03 Oktyabr 2023 09:10
806
PARLAMENT
A- A+
Parlamentin payız sessiyası öz işinə başladı

Parlamentin payız sessiyası öz işinə başladı

 

Oktyabrın 2-də Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirilib. Milli Məclisin Sədri Sahibə Qafarova sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Milli Məclisin Sədri xatırladıb ki, sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirləri həyata keçirilib. Nəticədə Azərbaycan ərazisində qanunsuz qalan Ermənistan silahlı birləşmələri və terrorçu qruplar darmadağın edilib, Ermənistanın dəstəyi ilə yaradılan kriminal xunta rejiminin fəaliyyətinə son qoyulub.  Azərbaycanın suverenliyi onun bütün ərazisində bərpa edilib. Bu möhtəşəm uğur 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin məntiqi davamı və yekunu  olub.  Spiker xalqımıza yeni böyük qələbə sevincini yaşadan Prezidentimiz və müzəffər sərkərdəmiz İlham Əliyevə, qəhrəman əsgər və zabitlərimizə bir daha sonsuz minnətdarlıq ifadə edib. 
Sahibə Qafarova əlavə edib ki, təəssüf ki, müharibə itkisiz olmur. Spikerin təklifi ilə antiterror tədbirləri zamanı, eləcə də Birinci və İkinci Qarabağ müharibələrində, digər döyüş əməliyyatlarında Vətən və xalq yolunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi  1  dəqiqəlik sükutla yad edilib. 
Milli Məclisin Sədri Qarabağda həyatın normal axarına qayıtması, erməni milliyyətli sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün görülən tədbirlərin də uğurla başa çatacağına əminliyini bildirib. Deyib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması perspektivi indi daha realdır və Cənubi Qafqazda sabitliyin bərqərar ediləcəyi gün uzaqda deyil. Azərbaycan dövləti buna çalışır və  biz qarşı tərəfdən də eyni yanaşmanı gözləyirik. Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətində söylədiyi bu sözlər, düşünürəm ki, hər bir azərbaycanlının fikrini ifadə edir: "Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. 
... Bununla bərabər, onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, "dəmir yumruq" yerindədir və hər zaman yerində olacaq! 
Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!" 
Spiker qeyd edib ki, ötən dövrdə Milli Məclisin həyatında, təəssüf ki, kədərli hadisələr də baş verib. İyulun 14-də parlamentin ən təcrübəli deputatlarından biri olan Madər Musayev dünyasını dəyişib. Madər müəllimin altı çağırış Milli Məclisin deputatı seçilməsi xalqın ona bəslədiyi hörmət və inamın bariz ifadəsi idi. 28 ilə yaxın dövrdə o, seçicilərini parlamentdə layiqincə təmsil etmişdi. Madər Musayev özünün vətəndaşlıq mövqeyi və fəaliyyəti  ilə cəmiyyətdə birlik və həmrəyliyin möhkəmlənməsinə, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına töhfə verirdi. O, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət", "Şərəf" və 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif edilmişdi.  
Sentyabrın 28-də isə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva haqq dünyasına qovuşub. Qənirə xanım parlaq və mənalı bir ömür yolu keçmiş, bütün bilik və bacarığını, istedad və qabiliyyətini xalqına və dövlətinə həsr etmişdir. Qənirə Paşayeva 2005-ci ildən bəri ardıcıl dörd çağırış Milli Məclisin deputatı seçilmişdi. Milli Məclisin qanunvericilik və qanunyaratma fəaliyyətində, beynəlxalq əlaqələrində yaxından iştirak etməklə yanaşı, Qənirə xanım seçicilərinin qayğılarına həssas münasibəti ilə böyük hörmət və nüfuz qazanmışdı. 
Qeyd olundu ki, mərhum həmkarlarımız Madər Musayev və Qənirə Paşayeva haqqında düşünərkən gözlərimiz önündə yüksək mənəvi keyfiyyətləri və mədəniyyəti, alicənablığı və  xeyirxahlığı ilə seçilən Azərbaycan ziyalılarının nurlu obrazları canlanır. Onlar bizim yaddaşımızda belə də qalacaqlar. 
Spikerin təklifi ilə Madər Musayevin və Qənirə Paşayevanın əziz xatirələri birdəqiqəlik sükutla yad edilib və Allahdan hər ikisinə rəhmət diləkləri ifadə olunub.
Sonra Sahibə Qafarova xatırladıb ki, bu ilin yaz və növbədənkənar sessiyalarında 23 iclas keçirilib, 195 qanun və qərar qəbul edilib. Milli Məclis dövlət başçısı cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək üçün lazımi tədbirləri görüb. 
Parlamentin beynəlxalq fəaliyyəti sessiyalardan sonrakı dövrdə də uğurla davam edib. Bu ərəfədə Milli Məclisin 34 deputatı 23 ölkəyə 41 səfər həyata keçirib, üzv olduğumuz beynəlxalq təşkilatların toplantılarında iştirak və çıxış ediblər. Millət vəkillərimiz Özbəkistanda keçirilən Prezident seçkilərini və Kambocada keçirilən parlament seçkilərini müşahidə ediblər. 15 ölkənin və 2 beynəlxalq təşkilatın 20 nümayəndə heyəti, o cümlədən 2 ölkənin parlament sədri, ümumən, 193  nəfər xarici qonaq Milli Məclisdə olub. 
Milli Məclis Asiya Parlament Assambleyasının Sosial və mədəni məsələlər daimi komitəsinin iclasına evsahibliyi edib. Azərbaycan və Gürcüstan parlamentlərinin Mədəniyyət komitələri arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. 
Ötən dövrdə Milli Məclis Sədrinin rəhbərliyi ilə nümayəndə heyətləri Bolqarıstanda rəsmi səfərdə, Macarıstan, Kuba və İrlandiyada işgüzar səfərlərdə olublar. Sentyabrın 11-13-də Bolqarıstana rəsmi səfər çərçivəsində ölkə Prezidenti Rumen Radev, Milli Assambleyanın Sədri  Rosen Jelyazkov, Baş nazir Nikolai Denkov ilə görüşlər keçirilib. Görüşlərdə 44 günlük Vətən müharibəsində qələbədən sonra bölgədə yaranmış vəziyyət, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, sülh gündəliyinin irəli aparılması üçün Azərbaycanın göstərdiyi səylər, dövlətimizin ərazi bütövlüyünə və suverenliyinə qarşı törədilən siyasi-hərbi  təxribatlar haqqında həmsöhbətlərə məlumat verilib. Parlamentlərarası əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub. 
Nümayəndə heyətimiz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Türkiyə Respublikasının qurulmasının 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib, eləcə də Sofiya Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzini  ziyarət edib. 
Sentyabrın 14-də Macarıstana işgüzar səfərdə məqsəd  5-ci Budapeşt Demoqrafik Sammitində iştirak etmək idi. Spiker bildirib ki, o, "Ailə təhlükəsizliyin açarıdır" mövzusunda keçirilən müzakirələrdə çıxışı zamanı ölkəmizdə ailə dəyərlərinə hörmət, dövlətimizin ailə siyasəti barədə danışıb. Ermənistanın işğalçılıq siyasətinin ailə institutuna destruktiv təsirləri haqqında geniş məlumat verib. 
Macarıstan Prezidenti Katalin Novak ilə keçirilən görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlıq və dostluq əlaqələrinin inkişafından məmnunluq ifadə edib. Ölkələrimizin  əməkdaşlıq gündəliyinin kifayət qədər zəngin olduğu qeyd edilib. Parlamentlərimizin bir çox beynəlxalq parlament təşkilatlarında uğurlu iş birliyindən danışılıb. 
Sentyabrın 15-də Kuba Respublikasına işgüzar səfəri barədə danışan spiker qeyd edib ki, həmin gün ölkənin paytaxtı Havana şəhərində G77+Çin Qrupunun Zirvə görüşü keçirilirdi. O deyib ki, sammit çərçivəsində "Elm, texnologiya və innovasiyanın rolu" mövzusunda keçirilən müzakirələrdə çıxış edib. Ölkəmizin Davamlı İnkişaf üzrə 2030 Gündəliyinin həyata keçirilməsinə sadiq olduğunu qeyd edib. BMT-yə üç Könüllü Milli İcmal Hesabatı təqdim etmiş ölkələr siyahısında məhz Azərbaycanın region ölkələri arasında birinci, dünyada isə 12 ölkədən biri olduğunu iştirakçıların nəzərinə çatdırıb. 
Həmin tədbirdə spiker Dayanıqlı İnkişaf Məqsədlərinin ölkəmiz üçün xüsusi önəmi, bərpaolunan enerji ilə bağlı bir sıra layihələrin icrası və Azərbaycanda işğaldan azad olunan torpaqlarda aparılan quruculuq işləri haqqında məlumat verib.
Səfər zamanı Kuba Xalq Hakimiyyəti Milli Assambleyasının sədri Xuan Esteban Lazo Hernandes ilə görüşdə dövlətlərarası münasibətlərin inkişafında parlamentlərin rolu ilə bağlı məsələlər nəzərdən keçirilib.  
Sentyabrın 27-29-da İrlandiyanın paytaxtı Dublin şəhərinə işgüzar səfərdə məqsəd Parlament Sədrlərinin Avropa Konfransında iştirak etmək idi. Spiker konfransdakı çıxışında ictimai təmsilçilik məsələləri ilə bağlı Azərbaycanın təcrübəsi və əldə etdiyi nəticələr barədə fikirlərini bölüşdüyünü diqqətə çatdırıb. 
O deyib ki, Ermənistan spikerinin böhtanlar üzərində qurulmuş çıxışına cavab olaraq suverenlik və ərazi bütövlüyü prinsiplərinin əhəmiyyətindən danışıb. Xatırladıb ki, Azərbaycan 2020-ci ildə ərazilərini 30 illik erməni işğalından azad etdikdən sonra Ermənistanla münasibətləri normallaşdırmaq və beynəlxalq hüquqa əsaslanan sülh müqaviləsi imzalamaq təşəbbüsü ilə çıxış edib. Spiker qeyd edib ki, tədbirdə sentyabrın 19-da Ermənistanın növbəti hərbi təxribata əl atması nəticəsində hərbi qulluqçularımızın və mülki vətəndaşımızın həlak olduğunu bildirib. Qeyd edib ki, bu təxribatlara cavab olaraq Azərbaycan qanunsuz hərbi birləşmələri və hərbi infrastrukturu hədəf alan lokal antiterror tədbirləri həyata keçirib. Sahibə Qafarova onu da deyib ki, tədbirdə artıq Qarabağ bölgəsinin erməni sakinlərinin cəmiyyətimizə reinteqrasiyasına başlandığını diqqətə çatdırıb. Bir daha vurğulayıb ki, erməni sakinlərin bütün hüquqları və təhlükəsizliyi Konstitusiyaya və Azərbaycanın qoşulduğu beynəlxalq mexanizmlərə uyğun olaraq təmin ediləcək. 
Səfər zamanı ikitərəfli görüşlər də keçirilib. İrlandiya Parlamenti Nümayəndələr Palatasının sədri Şon Oferghail, Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk ilə görüşlərdə parlamentlərarası əməkdaşlığın inkişaf yolları müzakirə edilib. 
Həmçinin Fransa Milli Assambleyasının sədri ilə görüş olub. Spiker Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivet ilə görüşdə Fransanın Azərbaycan barəsində nümayiş etdirdiyi qərəzli mövqe barəsində fikirlərini bildirib. O, Fransa parlamentinin Azərbaycanla Ermənistan arasında sülh prosesinə mənfi təsir göstərən, dövlətimizin suverenliyini və ərazi bütövlüyünü şübhə altına alan, separatizmi dəstəkləyən, revanşist qüvvələrə cəsarət verən  bir çox qətnamələr qəbul etdiyini xatırladıb. Qarabağ bölgəsində həyata keçirilən antiterror tədbirləri zamanı yalnız qanunsuz hərbi birləşmələrə və legitim hərbi hədəflərə zərbələr endirildiyini qeyd edib. Bildirib ki, Qarabağın erməni sakinlərinə birbaşa təhdidin olması və onlara qarşı kütləvi zorakılıq törədildiyi barədə xəbərlərin doğru olmadığı hamılıqla etiraf edilib. Eyni zamanda bildirib ki, artıq Qarabağ bölgəsində erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası üçün onların nümayəndələri ilə üç görüş keçirilib. Görüşdə spiker bir daha vurğulayıb ki, Azərbaycan dövləti erməni sakinlərin hüquqlarını və təhlükəsizliyini ölkəmizin qanunvericiliyinə və beynəlxalq müqavilələrə müvafiq surətdə təmin edəcək.
Spiker onu da bildirib ki, payız sessiyası ərəfəsində Milli Məclisdə iki dinləmə keçirilib. Milli Məclisin Sədri çıxışının sonunda xarici ölkələrə səfərlərində onunla birlikdə iştirak edən  həmkarlarına minnətdarlığını bildirib.  
Sonra iclasın gündəliyi təsdiqlənib və cari məsələlərin müzakirəsinə başlanılıb. Deputatlar cari il 19-20 sentyabr tarixlərində ölkəmizin həyata keçirdiyi antiterror tədbirləri barədə fikirlərini bölüşüblər. Azərbaycanın Qarabağda separatçı erməni qüvvələrinə qarşı həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin az bir müddət ərzində uğurla başa çatdığını deyən millət vəkilləri, ölkəmizin ərazi bütövlüyünün tam bərpa edildiyini və suverenliyinin bərqərar olduğunu, bunun regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etdiyini vurğulayıblar. 
Millət vəkilləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan xalqının dəstəyi, ordumuzun qəhrəmanlığı və şücaəti nəticəsində işğala son qoyulduğunu, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulduğunu söyləyiblər. Deputatlar bu gün də davam edən Ermənistanın Azərbaycana qarşı əsassız ittihamlarını rədd edərək, informasiya müharibəsində səylərimizi əsirgəməməyin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ardıcıl fəaliyyət göstərməyin vacibliyindən danışıblar. Çıxışlarda Qarabağın erməni əhalisinin Azərbaycana reinteqrasiyası, Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmalarının reallaşması və digər məsələlərə toxunulub.
Müzakirələrdə çıxış edən Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, dostluq qruplarının hər bir üzvü üzv olduqları parlamentlərarası əlaqələr üzrə işçi qruplarının adından həmin ölkələrin dostluq qruplarına məktub yazmalıdır. O deyib ki, hər bir parlament üzvü dostluq qruplarına, beynəlxalq təşkilatlara dəfələrlə məktublar göndərməli, bununla yanaşı, yalanların qarşısını almaq üçün beynəlxalq mediada, şəbəkələrdə fəal olmalıdır.
Sonra Milli Məclisin Sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, bugünkü iclasda 18 məsələ müzakirə olunacaq. O qeyd edib ki, gündəliyin birinci məsələsi Milli Məclisin qərar layihəsidir.
İlk olaraq  Milli Məclisin 2023-cü il payız sessiyasının qanunvericilik işləri planı haqqında Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.
Milli Məclisin Sədri Sahibə Qafarova növbəti 10 məsələnin hökumətlərarası sazişlərin və digər beynəlxalq sənədlərin təsdiq edilməsi ilə bağlı olduğunu söyləyib. 
İclasda Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş"in təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası Hökuməti və Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi (TürkPA Katibliyi)  arasında yerləşmə haqqında Saziş"ə dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında 2023-cü il 24 fevral tarixli Saziş"ə dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında, "Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə On Birinci Əlavə Protokol"a qoşulmaq haqqında, "Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə Üçüncü Əlavə Protokol"a qoşulmaq haqqında,  "Ümumdünya Poçt Konvensiyası"na və "Ümumdünya Poçt Konvensiyasının Yekun Protokolu"na qoşulmaq haqqında, "Poçt ödəniş xidmətləri haqqında Saziş"ə və "Poçt ödəniş xidmətləri haqqında Saziş"in Yekun Protokolu"na qoşulmaq barədə, "Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında" Konvensiyada dəyişiklik edilməsinə dair Protokol"a qoşulmaq barədə və "Beynəlxalq Əmək Təşkilatının Nizamnaməsində dəyişiklik edilməsi haqqında 1986-cı il tarixli sənəd"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunlarının layihələri təsdiq olunub. 
Qısa fasilədən sonra Milli Məclisin iclası davam edib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında" qanun layihəsini (birinci oxunuş) təqdim edib.
Komitə sədri Rəqabət Məcəlləsinin ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunduğunu bildirib. O, rəqabətin iqtisadi sistemin effektivliyinin artması ilə bağlı əhəmiyyətindən danışıb. Rəqabətin dövlət tənzimləməsi, bazardakı bütün iştirakçıların maraqlarının qorunması baxımından vacibliyini qeyd edib. Dövlətin bu sahədə əsas rolunun ədalətin təmin olunması, cəmiyyətin hüquqlarının müdafiəsi və bazar iqtisadiyyatının fəaliyyəti üçün əlverişli mühitin yaradılması olduğunu deyib. Diqqətə çatdırılıb ki, Azərbaycanda bazar iqtisadiyyatına keçid Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə başlayan özəlləşmə proqramı ilə geniş vüsət alıb. Qeyd olunub ki, bazar iqtisadiyyatının mühüm elementlərindən olan rəqabət və istehlakçı hüquqlarının qorunması məqsədi ilə 1995 və 1998-ci illərdə o dövr üçün aktual olan "Haqsız rəqabət haqqında" və "İstehlakçıların hüquqlarının qorunması haqqında" qanunlar qəbul edilib. Bildirilib ki, son on il ərzində Prezident İlham Əliyevin apardığı ardıcıl islahatlar nəticəsində ölkədə rəqabət mühiti xeyli münbitləşmiş, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyi yüksəlmişdir. Aparılan islahatlar sahibkar-dövlət münasibətlərində etimadı yüksəldərək, sahibkarlıq mühitində şəffaflığı artırmışdır.
Tahir Mirkişili bildirib ki, təqdim olunan Rəqabət Məcəlləsi 12 fəsil, 84 maddədən ibarətdir. Sənədin qəbulu inhisara qarşı mübarizə, qiymətlərin optimallaşdırılması, bir sıra məhsullar üzrə qiymətlərin azaldılması baxımından əhəmiyyətlidir. Sənəddə rəqabət sahəsində bazar subyektlərinin vəzifələri və hüquqları, rəqabəti məhdudlaşdıran sazişlər, rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyət sanksiyaları və digər məsələlər öz əksini tapıb. 
Qeyd edilib ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi ilə üç qanunun - "Haqsız rəqabət haqqında", "Antiinhisar fəaliyyəti haqqında" və "Təbii inhisarlar haqqında" qanunların ləğv edilməsi təklif olunur. 
Komitə sədri Siyavuş Novruzov, deputatlar Razi Nurullayev, Etibar Əliyev, Vahid Əhmədov, Vüqar Bayramov, Aydın Hüseynov, Əli Məsimli, Müşfiq Cəfərov, Fazil Mustafa, Qüdrət Həsənquliyev Məcəllə barədə öz fikirlərini və bəzi qeydlərini açıqlayıblar. 
Müzakirələrin sonunda "Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında" qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov  "Energetika haqqında" qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. O bildirib ki, qanun layihəsi "Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" Azərbaycan Prezidentinin 2019-cu il 29 may tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə hazırlanıb. Komitə sədri qüvvədə olan "Energetika haqqında" qanunun 1998-ci ildə qəbul edildiyini deyərək bildirib ki, ötən müddət ərzində dünyada energetika sektorunda baş vermiş inkişaf və dəyişikliklər, həmçinin ölkəmizin energetika sektorunda qonşu ölkələr və Avropa ölkələri ilə əməkdaşlığının inkişafı istiqamətində görülmüş işlər bu sahədə beynəlxalq təcrübəyə uyğun yeni qanunun qəbul edilməsini zəruri edir.
Yeni qanun layihəsi energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarını, habelə enerji təhlükəsizliyinin təmin edilməsinin, sağlam rəqabət mühitinin formalaşdırılmasının, davamlı iqtisadi inkişafın dəstəklənməsinin, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsinin mexanizmlərini müəyyənləşdirir.
Müzakirələrdə çıxış edən komitə sədri Tahir Rzayev, deputatlar Vüqar Bayramov, Asim Mollazadə, Fəzail Ağamalı sənədin əhəmiyyətindən bəhs ediblər.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
İclasda "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) də müzakirə olunub. Bildirilib ki, layihə lisenziyanın verilməsi şərtlərinin Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən tələblərlə, icazələrin verilməsi şərtlərinin isə Azərbaycan qanunları və digər normativ-hüquqi aktları ilə müəyyən edilən tələblər əsasında tənzimlənməsini müəyyənləşdirir. Dəyişikliklərdə qüvvədə olan qanunda bəzi dəqiqləşdirmələrin aparılması və digər normativ-hüquqi aktlara uyğunlaşdırılması da nəzərdə tutulur. 
Qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Notariat haqqında" və "İnzibati icraat haqqında" qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. O qeyd edib ki, sənəd "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 2022-ci il 2 dekabr tarixli 665-VIQD nömrəli Qanunun icrası ilə əlaqədar hazırlanıb. Həmin Qanunun qəbul edilməsi ilə "İcra haqqında" Qanunun 7-ci maddəsində icra sənədləri üçün müəyyən edilən tələblərdə dəyişiklik edilərək, icra sənədlərində göstərilməli olan bəzi məlumatlar dəqiqləşdirilir, həmçinin icra sənədlərində məcburi icranı asanlaşdıra biləcək bir sıra əlavə məlumatların göstərilməli olduğu müəyyən edilir.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Parlamentin sədri Sahibə Qafarova növbəti iki məsələnin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib. 
Hüquq siyasət və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov bu qanun layihələri barədə məlumat verib. "Polis haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı bildirilib ki, layihə daxili işlər orqanları üçün kadr hazırlayan təhsil müəssisələrində təhsil alan şəxslərin digər xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan şəxslər kimi kursant adlandırılması məqsədilə hazırlanıb. Sənəddə "müdavimləri" sözünün "kursantları" sözü ilə əvəz edilməsi təklif olunur.
Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə qanun layihəsi daxili işlər orqanları üçün kadr hazırlığı sahəsinin hüquqi tənzimlənməsi məqsədilə hazırlanıb. Layihədə müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı ali təhsil müəssisəsinin bakalavriat səviyyəsinə qəbul ediləcək şəxslərlə daxili işlər orqanlarında xidmətkeçmə haqqında müqavilənin bağlanılması nəzərdə tutulur. Bu müqavilədə digər məsələlərlə yanaşı, şəxslərin təhsili başa vurduqdan sonra 7 il müddətində daxili işlər orqanlarında xidmət keçmək vəzifəsi, habelə təhsili başa vurduqdan sonra daxili işlər orqanlarında xidmət keçmək istəməyən, yaxud həmin müddətdə öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxan şəxslərin müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı ali təhsil müəssisəsində onların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəmək öhdəliyi qeyd olunacaq. 
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. O qeyd edib ki, "Peşə təhsili haqqında" qanunun 20.8-ci maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər,  əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Bildirilib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə sosial dəstək tədbirləri dövlət siyasətinin əsas prioritetlərindən olduğu üçün, təklif olunan layihədə məhz bu kateqoriyadan olan "Müharibə veteranı" adı almış şəxslərin də dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqlarının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi  nəzərdə tutulur.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!