Bu qış qar, bərəkət, sevinc gətirsə də, hamımızı sınağa çəkdi. Bir andaca hər tərəfi bürüyən şaxtalı, çovğunlu qar çoxlarını qəfil yaxaladı, onları çətin vəziyyətlə üz-üzə qoydu. Ancaq qarın özü ilə bərabər gətirdiyi fəsadlarla yanaşı, sosial şəbəkələrdə edilən yüzlərlə paylaşım hər birimizin qəlbini isitdi...
Bu paylaşımlar gecə-gündüz keşiyimizi çəkən, həmişə dar günümüzün etibarlı dayağı olan polislərimizin şaxta-qar demədən, çovğuna baxmadan köməksiz vəziyyətdə qalan insanlara yardım etməsi ilə bağlı idi. Onsuz da belə təhlükəli havalarda polis gücləndirilmiş iş rejiminə keçir, amma bu paylaşımlardan da bir daha gördük ki, onlar öz işlərini sadəcə yerinə yetirməli olduqları peşə vəzifəsi kimi yox, xalqımıza, bütövlükdə vətənimizə olan böyük sevgi hissləri ilə can-könüldən həyata keçirirlər.
Çətin hava şəraitində, yolların buz tutduğu təhlükəli vəziyyətdə yol polisi avtomobil sıxlığına qarşı, hərəkətin intensivliyinin təmin edilməsi istiqamətində gecə-gündüz fasiləsiz çalışaraq öz vəzifəsinin öhdəsindən layiqincə gəldi. Biz hətta yayılan görüntülərdə polislərimizin əlləri ilə duz səpərək yolları buzdan təmizləmək cəhdlərinə belə şahid olduq...
Qarlı yollarda qalanlara kömək əli uzatmaqdan, onları ünvanlarına çatdırmaqdan, yaşlılara, qucağı körpəli insanlara yardım etməkdən tutmuş, buzda ilişib qalan avtomobilləri öz əlləri ilə itələyib çıxarmaqlarına qədər polislərimizin fəaliyyəti ilə bağlı hər bir görüntü təqdirəlayiq hadisə oldu.
Onlar bu qarlı havada balaca dostlarımızı, sahibsiz heyvanları da yaddan çıxarmayaraq onları donvurmadan xilas etdilər, sığınacaqla, yeməklə təmin etdilər...
O da xüsusi vurğulanası məqamdır ki, bu qəlb isidən paylaşımların altına yazılan şərhlərin hamısında polislərimizin timsalında qəhrəman Azərbaycan oğulları ilə bağlı duyulan fəxr, qürur hissləri bir daha ifadə olundu.
Respublikanın bütün ərazilərində hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə əlavə heyətlə xidmətini davam etdirən Daxili İşlər Nazirliyinin əməkdaşlarının həyata keçirdiyi qabaqlayıcı tədbirlərin səmərəli nəticəsidir ki, ölkə ərazisində kəskin hava şəraiti ilə əlaqədar ağır, yaxud ölümlə nəticələnən hadisə qeydə alınmayıb. DİN-in "102 Zəng Mərkəzi"nə vətəndaşlar tərəfindən hava şəraiti ilə bağlı minlərlə çağırış daxil olub, kömək istənilib və hər bir çağırış operativ qaydada yerlərdə xidmət edən əməkdaşlara ötürülməklə vətəndaşlara zəruri kömək göstərilib. Çağırışlar əsasən respublikamızın magistral yollarında, xüsusilə dağlıq ərazilərdə hərəkət edən şəxslərlə bağlı olub. Sağlamlıq vəziyyətində problem yaranan şəxslərin polisin xidməti avtomobilləri ilə yaşayış yerlərinə çatdırılması təmin edilib.
Ümumən yanvarın 13-ü axşamdan, yəni havanın pisləşməsindən başlayaraq görülən tədbirlər, əlavə heyətin xidmətə çıxarılması, fasiləsiz iş rejimi, respublikanın bütün bölgələrində, eləcə də işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə təmin edildi.
Bəli, polislərimiz Naxçıvandan Qusara, Astaradan Zaqatalaya, Bakıdan Laçına, Ağdamdan Kəlbəcərə, Şuşadan Xocalıya, Xankəndiyə və digər şəhər, rayonlara qədər bütöv Azərbaycanda bu qarlı, şaxtalı havada fasiləsiz xidmət etdilər.
Həm də Qarabağı, Şərqi Zəngəzuru başdan-başa ağ dona bürüyən bu qarlı havada, uğrunda qanlarını tökdükləri, şəhidlər verdikləri bu torpağın murdar erməni ləkəsindən təmizlənmiş, paklanmış halında, vəzifələrini şərəflə yerinə yetirdilər.
Bütün çətin, təhlükəli hallarda, hər cür hava şəraitində Azərbaycan polisinin gecə-gündüz, ayıq-sayıq xalqımızın təhlükəsizliyinin etibarlı keşiyində olmasının sayəsində insanlarımız növbəti qış sınağından da heç bir problemlə üzləşmədən, sağ-salamat çıxdılar.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"