Dekabrın 30-da parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında son iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda əvvəlcə cari məsələlər ətrafında müzakirələr aparılıb.
Müzakirələrdə parlamentin komitə sədrləri Zahid Oruc, Hicran Hüseynova, Tahir Rzayev, deputatlar Bəhruz Məhərrəmov, Günay Əfəndiyeva, Ceyhun Məmmədov, Vüqar Bayramov, Göydəniz Qəhrəmanov, Vüqar İskəndərov, Vasif Qafarov çıxış edərək fikirlərini bölüşüblər.
Deputatlar 2025-ci ilin Azərbaycan xalqı üçün siyasi, iqtisadi və sosial sahələrdə bir çox mühüm əhəmiyyətli nailiyyətlərlə yadda qaldığını söyləyiblər. Dövlətin ali məqsədlərinin, milli prioritetlərinin həyata keçirilməsi baxımından vacibliyindən bəhs ediblər. Bildirilib ki, ölkə Prezidentinin uğurlu siyasəti nəticəsində əldə etdiyimiz qələbə daha da möhkəmlənib, Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri daha da sürətlənib.
Vurğulanıb ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda üçtərəfli görüşün keçirilməsi və Sülh müqaviləsinin paraflanması cari ilin önəmli hadisələrindən hesab olunur. Bu gün Azərbaycan-Ermənistan münasibətləri yeni mərhələyə qədəm qoyur, münasibətlərin normallaşması üçün əməli addımlar atılır.
Çıxışlarda cari ildə ölkəmizdə iqtisadi artım tempinin qorunub saxlanması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması sahəsində islahatların davam etdirilməsi təqdirəlayiq hesab olunub.
Dövlətimizin hərtərəfli inkişafı naminə ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi, həyatın bütün sahələrində aparılan islahatların qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində Milli Məclisin rolu vurğulanıb, parlament diplomatiyası çərçivəsində səmərəli fəaliyyətin davam etdirildiyi bildirilib.
Eyni zamanda vurğulanıb ki, cari ildə Prezidentin təşəbbüsü ilə 20 min vətəndaşı əhatə edən Amnistiya aktının tətbiq edilməsi dövlətimizin humanist siyasətinin və hüquqi dövlət prinsiplərinə sadiqliyinin növbəti göstəricisidir.
Müzakirələr zamanı Prezidentin müvafiq sərəncamı ilə 2026-ci ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan edildiyi və bunun ölkəmizin davamlı inkişaf və müasirlik strategiyasının mühüm tərkib hissəsi olduğu bildirilib.
Millət vəkilləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə təbriklərini çatdırıblar, növbəti ildə dövlətimizə və xalqımıza yeni-yeni müvəffəqiyyətlər arzulayıblar.
Sonra parlamentin Sədri Sahibə Qafarova iclasın gündəliyinə 15 məsələnin daxil edildiyini söyləyib. O, ilk 2 məsələnin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və beynəlxalq sənədlərin təsdiq edilməsi barədə qanun layihələri olduğunu deyib. Spiker bu sənədlərin "Normativ hüquqi aktlar haqqında" konstitusiya qanununun tələbinə uyğun olaraq bir oxunuşda baxılıb, qəbul ediləcəyini bildirib.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev "Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. O bildirib ki, Sazişin əsas məqsədi iki dövlət arasında diplomatik münasibətlərin inkişaf etdirilməsi və rəsmi səfərlərin sadələşdirilməsidir.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Zaur Şükürov "Azərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib.
O diqqətə çatdırıb ki, Sazişin müvafiq maddələrində hər iki tərəfin etibarlı diplomatik və xidməti pasportlara malik vətəndaşlarının vizadan azad olunması, tərəflərin ərazisində vizasız qalma müddətləri, əmək fəaliyyəti ilə məşğul olmaq qaydaları müəyyən edilir. Sazişə əsasən, etibarlı diplomatik və xidməti pasportlara malik bir tərəfin vətəndaşları digər tərəfin ərazisinə vizasız daxil ola, oradan tranzit keçə, oranı tərk edə və hər 180 gün ərzində 90 gündən artıq olmayan müddətdə orada qala bilərlər.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov "Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. O, nəzərə çatdırıb ki, layihədə respublikamızda minatəmizləmə fəaliyyətinin istiqamətləri, hüquqi və təşkilati əsasları, minatəmizləmə işlərini həyata keçirən şəxslərin hüquqi və sosial müdafiəsi, minalardan zərərçəkmiş şəxslərə yardımın göstərilməsi üzrə münasibətləri tənzimləmək üçün bəzi qanunlarda uyğunlaşdırma məqsədilə bir sıra dəyişikliklərin edilməsi təklif olunur.
Sənədə əsasən, Vergi Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Heyvanlar aləmi haqqında", "Gömrük tarifi haqqında", "Psixoloji yardım haqqında", "Standartlaşdırma haqqında", "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanunlarda müvafiq dəyişikliklər nəzərdə tutulub.
Dəyişikliklər barədə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu komitələrin rəylərini açıqlayıblar.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
İclasda Azərbaycan Respublikasının bir sıra digər qanunlarında və məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələri də üçüncü oxunuşda qəbul edilib.
Sonra Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Milli Məclis soydaşlarımıza və həmvətənlərimizə müraciət edir və gündəliyin sonuncu məsələsi məhz Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqındadır. Spiker müraciətin mətninin hazır olduğunu bildirib və onu səsləndirmək üçün deputat Zaur Şükürova söz verib.
Deputat Zaur Şükürov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətini oxuyub.
Sonra müraciət səsə qoyularaq qəbul edilib.
(Müraciətin mətni qəzetin bugünkü nömrəsində dərc olunub.)
Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, payız sessiyasının son iclasıdır və biz həm sessiyaya, həm də ilə yekun vururuq.
Spiker qeyd edib ki, ənənəvi olaraq sessiya və il ərzində görülmüş işlər haqqında məlumat verilir. O, Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci ildə fəaliyyətinə dair məlumatı slaydlar vasitəsilə təqdim edib.
Milli Məclisin Sədri diqqətə çatdırıb ki, yola saldığımız il ölkəmizin həyatı üçün xüsusi əhəmiyyət daşıyan bir dövrə təsadüf etdi. Prezident İlham Əliyevin 2025-ci ili "Konstitusiya və Suverenlik İli" elan etmək barədə qərarı dövlət hakimiyyəti sisteminin, o cümlədən qanunvericilik orqanının işinə əlavə məna və dəyər ölçüsü gətirdi.
Spiker qeyd edib ki, "Konstitusiya və Suverenlik İli" çərçivəsində Milli Məclisin təşkilatçılığı ilə 18 tədbir keçirilib. Milli Məclisin Sədri onlardan bəzilərini vurğulayaraq bildirib ki, mayın 8-də parlamentin xüsusi iclası "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusuna həsr olunmuşdu. İclasda ilk Konstitusiyamızın qəbul edilməsi, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının qələbələrlə başa çatdırılması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması kimi tarixi hadisələrin əhəmiyyətindən danışılıb.
Bu mövzuda keçirilən digər bir tədbir Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkil etdiyi elmi-praktik konfrans olub. Konfransda Konstitusiyamızın hazırlanması, qəbulu və keçdiyi inkişaf yolu ilə bağlı məruzələr dinlənilib və müzakirələr aparılıb.
Bildirilib ki, sentyabrın 19-da Milli Məclisdə Dövlət Suverenliyi Gününə həsr olunan konfrans keçirilib. Konfransda vurğulanıb ki, Prezident İlham Əliyev Ulu Öndərin siyasi xəttini uğurla davam etdirərək Azərbaycanı beynəlxalq münasibətlər sistemində söz sahibi olan, regional və qlobal miqyasda nüfuzlu bir dövlətə çevirib.
Sentyabrın 25-də isə Milli Məclisin bir qrup deputatının və parlament aparatı əməkdaşlarının Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə yürüşü təşkil edilib.
Oktyabrın 22-də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin təşkilatçılığı ilə "Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik" mövzusunda konfrans keçirilib. Konfransda müstəqil dövlət siyasətinin həyata keçirilməsi üçün iqtisadi əsasların gücləndirilməsinin vacibliyi, bu istiqamətdə görülən işlər və qarşıda dayanan vəzifələr haqqında çıxışlar edilib.
Oktyabrın 29-da isə Milli Məclisdə Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyinə həsr edilən beynəlxalq parlament konfransı keçirilib. Tədbirdə 20 ölkənin parlament nümayəndə heyətləri, o cümlədən 8 ölkənin parlament sədrləri və sədr müavinləri, eləcə də 7 beynəlxalq təşkilatın təmsilçiləri, ümumən isə 100-dən çox adam iştirak edib.
Konfransda "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusunda çıxışlar edilib.
Spiker diqqətə çatdırıb ki, "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən ən mühüm tədbirlərdən biri də oktyabr ayında Milli Məclisin iclasında "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi" yubiley medalının təsis edilməsi olub. Qeyd edilib ki, bu barədə qanun möhtərəm Prezidentin müvafiq sərəncamı ilə təsdiq olunmuş Tədbirlər planına uyğun olaraq qəbul edilib.
Milli Məclisin Sədri deyib ki, "Konstitusiya və Suverenlik İli" çərçivəsində Milli Məclisdə Qarabağ Universitetinin, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin tələbələri, habelə "Yüksəliş" müsabiqəsinin qalibləri ilə müxtəlif aylarda görüşlər keçirilib.
Görüşlərdə ölkəmizdə konstitusiya quruculuğu məsələlərindən danışılıb, Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasında və inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətləri minnətdarlıq duyğuları ilə xatırlanıb.
Spiker diqqətə çatdırıb ki, 2025-ci il əlamətdar tarixi hadisələrlə zəngin olan bir dövrdür. Xalqımız 44 günlük Vətən müharibəsində böyük Zəfərin 5-ci ildönümünü qürurla qeyd edib. Bu məsələyə Milli Məclis də xüsusi diqqət yetirib. Belə ki, oktyabrın 31-də keçirilən plenar iclasda deputatlar Azərbaycanın həyatının taleyüklü hadisəsi barədə fikirlərini bölüşüblər. İclasda qeyd edilib ki, 8 noyabr Azərbaycanın tarixinə müdrik siyasi rəhbərliyin və uzaqgörən hərbi strategiyanın təntənəsi, xalqımızın yenilməz gücünün və qəhrəmanlığının rəmzi kimi daxil olub. Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar Milli Məclisin Bəyanatı qəbul edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 7-də və 8-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvətilə bu ölkəyə tarixi səfərindən danışan spiker bildirib ki, səfər çərçivəsində əldə edilmiş Vaşinqton razılaşmaları Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəliyə aparılması və regional sabitliyin möhkəmləndirilməsi üçün həlledici əhəmiyyət daşıyır.
Bu hadisə ilə əlaqədar sentyabrın 9-da Milli Məclisin növbədənkənar sessiyası keçirilib. Sessiyada aparılan müzakirələrdə Vaşinqton razılaşmaları dövlət başçısı cənab İlham Əliyevin sülh diplomatiyasının və müdrik liderliyinin təntənəsi, uzaqgörən, ardıcıl və praqmatik siyasətinin nəticəsi kimi qiymətləndirilib. Qeyd edilib ki, bu razılaşmalar Ulu Öndər Heydər Əliyevin milli maraqlara əsaslanan siyasi kursunun davam etdirilməsi yolunda qazanılmış ən böyük uğurlardan biridir.
İclasın yekununda Milli Məclisin xüsusi bəyanatı qəbul edilib.
Spiker deyib ki, ötən il ərzində Milli Məclis Konstitusiya ilə müəyyən edilmiş səlahiyyətlərinə əsaslanaraq dövlət siyasətinin qanunvericilik ölçüsünü layiqincə təmin etməyə çalışıb.
Möhtərəm Prezidentin müəyyən etdiyi strateji xəttə uyğun olaraq, il ərzində parlamentin fəaliyyəti milli dövlətçiliyimizin Konstitusiya əsaslarının daha da möhkəmləndirilməsinə, müasir və dayanıqlı qanunvericilik bazasının formalaşdırılmasına, hüquq sisteminin təkmilləşdirilməsinə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının etibarlı surətdə qorunmasına yönəlib.
Milli Məclisin Sədri qeyd edib ki, payız sessiyasında parlamentin 16 iclası olub, 86 qanun və qərar layihəsinə baxılıb. Ümumiyyətlə, 2025-ci ildə Milli Məclisin 38 plenar iclası keçirilib, 181 qanun və 33 qərar qəbul edilib.
Spiker qəbul olunmuş qanunlar arasında 2026-cı ilin dövlət büdcəsini və büdcə zərfinə daxil olan digər qanunları qeyd edib. O, bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası ötən dövrdə ölkəmizdə makroiqtisadi sabitliyi qorumağa imkan verib.
Mürəkkəb beynəlxalq konyunkturaya baxmayaraq, iqtisadiyyatımızın dayanıqlılığı və ardıcıl inkişafı təmin edilib. Cənubi Qafqaz bölgəsinin lider dövləti kimi Azərbaycanın iqtisadi müstəqilliyi daha da möhkəmlənib.
Bildirilib ki, gələn ilin dövlət büdcəsi iqtisadi sabitliyin və insanların sosial müdafiəsinin daha da gücləndirilməsinə yönəlib. Əminliklə söyləmək olar ki, dövlətimizin əsas maliyyə sənədi sosial-iqtisadi inkişaf sahəsində əldə edilmiş dinamikanı gələn il də qoruyub saxlamağa və artırmağa imkan verəcək.
"Qaz təchizatı haqqında", "İstilik təchizatı haqqında", "Dövlət xidmətləri haqqında", "Azərbaycan Respublikasının daxili qoşunları haqqında", "Xüsusi icra məmurları haqqında" qanunlar və digər qanunvericilik aktları dövlət həyatının müxtəlif sahələrində fəaliyyəti tənzimləməyə yönəlib.
Milli Məclisin fəaliyyətinə yekun vurarkən bu fəaliyyətin uğurlarına şərait yaradan amillər sırasında hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq əlaqələrini də qeyd edən spiker Sahibə Qafarova, Milli Məclis ilə Prezident Administrasiyasının müvafiq şöbələri arasında mütəmadi xarakter daşıyan iş birliyinin əhəmiyyətini xüsusi vurğulayıb. O qeyd edib ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi və Milli Məclis Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsi arasında müntəzəm təmaslar icra və qanunvericilik hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinə sistemli xarakter verməyə kömək göstərir.
Spiker parlamentlə hökumət arasında konstruktiv əməkdaşlığa diqqəti daha da cəlb edərək, qeyd edib ki, yola saldığımız il ərzində hökumətin müxtəlif strukturlarının, o cümlədən nazirliklərin və dövlət komitələrinin nümayəndələri Milli Məclisin və komitələrin iclaslarına dəvət olunub, qanun layihələrinin müzakirəsi zamanı onların rəyləri dinlənilib, eyni zamanda deputatların bir sıra mülahizə və təklifləri də icra orqanları tərəfindən nəzərə alınıb.
Bildirilib ki, qanunvericilik fəaliyyətinin səmərəsini artırmaq, ictimai fikir üçün aktual olan məsələləri müzakirə etmək məqsədilə lazım gəldikdə dinləmələr və ictimai müzakirələr keçirilməsi praktikası davam etdirilib. İl ərzində Milli Məclisdə 8 dinləmə, 3 ictimai müzakirə, 1 genişləndirilmiş iclas və 5 konfrans keçirilib.
Səhiyyə komitəsi "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları" mövzusunda, İctimai birliklər və dini qurumlar komitəsi "Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu" mövzusunda, Ailə, qadın və uşaq məsələləri komitəsi "Ailə, qadın və uşaq hüquqları konstitusion hüquqların əsas prioriteti kimi" mövzusunda, Mədəniyyət komitəsi "Tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliğinə müasir yanaşma" mövzusunda, Aqrar siyasət komitəsi isə "Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər" və "İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır" mövzusunda ictimai dinləmələr keçiriblər.
Gənclər və idman komitəsinin təşkil etdiyi ictimai dinləmə Gənclər Gününə həsr edilib.
Bundan başqa, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi "İstilik təchizatı haqqında" qanun layihəsi ilə əlaqədar ictimai dinləmə keçirib, "Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirə təşkil edib. Həmin komitənin təşkilatçılığı ilə keçirilən elmi-praktik konfransda isə "İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu" mövzusunda fikir mübadiləsi və müzakirə aparılıb.
Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya isə iki ictimai müzakirə təşkil edib. Bu müzakirələrdən biri "Cənubi Qafqazda sabitliyə "sülh missiyası" adlı hibrid hücum" mövzusuna, digəri isə "Azərbaycanın media resurslarına kiberhücumlar" mövzusuna həsr edilib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasında "Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar" mövzusunda müzakirələr aparılıb. İclasda komitənin üzvləri ilə yanaşı, icra orqanlarının, beynəlxalq təşkilatların və digər qurumların nümayəndələri də iştirak ediblər.
Spiker diqqətə çatdırıb ki, Prezident İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr edilən tədbirdə çıxış edərək milli inkişafın mühüm istiqamətləri ilə yanaşı, Azərbaycan dilinin qorunması məsələlərinə xüsusi diqqət yetirib.
Dekabrın 8-də Milli Məclisdə "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: mövcud vəziyyət və perspektivlər" mövzusunda konfrans keçirilib. Qeyd edilib ki, bu, cənab Prezidentin çıxışından sonra birinci konfrans idi.
Konfransın məqsədi möhtərəm Prezidentin qaldırdığı problemlərlə əlaqədar Azərbaycan dilinin qorunması və inkişafı strategiyalarını müzakirə etmək, bu istiqamətdə parlamentin, elmi ictimaiyyətin və ziyalıların vəzifələrini müəyyən etmək idi.
Milli Məclisin Sədri bildirib ki, Qərbi azərbaycanlıların tarixi torpaqlarına qaytarılması məsələsi milli gündəliyimizin aktual humanitar və hüquqi mövzularından biridir. Dövlət başçısı cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıdışı dinc yolla, beynəlxalq hüquq mexanizmlərinə müvafiq surətdə dialoq əsasında həyata keçirilməlidir.
Bu istiqamətdə görülən işlərə Milli Məclis də lazımi qanunvericilik dəstəyi göstərir. Bu məqsədlə parlamentdə Qərbi Azərbaycana qayıdış üzrə təşəbbüs qrupu yaradılıb. Ötən il qrupun üzvləri Qərbi Azərbaycan İcmasının keçirdiyi beynəlxalq tədbirlərdə fəal iştirak ediblər.
Bundan başqa, Qərbi Azərbaycan İcmasının üzvləri və rəhbər şəxsləri arasında Milli Məclisin deputatları və komitə sədrləri də var. Bu cür qarşılıqlı fəaliyyət Qərbi Azərbaycana qayıdış mövzusu ətrafında ictimai-siyasi dialoqa əlavə dinamika verir, dövlətin və vətəndaş cəmiyyətinin səylərini birləşdirməyə kömək göstərir.
Spiker çıxışında qeyd edib ki, qanunvericilik və qanunyaratma sahəsində görülən işlərlə yanaşı, Milli Məclis bəzi beynəlxalq qurumların və xarici dövlətlərin Azərbaycanı gözdən salmağa, onun suverenliyinə qəsd etməyə yönələn hərəkətlərinə etiraz əlaməti olaraq bəyanatlar da qəbul edib.
Bildirilib ki, Milli Məclis nəzarət funksiyasını bu il də səmərəli surətdə həyata keçirib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan hüquqları üzrə müvəkkilin, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının hesabat, məruzə və məlumatları dinlənilib.
Ötən dövrdə Milli Məclis deputatlarının seçki dairələrində işinə yenə də xüsusi diqqət yetirilib. Millət vəkilləri öz seçiciləri ilə müntəzəm görüşlər keçirib, onları düşündürən məsələləri Milli Məclisin iclaslarında, eləcə də digər hakimiyyət orqanları qarşısında qaldırıblar.
Spiker diqqətə çatdırıb ki, Milli Məclisdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində də lazımi tədbirlər həyata keçirilib.
Bildirilib ki, ötən dövrdə Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində də zəruri tədbirlər görülüb. Nümayəndə heyətlərimiz 15 beynəlxalq təşkilatın tədbirlərində iştirak ediblər. İl ərzində 94 deputatı 49 ölkəyə 201 səfər həyata keçirib. Milli Məclis Sədrinin 17 ölkəyə 4 rəsmi və 15 işgüzar səfəri olub.
Spiker qeyd edib ki, ötən dövrdə 61 ölkənin və 20 beynəlxalq təşkilatın 165 nümayəndə heyəti, ümumən isə 1283 nəfər xarici qonaq Milli Məclisdə olub.
Milli Məclisin Sədri 4 ölkənin dövlət başçıları, 27 ölkənin parlament sədrləri və sədr müavinləri, 5 beynəlxalq parlament təşkilatının rəhbərləri, 6 ölkənin icra hakimiyyəti orqanlarının nümayəndələri, 9 ölkənin ombudsmanları, 16 dövlətin Azərbaycandakı səfirləri ilə görüşlər keçirib.
Parlamentin beynəlxalq əlaqələrinin inkişafına yönələn tədbirlərdən biri də 3 ölkənin parlamentləri ilə əməkdaşlıq haqqında sənədlərin imzalanması olub.
Belə ki, Gürcüstan parlamenti ilə Əməkdaşlıq haqqında memorandum, Birləşmiş Ərəb Əmirlikləri parlamenti ilə Anlaşma memorandumu, Özbəkistan parlamenti ilə əməkdaşlığın inkişafına dair praktik tədbirlər planı ("Yol xəritəsi") və Azərbaycan Respublikası Milli Məclisinin və Özbəkistan Respublikası Ali Məclisinin parlamentlərarası əməkdaşlıq komissiyasının Reqlamenti imzalanıb.
Spiker qeyd edib ki, onun sədri olduğu Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu, Tolerantlıq və Sülh Təşkilatı arasında memorandumlar da imzalanıb.
Milli Məclis beynəlxalq təşkilatların xətti ilə 10 tədbirə evsahibliyi edib. Bu tədbirlər TÜRKPA üzvü olan parlamentlərin iki komitəsinin iclasları, Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası və iki koordinasiya görüşü, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 4-cü konfransı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 70-ci Büro və 65-ci Daimi Komitəsinin iclasları, Sosial və humanitar siyasət komitəsinin 65-ci iclası, Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisinin ikitərəfli parlamentlərarası komissiyasının iclası olub.
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 4-cü konfransında Hərəkatın üzvü olan dövlətlərin parlamentlərindən və beynəlxalq təşkilatlardan 48 nümayəndə heyəti, başqa sözlə, 280-dən artıq nümayəndə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının toplantısında isə təşkilatın üzvü olan 10 ölkə parlamentinin və 8 beynəlxalq təşkilatın 115 nəfərə qədər təmsilçisi iştirak edib.
Spiker çıxışına yekun vuraraq bildirib ki, Milli Məclis payız sessiyasını və 2025-ci ili uğurla başa çatdırır. Bununla əlaqədar o, deputatlara səmərəli iş üçün təşəkkür edib. O diqqətə çatdırıb ki, qarşıdan bizim gözəl bayramlarımız gəlir. Dekabrın 31-də xalqımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü, daha sonra isə Yeni ili qeyd edəcəkdir. Spiker təklif edib ki, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq, Azərbaycan dövlətinin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni böyük uğurlar arzulayaq.
Spikerin təklifi alqışlarla qarşılanıb.
Parlamentin Sədri qarşıdan gələn bayramlar münasibətilə hər kəsi, eyni zamanda deputatlarla bərabər işləyən, parlamentin fəaliyyətini işıqlandıran media nümayəndələrini təbrik edib, hamıya firavanlıq və cansağlığı arzulayıb.
Sonra spiker Sahibə Qafarova Milli Məclisin 2025-ci il payız sessiyasını bağlı elan edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
"Azərbaycan"