03 Aprel 2026 09:00
133
İQTİSADİYYAT
A- A+
Qərbi Azərbaycanın bərpaolunan enerji mənbələri

Qərbi Azərbaycanın bərpaolunan enerji mənbələri


Tarixi ərazimizdəki su enerjisi ehtiyatlarının potensialı 22 milyard kilovat-saata yaxındır


Azərbaycanın "yaşıl enerji" sahəsində əldə etdiyi tarixi uğurlar - nəhəng şirkətlərlə qurulan tərəfdaşlıq, rekord həcmdə xarici investisiyaların cəlbi, nəhəng günəş və külək elektrik stansiyalarının inşası ölkəmizi qlobal enerji xəritəsində əvəzedilməz bir mərkəzə çevirmişdir. Bu transformasiyanın təməlində Ümummilli Lider Heydər Əliyevin "Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də yalnız indiki nəsillərə deyil, həm də gələcək nəsillərə mənsubdur" fəlsəfəsi dayanır.

Bu gün təbii ehtiyatlar Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə "yaşıl sərvət"ə çevrilir. Dövlət başçısının qeyd etdiyi kimi: "Azərbaycanın bərpaolunan enerji potensialı bizim böyük sərvətimizdir və biz bu potensialı reallığa çeviririk". Bu yanaşma, gələcəkdə tarixi torpaqlarımızda qurulacaq həyatın iqtisadi cəhətdən özünü təmin edən və ekoloji baxımdan dayanıqlı olacağına ən etibarlı təminatdır.

Prezident İlham Əliyevin enerji strategiyası Zəngəzur dəhlizini təkcə qitələri birləşdirən logistik arteriya deyil, həm də Avropanın enerji təhlükəsizliyinə birbaşa töhfə verən strateji bir "Yaşıl Enerji Körpüsü" kimi dizayn edir. Bu konsepsiya Xəzər dənizindən və daxili resurslardan əldə edilən enerjinin Qərbi Azərbaycan ərazisindən keçərək dünyaya çatdırılmasını nəzərdə tutur ki, bu da bölgənin geosiyasi əhəmiyyətini sarsılmaz edir. Prezidentin bu istiqamətdəki qətiyyəti regionun gələcək taleyini müəyyən edir: "Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu deyil, həm də enerji ixracı marşrutu olacaqdır". Bu layihə ilə Azərbaycan bölgədə sülhün və əməkdaşlığın "yaşıl zəmanətçi"sinə çevrilir.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda uğurla sınaqdan çıxan "yaşıl enerji zonası" modeli Qərbi Azərbaycana qayıdış konsepsiyasının innovativ təməlini təşkil edir. Bu, sadəcə coğrafi bir dönüş deyil, həm də tarixi yaddaşın ən müasir "ağıllı kənd" və "ağıllı şəhər" texnologiyaları ilə birləşməsidir. Dövlət başçısının vurğuladığı kimi: "Biz bu torpaqları ən müasir standartlarla bərpa edirik və edəcəyik. Qərbi azərbaycanlılar öz ata-baba yurdlarına qürurla qayıdacaqlar." Həmin ərazilərdə qurulacaq infrastruktur ekoloji təmiz iqtisadiyyatın, innovativ kənd təsərrüfatının və təmiz sənayenin mərkəzinə çevriləcək.

Bu milli strategiya Qərbi Azərbaycanın zəngin təbii resurslarını - dağ çaylarının hidroenerji potensialını və günəş enerjisi imkanlarını strateji üstünlüyə çevirərək, bölgəni gələcək "yaşıl iqtisadiyyat"ın qlobal habı kimi canlandırmağı vəd edir. Azərbaycanın bu siyasəti xalqımızın iradəsini və dövlətimizin qüdrətini bütün dünyaya bəyan edir: "Bizim sözümüz imzamız qədər dəyərlidir. Biz istədiyimizə nail oluruq və olacağıq!" Qərbi Azərbaycana qayıdış bu "yaşıl işığ"ın şöləsində həm mənəvi haqqın bərpası, həm də regionun iqtisadi intibahıdır.

Qərbi Azərbaycan ərazisinin hidroenerji potensialı - Zəngəzur, Zəngibasar, Dərələyəz, Göyçə, Qafan, Mehri mahallarının çayları, yeraltı su hövzələri və bulaqları araşdırılmışdır. Bu ərazilərdən irili-xırdalı yüzlərlə çay keçir. Qərbi Azərbaycanın su enerji ehtiyatlarının potensialı 21,8 milyard kilovat-saatdır. İldə bunun 8,6 milyard kilovat-saatından istifadə etmək texniki cəhətdən mümkündür. Həmçının Qərbi Azərbaycanın böyük çayları, onların uzunluğu, yerləşdiyi ərazi, hövzəsinin sahəsi və onlar üzərində tikilən su anbarları haqqında araşdırma aparılmışdır. Bu ərazilərdə günəş radiasiyasının miqdarı kifayət qədər yüksəkdir və günəşli saatların illik miqdarı 2500-2800-dür. Bu da onu göstərir ki, Qərbi Azərbaycan ərazisi kifayət qədər günəş enerji potensialı ilə zəngindir. Həmin ərazilərin  külək enerji potensialı haqqında məlumat verilərək qeyd edilmişdir ki, orada yay fəslini çıxmaq şərtilə ilin digər fəsillərində demək olar ki, gün ərzində küləkli hava müşahidə edilir. Həmçinin küləyin  orta illik sürəti bu ərazilərdə 5-7 m/s olur. Bütün bu araşdırmalardan məlum olur ki, Qərbi Azərbaycan ərazisində kifayət qədər bərpaolunan enerji ehtiyatları var.

Bərpaolunan enerji mənbələri dedikdə hidroenerji, külək enerjisi, günəş enerjisi, geotermal enerji, biokütlə enerjisi və qabarma- çəkilmə enerjisi başa düşülür.

Günəş enerjisi - günəş işığından enerji əldə edilməsi texnologiyasıdır. Yer səthinə düşən Günəş enerjisinin miqdarı bütün neft, təbii qaz, daş kömür və digər yanacaq ehtiyatlarından çoxdur.

Külək enerjisi - küləyi meydana gətirən hava axınının sahib olduğu hərəkət (kinetik) enerjisidir. Bərpaolunan enerji mənbələrindən biri hesab olunur. Bu enerjinin bir hissəsi faydalı olan mexaniki və ya elektrik enerjisinə çevrilə bilər. 

Hidroenerji dedikdə, çayların, su axınının enerjisi başa düşülür. Hər bir çay müəyyən hidroenerji ehtiyatına malikdir. Hidroenerji ehtiyatları təbiətdə su dövranı ilə əlaqədardır. Su dövranı - Yerdə günəş radiasiyasının və ağırlıq qüvvəsinin təsiri nəticəsində suyun fasiləsiz yerdəyişməsidir. 

Geotermal enerji yeraltı suların, süxurların enerjisidir. 

Qərbi Azərbaycan ərazisi Azərbaycanın qədim təbiətinə görə ən zəngin bölgələrindən biridir. Keçmişdə Azərbaycanın şimalı ilə cənubunu, bütün Qafqazla Yaxın Şərqi birləşdirən bu ərazi hazırda qərbdən Türkiyə, şərqdən və cənub-şərqdən Azərbaycan Respublikası, şimaldan Gürcüstan, cənubdan isə İranla həmsərhəd olmaqla 29,8 min km2 sahəni əhatə edir. Bu diyar indi Ermənistan Respublikası kimi tanınsa da, onun ərazisi qədim Türk-Oğuz yurdu, tarixi Azərbaycan torpağıdır.

Qərbi Azərbaycanın ərazisi  subtropik zonada yerləşir, lakin dağlıq relyefinə görə müxtəlif iqlim tipləri ilə seçilir. Qərbi Azərbaycanın iqliminə Qara və Xəzər dənizlərinin, eləcə də quraq İran və Kiçik Asiyanın yüksək dağlıq ərazilərinin yaxınlığı təsir edir. Düz və dağətəyi hissələrin iqlimi quru, yayı isti və qışı mülayim soyuq olan kontinentaldır, iyulda orta temperatur 24 - 26° C, mütləq maksimum temperatur 42° C, yanvarda - 5°C; yağıntılar ildə 200 - 400 mm-dir. Orta dağlarda iqlim mülayimdir. İyul, avqust aylarında orta temperatur 18°C, qışı mülayim, qarlı yanvarda orta temperatur -8° C-dən -2°C-dək, yağıntıların illik miqdarı 600-800 mm olur. Yüksək dağlıq ərazilərdə (2000-3000 m hündürlükdə) isə soyuq iqlim şəraiti müşahidə edilir. 

Qərbi Azərbaycan ərazisinin bərpaolunan enerji mənbələrini araşdırarkən məlum olur ki, bu ərazilər yüksək miqdarda hidro-enerji potensialına malikdir. Bu ərazilərdən axan çayların ən böyüyü Araz (192 km; 1072 km - ümumi uzunluğu) Cənubi Qafqazın ən böyük çayı Kürün sağ qoludur. Qərbi Azərbaycanın çaylarında gəmiçilik üçün imkanlar yoxdur, ona görə də çay sularından əsasən suvarma və elektrik enerjisi mənbəyi kimi istifadə olunur. 

 Qərbi Azərbaycanın mərkəzi və cənub hissələrinin bir çox ərazilərində yeraltı su axını üstünlük təşkil edir. Ən böyük artezian hövzəsi 29 milyard m3  su ehtiyatı olan İrəvan Çuxuru hövzəsidir. Müəyyən edilmiş bütün yeraltı hövzələrdə su ehtiyatı 50 milyard kubmetr olaraq qiymətləndirilir. Vulkanik ərazilərdə yeraltı sular həm şirin, həm də mineral olan çoxsaylı bulaqlar şəklində səthə çıxır. Bu ərazilərdə 8 mindən çox bulaq var.

Buradan keçən Araz çayı Türkiyə, İran, Azərbaycan və Ermənistan əraziləri və sərhədləri ilə axır. Öz mənbəyini Türkiyə ərazisində Bingöl silsiləsindən götürür. Araz çayı qarışıq mənbələrdən qidalanır. Axımının 44 faizini yeraltı sular, 38 faizini qar suları, 18 faizini isə yağış suları təşkil edir.  Çay Sabirabad səhəri yaxınlıgında Suqovusan adlanan ərazidə Kür cayı ilə birləşib Xəzər dənizinə axır.

Arpaçay Araz çayının sol qoludur. Uzunluğu 126 km, hövzəsinin sahəsi 2630 km2-dir. Başlanğıcını Basarkeçər dağ silsiləsində Cermuk şəhərindən 12 km şimal-şərqdə, 2985 metr hündürlükdə yerləşən zirvədən  götürür. Yeraltı sular, qar və qismən yağış suları ilə qidalanır. Suvarmada geniş istifadə edildiyindən yayda suyu Araza çatmır. 1970-ci ildə Arpaçayından Göyçə gölünə su axıtmaq məqsədilə 48,6 km uzunluğunda tunel çəkilmişdir.  Şərur rayonu ərazisində 1977-ci ildə  çayın üzərində su tutumu 150 mln. m3 olan su anbarı tikilmişdir. 

Zəngi çayı da Araz çayının sol qoludur. Bu çay başlanğıcını Göyçə gölündən götürür. Axta, Gümüş rayonlarından, İrəvan şəhərindən, Zəngibasar  rayonunun ərazisindən axıb Araz çayına tökülür. Bu çayın yatağı qədim zəngi tayfalarının sıx məskunlaşdığı ərazilərdə yerləşdiyi üçün çay məhz bu cür adlandırılıb. Yaz və payız aylarında vaxtaşırı daşan Zəngi çayı yataqboyu yerləşən düzənlik ərazini basırdı. Ona görə də, bu yerlər - Zəngi çayının daşqın sularının basdığı ərazi "Zəngibasar" adlandırılıb.

Ağstafaçay çay Kür çayının sağ qolu olub, uzunlugu 13 km, hövzəsinin sahəsi 2500  kvadratkilometrdir. Başlanğıcını Kiçik Qafqazın şımal şərq hissəsində Pəmbək sıra dağlarından götürür.

Gərni çayı da Araz çayının  sol qolu olub başlanğıcını  Göyçə dağ silsiləsindən götürərək  Gərnibasar mahalı ərazisində Araza tökülür. Uzunluğu 34 km-dir.

Bazarçay çayının uzunluğu 178 km, hövzəsinin sahəsi 2711 kilometrdir. Zəngəzur ərazisində yerləşən Bazarçay Zəngəzur dağ silsiləsi və Qarabağ yaylası arasında yerləşir. Başlanğıcını Zəngəzur silsiləsinin şimal yamacından 3040 m yüksəklikdə yerləşən Zalxa gölündən götürür.

Tona çayı indiki Ermənistan və Gürcüstan ərazilərindən axan çaydır.

Oxçuçay Azərbaycan və Ermənistan ərazilərindən axan çaydır. Oxçu çayı öz başlanğıcını Zəngəzur silsiləsinin ən uca zirvəsi olan Qapıcıq dağının (3904 m) cənubunda 3502 metr yüksəklikdə olan Yağlı dərə dağlarından götürür. Arazın sol qoludur. Qafan rayonu və Zəngilan rayonu ərazilərindən keçir. Uzunluğu 85 km, hövzəsinin sahəsi 1140 kilometrdir.

Cəlaloğlu çayı da Qərbi Azərbaycanın Loru mahalı ərazisindən keçir. Tona çayının sol qoludur.

Tərsaçay çayı  Ağstafa çayının sağ qoludur. Uzunluğu 58 km olub başlanğıcını Göyçə dağlarından götürür. 

Ələyəz çayı  Arpa çayının sağ qoludur. Dərələyəz  mahalından keçir və uzunluğu 49 kilometrdir.

Qaranlıq çayı uzunluğu 42 km olub Göyçə mahalının Qaranlıq rayonu ərazisindən axır.

Qarasu çayı - Arazın sol qolu. Uzunluğu 40 km, hövzəsinin sahəsi 1610 km2-dir.

Basarkeçər çayı Göyçə mahalının Basarkeçər mahalından keçir. Uzunluğu 28 km-dir.

Gorus çayı Zəngəzur mahalındakı çaydır. Uzunluğu 29 km-dir.

Balıqlı çayı  Goyçə golünə şimal - şərq tərəfdən tökülən çaydır.

Bəsitçay Arazin sol qolu olub mənbəyini indiki Ermənistan Respublikasından  götürür. Çayın uzunluğu 44 km-dir.

Əyənzur çayı da Arpa çayının sağ qoludur. Uzunluğu 42 km olan bu çay Dərələyəz mahalından keçir. 

Qazangölçay keçmiş Qafan rayonu ərazisində Gığı dərəsi boyunca axan dağ çayıdır. Çay öz mənbəyini 3130 m yüksəklikdə Hərəmli adlı yerdən və Qazangöl gölündən götürür. Hərəmlidən və Qazangöldən gələn kiçik çay qolları Motalqəyə adlı yerdə birləşərək 30 km uzunluqlu Oxçuçayın sol qolu olan Qazangölçayı əmələ gətirir.

Qacaran şəhərində yerləşən Zəngəzur mis - molibden zavodunu elektrik enerjisi ilə təmin etmək məqsədilə 1983-cü ildə Qazangölçay üzərində "Gığı" Su-Elektrik Stansiyası inşa olunmuşdu. Baharlı  kəndində tikilən su anbarının daşma və kəndin su altında təhlükəsi səbəbindən Baharlı kənd sakinləri qonşu Zeyvə kəndinə köçmüş və 1988-ci ildə digər azərbaycanlılar kimi Zeyvədən deportasiya olunmuşdular.

1970-ci ildə Gəyən dağının ətəyində 2010 m yüksəklikdə qədim Azərbaycan torpaqları olmuş Qaraqala kəndinin şərqində yağış, qar sularının toplanması nəticəsində Qaraqala su anbarı tikilmişdir. Süni su hövzəsi olan bu hidroqovşaq ətraf rayonlardakı əkin sahələrinin suvarılması üçün istifadə edilirdi. Həmin ildə Göyçə gölünün səviyyəsinin aşağı düşməsinin qarşısının alınması üçün Arpa çayı sahilində Dərələyəz mahalının Qədim Quşçu kəndi yaxınlıgındakı Quşçu su anbarının tikintisinə başlanılmış, Basarkeçər dağ silsiləsindən 40 km-lik tunel qazılaraq bu anbardan su nəql edilmişdir. Həmin hövzədə balıqçılıq təsərrüfatı da yaradılmışdır. Quşçu su anbarı 1950 m yüksəklikdə, sahəsi 145 hektar, sahil xətlərinin uzunluğu 8,5 km, dərinliyi 20 metr, su ehtiyatı 23 milyon kubmetrdir. 

Başlanğıcını Qarabağ yaylasının şimal-qərb yamaclarından alan Həkəri çayının sağ qolu olan və uzunlugu 178 km olan Bazarçayın yuxarı axarlarında, çayın üstündə Qalaçıq kəndindən 2-3 km şimal-qərbə tərəf hidroenerji məqsədilə su anbarı tikilmişdir və Quşçu su anbarı ilə 9-10 km-lik yeraltı su xətti ilə birləşdirilib ki, bu da Bazarçay hövzəsinin Göyçə gölü ilə süni əlaqəsinin yaranmasına səbəb olmuşdur.

Göyçə gölü nəinki Qərbi Azərbaycanda, Cənubi Qafqazda, ümumən Qafqazda, eləcə də dünyada tektonik mənşəli yüksək dağ gölləri sırasında təmiz su ehtiyatına görə fərqlənən təbii sututar kimi (1898 m yüksəklikdə olan) qiymətləndirilir və "Qafqazın incisi" hesab edilir.

2012-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Mehri bölgəsində ümumi gücü 130 MVt olan "Mehri" Su-Elektrik Stansiyası tikilmişdir. Bütün bu araşdırmalardan belə məlum olur ki, Qərbi Azərbaycan əraziləri kifayət qədər hidroenerji potensialına malikdir.

Ümummilli Lider Heydər Əliyevin hələ onilliklər əvvəl uzaqgörənliklə dediyi: "Azərbaycanın böyük neft və qaz yataqlarına malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu, xalqın rifahına xidmət edən ən əsas amildir" fikri bu gün "yaşıl enerji" resursları ilə yeni bir epoxaya qədəm qoyur. Bu strateji varislik, Qərbi Azərbaycanın yüksək potensiallı resurslarının gələcəkdə həmin torpaqlarda qurulacaq həyatın özünü təmin edən, dayanıqlı və rəqabətqabiliyyətli olacağına tam təminat verir.

 

Sevinc  RZAYEVA, 

Naxçıvan Dövlət Universitetinin Elektroenergetika mühəndisliyi kafedrasının baş müəllimi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazir Məcnun Məmmədov Naxçıvanda təsərrüfatlara baş çəkib, su obyektlərinin vəziyyəti ilə tanış olub  

10:24
03 Aprel

Azərbaycan nefti 141 dollardan baha satılır

09:57
03 Aprel

Tramp yenidən İranı körpülərə və elektrik stansiyalarına zərbələr endirməklə hədələyib  

09:42
03 Aprel

Tramp administrasiyasından daha çox məmur ayrıla bilər

09:41
03 Aprel

CNN: İran hələ də əhəmiyyətli raket imkanlarına malikdir

09:32
03 Aprel

Hava çirkliliyi qlobal böhrandır

09:10
03 Aprel

"Ən böyük arzumuz doğma yurda qayıtmaqdır"

09:05
03 Aprel

Qərbi Azərbaycanın bərpaolunan enerji mənbələri

09:00
03 Aprel

Samidin qəhrəmanlıq dastanı

08:55
03 Aprel

Zəfərə cığır açanlardan oldu

08:50
03 Aprel

İranda Kərəc körpüsü ikinci dəfə hədəf alınıb, 8 nəfər ölüb

08:45
03 Aprel

Döyüş bölgəsinə köməyə getdi, şəhid oldu

08:45
03 Aprel

Aprel Zəfərindən Bütöv Azərbaycana

08:40
03 Aprel

Hərb tariximizi şərəfləndirən Aprel döyüşləri

08:35
03 Aprel

Bakının diktəsi, İrəvanın etirafları

08:30
03 Aprel

Təhlükəsizliyin və sabitliyin Azərbaycan nümunəsi

08:25
03 Aprel

Fermerlərin işini asanlaşdıran qabaqcıl texnologiyadır

08:23
03 Aprel

Siyasi reallığın rəsmi etirafı

08:20
03 Aprel

TDT qlobal iqtisadi aktora çevrilmək potensialına malikdir

08:15
03 Aprel

Azərbaycan-Çin münasibətlərinə həsr olunmuş "dəyirmi masa" keçirilib

08:10
03 Aprel

Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatlarına təqdim edilən əsərlərin adları açıqlanıb

08:05
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!