Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanda təhsil alan azərbaycanlı gənclərlə görüş keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüşün məqsədi tələbələrin mədəni və ictimai həyatda fəallığının artırılması, eləcə də yaradıcılıq imkanlarının genişləndirilməsi olub.
Mərkəzin direktoru Akif Marifli çıxışında Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti, həyata keçirilən mədəni-maarifləndirici layihələr, Mərkəzdə təşkil olunan Azərbaycan dili və rəsm kursları, həmçinin teatr və rəqs dərnəkləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, bu dərnəklərdə həm azərbaycanlı, həm də özbək gənclər fəal iştirak edir. Bildirilib ki, Mərkəz milli-mədəni kimliyin qorunması, Azərbaycan mədəniyyətinin təbliği və gənclərin ortaq dəyərlər ətrafında birləşməsi baxımından mühüm platforma rolunu oynayır.
Görüşdə vurğulanıb ki, Azərbaycanda dövlət səviyyəsində gənclər siyasətinə xüsusi diqqət yetirilir və bu siyasət Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə həyata keçirilir. Gənclərin təhsili, yaradıcılıq fəaliyyəti, ictimai təşəbbüsləri və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi ölkə rəhbərliyinin prioritet istiqamətlərindən biridir və bu yanaşma onların cəmiyyətin fəal və məsuliyyətli üzvləri kimi formalaşmasına xidmət edir.
Açıq dialoq şəraitində azərbaycanlı gənclər öz təklif və ideyalarını səsləndirib, gələcək birgə layihə və təşəbbüslər ətrafında fikir mübadiləsi aparıblar.
Sonda iştirakçılar bu cür görüşlərin davam etdirilməsinin və birgə gənclər təşəbbüslərinin genişləndirilməsinin vacibliyini vurğulayıblar.