Beynəlxalq müstəvidə baş verən gərgin geosiyasi proseslər sayəsində dünyanın iki mühüm strateji ticarət marşrutunda problemlər yaranıb. Belə vəziyyət qlobal ticarətin çevikliyinə və daşınma xərclərinin artmasına səbəb olub. Bu hal qlobal ticarətdə ciddi narahatlıq doğurub.
Hazırda bütün ümidlər Orta dəhlizin fəaliyyətinə bağlanıb. Çünki bu marşrut yeni olsa da, Asiya ilə Avropa arasında geniş ticarətin aparılması üçün ən əlverişli marşrutdur. Belə ki, Orta dəhliz yüklərin təhlükəsiz və mənzilbaşına tez çatdırılması baxımından ticarət tərəfdaşlarını qane edən ən etibarlı marşrutdur.
Bu gün Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (TBNM, Orta dəhliz) yükötürmə imkanlarının genişlənməsində iki ölkə - Azərbaycanla Qazaxıstan mühüm rola malikdir. İki qardaş ölkə marşruta yeni qolların qoşulmasında, nəqliyyat marşrutunun texniki imkanlarının artırılmasında, vahid tarifin hazırlanmasında, investisiyaların cəlb edilməsində ən aktiv ölkələrdir.
Azərbaycanla Qazaxıstan marşrutun keçəcəyi ölkələrlə siyasi danışıqlar apararaq onları bu mühüm iqtisadi layihəyə qoşulmağa təşviq edir. Prezident İlham Əliyevin səfər etdiyi Orta Asiya ölkələrinin rəhbərləri ilə apardığı uğurlu danışıqlar onların da layihəyə qoşulmasına səbəb olub.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də bu işdə fəal siyasət aparır. Demək olar ki, iki qardaş ölkənin prezidentlərinin region ölkələrinin rəhbərləri ilə apardığı danışıqlar bu gün Orta dəhlizin dünya üçün önəmli bir marşruta çevrilməsinə imkan yaradıb.
Onu da vurğulayaq ki, Orta dəhlizin inkişafı üçün keçirilən tədbirlər də Azərbaycanda və Qazaxıstanda təşkil olunur. Qardaş ölkənin paytaxtında keçirilən Astana Beynəlxalq Forumu da bunlardan biridir. Bu mühüm tədbirə qatılan Dünya Bankının Qazaxıstan və Türkmənistandakı daimi nümayəndəsi Andrey Mixnev bildirib ki, onun təmsil etdiyi bank Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta dəhliz) inkişafına 2 milyard dollardan çox sərmayə qoyacaq. Xatırladaq ki, bundan əvvəl Avropa İttifaqı Orta Asiya ölkələrinə Orta dəhlizdə modernləşmə işlərinin görülməsi üçün 10 milyard avro həcmində investisiya yatırması barədə sənəd imzalanıb.
Dünya Bankının nümayəndəsi A.Mixnev deyib ki, Dünya Bankının vəsaitləri, eləcə də özəl tərəfdaşlar və bankların cəlb edilmiş vəsaitləri nəzərə alınmaqla TBNM-in inkişafına investisiyaların ümumi məbləği 2 milyard dollardan çox olacaq. İnvestisiya baxımından biz həm Qazaxıstanda, həm də digər ölkələrdə, o cümlədən Azərbaycan və Gürcüstanda işləyirik. Həmçinin Türkiyədəki layihələrdə iştirak imkanlarını nəzərdən keçiririk. A.Mixnev onu da vurğulayıb ki, ötən ilin noyabrında Dünya Bankı Qazaxıstanda dayanıqlılığın və nəqliyyat əlaqələrinin təkmilləşdirilməsinə (TBNM-in inkişafı çərçivəsində) 650 milyon dollar dəyərində vəsaitin ayrılmasını təsdiqləyib.
Qazaxıstanın xarici işlər nazirinin müavini Roman Vasilenko Astana Beynəlxalq Forumunda bildirib ki, ölkəsi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üçün səy göstərməkdə davam edəcək. A.Mixnev deyib: "Qazaxıstan İpək yolu boyunca yerləşən ölkələrlə birlikdə TBNM-in inkişafı üçün hər şeyi edir və onun Avropadan Asiyaya və əks istiqamətdə yükgöndərənlər üçün cəlbediciliyini artırmaq üçün səylərini davam etdirəcək. Artıq hər iki istiqamətdə quru yolla daşınan yüklərin 85 faizi Qazaxıstan ərazisindən keçir".
Hazırda TBNM çərçivəsində 4 milyon tondan çox tranzit yük Qazaxıstan ərazisindən keçir. 2029-cu ilə qədər bu göstəricinin marşrutun inkişafına yatırılan investisiyalar sayəsində ildə 10-11 milyon tona qədər artması gözlənilir.
Onu da vurğulayaq ki, Qazaxıstan da Azərbaycan kimi "Şimal-Cənub" marşrutunun inkişafında maraqlı ölkədir. Hər iki tərəf dünya üçün önəmli marşrut olacaq "Şimal-Cənub" ticarət dəhlizinin fəaliyyətinin artması üçün birgə səy göstərir.
Əfqanıstanın Orta dəhlizə qoşulması əlavə tranzit yüklərin daşınmasına imkan verəcək. Bu ölkədə dəmir yolu hissəsini Qazaxıstanın inşa edəcəyi ilə bağlı razılaşma var. Həmin marşrut Qazaxıstan və Orta dəhliz üçün çox vacibdir.
Xatırladaq ki, 2024-cü ildə Orta dəhliz üzrə yükdaşımaların həcmi 2023-cü illə müqayisədə 63 faiz artaraq 4,1 milyon tona çatıb, konteyner daşımaları isə 2,6 dəfə artaraq 50,5 min TEU təşkil edib. Qarşıdakı illərdə isə bu rəqəmlərin daha yüksək olması gözlənilir.
Rüstəm KAMAL,
"Azərbaycan"