehsalında istifadə edilən əsas xammal ölkəmizin daxili resursları hesabına təmin olunur.
Zavodda sement əsaslı quru qarışıqlar, su izolyasiya, döşəmə materialları, sement üyüdücü qatqıları, beton qatqıları və onun əsas xammalı istehsal olunacaq. Məhsul çeşidi getdikcə artacaq və onların bəziləri idxalı əvəzləyəcək. Məhsulların eləcə də Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Rusiya və Gürcüstana ixracı nəzərdə tutulur.
Prezident İlham Əliyevin açılışını etdiyi ikinci müəssisə "Az-Tex-İmport" MMC-nin "IVECO" markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodudur. Ümumi investisiya dəyəri 19,2 milyon manatdan çox olan layihə Sumqayıt Kimya Sənaye Parkında 4 hektar ərazini əhatə edir.
Yeni müəssisədə İtaliyanın "IVECO" markalı yük və xüsusi təyinatlı avtomobillərinin yığımı həyata keçiriləcək. Layihənin ikinci mərhələsində avtomobillərin kuzalarının istehsalı da nəzərdə tutulur. Məhsullar daxili bazarda satılmaqla yanaşı, xaricə də göndəriləcək. Zavodda ildə 100 ədəd yük avtomobili və xüsusi texnika, 300 ədəd kuza istehsal olunacaq. Burada da onlarca işçi çalışır və növbəti mərhələdə onların sayı artacaq.
Yeni zavodların hər ikisi rezidentlərə verilən güzəştlərdən bəhrələnəcək.
Prezident İlham Əliyev aprelin 30-da Qusar rayonunda "İsmikhanlı" MMC-nin bağçılıq və soyuducu anbar kompleksi ilə tanış olub.
Qeyri-neft sektorunun aparıcı qollarından olan kənd təsərrüfatının inkişafında bağçılığın da özünəməxsus yeri var. Son illər xüsusilə intensiv bağların salınmasına xüsusi önəm verilir. Çünki bu bağların salınması kənd təsərrüfatı təyinatlı torpaqlardan maksimum səmərəli istifadəyə və yüksək məhsuldarlıq əldə etməyə imkan yaradır.
Sözügedən MMC tərəfindən Qusarda 330, Ağsuda isə 30 hektar ərazidə ən son texnologiyalar əsasında intensiv bağlar salınıb. Burada alma, armud, şaftalı, nektarin, gilas ağacları əkilib. Bağlarda aqrotexniki işlər dəqiq görülür və bu, səmərəsini göstərir.
Yetişdirilən meyvələrin satışı və ixracı ilboyu aparılır. Məhsullar həm yerli bazarda satılır, həm də Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyaya ixrac olunur.
2023-cü ilin oktyabrında istifadəyə verilən soyuducu anbar kompleksi 8 min 700 ton tutuma malik soyuducu meyvə anbarından, çeşidləmə və paketləmə sahəsindən və digər obyektlərdən ibarətdir. Soyuducu anbar hər biri 300 ton tutuma malik 29 soyutma kamerası ilə təchiz edilib.
Layihə dəyəri 18 milyon manat olan "İsmikhanlı" bağçılıq və soyuducu anbar kompleksində 270 nəfər daimi, 400 nəfər isə mövsümi işlə təmin olunub. Layihənin reallaşmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 3,3 milyon manat güzəştli kredit ayrılıb.
Deyilənlərə əlavə edək ki, keçən il ölkəmizdə bitkiçilik məhsulları üzrə 1,1 faiz artım olub. Azərbaycanın bağlarından 1 milyon 317,9 min ton meyvə və giləmeyvə toplanıb. Bu, 2023-cü ildə olduğundan 4,5 faiz çoxdur.
Flora SADIQLI,
"Azərbaycan"