Ölkənin hər
yerində olduğu kimi, Quba rayonunda da çoxsaylı yol infrastrukturu layihələri həyata
keçirilir. İstər respublika, istərsə də yerli əhəmiyyətli avtomobil yolları, körpülər
tikilir, kənd və kəndlərarası yollar yenidən qurulur.
Sovet dönəmində
uzun illər ucqar dağlıq ərazilərdə yollar bərbad vəziyyətdə idi. Hətta bəzi kəndlər
yolsuzluq üzündən boşalır, qalan əhalininsə mərkəzlə əlaqəsi zəifləyirdi. Halbuki
elə o vaxtlar da Quba Azərbaycanın turizm regionu idi. Tarixi min illəri adlayan
kəndlər, əsrarəngiz təbiət, flora və fauna bu yerlərin vizit kartı sayılırdı. Amma
həmin ərazilər, o cümlədən dünyaca məşhur Xınalıq kəndinə gedən yol keçilməz səddi
xatırladırdı.
Dağlıq ərazilərlə
zəngin olan Qubada yolların, demək olar, yarıdan çoxu təbii amillərin təsiri ilə
sıradan çıxır. Qışda qar uçqunları, yağışlı aylarda torpaq sürüşmələrinin baş verməsi
nəticəsində yollar keçilməz olur. Sürüşmə və iri qaya parçalarının yola tökülməsi
ölkənin cəlbedici turizm marşrutlarından olan Quba-Xınalıq avtomobil yolunun tez-tez
uzunmüddətli bağlanması ilə nəticələnir. Bu da həmin yolun üstündə yerləşən bir
neçə yaşayış məntəqəsi ilə əlaqəni kəsir. Qışı sərt keçən rayonda bəzi kəndlərlə
əlaqə yalnız qar əriyəndən sonra normallaşır.
Rayonda belə
problemlərin həlli üçün son vaxtlar xeyli iş görülüb. Uzun illər yerli əhaliyə böyük
narahatlıq yaradan, 10 kəndi birləşdirən 23 kilometrlik Hacıhüseynli-Gənclər qəsəbəsi
avtomobil yolu və bu yola birləşən digər yollar təmir olunub. Quba-Xaçmaz avtomobil
yolunun 14 kilometrlik hissəsi də yenidən qurulub. Bakı-Quba avtomobil yolunun Alekseyevka
kəndi ərazisindən keçən hissəsində, İdrisiqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq
yolunun ətrafında isə yaşıllıq zolaqları salınıb. Hazırda Quba-Susay avtomobil yolunun
davamı olan 30 kilometrlik Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 kilometr
məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən avtomobil yolunun tikintisi
aparılır.
"Dağlarda
ada” sayılan, öz unikallığı ilə seçilən Xınalıq kəndinin ölkəmizdə turizm üçün əhəmiyyətli
olmasını və əhalinin alternativ yolla daha rahat gediş-gəlişinin təmin edilməsinin
vacibliyini nəzərə alan ölkə rəhbəri ötən ilin oktyabrında və bu ilin yanvarında
Susay-Xınalıq avtomobil yolunun tikintisi ilə əlaqədar sərəncamlar imzalamış, bu
iş üçün ilkin mərhələdə 20,5 milyon manat vəsait ayırmışdır. Ötən ilin noyabr ayından
etibarən ərazidə yol inşaat işlərinə başlanılmışdır.
Yayın isti
aylarında belə Xınalıq istiqamətində hava çiskinli və yağıntılı olur. Buna baxmayaraq,
yolda qızğın iş gedir. Alpan kəndindən keçən Quru çayın üzərindəki 1-ci körpüdə
son tamamlama işləri aparılır. Belə ki, uzunluğu 60, eni 12, hündürlüyü 4 metrə
yaxın olan körpünün üst qatına beton tökmək üçün armaturla tor hörülür. Bundan başqa,
Susay kəndi ərazisində - Quru çay üzərində inşa olunan ikinci körpüdə də inşaat
işləri sürətlənib. Körpünün uzunluğu 52, eni 12,5, hündürlüyü 10 metr olacaq.
Eyni zamanda,
Quba-Qusar yolundan Susay kəndinə qədər olan 23 kilometr yol yatağı genişləndirilir,
qum-çınqıl tökülərək möhkəmləndirilir. Tikinti zamanı iri qaya parçaları, sərt döngələr
çapılaraq yoxuşlar hamarlanır. Lilli çayın və Gəray kəndinin qarşısındakı çayın
məcrasına diametri 1,2-2 metr olan beton borular qoyularaq 8 metrlik körpülər quraşdırılıb.
İnşaatçıların
işinə çətinlik yaradan dağlıq ərazilərə xas olan dərələrdir. Onların bir çoxu doldurulub,
Vəli və Elçin dərələrində isə 1,5-2 metr diametrli borular yerləşdirilib. Uzunmeşə
və Gəray kəndləri arasındakı 3 kilometrlik yol dik olduğundan inşaatçılar qayaları
çaparaq yolu hamarlayıblar. Artıq Susay kəndinə qədər olan yola bir qat asfalt örtüyü
çəkilib. Yolun eni 11, hərəkət zolağı - asfalt hissəsi
isə 7 metrdir.
Onu da bildirək ki, Susay-Xınalıq yolunun
çətinliyi hələ öndədir. Belə ki, Susaydan Xınalığa qədər olan məsafə əsasən dağlıq
ərazilərdən ibarətdir. Dağ yamaclarının yarılması, yoxuşların maililiyinin azaldılması
çətindir, xüsusilə də payız-qış aylarında. Lakin işə ürəklə girişəndə çətinlik azalır.
Gələn il yolun istifadəsi nəzərdə tutulub. İşin sürəti göstərir ki, yol inşaatçıları
qrafikə əməl edəcəklər.
Akif ƏLİYEV,
"Azərbaycan”