27 Noyabr 2026 08:55
93
İQTİSADİYYAT
A- A+
Pambıq hər zaman qiymətli sərvət sayılıb

Pambıq hər zaman qiymətli sərvət sayılıb


Bərdə regionu üzrə pambıqçılığın inkişafında yeni hədəflər - 8 min hektar əkin sahəsi, 45 sentner məhsuldarlıq


Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair yeni dövlət proqramının qəbulundan təxminən 6 ay keçir.  Dövlət proqramında qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı atılan ilk uğurlu addımlar məmmunluq doğurur, aqrar sektorun dinamik inkişafını təmin edir, yeni nailiyyətlərdən soraq verir.

Azərbaycanın kənd təsərrüfatında mühüm yer tutan pambıq qiymətli sərvətdir. Pambıqçılıq həm iqtisadi, həm də sosial baxımdan strateji əhəmiyyətə malik sahələrdən biridir. Bu sahənin inkişafı kənd yerlərində məşğulluğun artırılmasına, fermer təsərrüfatlarının gəlirlərinin yüksəldilməsinə, emal sənayesinin xammalla təmin olunmasına və ölkənin ixrac potensialının gücləndirilməsinə xidmət edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar siyasətdə torpaq ehtiyatlarından səmərəli istifadə, məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi və kənd təsərrüfatı istehsalının rəqabət qabiliyyətinin yüksəldilməsi mühüm yer tutur. Bu istiqamətdə fəaliyyətini davam etdirən Prime Cotton MMC-nin Bərdə regionunda da 2026-cı il pambıqçılıq mövsümü əhəmiyyətli istehsal göstəriciləri ilə müşayiət olunur. Cari mövsümün nəticələri, fermerlərlə əməkdaşlıq, istehsalın təşkili, pambığın emalı və növbəti il üçün qarşıya qoyulan hədəflər barədə MMC-nin regional idarəetmə rəhbəri Amil Rəşidovun fikirlərini öyrəndik. Bildirdi ki, ümumilikdə 2026-cı ili Bərdə regionu üçün məhsuldar və eyni zamanda mühüm təcrübələrin əldə olunduğu bir mövsüm hesab etmək mümkündür: "Təbii ki, hər bir istehsal mövsümünün həm müsbət nəticələri, həm də təhlil edilməli məqamları olur. Bizim üçün əsas məsələ yalnız ilin sonunda nə qədər pambıq istehsal etdiyimizi müəyyənləşdirmək deyil. Həmin məhsulun hansı şəraitdə yetişdirildiyini, hər hektardan nə qədər məhsul əldə olunduğunu, istehsal prosesində hansı çətinliklərin yarandığını və növbəti mövsümdə nələri daha yaxşı təşkil edə biləcəyimizi də qiymətləndiririk".

Cari ildə region üzrə 6420,37 hektarda pambıq əkini aparıldığını deyən həmsöhbətimiz bildirdi ki, bu prosesdə 1065 fermerlə əməkdaşlıq ediblər: "Noyabrın 23-nə olan məlumata əsasən, 4591,01 hektar sahədə məhsul yığımı aparılıb. Bu, ümumi əkin sahəsinin 71,51 faizidir. Həmin dövrə qədər 18942 ton kondisiyalı pambıq məhsulu əldə olunub. Region üzrə orta məhsuldarlıq 41,26 sentnerdir. Bu bizim üçün mühüm göstəricidir. Lakin hesab edirəm ki, mövcud potensial bundan daha yüksək nəticələr əldə etməyə imkan verir. Ona görə də 2026-cı ilin nəticələrinə yalnız uğur kimi deyil, həm də növbəti mövsüm üçün inkişaf imkanlarını müəyyənləşdirən əsas kimi yanaşırıq".

Regionun Bərdə, Tərtər, Ağdam, Yevlax və Goranboy rayonlarını əhatə etdiyini deyən A.Rəşidov əlavə etdi ki, rayonların torpaq xüsusiyyətləri, suvarma imkanları, təsərrüfatların ölçüləri və əkinçilik təcrübələri müəyyən qədər fərqlənir: "Cari mövsümün göstəricilərinə nəzər saldıqda görürük ki, Ağdam rayonu 44,65 sentner orta məhsuldarlıqla regionda ən yüksək nəticəyə malikdir. Tərtərdə bu göstərici 43,80, Yevlaxda 43,18, Goranboyda 42,79, Bərdədə 38,19 sentnerdir. Bu fərqlər bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki hər bir rayonun nəticəsi ayrıca təhlil olunmalıdır. Məsələn, Ağdam və Tərtərdə əldə olunan yüksək məhsuldarlıq göstəricilərinin arxasında dayanan amilləri müəyyənləşdirmək, uğurlu təcrübələri digər rayonlarda tətbiq etmək vacibdir. Eyni zamanda Bərdədə orta məhsuldarlığın digər rayonlarla müqayisədə aşağı olması diqqətimizdən qaçmır. Burada torpaq sahələrinin seçimi, suvarma imkanları, aqrotexniki tədbirlərin icra müddətləri və digər istehsal amilləri kompleks qiymətləndirilməlidir. İdarəetmədə əsas məsələ yalnız yaxşı nəticələri təqdim etmək deyil, gözlənilən səviyyədə olmayan göstəricilərin səbəblərini də obyektiv araşdırmaqdır. Çünki düzgün qərar qəbul etmək üçün ilk növbədə mövcud vəziyyəti düzgün qiymətləndirmək lazımdır".

Pambıqçılığın inkişafında fermerlərlə əməkdaşlığın rolu böyük əhəmiyyət kəsb edir. Bu prosesdə əsas sima fermerdir. Fermerin marağı, onun təsərrüfatının iqtisadi səmərəliliyi və istehsal prosesində qarşılaşdığı çətinliklər nəzərə alınmadan bu sahənin davamlı inkişafından danışmaq mümkün deyil. Həmsöhbətimiz bu barədə də fikrini açıqladı: "Cari mövsümdə region üzrə 1065 fermerlə əməkdaşlıq etmişik. Bu, kifayət qədər geniş təsərrüfat şəbəkəsidir. Biz fermerlərlə münasibətlərə yalnız müqavilə bağlanması və məhsulun qəbul edilməsi kimi yanaşmırıq. Əməkdaşlıq torpaq sahəsinin seçilməsindən başlayır. Daha sonra səpin, vegetasiya, aqrotexniki xidmət, məhsul yığımı və təhvil-təslim mərhələləri gəlir. Bu mərhələlərin hər birində fermerin qarşılaşdığı çətinliklərə vaxtında münasibət göstərilməsi vacibdir. Fermerlə şirkət arasında münasibətlərin əsasında qarşılıqlı etimad dayanmalıdır. Fermer bilməlidir ki, onun problemi dinlənilir, müraciəti diqqətdən kənarda qalmır və istehsal prosesində ona tərəfdaş kimi yanaşılır. Eyni zamanda fermerin də aqrotexniki tövsiyələrə əməl etməsi, əkin sahəsinə düzgün qulluq göstərməsi və məhsulun keyfiyyətinə diqqət yetirməsi mühüm əhəmiyyət daşıyır.  Bizim əsas məqsədlərimizdən biri fermerlərin pambıqçılığa marağını artırmaq və onların bu sahədə fəaliyyətini iqtisadi baxımdan daha səmərəli etməkdir. Çünki fermerin qazancı artdıqca onun növbəti mövsümdə pambıq əkininə marağı da güclənir".

Müasir pambıqçılıqda məhsuldarlığa təsir edən müxtəlif amillər mövcuddur. Məhsuldarlıq bir neçə amilin qarşılıqlı təsiri nəticəsində formalaşır. İlk növbədə torpaq sahəsinin düzgün seçilməsi vacibdir. Bundan sonra suvarma imkanları, səpin müddəti, aqrotexniki tədbirlərin vaxtında aparılması, bitkilərin inkişafına nəzarət və məhsul yığımının düzgün təşkili gəlir. Həmin proseslərin hər hansı birində yol verilən gecikmə və ya nöqsan yekun nəticəyə təsir göstərə bilər.

Digər mühüm məsələ mexanikləşdirmədir. Müasir pambıqçılıqda texnikadan düzgün istifadə həm əməliyyatların vaxtında aparılmasına, həm də istehsal xərclərinin idarə olunmasına kömək edir. A.Rəşidov deyir ki, onlar hər bir istehsal mərhələsinə ayrıca deyil, bütöv bir sistemin tərkib hissəsi kimi yanaşırlar. Çünki yüksək məhsuldarlıq təsadüf nəticəsində deyil, düzgün planlaşdırma və ardıcıl fəaliyyət nəticəsində əldə olunur.

Həmsöhbətimizin sözlərinə görə, pambıqçılığın iqtisadi əhəmiyyəti yalnız xam məhsulun yetişdirilməsi ilə məhdudlaşmır: "Pambığın emalı nəticəsində əldə olunan məhsullar tekstil və digər sənaye sahələri üçün mühüm xammaldır. Noyabrın 23-nə olan məlumatlara əsasən, Bərdə regionu üzrə ümumilikdə 5587,626 ton xam pambıq emal olunub. 2441,3 ton mahlıc və 2882,2 ton çiyid əldə edilib. Bərdə emal müəssisəsində 3462,185 ton xam pambıq emal edilərək 1503,3 ton mahlıc və 1787,1 ton çiyid istehsal olunub. Tərtərdə 767,7 ton xam pambıqdan 333,4 ton mahlıc və 405,85 ton çiyid, Ağdamda 479,440 ton xam pambıqdan 216  ton mahlıc və 243,2  ton çiyid əldə edilib. Yevlax müəssisəsində isə 878,3 ton xam pambıq emal olunaraq 388,6 ton mahlıc və 446  ton çiyid istehsal edilib". Bu rəqəmlər emal müəssisələrimizin istehsal fəaliyyətinin miqyasını göstərir. Pambıq çoxşaxəli istifadə imkanlarına malik kənd təsərrüfatı məhsuludur. Emal nəticəsində əldə olunan mahlıc tekstil sənayesinin əsas xammallarından biridir. Çiyid isə yağ istehsalı və digər sənaye istiqamətlərində istifadə olunur. Bu baxımdan pambıqçılıq təkcə kənd təsərrüfatı sahəsi deyil, həm də emal və sənaye istehsalı ilə sıx əlaqəli iqtisadi fəaliyyət istiqamətidir. Bizim üçün əsas məqsəd xammalın qəbulundan başlayaraq, son məhsulun hazırlanmasına qədər bütün mərhələlərdə səmərəliliyi artırmaqdır. Məhsulun keyfiyyətli emal olunması, düzgün saxlanması və istehsal prosesində itkilərin azaldılması həm müəssisənin iqtisadi göstəricilərinə, həm də ümumi istehsal zəncirinin dayanıqlılığına təsir göstərir".

Pambıqçılığın mühüm üstünlüklərindən biri onun geniş məşğulluq imkanları yaratmasıdır. Bu sahədə yalnız fermerlər deyil, aqronomlar, mexanizatorlar, mühəndis-texniki heyət, emal müəssisələrinin əməkdaşları və digər peşə sahibləri fəaliyyət göstərirlər. Yeri gəlmişkən, qeyd edək ki, cari ilin oktyabr ayı üzrə əməkhaqqı hesabatına əsasən, Bərdə regionunda ümumilikdə 591 əməkdaş qeydə alınıb. Onlardan 368 nəfəri daimi, 223 nəfəri isə mövsümi əməkdaşdır. Sözsüz ki, bu göstəricilər pambıqçılığın kənd yerlərində məşğulluğun təmin olunmasına verdiyi dəstəyi əks etdirir. Amma A.Rəşidov deyir ki, məşğulluq yalnız iş yerlərinin sayı ilə qiymətləndirilməməlidir: "Əməkdaşların peşə hazırlığı, təhlükəsiz iş şəraiti, əmək intizamı və istehsalat mədəniyyəti də eyni dərəcədə əhəmiyyətlidir. Müasir istehsal müəssisəsinin uğuru yalnız texnika və avadanlıqdan deyil, həmin texnikanı idarə edən insanların bilik və məsuliyyətindən də asılıdır".

2027-ci il üçün qarşılarına daha böyük və konkret hədəflər qoyduqlarını bildirən həmsöhbətimiz vurğuladı ki, ilk növbədə region üzrə pambıq əkini üçün nəzərdə tutulan sahələrin həcmini 7500-8000 hektara çatdırmağı planlaşdırırlar: "Lakin bizim üçün əsas məqsəd yalnız əkin sahələrinin genişləndirilməsi deyil. Ən mühüm strateji hədəfimiz region üzrə orta məhsuldarlığı 45 sentnerə çatdırmaq və bu göstəriciyə ilk nail olan region olmaq üçün çalışmaqdır".

Prezident İlham Əliyevin kənd təsərrüfatında məhsuldarlığın artırılması, torpaq ehtiyatlarından səmərəli istifadə olunması və aqrar istehsalın inkişafı ilə bağlı müəyyən etdiyi istiqamətlər MMC-nin Bərdə regionu üçün əsas fəaliyyət meyarlarıdır. Bu səbəbdən 2027-ci il üçün əkin sahələrinin seçilməsi prosesinə xüsusi diqqət yetirilir. Torpaqların keyfiyyəti, suvarma imkanları, sahələrin yerləşməsi, mexanikləşdirilmiş əməliyyatlar üçün əlverişliliyi və məhsuldarlıq potensialı əsas seçim meyarlarıdır. Regional idarəetmə müəssisəsi sadəcə əkin sahələrinin həcmini artırmaq naminə məhsuldarlıq potensialı aşağı olan torpaqları əkinə cəlb etməyi düzgün yanaşma hesab etmir. Əsas məqsəd daha əlverişli sahələri seçmək, həmin sahələrdə aqrotexniki tədbirləri vaxtında həyata keçirmək və hər hektardan mümkün qədər yüksək məhsul əldə etməkdir. A.Rəşidov deyir ki, 45 sentner məhsuldarlıq kifayət qədər iddialı hədəfdir: "Bu nəticəyə nail olmağın mümkünlüyünü səmərəli fəaliyyətimizlə gerçəkləşdirmək əzmindəyik. Hədəfə nail olmaq ciddi hazırlıq, düzgün planlaşdırma və peşəkar idarəetmə tələb edir. Cari mövsümün nəticələri göstərir ki, regionumuzda belə yüksək göstəricilər əldə etmək mümkündür. Məsələn, Ağdam rayonunda orta məhsuldarlıq 44,65, Tərtərdə isə 43,80 sentnerdir. Bu göstəricilər bizim üçün mühüm təcrübədir. Əsas məsələ ayrı-ayrı rayonlarda əldə olunan yüksək nəticələri bütün region üzrə davamlı göstəriciyə çevirməkdir".

Pambıqçılıq böyük zəhmət, səbir, məsuliyyət və peşəkarlıq tələb edən sahədir. Bu sahədə əldə olunan hər bir nəticənin arxasında fermerlərin, aqronomların, mexanizatorların, emal müəssisələrinin əməkdaşlarının və digər mütəxəssislərin əməyi dayanır. "Hesab edirəm ki, əldə edilən nəticələrlə kifayətlənmək olmaz. Hər bir mövsüm növbəti il üçün yeni təcrübə və inkişaf imkanları yaradır. Biz 2027-ci ildə daha geniş əkin sahələri, daha yüksək məhsuldarlıq və daha səmərəli istehsal sistemi formalaşdırmaq niyyətindəyik. Əsas məqsədimiz Bərdə regionunu yalnız pambıq istehsalının həcminə görə deyil, məhsuldarlıq, keyfiyyət və idarəetmə səmərəliliyi baxımından da nümunəvi bölgələrdən birinə çevirməkdir. İnanıram ki, düzgün planlaşdırma, fermerlərlə qarşılıqlı etimad, peşəkar yanaşma və kollektiv əmək sayəsində 45 sentner məhsuldarlıq hədəfinə nail olmaq mümkündür. Çünki pambıqçılığın inkişafı yalnız bir müəssisənin uğuru deyil. Bu, fermerlərin rifahının yaxşılaşmasına, kənd yerlərində məşğulluğun artırılmasına, emal sənayesinin inkişafına və bütövlükdə ölkəmizin iqtisadi potensialının güclənməsinə xidmət edir", - deyə Amil Rəşidov fikirlərini tamamladı.


Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Həm etiket, həm də dəyər

09:05
27 Noyabr

Bu gün səpilən toxum sabah çörəkdir 

09:00
27 Noyabr

Pambıq hər zaman qiymətli sərvət sayılıb

08:55
27 Noyabr

Azad - sevginin, Vətənin və sədaqətin adı

08:50
27 Noyabr

Yaddaşlarda qəhrəman kimi qalıb

08:45
27 Noyabr

Tarix öyrədən müəllim özü tarix yazdı

08:40
27 Noyabr

Həştərxanda Azərbaycanın "Şimal-Cənub" dəhlizi üzrə prioritetləri təqdim edilib

08:35
27 Noyabr

Azərbaycan beynəlxalq seçki forumunda təmsil olunub

08:30
27 Noyabr

Azərbaycan və Gürcüstan strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəltmək əzmindədirlər

08:25
27 Noyabr

Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib

08:20
27 Noyabr

Paşinyan Ermənistanın gələcək inkişafını sülh müqaviləsini imzalamaqda görür

08:15
27 Noyabr

Ölkəmizin iqtisadi potensialı Baltik sahillərində də maraq doğurur

08:10
27 Noyabr

Azərbaycanla əlaqələrin dərinləşdirilməsinə maraq böyükdür

08:05
27 Noyabr

İlham Əliyevin təşəbbüsləri Cənubi Qafqazı sülh və əməkdaşlıq məkanına çevirib

08:00
27 Noyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları üçün "Yeni il" şənliyinin təşkili (respublikanın şəhər və rayonları üzrə)" adlı müsabiqə keçirir

00:27
27 Noyabr

Şamaxı-Ağsu sərhədində zəlzələ olub

22:56
26 Noyabr

Azərbaycan metanol ixracından qazancını 16 faizədək artırıb

21:28
26 Noyabr

Ukraynaya 250 həlak olmuş şəxsin meyiti təhvil verilib

21:04
26 Noyabr

Küveytdə strateji obyektə hücum nəticəsində 4 nəfər yaralanıb

20:23
26 Noyabr

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

20:09
26 Noyabr

Tramp: Rusiya ilə Ukrayna arasında tezliklə razılaşmanın əldə olunmasının mümkünlüyünə inanıram  

19:32
26 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!