Salyanlı fermerlər aqrotexniki tədbirləri vaxtında və keyfiyyətlə görürlər
Salyanın pambıqçı fermerləri arxada qalan 3 ildə dalbadal ölkə üzrə birincilərdən olmuşlar. 6 min 134 hektar sahənin hər hektarından 36,9 sentner məhsul əldə edilmişdir ki, bu da ümumilikdə 22 min 691 ton "ağ qızıl" deməkdir.
Əldə olunan nailiyyətdə Kür Qaraqaşlı inzibati ərazi nümayəndəliyinə daxil olan kəndlərdə yaşayan torpaq mülkiyyətçilərinin xüsusi payı var. Bu da səbəbsiz deyil. Kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə tanınmış alim, akademik Feyruz Məlikov, professor Ağaxan Ağabəyli bu torpağın yetirmələridir. Onların ardınca gedən onlarca gənc Gəncə Kənd Təsərrüfatı İnstitutunda (indiki Aqrar Universiteti) təhsil alaraq Salyana qayıtmışlar. Həmin kadrlar rayonun kənd təsərrüfatı işlərini irəli aparmış, bəziləri də rəhbər vəzifələrə təyin olunmuşlar. Sovetlər birliyi zamanında kənddəki "Oktyabr" kolxozunda hər il rayon üzrə ən yüksək məhsul əldə edilmişdir. Bu uğurlar isə torpağa elmi əsaslarla yanaşmaq nəticəsində mümkün olmuşdur.
Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tarıyel Atamalıyevlə pambığın becərilməsi ilə tanış olmaq üçün Qaraqaşlı kəndində bir neçə fermerin təsərrüfatına baş çəkdik. Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Sort Sınaq Məntəqəsi bu kəndin ərazisində yerləşir.
Yolumuzun üstündə olduğu üçün ilk olaraq həmin təsərrüfatın sahələrinə baş çəkdik. Məlumat üçün deyək ki, müəssisə 1934-cü ildən fəaliyyət göstərir. Pambıq, taxıl, yonca və digər bitkilərin məhsuldarlığı, susuzluğa, xəstəliklərə davamlılığı ilk olaraq belə məntəqələrdə yoxlanılır, sınaqdan keçirilir.
Məntəqənin direktoru Balaeyvaz Hüseynov dedi ki, cari il 21 pambıq sortu əkiblər və bunun 14-ü yerli, 7-si xarici ölkələrdən gətirilən növlərdir. Təsərrüfatın özünün 6 işçisi, 4 texnikası var. Məntəqənin müdiri son illər onlara göstərilən köməkdən, yaradılan şəraitdən razılıq etdi: "2018-ci ildə kənd təsərrüfatı naziri İnam Kərimov təsərrüfatımızda olarkən işçilər üçün bir orağın belə olmadığını görüb köməkçisinə bunları qeyd etməyi tapşırdı. Bir müddət keçəndən sonra təsərrüfatımız üçün inzibati bina, anbar, pambıq qurutmaq üçün meydança, su hovuzu tikintisinə başlanıldı və qısa vaxtda həmin işlər başa çatdırıldı. Biz də bu diqqət və qayğıkeşliyin əvəzini öz işimizlə verməyə çalışırıq. Elə həmin il yüksək nəticə əldə etdik. Buna görə "Tərəqqi" medalı ilə təltif edildim. Bu ilin məhsuluna gəldikdə aprel ayında 26 hektara çiyid səpdik. Havaların soyuq keçməsi çıxışı müəyyən müddətdə ləngitdi. Bəzi sahələr xəstəliyə yoluxsa da, qabaqlayıcı tədbirlər gördük. Dərmanlama işləri apardıq. Havalar getdikcə istiləşir. Pambığınkı da günəş və sudur. Su məsələsində də, şükür, hələlik bir çətinliyimiz yoxdur. Kür çayında suyun səviyyəsi normaldır. Hazırda ikinci kompleks becərmə aparırıq. Sahələri alaq otlarından təmizləmişik. İyun ayının 20-dən kultivatorla hər hektara 200 kiloqram karbamid verib birinci suvarmanı aparacağıq".
Kürqaraqaşlı inzibati ərazisinə daxil oln 5 kənddə 600 hektara yaxın pambıq əkilmişdir. Bunun 295 hektarı "MKT-İK" MMC-nin, qalanı isə "P-Aqro" MMC-nin filialının payına düşür.
Fermer Oqtay Səmədov təcrübəli pambıqçılardandır. Orta ixtisas təhsilli kənd təsərrüfatı mütəxəssisidir. Sovet vaxtı Salyandakı Kənd Təsərrüfatı Texnikumunun mexanizasiya şöbəsini bitirib. Kəndlərindəki "Oktyabr" kolxozunda mexanizator işləyib. 1996-cı ildə kolxozlar ləğv olunandan, torpaq islahatı gedəndən sonra tərəddüd etmədən öz pay torpağını əkib-becərib. Əldə etdiyi qazancla əlavə torpaq alaraq əkin sahəsini artırıb. Bundan başqa, hər il icarəyə torpaq götürür. Hazırda 30 hektar pambıq, 6 hektar arpa, 8 hektar buğda və 14 hektar yonca sahəsi var. Biçdiyi yoncanı, taxıl bəlimini şəxsi texnikası ilə bağlayır. Bu işdə kiçik oğlu Ümid ona yaxından kömək edir. Keçən il 14 hektar sahənin hər hektarından 52 sentner pambıq götürüb.
Fermerin sözlərindən giley-güzar da hiss etdik. İndiki bahalıqda pambığın qiymətinin aşağı, ziyanvericilərə qarşı dərmanların keyfiyyətinin aşağı olması fermeri razı salmır. Buna baxmayaraq, qazandığı nailiyyətlər bu il onu daha yüksək məhsul götürməyə ruhlandırıb. Təbiətin törətdiyi bəzi çətinliklər olsa da, iyun ayının ortasına kimi iki dəfə kompleks becərmə aparıb, sahələri alaq otlarından təmizləyib. Dediklərindən məlum oldu ki, ayın 20-dən etibarən pambıq sahələrinə gübrə verib suvaracaq.
Cari ilin məhsulu üçün rayon üzrə 1486 nəfər fermer və torpaq mülkiyyətçisi pambıq istehsalı, tədarükü və emalı ilə məşğul olan 5 şirkətin filialı ilə müqavilə bağlayıb. Əkilmiş sahələrin yarıdan çoxunda 2-ci kompleks becərmə tədbirləri başa çatmışdır. Yaxın günlərdə digər aqrotexniki tədbirlər də vaxtında və keyfiyyətlə görüləcək. Dövlət Aqrar İnkişaf Mərkəzinin və şirkət filiallarının mütəxəssisləri bununla əlaqədar hər gün kənd əməkçilərinin yanındadırlar.
Seyran CAVADOV,
"Azərbaycan"