27 Dekabr 2022 01:55
2256
SİYASƏT
A- A+

Qərbi Azərbaycana qayıdış strateji hədəfdir 

 

Gündəlikdəki növbəti tarixi məsələ budur

 

"Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar".
Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı qətiyyətlə vurğuladığı kimi, vaxtilə yurdundan deportasiya edilən yüzminlərlə Qərbi Azərbaycandan olan soydaşımız da tarixi torpaqlarına qovuşacaqlar.
Vətən müharibəsində parlaq qələbə qazanaraq Qarabağa və Şərqi Zəngəzura Böyük qayıdışı qətiyyətlə gerçəkləşdirən Azərbaycan dövlətinin növbəti tarixi hədəfi qərbi azərbaycanlıların pozulan hüquqlarını bərpa edərək onları əzəli yurdlarına qaytarmaqdır. 

 

Tariximizin qara səhifələri

 

Tarixi mənbələrdən də aydın göründüyü kimi, erməni millətçiləri "dənizdən-dənizə" böyük imperiya xülyasına qapılaraq XIX-XX əsrlərboyu Azərbaycan xalqına qarşı etnik təmizləmə, soyqırımı siyasəti yürüdüblər. Mərhələli şəkildə həyata keçirilən məkrli plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - tarixi torpaqlarından qovulublar, kütləvi qətl və qırğınlara məruz qalıblar.
Xalqımızın taleyində faciəvi rol oynamış tarixi faktlardan biri 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə tarixi şəhərimiz - İrəvanın Ermənistana bağışlanması olub. Bundan sonra erməni milliyyətçiləri daha da iştahlanaraq min bir fitnə-fəsadla tarixi Azərbaycan ərazilərinə ard-arda yiyələnməyə başlayıblar, 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını da sovet hakimiyyətinin köməyi ilə Ermənistana birləşdirməyə nail olublar.
Amma bu da xalqımıza, qərbi azərbaycanlılara qarşı törədilən faciələrin sonu olmayıb. 1948-1953-cü illərdə sovet hökumətinin xalqımıza qarşı növbəti cinayətinin nəticəsi olaraq qərbi azərbaycanlılar növbəti deportasiyaya məruz qalıblar. 
1980-ci illərin sonlarında Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm də onların sovet hökumətindəki havadarları azərbaycanlılara qarşı həyata keçirdikləri sistemli cinayətləri davam etdiriblər. Ümummilli Lider Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldıraraq və sovet hökumətinin dəstəyini alaraq, həm Qarabağda, həm də Ermənistan SSR-də xalqımıza qarşı növbəti cinayətə başlayıblar. Azərbaycanlılar tarixi diyarları Qərbi Azərbaycandan deportasiya ediliblər. 
Növbəti cinayət ünvanı kimi özlərinə Qarabağı və Şərqi Zəngəzuru hədəf seçən Ermənistan o vaxt Azərbaycanda hakimiyyətdə olan antimilli qüvvələrin xəyanətkar siyasətindən yararlanaraq bu tarixi torpaqlarımızı da işğal etmişdilər, daha yüzminlərlə azərbaycanlını məcburi köçkünə çevirmişdilər. 

 

Ermənilər özlərinə saxta tarix uydurublar 

 

Ermənilər tarixin müxtəlif dönəmlərində qəsb etdikləri Azərbaycan torpaqlarında maddi-mədəni irsimizə qarşı da soyqırımı siyasəti həyata keçiriblər, o cümlədən də Qərbi Azərbaycanda. Əzəli torpaqlarımız İrəvana, Zəngəzura, Göyçə mahalına zorla yiyələnən ermənilər özlərinə saxta tarix quraşdırmaq üçün ilk növbədə o ərazilərdəki qədim toponimlərimizə hücum ediblər. Yer adlarımızı dəyişdirib uydurma erməni adları qoyublar, türk dilində mövcud olan yer adlarını ermənicəyə çeviriblər.
Lakin Qarabağ və Şərqi Zəngəzurda olduğu kimi, toponimlərimizin, yer adlarımızın hələ də erməni nəzarəti altında olduğu qədim türk-oğuz yurdu Qərbi Azərbaycanda da saxta erməni adları tarixdən birdəfəlik silinəcək, öz əvvəlki, min illərdir var olan adları ilə çağırılacaq. 
Vətən müharibəsindən sonra işğaldan azad olunan Kəlbəcər və Laçına səfər edən Prezident İlham Əliyev bu məsələ ilə bağlı bildirmişdi ki, indiki Ermənistan ərazisində yerləşən bütün qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə  çağırılmalıdır: "Misal üçün, Naxçıvan-Ermənistan sərhədində mövcud olan gərginliklə bağlı mən indi mətbuatı izləyirəm. Bizim mətbuatda yazılıb ki, Ermənistanın "Yerasx" kəndində, onun ətrafında hansı hadisələr baş verir. Bu kəndin adı Arazdəyəndir və azərbaycanlılar deportasiyaya qədər orada əbədi yaşayıblar. Ona görə bütün qədim, yəni tarixi adlar bərpa edilməlidir. Bu adlar bizdə müxtəlif kitablarda da öz əksini tapıb. Ona görə xahiş edirəm ki, həm jurnalistlər, həm, ümumiyyətlə, insanlarımız bu yerlərin əsl adlarını çəksinlər - Vardenis yox, Basarkeçər rayonu, Basarkeçər şəhəri".

 

Qərbi Azərbaycana Qayıdış Konsepsiyası hazırlanacaq

 

XX əsrdə qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalan qərbi azərbaycanlıların pozulan hüquqları bərpa ediləcək və onlar öz doğma torpaqlarına qayıdacaqlar. 
Dekabrın 24-də, öz ad günündə Qərbi Azərbaycan İcmasının inzibati binasını açaraq qərbi azərbaycanlılara böyük hədiyyəsini təqdim edən Prezident İlham Əliyev bu nəcib hərəkəti ilə həmin soydaşlarımıza, bütün Azərbaycan xalqına daha bir xoş ismarış verdi. Dövlət başçısı əvvəllər Qarabağın azərbaycanlı icmasına məxsus binanı qərbi azərbaycanlılara hədiyyə etməklə, həm də bu soydaşlarımızın da tezliklə tarixi torpaqlarına qaytarılacağına rəmzi işarə vurdu. 
"...Hesab edirəm ki, biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur", - deyə qərbi azərbaycanlı ziyalılarla görüşü zamanı Prezident İlham Əliyev bir daha vurğuladı: "Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq, bəlkə də, tez idi. Ancaq məncə, bu gün biz vaxt itirməməliyik. Qayıdış konsepsiyası hazırlanmalıdır". 

 

Böyük Zəfər tarixi ərazilərimizə dönüşə zəmin yaradıb 

 

Bəli, bu, tarixin də, zamanın da tələbidir və Qərbi Azərbaycana qayıdış prosesi mütləq gerçəkləşdiriləcək.
Tarixi ərazilərimizə qayıdışın gerçəkləşəcəyinin əminliyini isə  bizdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin "dəmir yumruq" sayəsində qazandığı parlaq Zəfər yaradıb. 
Bu əminliyi bizdə 30 il ərzində erməni vandallarının viranəyə çevirdiyi Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa, quruculuq işləri, o yerlərə doğma sakinlərinin qayıdışı yaradıb. 
O gün də uzaqda deyil ki, Qərbi Azərbaycandan olan soydaşlarımız da zorla qovulduqları, əcdadlarımızın min illər boyu yaşam sürdürdükləri dədə-baba yurdlarına qayıdacaqlar, illərlə çəkdikləri torpaq həsrətləri bitəcək. 
Qərbi Azərbaycanda da erməni vandallığına məruz qalan tarixi, mədəni, dini irsimiz düşməndən qurtulacaq, onlar yenidən bərpa ediləcək, saxta adlar qoyulmuş yurd yerlərimiz, şəhərlərimiz, kəndlərimiz əsl türk adlarına yenidən qovuşdurulacaqlar. 

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video