18 Fevral 2024 10:50
1596
Mədəniyyət
A- A+
Qəlb şairinin poetik möcüzəsi

Qəlb şairinin poetik möcüzəsi

 

Mövlana Məhəmməd Füzuli XVI yüzillik Azərbaycan ədəbiyyatının yetirdiyi elə nadir şəxsiyyətlərdəndir ki, onun yaradıcılığı təkcə öz dövründə məşhur olmaqla qalmamış, həm də 500 ildən bəri türk dilinin anlaşıldığı bütün məkanlarda lirik-fəlsəfi poeziyanın irəliyə doğru inkişafına öz möhtəşəm təsirini göstərmişdir. Füzuli insan həyatının məişət qayğılarını bu həyatın ülvi iç dünyasına transfer etməyin böyük ustadıdır.
Məşhur ingilis şərqşünası Elias Con Uilkinson Gibbin (1857-1901) "Qəlb şairi" adlandırdığı Məhəmməd Süleyman oğlu Füzuli Bağdadi 1494-cü ildə, o zaman növbə ilə Osmanlıların və Səfəvilərin hakimiyyəti altına keçən İraqi-Ərəbin Kərbəla şəhərində azərbaycanlı din xadiminin ailəsində dünyaya gəlmişdir.
Müxtəlif hökmdarlar tərəfindən dəvətlər alsa da, Füzuli öz böyük sələfi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi kimi saraylardan uzaq durmuş və bu əyilməzliyi ilə həmişə fəxr etmişdir. 
Hələ çox gənc yaşlarından bədii sözünün şöhrəti dünyanı tutmuş Füzuli bu erkən şöhrətdən heç də arxayınlaşmamış, ömrünün bir neçə ilini zəmanəsindəki dünyəvi və ruhani elmlərin öyrənilməsinə sərf etmiş və "elmsiz şeirin əsassız divar olduğu" qənaətinə gəlmişdir.
Füzuli bütün ömrünü İraqi-Ərəbin Bağdad, Hillə, Kərbəla, Nəcəf kimi şəhərlərində keçirmiş, bu yerlərdəki müqəddəs məkanlarda, xüsusən İmam Hüseyn məqbərəsində kitabxanaçı, çıraqsuz kimi şərəfli vəzifələrdə qulluq etməklə öz yaşayışını təmin etmişdir. Ömrünün ahıl çağlarında Osmanlı hökuməti tərəfindən kəsilmiş doqquz axça təqaüdü ala bilməyən Füzuli bu hadisəni kəskin sosial satira örnəyi olan "Şikayətnamə" əsərində yüksək obrazlılıqla qələmə almışdır. Fəzli adlı bir oğlu olmuş və onun da bir neçə şeiri bizə gəlib çatmışdır.
Bəzi şeirlərindən aydın olduğu kimi, Hindistana və Ruma (Türkiyəyə) səfər etmək istəyən Füzuli bu arzularına qovuşa bilmədiyini təəssüflə izhar etmişdir. Şair 1556-cı ildə, 62 yaşında ikən Bağdadda baş vermiş taun epidemiyası zamanı xəstələnərək bu fani dünyadan köç etmişdir.
Klassik Azərbaycan və ümumilikdə Yaxın və Orta Şərq ədəbiyyatlarında məhəbbət mövzusunda yazılmış ən şah əsərlərdən biri sayılan "Leyli və Məcnun" poemasını Məhəmməd Füzuli 1537-ci ildə qələmə alaraq Osmanlı sultanı Süleyman Qanuniyə (1520-1566) ithaf etmişdir. Əsərin məzmunu qədim ərəb məhəbbət əfsanəsindən götürülsə də, bu mövzuda ilk poemanı dahi Azərbaycan şairi Nizami Gəncəvi (1141-1209) 1188-ci ildə qələmə almışdır. Poemanın giriş hissəsindən aydın olur ki, əsərin yazılmasını Füzulidən Bağdadda qonaq olan türk (Osmanlı) şairləri xahiş etmiş, o isə qəm və kədərlə dolu olan, sonunda iki nakam gəncin faciəsi ilə bitən bu əhvalatı yazmaqdan hətta ustadı Nizaminin də şikayət etdiyini göstərərək, imtina etmək istəmiş, ancaq son məqamda razılığını vermişdir.
Poemadakı əsas əhvalatlar, xalq nağıllarında və dastanlarında olduğu kimi, qəhrəmanın nəzir-niyazla doğulmasının təsviri ilə başlayır. Əsərin qəhrəmanı Qeys on yaşına çatdıqda atası onu məktəbə qoyur. Qızlarla oğlanların birgə oxuduğu bu məktəbdə Qeys Leyli adlı bir gözələ aşiq olur və qız da onun məhəbbətinə cavab verir. Ancaq Orta əsrlər cəmiyyətində bu cür sevgilər qəbul olunmadığından gənc aşiqlər tezliklə ayrılmalı olurlar. Leyli ev dustağına çevrilir. Qeys isə cəmiyyətə etirazını insanlardan uzaqlaşmaq ilə ifadə edir və buna görə də "Məcnun", yəni dəli adlandırılır.
Nizamidən sonra bu mövzuda poema yazan şairlər bu dahi azərbaycanlının ədəbi təsirindən kənara çıxa bilməsələr də, yalnız Füzuli öz poetik üslubuna uyğun olan orijinal bir əsər yaratmağa nail olmuşdur. Mövzunun özünün tələbi ilə Füzuli poemasında epiklikdən daha çox lirik ovqat üstünlük təşkil edir. Poemaya əlavə edilmiş lirik şeir parçaları bu ovqatı daha da gücləndirir.
Poemada təsvirçilikdən daha çox, qəhrəmanların psixoloji durumunun təqdiminə üstünlük verən sənətkar onların faciəsində əsas günahkar kimi dövrün, ictimai mühitin yetkin olmamasını görür. Böyük Şekspirin "dünyada ən qəmli dastan" adlandırdığı "Romeo və Cülyetta" kimi, Füzulinin "Leyli və Məcnun"u da dünya ədəbiyyatlarında insan məhəbbətinə qoyulan ən böyük bədii söz abidələrindən biridir.
Əsər bütövlükdə Sofi Huri tərəfindən ingilis dilinə tərcümə edilmişdir.
Azərbaycan füzulişünaslığının tarixi şairin yaşadığı illərdən başlanır. Şairin həmyerlisi olan ədəbiyyatşünas-şair Əhdi Bağdadi öz təzkirəsində Füzulinin əsərlərindən örnəklər vermiş və onun yaradıcılığını yüksək qiymətləndirmişdir. Orta əsr təzkirələrinin əksəriyyətində Füzulinin adı hörmətlə çəkilir. 
Müasir mənada elmi füzulişünaslıq Azərbaycanda XIX-XX əsrlərdə formalaşmağa başlamışdır. İlk dəfə böyük Azərbaycan ədibi və filosofu Mirzə Fətəli Axundzadə Məhəmməd Füzuli yaradıcılığına elmi qiymət verməyə çalışmışdır. Ədəbiyyatşünas-alim Firidun bəy Köçərli "Azərbaycan ədəbiyyatı" (1925) adlı fundamental əsərində Füzuliyə böyük bir fəsil ayırmışdır. XX əsrin əvvəllərində azərbaycanlı tədqiqatçılardan Abdulla Sur, Salman Mümtaz, Yusif Vəzir Çəmənzəminli, Əmin Abid, Bəkir Çobanzadə kimi ədəbiyyatşünaslar da Füzuli yaradıcılğından bəhs etmişlər.
Sovet dövründə də Azərbaycanda Füzuli araşdırmaları davam etmiş, Mir Cəlal Paşayev, Həmid Araslı, Mirzağa Quluzadə, Məmməd Cəfər Cəfərov, Azadə Rüstəmova, Sabir Əliyev, Əlyar Səfərli, Xəlil Yusifli kimi görkəmli alimlər elmi füzulişünaslığı zənginləşdirmişlər. Mir Cəlalın "Füzuli sənətkarlığı", Həmid Araslının "Böyük Azərbaycan şairi Füzuli", Mirzağa Quluzadənin "Füzulinin lirikası", Məmməd Cəfər Cəfərovun "Füzuli sevir", Azadə Rüstəmovanın "Füzulinin "Leyli və Məcnun" poeması" kimi fundamental tədqiqatları bu gün də füzulişünaslığın inkişaf istiqamətlərini müəyyənləşdirən əsərlər kimi dəyərini qoruyub saxlayır.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə 1994-cü ildə Məhəmməd Füzulinin 500 illik yubileyi dünya miqyasında keçirildi. Bu tədbir Azərbaycanda füzulişünaslığın yeni vüsət alması üçün güclü stimul rolunu oynadı. Sovet ideologiyasının qadağası üzündən uzun onilliklər boyu işıq üzü görməyən "Hədiqətüs-süəda" əsəri çap olundu, böyük şairin altıcildlik külliyyatı kütləvi tirajla nəşr edildi, Bakıda, Ankarada, Moskvada, Bağdadda, Təbrizdə Məhəmməd Füzuliyə həsr edilmiş beynəlxalq elmi konfranslar baş tutdu. 
Son illərdə Azərbaycan füzulişünaslığının tarixi professor Gülşən Əliyeva-Kəngərli tərəfindən araşdırılaraq monoqrafik tədqiqatın obyekti olmuşdur.  
Böyük Azərbaycan şairi Məhəmməd Füzuli bir çox türk xalqı, xüsusən Türkiyə, Özbəkistan, Türkmənistan türkləri tərəfindən doğma şair kimi qəbul edilir və sevilir. Bununla yanaşı, Qərbi Avropa ölkələrində və Rusiyada da Füzuli irsinin tərcüməsinə və tədqiqinə maraq özünü göstərməkdədir. Dünya füzulişünaslığında ingilis şərqşünası E.C.V.Gibbin adı xüsusi hörmətlə çəkilir, çünki məhz bu alim bilavasitə Azərbaycan şairinin əsərlərinə söykənməklə onun haqqında fikir söyləmiş və ümumilikdə Füzuli irsini çox yüksək qiymətləndirmişdir. Füzuli əsərlərindəki dərin lirizmi xüsusi vurğulayan Gibb bu səbəbdən onu "Qəlb şairi" adlandırmışdır. Bir sıra alimlərin fikrincə, Gibbdən öncə Füzuli haqqında mülahizə yürüdən Avropa şərqşünasları birbaşa onun əsərlərinə deyil, başqa qaynaqlara da istinad etmişdilər.
İtalyan alimi Alessio Bombaçi də Füzuli yaradıcılığının, xüsusən onun ölməz "Leyli və Məcnun" poemasının görkəmli tədqiqatçılarından biri kimi tanınır.
İngilis şərqşünası Çarlz Riyonun tərtib etdiyi kataloqlarda Füzuli əsərləri əlyazmalarının təsviri ilə yanaşı, rus alimləri Y.Bertelsin, A.Krımskinin, İ.Kraçkovskinin və başqalarının da Füzuliyə dair araşdırmaları vardır.
Azərbaycandan sonra Füzuli irsinə ən böyük marağın qardaş Türkiyədə olması təbiidir. Bu ölkədəki böyük füzulişünaslardan Müəllim Nacinin, Məhməd Fuad Köprülünün, Abdulqadir Qaraxanın, Həsibə Mazıoğlunun, Əli Nihad Tərlanın, Abdulbaqi Gölpınarlının, Əhməd Kabaklının, Cəmil Yenərin və başqalarının adlarını çəkmək olar. Eləcə də türk şairi Sofi Hurinin Füzulinin "Leyli və Məcnun" poemasını bütövlükdə ingilis dilinə çevirməsi  Qərb tədqiqatçılarının Füzuli irsi ilə daha yaxından tanış olmaları üçün stimul vermişdir.
Nəhayət, üçdilli şair kimi Füzuli irsinə ərəb alimlərinin də maraq göstərdiyi qeyd edilməlidir. Bu baxımdan Misir alimləri Hüseyn Mucib əl-Misrinin, Safsafinin və İraq alimi Hüseyn Əli Məhfuzun tədqiqatları maraq doğurur. Ərəb dilində yazdığı əsərlərlə yanaşı, Füzulinin türk və fars dillərində qələmə aldığı əsərlər də ərəb alimlərinin diqqətini çəkmiş, bir sıra örnəklər isə ərəb dilinə çevrilmiş və nəşr edilmişdir.
Azərbaycanda Füzuli irsinə maraq şairin sağlığından, hətta gənclik illərindən başlayaraq bu günə qədər yüksələn xətlə artmaqdadır. Respublikanın bölgələrindən birinə Füzulinin adı verilmiş, onun adına küçələr, meydanlar salınmış, möhtəşəm heykəli ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutuna Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Məhəmməd Füzulinin adı verilmişdir. Füzulinin "Türk divanı"nın Bakı nüsxəsi Əlyazmalar İnstitutunun ən qiymətli əsərlərindən biri kimi UNESCO-nun Dünya yaddaşı reyestrinə daxil edilmişdir.
2013-cü ildə Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda dahi şair və mütəfəkkir Məhəmməd Füzuli irsini daha dərindən öyrənmək üçün AMEA-nın prezidenti, institutun direktoru, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Füzulişünaslıq şöbəsi təşkil edilmişdir. 
Dahi Nizami Gəncəvi ilə yanaşı, Azərbaycanın dünyaşöhrətli klassik sənətkarlarından biri olan Məhəmməd Füzuli xalqımızın milli sərvəti kimi dəyərləndirildiyindən, bu dahi azərbaycanlının ölməz irsinin bütün dünyada tanıdılması üçün dövlət qayğısının əsirgənilməyəcəyi şübhəsizdir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şairin 530 illik yubileyinin keçirilməsi haqqında verdiyi sərəncam bu qayğının bariz sübutudur.

Teymur KƏRİMLİ,
akademik

 

 

QƏZƏLLƏR

Gərçi, ey dil, yar üçün yüz verdi yüz möhnət sana,
Zərrəcə qət'i-məhəbbət etmədin, rəhmət sana!

Saxlama nəqdi-qəmi-eşqini, ey can, zahir et
Kim, verim həbsi-bədəndən çıxmağa rüxsət sana.

Çareyi-behbudimi sordum müalicdən, dedi:
Dərd, dərdi-eşqdir, mümkün degil sihhət sana.

Tutaram yarın qiyamətdə, həbibim, damənin,
Məstsən qəflət şərabından, bu gün möhlət sana.

Eşq əhlin atəşi-hicranə eylərsən kəbab,
Dönə-dönə imtəhan etdim, budur adət sana.

İncidir naləm səni, vəh nola gər bir tiğ ilə
Çeşmi-cəlladın edə ehsan mana, minnət sana.

Səndə dün gördüm, Füzuli, meyli-mehrabü nəmaz,
Tərki-eşq etməkmi istərsən, nədir niyyət sana?

***

Can çıxır təndən, könül zikri-ləbi-yar eyləgəc,
Tən bulur can yengidən, ol ləfzi təkrar eyləgəc.

Qılma, ey əfğan, gözün bidar, məsti-xab ikən,
Olmaya bir fitnə peyda ola, bidar eyləgəc.

Söhbətimdən ar edib, ey gül, məni tərk etmə kim,
Gül olur əfsürdə tərki-söhbəti-xar eyləgəc.

Varımı fikri-dəhanınla yox etdim kim, qəza
Böylə əmr etmiş mana, yoxdan məni var eyləgəc.

Ərzi-rüxsar et bu gün, ey məh, güm olsun göydə gün,
Öylə kim, əncüm olur, gün ərzi-rüxsar eyləgəc.

Hər zəban bir tiğdir guya Züleyxa qətlinə,
Yusifi almaqda əhli-eşq bazar eyləgəc.

Naleyi-zarım, Füzuli, xoş gəlir ol gülrüxə,
Açılır gül könlü, bülbül naleyi-zar eyləgəc.

***

Kimsədə rüxsarına taqəti-nəzzarə yox,
Aşiqi öldürdü şövq, bir nəzərə çarə yox.

Bağrı bütünlər mənə tə'nə edərlər müdam,
Halımı şərh etməyə bir cigəri parə yox.

Yığdı mənim başıma dəhr qəmin, neyləsin,
Badiyeyi-eşqdə mən kimi avarə yox.

Dəhrdə həmta sənə var, yeri yox gər desəm,
Var gözəl çox, vəli sən kimi xunxarə yox.

Gözdə gəzib cizginir qətreyi-əşkim müdam,
Qətreyi-əşkim kimi çərxdə səyyarə yox.

Çak görüb köksümü, qılma əlacım, təbib,
Zaye olur mərhəmin, məndə bitər yarə yox.

Zarlığım eşqdən var, Füzuli, vəli,
Ol məhi-bimehrdən rəhm məni-zarə yox.

***

Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?

Qəmu bimarinə canan dəvayi-dərd edər ehsan.
Neçin qılmaz mənə dərman, məni bimar sanmazmı?

Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən
Desəm, ol bivəfa bilməm, inanarmı, inanmazmı?

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?

Güli-rüxsarinə qarşu gözümdən qanlı axar su,
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?

Degildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil səni görcək utanmazmı?

Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?

***

Heyrət, ey büt, surətin gördükdə lal eylər məni,
Surəti-halım görən, surət xəyal eylər məni.

Mehr salmazsan mənə, rəhm eyləməzsən bunca kim,
Sayə tək sevdayi-zülfün payimal eylər məni.

Zəfi-tale, manei-tovfiq olur hər necə kim,
İltifatın arizməndi-visal eylər məni.

Mən gəda, sən şahə yar olmaq yox, əmma neyləyim,
Arizi sərgəşteyi-fikri-məhal eylər məni.

Tiri-qəmzən atma kim, bağrım dələr, qanım tökər.
İqdi-zülfün açma kim, aşüftəhal eylər məni.

Dəhr vəqf etmiş məni növrəs cavanlar eşqinə,
Hər yetən məhvəş əsiri-xəttü-xal eylər məni.

Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim,
Bu fəzilət daxili-əhli-kəmal eylər məni.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!