Sənaye parkları ölkə iqtisadiyyatına investorların cəlb edilməsi ilə bağlı böyük imkanlar yaradır. Bu imkanlar qeyri-neft sektorunun inkişafına birbaşa təsir göstərən amillərdəndir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan iqtisadi strategiya çərçivəsində sənayenin inkişafına yönəlmiş sistemli və ardıcıl tədbirlər, genişmiqyaslı islahatlar ölkənin dayanıqlı yüksəlişini formalaşdırıb. Artıq təkcə Bakı deyil, Sumqayıt, Gəncə, Mingəçevir kimi şəhərlər də sənaye mərkəzlərinə çevrilib. Hər üç şəhərdə onlarca müasir sənaye müəssisəsi yaradılıb ki, bu da Azərbaycanın idxaldan asılılığını azaldaraq ixrac potensialını yüksəldib. Həmin yüksəlişi təmin edən faktorlar sənayenin yeni inkişaf mərhələsinə qədəm qoymasıdır.
Ölkəmizdə Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və Cəbrayıl rayonunda yerləşən "Araz Vadisi İqtisadi Zonası" sənaye parkları yaradılıb. Qeyd olunan 6 sənaye parkı ilə yanaşı, Sabirabad, Masallı, Neftçala və Hacıqabulda 4 sənaye məhəlləsi, həmçinin 50-yə yaxın aqropark fəaliyyət göstərir. Sənaye parkları iri sahibkarlıq subyektləri, sənaye məhəllələri isə kiçik və orta sahibkarlıq üçün nəzərdə tutulub. Sənaye parklarında infrastukturla təmin edilmiş torpaq sahələri rezidentlərə uzunmüddətli icarəyə verildiyi halda, sənaye məhəllələrində həm torpaq sahələri, həm də hazır tikililər uzunmüddətli icarəyə verilir. Sənaye məhəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrasturktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazilərdir.
Təbii ki, sənaye parklarının coğrafi baxımdan doğru seçilməsi, nəqliyyat-kommunikasiya çıxışlarına yaxın olması kimi məsələlər də önəmlidir. Qeyd edək ki, sənaye parkları mükəmməl rabitə, nəqliyyat, elektrik enerjisi infrastrukturuna və işçi qüvvələri ehtiyatına malik olan ərazilərdə yerləşir. Bunlar da həm investisiya cəlbediciliyini artırır, həm də investisiya layihələrinin inkişafına təkan verir. Üstəlik də, kiçik və orta biznes müəssisələrinin gəlir əldə etməsi imkanlarını asanlaşdırır. Bu mənada Azərbaycanda sənaye parklarının yaradılması, sənaye məhəllələrinin salınması istiqamətində qəbul edilən qərarlar vaxtın tələbindən irəli gələn, zamanla ayaqlaşan yanaşmadır ki, bu da yaxın gələcəkdə öz bəhrəsini daha ciddi şəkildə göstərəcək.
Dünya təcrübəsi göstərir ki, sənaye parkları, azad zonalar, daha doğrusu, xüsusi ayrılmış ərazilər öz təyinatlarına uyğun fəaliyyət göstərir və onlara güzəştlər tətbiq olunur. Həmin güzəştlərin məqsədi parkların inkişafını sürətləndirmək, investisiya, sahibkar və rezident cəlb etməkdir. Bu gün Azərbaycanda bütün sənaye parkları və sənaye məhəllələri innovativ texnologiyaların tətbiqi, ən müasir infrastruktur təminatı və ən asan nəqliyyat-kommunikasiya şərtləri ilə fəaliyyət göstərirlər. Son vaxtlar görülən işlərin sürəti onu deməyə əsas verir ki, gələcək illərdə sənaye park və məhəllələrində yaradılan müəssisələr əlverişli şərtlərdən bəhrələnərək idarəedici qurumlardan asılılığa son qoya biləcəklər. Özəl sektorun inkişafına önəm verən dövlət özəl biznesi həvəsləndirmək üçün bütün mümkün variantlardan istifadə edir. Azərbaycanın sənaye parklarında həm istehsal, həm tədarük, həm də idxal məsələlərinin cəmləşməsi çox böyük üstünlükdür. Bu, əmək məhsuldarlığının yüksək olmasına yol açır və vaxt itkisini aradan qaldırır.
Məhz bu səbəbdən də iki ay əvvəl "BIK Ratings" Reytinq Agentliyinin hazırladığı sənaye parklarının reytinq siyahısında ilk onluğa İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Mingəçevir Sənaye Parkı (3-cü yer), Pirallahı Sənaye Parkı (7-ci yer) və Qaradağ Sənaye Parkı (10-cu yer) daxil olublar. Əslində, bu uğurun arxasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli və ardıcıl tədbirlər dayanır. Adları çəkilən bu parklar səkkiz ildir fəaliyyət göstərirlər. Şübhəsiz, qarşıdakı illərdə həmin sənaye parklarının adını daha böyük uğurlar yazılmış beynəlxalq reytinq cədvəllərində də görə biləcəyik. Amma bu o demək deyil ki, digər sənaye parkları adları çəkilən parklardan geridə qalırlar. Əlbəttə, yox. Bir çox göstəricilər var ki, onlar daha öndədirlər.
"BIK Ratings" Reytinq Agentliyinin reytinq cədvəlində yeddinci yerdə qərar tutan Pirallahı Sənaye Parkı fəaliyyətə başladığı gündən ölkədə əczaçılıq sənayesinin inkişafı, bu sahədə idxaldan asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsi və məşğulluğun artırılması məqsədinə xidmət edir. 30 hektar ərazidə yaradılmış parkda sahibkarlar ən zəruri infrastrukturla (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) təmin olunublar. Bu ilin mart ayında Pirallahı Sənaye Parkının rezidentləri olan "Diamed Co" MMC, "R-Pharm" MMC, "İFFA" MMC, "Absheron Saffron Ltd" MMC və "Medtest" MMC-dən sonra daha biri də əlavə olundu - "AzMedPlant" MMC. Sadalanan MMC-nin hər biri bu günə kimi profillərinə uyğun istehsalla məşğul olaraq ölkə iqtisadiyyatına çox böyük fayda verirlər. Pirallahı Sənaye Parkının fəaliyyəti əczaçılıq sənayesinin inkişafına, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsinə, yerli istehsalın və məşğulluğun artımına bir təkandır. Bir sözlə, Pirallahı Sənaye Parkı dayanmadan istehsal gücünü artırır, sıx əlaqələr qurur, indidən gələcəyin möhkəm zəminini qoyur.
Bu günlərdə "Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ) və Türkiyənin "Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş" şirkəti arasında tərəfdaşlıq və birgə iştirak müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Pirallahı Sənaye Parkının ərazisində qabaqcıl texnologiyalara əsaslanan, illik istehsal gücü ilkin mərhələdə 35 milyon qutu təşkil edəcək yeni zavod tikiləcək. İqtisadiyyat naziri Mikayıl Cabbarov bununla bağlı belə deyib: "Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, sıx əməkdaşlıq və strateji müttəfiqlik münasibətləri dövlət başçılarımız cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın yorulmaz səyləri nəticəsində bu gün ən yüksək zirvədədir. Siyasi əlaqələrin yüksək səviyyədə olması biznes fəaliyyətinin də gücləndirilməsinə möhkəm zəmin yaradır, birgə təşəbbüslər uğurla reallaşdırılır". Nazir daha sonra bildirib ki, Azərbaycanda əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir infrastrukturun yaradılması mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə əczaçılıq sənayesinin inkişafı məqsədilə yaradılmış Pirallahı Sənaye Parkında bir sıra güzəştlər tətbiq olunur. Azərbaycan İnvestisiya Şirkəti və Türkiyənin dərman istehsalı sahəsində ixtisaslaşan "Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş" şirkəti arasında Pirallahı Sənaye Parkında əczaçılıq məhsulları zavodunun tikilməsi layihəsi reallaşdıqdan sonra ölkədə bir sıra əczaçılıq məhsullarına tələbat yerli istehsal hesabına ödəniləcək, idxaldan asılılıq azaldılacaq. Zavodda 42 adda müxtəlif doza və qablaşdırma olmaqla 100 növ məhsulun istehsalı nəzərdə tutulub. Layihənin ilkin investisiya dəyəri 35 milyon dollar təşkil edir. Layihə çərçivəsində 100-dən artıq daimi iş yeri yaradılacaq. Perspektivdə dərman vasitələrinin "Made in Azerbaijan" brendi ilə region ölkələrinə ixracı planlaşdırılır.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"