Qarabağ Dirçəliş Fondunun sifarişi ilə hazırlanan “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin ailə üzvləri, Qarabağ müharibəsi iştirakçıları, Fondun donor və tərəfdaşları, eləcə də ölkənin ictimai-mədəni həyatında önəmli rolu olan şəxslər və media nümayəndələri iştirak ediblər.
İlk olaraq Dövlət Himni səsləndirilib, daha sonra Vətənin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabının əhəmiyyəti və hazırlanma prosesi ilə bağlı geniş məlumat verib.
Qeyd olunub ki, bu kitab Qarabağın tarixini, azad olunmasını və bərpa prosesini mətn, fotoşəkillər, eləcə də rəsmi şəxslərin, dövlət nümayəndələrinin və ekspertlərin müsahibələrini, o cümlədən doğma torpaqlarından didərgin düşmüş insanların xatirələrini də özündə birləşdirməklə geniş şəkildə işıqlandırır.
Rəhman Hacıyevin sözlərinə görə, kitabın hazırlanmasında məqsəd Qarabağ həqiqətlərinin, eyni zamanda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən irimiqyaslı bərpa və quruculuq işlərinin, həmçinin Azərbaycanın regionda dayanıqlı sülhün təmin olunması istiqamətində səylərinin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.
“Kitab Azərbaycan və Ermənistan-Azərbaycan münaqişəsi həqiqətləri ilə yaxından tanış olan tanınmış britaniyalı yazıçı Qrem Vilsonun dərin analitik yanaşmasını və bənzərsiz hekayəçilik bacarığını özündə birləşdirir. 500-ə yaxın səhifəni əhatə edən “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” sadəcə bir kitab deyil - mətn, fotoşəkillər və interaktiv rəqəmsal materiallarla zənginləşdirilmiş, Qarabağın dirçəliş hekayəsini oxucunun qarşısında bütün rəngləri ilə canlandıran bir salnamədir. Kitab Qarabağın münaqişə dövründən bugünkü günə qədər olan dövrü əhatə edir. Həmçinin innovativ olan kitabın səhifələrində çoxsaylı müxtəlif QR kodlar yerləşdirilib ki, bununla da oxucular bu kitab üçün yaradılmış veb-saytda daha çox məlumat əldə edə bilərlər. Eyni zamanda, oxucular xüsusi QR-kod vasitəsilə süni intellekt əsasında yaradılmış köməkçi ilə kitabın mətnini, məzmununu müzakirə edə bilərlər. Mənə elə gəlir ki, kitab dövlətimizin dostları, qonaqları üçün gözəl bir hədiyyə ola bilər”, - deyə Rəhman Hacıyev vurğulayıb.
Yaxın gələcəkdə kitabın Azərbaycan dili ilə yanaşı, rus və türk dillərində də həm çap, həm də elektron kitab formatında buraxılacağını diqqətə çatdıran Rəhman Hacıyev bildirib ki, onu fərqləndirən əsas xüsusiyyət məzmunun hibrid formada təqdim olunmasıdır.
“Nəşr tam şəkildə www.book.revival.az platformasına inteqrasiya edilib və fond tərəfindən hazırlanmış süni intellekt əsaslı “Zəfər” adlı bələdçi vasitəsilə daha da zənginləşdirilib. Kitab təkcə Azərbaycan üçün deyil, həm də qlobal nəşriyyat sahəsi üçün postmünaqişə dövrünün tarixi təhlili baxımından mühüm bir yenilikdir”, - deyə Rəhman Hacıyev vurğulayıb.
Sonra işğaldan azad edilmiş ərazilərin bərpasını və dirçəlişini əks etdirən “Faciədən Zəfərə” videoçarxı nümayiş olunub.
Tədbirdə çıxış edən digər natiqlər kitabın əhəmiyyətini qeyd etməklə yanaşı, onun Qarabağda baş verən hadisələrlə bağlı həqiqətlərin, eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin və ölkəmizin regionda davamlı sülhün bərqərar olunması istiqamətində səylərinin beynəlxalq auditoriyaya çatdırılmasına böyük töhfə verəcəyinə əminliklərini ifadə ediblər. Çıxışlardan sonra tədbir iştirakçıları “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabının videotəqdimatını izləyiblər.
Videotəqdimatdan sonra tədbir müəlliflə sual-cavab sessiyası ilə davam edib. Britaniyalı yazıçı Qrem Vilson tədbir iştirakçılarının kitabla bağlı ona ünvanladıqları çoxsaylı sualları cavablandırıb.
Tədbirin sonunda Qarabağın bərpası istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə edən “İteca Caspian” və “Caspian Event Organisers” şirkətlərinə, eləcə də PAŞA Kapital İnvestisiya Şirkətinə Fondun adından “İanə sertifikatı”, eyni zamanda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabı təqdim olunub.
Qeyd edək ki, tədbir zamanı işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərini, eləcə də Qarabağın zəngin təbiətini və nadir flora-faunasını əks etdirən “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi də nümayiş edilib. Britaniyalı yazıçı Qrem Vilsonun eyniadlı kitabında yer alan təsirli fotolar əsasında hazırlanan sərgi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.