Azərbaycan və Türkiyə daim birlikdə olacaqlar
İndi bəşəriyyət son dərəcə mürəkkəb tarixi şəraitdə yaşayır.
Dövlətlərarası münasibətlər sistemi çoxdandır nəzərəçarpacaq dərəcədə çat verib.
Beynəlxalq hüququn prinsip və normalarını saya salan yoxdur. Yəni ki, kim güclüdür,
o da haqlıdır. Hər bir əligüclü, yaxud arxalı dövlət yalnız özünün milli maraqları
üzərində israr edir, ikitərəfli və çoxtərəfli əməkdaşlığın qarşılıqlı fayda prinsipini
yaxına qoymur.
Yeni tip koronavirus pandemiyası başlayandan bəri dünyanın
siyasi xəritəsinin yenidən tərtib ediləcəyindən, mövcud dövlətlərarası sərhədlərin
dəyişdirilməsinin zəruriliyindən söz açanlar çoxalır. Güc mərkəzləri balığı bulanıq
suda tutmağın asan olduğunu əsas gətirərək nüfuz dairəsini genişləndirmək məqsədilə
bütün mümkün vasitələrə əl atır: gah planetin strateji cəhətdən mühüm regionlarında
etnik zəmində münaqişələr törədir, gah suveren dövlətlərin ərazisinə hərbi müdaxilə
edir, gah rəngli inqilabların alovlanmasına rəvac verir, gah sanksiya silahını işə
salır, gah da normal münasibətdə olan ölkələr arasında ədavət toxumu səpib cücərdir.
Belə bir şəraitdə bütöv dövlətlər və xalqlar "olum, ya
ölüm” dilemması qarşısında qalır. Aydındır ki, cərəyan edən proseslərə münasibətdə
susub hərəkətsiz qalmaq ölümə bərabərdir. Odur ki, əldə olan bütün imkanları səfərbər
edib həyatda qalmağa çalışmaqdan başqa yol görünmür.
Dünya güclərinin hədəfə aldığı ölkələr çoxdur. Belə ölkələr
arasında Azərbaycan və Türkiyə də var. Azərbaycan milli müstəqilliyini bərpa edib-etməmiş
xarici hərbi təcavüzə məruz qalıb, ərazisinin 20 faizi işğal edilib, yüz minlərlə
vətəndaşı yurd-yuvasını tərk etməyə məcbur olub. Qondarma Dağlıq Qarabağ problemini
dinc vasitələrlə nizamlamaq imkanı sıfıra bərabərdir. Münaqişənin həllində vasitəçi
kimi çıxış edən dövlətlər təcavüzkar tərəfə açıq-aşkar qahmar çıxır.
Türkiyənin də vəziyyəti ürəkaçan deyil. Qardaş ölkə 40
ilə yaxındır terror şəbəkəsinin hücumuna məruz qalır. Son illər terror şəbəkəsi
xeyli genişlənib. Əvvəllər Türkiyənin ərazi bütövlüyünə qəsd edən PKK terrorçu təşkilatı
təkbaşına hərəkət edirdi. İndisə bu qruplaşmaya xarici siyasi-hərbi dairələrdən
dəstək alan YPG, İŞİD, FETÖ kimi yeni başkəsənlər qoşulmuşlar.
Üstəlik, Türkiyənin hərtərəfli inkişafı ilə barışmayan
Qərb dövlətləri ölkənin yüksəlişini əngəlləmək məqsədilə cürbəcür təxribatlara əl
atırlar. 2002-ci ildə Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf
Partiyası hakimiyyətə gələnə qədər Türkiyə inkişaf baxımından yerində sayır, mütəmadi
olaraq dövlət çevrilişinin şahidi olur, Qərbin buyruqlarını sözsüz yerinə yetirir,
milli maraqlar əksər hallarda arxa planda qalırdı. Ərdoğan iqtidarı belə bir "status-kvo”nun
üstündən xətt çəkdi, fəaliyyətini millətin mənafeyinə xidmət etməyə istiqamətləndirdi.
Davamlı olaraq gerçəkləşdirilən islahatlar Türkiyəni dünya birliyində öncül mövqeyə
çıxardı: ölkənin iqtisadi, siyasi, hərbi gücü artdı, beynəlxalq aləmdə nüfuzu möhkəmləndi,
xalqın maddi rifah halı yaxşılaşdı.
Tarixin hazırkı mərhələsində Azərbaycanla Türkiyə oxşar
taleni yaşayır. Bu iki ölkənin bir-birindən başqa arxası yoxdur. Onlar indi dil,
din və mədəniyyət qardaşları olmaqla yanaşı, tale qardaşlarıdır. Azərbaycan və Türkiyəyə
qarşı duranlar da hansısa ideologiya, yaxud prinsipdən çıxış etmirlər. Onların özlərini
də bir araya dini-mədəni dəyərlər gətirib.
Bu mənada Azərbaycanın və Türkiyənin taleyüklü məsələlərə
münasibətdə bir-birinə açıq dəstək verməsi tamamilə təbiidir. Özü də nə Azərbaycan,
nə də Türkiyə 20 il əvvəlki dövlətlər deyil. İki qardaş ölkə ötən müddət ərzində
bütün sahələrdə xeyli gücləndiyindən öz milli maraqlarını rəhbər tutaraq müstəqil
daxili və xarici siyasət yeridir, kənardan kiminsə "tövsiyə”sinə əməl etmək barədə
düşünmür.
Azərbaycan və Türkiyə liderləri iki ölkə arasında qardaşlığı
qarşılıqlı əlaqələrin təməl daşı kimi nəzərdən keçirirlər. Bakı və Ankara beynəlxalq
məclislərdə bir-birinin müdafiəsinə qalxır, bir-birini tək qoymur. Məsələn,
2014-cü ilin aprelində Çexiyanın paytaxtı Praqada dövlət və hökumət başçılarının
iştirakı ilə Avropa İttifaqının "Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr
olunan sammit keçirilirdi. Türkiyə proqramın iştirakçısı olmadığından Zirvə görüşündə
onun təmsilçisi yox idi. Ermənistanın ovaxtkı prezidenti Serj Sarkisyan sammitin
plenar iclasında söz alaraq mövzunu kənara qoyub Türkiyəni hədəfə aldı. O, görüş
iştirakçılarını inandırmağa çalışırdı ki, Avropa ictimaiyyəti "soyqırımı” törətdiyinə
görə Türkiyəyə münasibətdə daha sərt mövqe tutmalıdır. Sarkisyan iddia edirdi ki,
Türkiyənin Ermənistanla sərhədini bağlaması beynəlxalq hüquqa ziddir və s.
Sammitdə iştirak edən Prezident İlham Əliyev erməni həyasızlığının
Praqada növbəti təzahürünü nəzərdən qaçıra bilməzdi. Dövlətimizin başçısı çıxışına
başlayaraq dedi: "Bu masanın arxasında Türkiyənin nümayəndələri yoxdur: Ancaq mən
buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”.
Prezident sammit iştirakçılarının diqqətinə çatdırdı ki,
Türkiyə-Ermənistan sərhədi 1993-cü ilin aprelində Azərbaycanın Kəlbəcər rayonu işğal
edildikdən sonra bağlanmışdır. Kəlbəcərdən əvvəl 1992-ci ildə ermənilər Şuşanı və
Laçını işğal etmişlər. Daha sonra Ağdam, Füzuli, Zəngilan, Qubadlı və Cəbrayıl
- ümumilikdə Azərbaycanın Dağlıq Qarabağdan kənarda olan 7 rayonunu işğal etmişlər
ki, bu da Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini təşkil
edir. Prezident qeyd etdi ki, "bizim əhali etnik təmizləməyə məruz qalmışdır və
bu işğal BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, Avropa Parlamentinin qətnaməsi
və Avropa Şurası Parlament Assambleyasının qətnaməsinə baxmayaraq, bu günədək davam
edir”. "Erməni soyqırımı”na gəlincə, Prezident
vurğuladı ki, Türkiyə tərəfi bir neçə il əvvəl bəyanatla çıxış edərək Ermənistan
rəhbərliyinə tarixçilərin iki xalq arasında münasibətlərin tarixi məqamlarını nəzərdən
keçirmək üçün arxivləri açmağı təklif etmiş, amma bu təklifə adekvat reaksiya verilməmişdir.
Türkiyə hazırda başqa bir ciddi problemlə qarşılaşmışdır.
Qardaş ölkə Şərqi Aralıq dənizində karbohidrogen ehtiyatlarından istifadə etmək
hüququnu reallaşdırmaq istəyir və bu məqsədlə sondaj işi aparır. Lakin Avropa İttifaqı
ölkələri, ilk növbədə, Yunanıstan və onu təhrik edən Fransa buna qarşı çıxır, Ankaranı
sanksiyalarla hədələyir - guya Türkiyənin atdığı addım beynəlxalq hüquqa ziddir.
Soruşulanda ki, Türkiyə beynəlxalq hüququn harasını pozur, cavab gəlmir. Türkiyə
məsələni həll edib yaranmış gərginliyi aradan qaldırmaq üçün Yunanıstanla dialoqa
girməyə hazırdır. Amma Afina dialoqdan qaçır. Ona görə də Türkiyə rəhbərliyi qətiyyətlə
bildirmişdir ki, Şərqi Aralıq dənizində geri çəkilib məhəlli sularında qapanmaq
fikrində deyil - nəyin bahasına olursa-olsun.
Türkiyənin haqq işinə dəstək dərhal Azərbaycandan gəldi.
Prezident İlham Əliyev Bakının mövqeyini sentyabrın 2-də Yunanıstanın ölkəmizdə
yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosla görüşündə
bir daha bəyan etdi: "Sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox,
bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik
və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük.
Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə
dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən
istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq
Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki,
Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır.
Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”.
Məlum olduğu kimi, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin
yüksək səviyyəsi bəlli dairələri qıcıqlandırır. Məsələn, Azərbaycan öz ərazisində
Türkiyə ilə hərbi təlimlər keçirəndə qıcıqlanırlar. Azərbaycan hansısa arzuolunmayan
ölkədən silah alanda qıcıqlanırlar. Azərbaycan təbii qazı Gürcüstan və Türkiyə ərazisi
ilə xarici bazara nəql edəndə qıcıqlanırlar. Yaxud Türkiyə Qarabağ probleminə münasibətdə
Azərbaycanın ədalətli mövqeyini birmənalı şəkildə dəstəkləyəndə, qardaşının yanında
olduğunu bildirəndə qıcıqlanırlar. Türkiyə Qərbdən yox, başqa mənbədən silah alanda
qıcıqlanırlar. Türkiyə dünyanın ən böyük hava limanını inşa edəndə qıcıqlanırlar.
Neyləmək olar, qıcıqlanmaq da onların haqqıdır, qoy nə qədər istəyirlər, o qədər
də qıcıqlansınlar. Azərbaycan və Türkiyə üçünsə ən əsası odur ki, heç vaxt biri-birini
tək qoymasınlar, çünki tale onları birlikdə olmağa məhkum etmişdir.
Allahverdi MEHDİYEV,
"Azərbaycan”