Dövlətin sosial siyasətinin başlıca məqsədi
qayğıya ehtiyacı olan vətəndaşların problemlərini
vaxtında həll etməkdir. Ölkəmizdə bu kateqoriyaya aid olan ən həssas təbəqə qaçqın
və məcburi köçkünlərdir. Ümummilli Lider Heydər Əliyev qaçqın və məcburi köçkünlərin
sosial problemlərinin həllini dövlət siyasətinin əsas prioriteti elan etdi. Ötən
dövrdən indiyə qədər dövlətin bu istiqamətdə gördüyü işlər bunu təsdiqləyir.
Ulu Öndər mütəmadi olaraq qaçqın və məcburi
köçkünlərin məskunlaşdıqları çadır şəhərciklərinə səfər edərək birbaşa onların qayğıları
ilə maraqlanırdı. Belə səfərlər nəticəsində ortaya çıxan problemlər dərhal həll
edilirdi. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli külli miqdarda
vəsaitin xərclənməsini tələb edirdi. Ulu Öndər Heydər Əliyev "Əsrin müqaviləsi”
sayəsində əldə edilən neft gəlirlərini, ilk növbədə, qaçqın və məcburi köçkünlərin
sosial problemlərinin həllinə yönəltdi. Bu fakt bir daha sübut etdi ki, dövlət doğma
yurdlarından didərgin düşən vətəndaşlarını taleyin ixtiyarına buraxmadı.
Ulu Öndər Heydər Əliyev 1998-ci ildə "Qaçqınların
və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı”nı təsdiq etdi.
Proqramın icrası qaçqınların və məcburi köçkünlərin təhsil, səhiyyə, məşğulluq,
mənzil-məişət şəraiti, müavinət və digər problemlərinin həllinin yaxşılaşdırılmasında,
sosial müdafiəsinin yüksək səviyyədə təmin edilməsində, eləcə də bu sahənin idarə
olunmasında müstəsna rol oynadı.
Prezident İlham Əliyev Ümummilli Liderin
həyata keçirdiyi bu siyasəti uğurla davam etdirdi. Cənab İlham Əliyev 2003-cü ildə
prezident seçkiləri ərəfəsində qaçqın və məcburi köçkünlərlə görüşü zamanı bəyan
etdi ki, dövlət başçısı seçilərsə, çadır şəhərciklərini ləğv edəcək. Beləliklə,
vədinə əməl edərək, 105 müasir tipli qəsəbə tikdirərək qaçqınların ixtiyarına verməklə
çadır şəhərciklərinin mövcudluğunu tarixə qovuşdurdu. Qeyd edək ki, ötən ilədək
300 mindən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
Prezident İlham Əliyev 2004-cü ildə "Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı”nı təsdiq etdi.
Bu sahədə görülən işləri daha sürətlə və keyfiyyətlə yerinə yetirmək üçün həmin
proqrama 2007-ci və 2011-ci illərdə əlavələr olundu. Məqsəd bu yolla məcburi köçkünlərin
problemlərinin həllini sistemləşdirərək sürətlə həyata keçirmək idi.
Dövlət başçısının həyata keçirdiyi sosial
siyasət sayəsində digər sahələrdə olduğu kimi, məcburi köçkünlərin məskunlaşması
da intensiv xarakter alıb. Ötən il 5800 məcburi köçkün ailəsi yeni mənzil və fərdi
evlərə köçürülüb. Bu kateqoriyadan olan insanlar təkcə mənzil və fərdi evlərlə təmin
edilmir. Onlara verilən müavinətin məbləği də ildən-ilə artırılır. Prezident İlham
Əliyevin apardığı son sosial islahatlar sayəsində məcburi köçkünlərə verilən aylıq
müavinət cari il aprelin 1-dən 50 faiz artırılıb. Ümumilikdə isə dövlətin həyata
keçirdiyi sosial siyasət nəticəsində son iki ildə müavinətlərin məbləğinin artımı
70 faiz təşkil edib.
Bu kateqoriyadan olan insanların sosial vəziyyətinin
yaxşılaşdırılmasının bir yolu da onların məşğulluğunun təmin edilməsidir. Bu məqsədlə
məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə mütəmadi olaraq əmək yarmarkaları
keçirilir, onlara biznes qurmaq üçün güzəştli şərtlərlə mikrokreditlər verilir.
Beləliklə, onlar öz işlərini qurmaqla ailələrinin güzəranını yaxşılaşdırır. Başqa
sözlə, mənzil-məişət şəraitini yaxşılaşdırmaqla dövlət onların sosial dayanıqlığını
təmin edir.
Məcburi köçkünlərin sağlamlıq durumu da diqqət
mərkəzindədir. Onlar pulsuz
tibbi xidmətdən istifadə edir. Bununla paralel olaraq məcburi köçkünlərin kompakt
məskunlaşdıqları yerlərə ixtisaslaşdırılmış səyyar tibbi yardım briqadaları göndərilir.
Onlar yerlərdə məcburi köçkünlərin sağlamlıq durumunu öyrənir, müalicəyə ehtiyacı
olanlar isə müxtəlif xəstəxanalarda yerləşdirilir.
Qaçqın və
məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılmasında Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın da böyük xidmətləri var. Mehriban xanımın təşəbbüsü ilə
2017-ci il iyunun 27-də Heydər Əliyev Fondu tərəfindən Abşeron rayonunun Masazır
qəsəbəsində salınan "Yeni Bakı” yaşayış kompleksindən və Mehdiabad qəsəbəsində inşa
edilən "Binəqədi Gənclər Şəhərciyi”ndən alınan 214 mənzil Xəzər rayonunun Şüvəlan
qəsəbəsindəki qəzalı vəziyyətdə olan "Energetik” pansionatında müvəqqəti məskunlaşan
məcburi köçkünlərə verilib. Bununla yanaşı, həmin il Sabunçu rayonunun Ramana qəsəbəsində
50 və Abşeron rayonunun Masazır qəsəbəsində 210 mənzilli yeni inşa olunan binalara
da məcburi köçkünlər köçürülüb.
Elə həmin
il Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzil Binəqədi rayonunun ərazisindəki
Təcili Tibbi Yardım Stansiyasının yarımçıq qalmış binasında məskunlaşmış məcburi köçkünlərə verildi.
2018-ci ildə
Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün tikilən 1026 ailəlik
müasir tipli "Qobu Park” yaşayış kompleskinə paytaxtın ərazisində zirzəmi və digər
ağır şəraitli tikililərdə yaşayan məcburi köçkünlər köçürülüb. Keçən il, həmçinin
Abşeron rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilən 1001 mənzilli, zəruri
infrastrukturla təmin edilən yaşayış kompleksinin məcburi köçkünlərin ixtiyarına
verilməsinin açılış mərasimi olmuşdur.
Həmin dövrdə,
eləcə də Sumqayıt şəhərində 1005 mənzildən ibarət və yaşayış üçün lazım olan bütün
infrastrukturlarla təmin edilən yaşayış kompleksinə məcburi köçkün ailələri köçürülüb.
Cari ildə
də bu istiqamətdə görülən işlər davam etdirilir. Bu ilin aprel ayında Sabunçu rayonunun
Kürdəxanı qəsəbəsində 810 mənzilli yaşayış kompleksinin, iyul ayında Pirallahı rayonunda
306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin açılışı olub. Avqust
ayında isə Beyləqan rayonunda 146 məcburi köçkün ailəsi üçün fərdi yaşayış evləri
tikilərək istifadəyə verilib.
Şirvan şəhərində
yataqxanalarda məskunlaşan 685 məcburi köçkün ailəsi üçün 13 doqquzmərtəbəli yaşayış
binalarından ibarət məhəllənin tikintisi başa çatdırılıb. Burada, həmçinin 540 şagirdlik
məktəb binasının, 440 yerlik uşaq bağçasının, klub-icma mərkəzinin, inzibati binanın,
tibb məntəqəsinin, ATS və müvafiq mühəndis kommunikasiyaların tikilməsi nəzərdə
tutulur. Eyni zamanda Göyçay rayonunda 80, Kürdəmir rayonunda 563, Ucar rayonunda
250, Göygöl rayonunda 130 mənzilli, Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində
645 mənzilli yaşayış massivinin salınması və Füzuli rayonu ərazisində 95 fərdi evdən
ibarət qəsəbədə inşaat işləri başa çatmaq üzrədir. Yaxın vaxtlarda həmin mənzillərə
də məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan məcburi köçkünlər köçürüləcək.
Rüstəm KAMAL,
"Azərbaycan”