Azərbaycanın mədəniyyət paytaxtı Şuşada artıq ənənə
halını almış Şuşa Qlobal Media Forumunun keçirilməsi ölkəmizin açıq dialoqa,
obyektiv informasiya mühitinin formalaşdırılmasına və beynəlxalq əməkdaşlığın
genişləndirilməsinə verdiyi önəmin bariz ifadəsidir. Forumun ildən-ilə daha
geniş iştirakçı coğrafiyasını əhatə etməsi, dünyanın müxtəlif ölkələrindən
media rəhbərlərini, ekspertləri və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrini
bir araya gətirməsi onun beynəlxalq nüfuzunun davamlı şəkildə artdığını göstərir.
Şuşa Qlobal Media Forumu, eyni zamanda, Azərbaycan həqiqətlərinin beynəlxalq
ictimaiyyətə dolğun, faktlara əsaslanan və birbaşa şəkildə çatdırılması
baxımından mühüm platforma rolunu oynayır. İşğaldan azad edilmiş ərazilərimizdə
aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, regionda yaranmış yeni
reallıqlar, Azərbaycanın sülh gündəliyi, nəqliyyat-kommunikasiya layihələri,
enerji təhlükəsizliyi və regional əməkdaşlıq istiqamətində həyata keçirilən təşəbbüslər
məhz bu forum vasitəsilə beynəlxalq media nümayəndələrinin diqqətinə
çatdırılır. Xarici jurnalistlərin və ekspertlərin hadisələri yerində müşahidə
etmələri, ölkəmizdə gedən proseslərlə yaxından tanış olmaları obyektiv
informasiya mühitinin formalaşmasına xidmət edir.
Bu sözləri Milli Məclisin deputatı Səbinə
Salmanova deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti cənab
İlham Əliyevin “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və
etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunda
ünvanlanan çoxsaylı suallara verdiyi əhatəli, məzmunlu və faktlara söykənən
cavablar isə tədbirin əsas məqamlarından biri kimi yadda qaldı: “Dövlətimizin
başçısı təkcə Azərbaycanın prinsipial mövqeyini ətraflı izah etmədi, həm də
regionda və dünyada baş verən geosiyasi proseslərə dair dolğun təhlillər təqdim
etdi. Möhtərəm Prezidentimiz çıxışında Cənubi Qafqazda dayanıqlı sülhün təmin
olunması, regional əməkdaşlıq perspektivləri, nəqliyyat dəhlizlərinin inkişafı,
enerji təhlükəsizliyi, beynəlxalq hüququn aliliyi, informasiya təhlükəsizliyi,
dezinformasiyaya qarşı mübarizə və medianın artan məsuliyyəti kimi mühüm məsələləri
geniş şəkildə şərh etdi. Ölkəmizin liderinin cavabları bir daha nümayiş etdirdi
ki, Azərbaycan regionda yaranmış yeni siyasi reallıqların müəllifi olmaqla
yanaşı, onların gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən əsas
aktorlardan biridir. Dövlətimizin başçısının səsləndirdiyi fikirlər beynəlxalq
media nümayəndələrinə ölkəmizin mövqeyini birbaşa mənbədən öyrənmək imkanı
yaratdı və bir sıra məsələlərə dair mövcud suallara aydınlıq gətirdi. Bu isə
informasiya manipulyasiyalarının və qərəzli yanaşmaların qarşısının alınması,
Azərbaycan həqiqətlərinin beynəlxalq auditoriyaya obyektiv şəkildə çatdırılması
baxımından xüsusi əhəmiyyət daşıyır”.
Deputat bildirib ki, Prezident İlham Əliyev
çıxışında Azərbaycanın yürütdüyü siyasətin hər zaman əməkdaşlığa yönəldiyini
xüsusi vurğulayıb: “Azərbaycan regionda dayanıqlı sülhün və iqtisadi
inteqrasiyanın təmin olunması istiqamətində ardıcıl və konstruktiv siyasət
yürüdür, münasibətlərin normallaşması üçün praktik addımlar atır. Ölkəmizin təşəbbüsləri
heç vaxt qarşıdurmaya deyil, əməkdaşlığın genişlənməsinə, nəqliyyat-kommunikasiya
əlaqələrinin inkişafına və qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edib.
Bu siyasətin konkret təzahürlərindən biri Azərbaycan birtərəfli qaydada Ermənistana
tətbiq etdiyi bütün tranzit məhdudiyyətlərini aradan qaldırmasıdır. Bu qərar Azərbaycanın
humanist və praqmatik yanaşmasının, regionda iqtisadi əlaqələrin genişlənməsinə
verdiyi önəmin bariz nümunəsidir. Bundan başqa, Rusiyadan, Qazaxıstandan və digər
ölkələrdən Ermənistana 40 mindən çox ton müxtəlif təyinatlı yük Azərbaycan ərazisindən
maneəsiz şəkildə daşınıb. Bu fakt Azərbaycanın etibarlı tranzit ölkəsi
statusunu və regionda əməkdaşlıq mühitinin formalaşdırılmasına verdiyi real
töhfəni bir daha nümayiş etdirir. Ölkəmiz sülh gündəliyini yalnız siyasi bəyanatlarla
deyil, konkret əməli addımlarla dəstəkləyir. Tranzit məhdudiyyətlərinin aradan
qaldırılması, beynəlxalq yükdaşımaların fasiləsiz təmin edilməsi və regionda
iqtisadi əlaqələrin inkişafına yaradılan əlverişli şərait ölkəmizin konstruktiv
mövqeyinin əyani göstəricisidir”.
S.Salmanova vurğulayıb ki, Azərbaycan lideri
İlham Əliyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən görüşdə region
üçün əhəmiyyət kəsb edən bir sıra strateji məsələlərə toxunub: “Dövlətimizin
başçısı çıxışında Zəngəzur dəhlizinin vacib layihə olduğuna diqqəti yönəldərək
qeyd etdi ki, bu layihə Azərbaycanı onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan
Muxtar Respublikası ilə birləşdirəcək. Zəngəzur dəhlizi eyni zamanda, Cənubi
Qafqazda iqtisadi əməkdaşlığın genişlənməsinə, beynəlxalq yükdaşımaların sürətlənməsinə
və regionun tranzit potensialının daha da güclənməsinə töhfə verəcək. Prezident
İlham Əliyev çıxışında ötən ilin avqustun 8-də Ağ Evdə keçirilən tarixi görüşə
də toxundu. Ölkə başçımız həmin görüş zamanı ABŞ Prezidenti Donald Tramp və Ermənistanın
Baş naziri Nikol Paşinyanla birlikdə üçtərəfli bəyanat imzalandığını, eyni
zamanda hər iki ölkənin xarici işlər nazirlərinin sülh sazişini
parafladıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Dövlətimizin
başçısının səsləndirdiyi bu fikirlər Azərbaycanın sülh təşəbbüslərinə
sadiqliyini, regionda uzunmüddətli sabitliyin təmin olunmasına yönəlmiş ardıcıl
siyasətini və qarşılıqlı əməkdaşlığın inkişafına verdiyi önəmi bir daha nümayiş
etdirir”.
Deputat onu da söyləyib ki, Prezident İlham
Əliyev Şuşa Qlobal Media Forumu çərçivəsində Azərbaycanın enerji siyasəti və
Avropanın enerji təhlükəsizliyində artan rolu ilə bağlı mühüm açıqlamalar da
verdi: “Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələrinə
təbii qaz tədarükünü genişləndirməklə bağlı danışıqlar aparır. Bu ilin əvvəlindən
Avstriya və Almaniyaya qaz tədarükünə başlanılması Azərbaycanın Avropa
bazarında mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edən strateji addımlardan
biridir. Hazırda ölkəmiz boru kəmərləri vasitəsilə 16 ölkəyə təbii qaz ixrac
edir ki, bu da Azərbaycanın beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi
mövqeyini daha da gücləndirir. Bütün bunlar bir daha təsdiqləyir ki, möhtərəm
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu enerji siyasəti
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu getdikcə artırır. Bu gün
ölkəmiz etibarlı, proqnozlaşdırılan və məsuliyyətli enerji tərəfdaşı kimi beynəlxalq
aləmdə böyük etimad qazanıb və bu etimad yeni əməkdaşlıq imkanlarının
yaranmasına zəmin yaradır”.
Parlamentari sonda qeyd edib ki, IV Şuşa
Qlobal Media Forumu bir daha təsdiqlədi ki, Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan yalnız regional deyil, həm də qlobal əhəmiyyət daşıyan məsələlərin
müzakirəsində fəal iştirak edən, dialoqu təşviq edən və etibarlı tərəfdaş kimi
qəbul olunan dövlətdir: “Məhz buna görə də Şuşa artıq təkcə tarixi və mədəniyyət
şəhəri kimi deyil, beynəlxalq media diplomatiyasının, sivilizasiyalararası
dialoqun və qlobal fikir mübadiləsinin mühüm mərkəzlərindən biri kimi tanınır.
Bu cür beynəlxalq tədbirlər bir daha göstərir ki, Azərbaycan sabitliyi, təhlükəsizliyi,
tolerant mühiti və praqmatik xarici siyasəti ilə seçilən ölkədir. Prezident
İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın sülhə, əməkdaşlığa
və qarşılıqlı etimada əsaslanan siyasətinin ardıcıl şəkildə davam etdirildiyini
nümayiş etdirdi. Şuşadan dünyaya ünvanlanan bu mesajlar ölkəmizin beynəlxalq
nüfuzunun daha da möhkəmlənməsinə, Azərbaycan həqiqətlərinin qlobal informasiya
məkanında daha geniş yayılmasına və beynəlxalq ictimaiyyətlə etimad münasibətlərinin
dərinləşməsinə mühüm töhfə verir”.
“Azərbaycan”