SSRİ xalq
artisti Lütfiyar İmanov dünya azərbaycanlılarının sevimlisi idi
Azərbaycan
musiqi sənətinin istedadlı nümayəndələrindən biri, görkəmli opera müğənnisi, SSRİ
xalq artisti, "İstiqlal” ordenli professor Lütfiyar İmanovun anadan olmasından
90 il keçir.
"Azərkitab”
kitab təbliğatı mərkəzində "Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai
Birliyinin təşkilatçılığı ilə yubilyara həsr edilən tədbir keçirilib. İctimai birliyin
prezidenti Tofiq Əlizadə onun Azərbaycan
xalqı qarşısında əvəzsiz xidmətlərini xatırladarkən vurğulayıb ki, dünya vokal məktəbinin yüksək nailiyyətlərini
milli musiqi ənənələri ilə ahəngdar şəkildə əlaqələndirərək Azərbaycan opera sənəti
tarixinə parlaq səhifələr yazmış Lütfiyar İmanov səs imkanlarından məharətlə yararlanaraq
obrazların mənəvi aləmini dolğunluqla yaratmağa müvəffəq olub: "Opera sənətinin
korifeyi, tanınmış ictimai xadim və görkəmli pedaqoq kimi Lütfiyar İmanovun ölkəmizdə
musiqi mədəniyyətinin tərəqqisi naminə uzun illər geniş, səmərəli və təqdirəlayiq
fəaliyyəti vətənə, xalqa xidmətin bariz nümunəsidir. Ölməz opera müğənnisi sənətinə
məhəbbəti ilə şöhrətləndi və zirvəyə ucaldı. İlk rolunu 1943-cü ildə Sabirabad Dövlət
Musiqili Teatrının səhnəsində "Beş manatlıq gəlin” tamaşasında oynayan balaca Lütfiyar
hələ 12 yaşında olarkən dahi Bülbülün "Səni gördüm, aşiq oldum” mahnısını plastik
valda dinlədikdən sonra həmin oktavada həvəslə oxuyub. Bir ildən sonra isə o, Bakıya
at arabası ilə gələrək Bülbülün obrazında Koroğlunu görüb və geri qayıdıb. Özü deyirdi:
"Koroğlunun 7777 dəlisindən biri də mənəm”.
On səkkiz
yaşında ilk dram dərnəyini yaradan Lütfiyar İmanov Dövlət Estrada Orkestrində, sonra
Musiqili Komediya Teatrında çalışdığı zaman, daha doğrusu, 1958-ci ildə xalq artisti
maestro Niyazinin diqqətini cəlb edir.
Qızıl səsli
Lütfiyar İmanovun ünsiyyət qurduğu dostları - xalq artistləri Ramiz Quliyev, Canəli
Əkbərov, Həmidə Ömərova, şairlər Oqtay Rza, Ramiz Abdullayev, Yağmur Xəzan, Tahirə
Məmmədova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Yeganə Qəhrəmanova,
QHT rəhbərlərindən Mehriban Abdullayeva, Könül Məmmədzadə və başqaları böyük sənətkarın
yaradıcılıq irsindan söz açıblar. Sonra Lütfiyar İmanovun həyat və fəaliyyətini
əks etdirən videosüjet nümayiş etdirilib.
Yubilyarın
oğlu, musiqişünas Rauf İmanov atasını sənətkar-şəxsiyyət müstəvisində xarakterizə edərkən bəzi tarixi faktlara
da diqqət yetirdi: "1959-cu ildə Moskvada tamaşaya qoyulan "Koroğlu” operasında
baş rolun ifaçısı olduqdan sonra onun səs diapozonu və aktyorluq məharəti bir daha üzə çıxıb. Məhz bunun
nəticəsi idi ki, sonradan atam 30-dan artıq operada baş rolun ifaçısı olub.
1975-ci ildə o, altı ay İtaliyanın Milan şəhərində, La-Skala teatrında təcrübə keçib.
1991-1995-ci illərdə isə Türkiyənin İstanbul və İzmir şəhərlərinin opera teatrlarında
vokal dərsi keçən Lütfiyar İmanovun yaradıcılığı çoxşaxəli olub. O, xalq mahnılarının
ifaçısı kimi də tanınırdı”.
Bəli, xalq
artisti Lütfiyar İmanov səhnə üçün doğulan sənətkarlardan idi. Məhz ona görə F.Əmirovun
"Sevil” operasında Balaş, C.Cahangirovun "Azad”ında Ayaz, S.Ələsgərovun "Bahadur
və Sona”sında Bahadur müğənninin parlaq şəkildə yaratdığı opera partiyalarıdır.
1978-ci ildə SSRİ xalq artisti fəxri adına layiq görülüb.
Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan”