Bizlərdən hər birimiz dünyanı duymağa və özümüzü dərk etməyə başlayandan xalq qəhrəmanımız Koroğlu barədə nəğmələri, hikmətli sözləri, rəvayətləri və dastanları dönə-dönə eşitmişik, indi də eşidirik.
Yaradıcılıq yolu xalq mədəniyyəti ilə ayrılmaz tellərlə bağlı olan Üzeyir bəy Hacıbəyli də yazdığı "Koroğlu" operasında xalq həyatını, əməkçi insanların öz azadlığı və səadəti uğrunda apardığı qəhrəmanlıq mübarizəsini geniş və parlaq şəkildə təsvir etmişdir. Bu monumental inqilabi xalq epopeyası aşıq motivləri əsasında yazılmış, Azərbaycan kəndlisinin keçmişdə (XVI-XVII əsrlər) apardığı milli azadlıq mübarizəsinə həsr edilmişdir.
"Koroğlu" operası Üzeyir bəy Hacıbəyli yaradıcılığının ən yüksək zirvəsidir. Ölməz xalq dastanlarından, xalq musiqisindən bəhrələnmiş bu əsər bəstəkarın çoxillik yaradıcılıq axtarışlarının nəticəsidir. Bu opera, sözün əsl mənasında, milli, xalq yaradıcılığının canlı surətdə coşduğu bir əsərdir. Onun musiqisində istedadlı və güclü xalqın hərarətli nəfəsi hiss edilir.
"Koroğlu" operasını yazmazdan əvvəl bəstəkar çətin yaradıcılıq yolu keçmişdir. Bunun üçün o, xalq musiqi incəsənətini, rus və Qərb klassik musiqisini dərindən öyrənmişdir. İlk tamaşası 30 aprel 1937-ci ildə M.F.Axundzadə adına Opera və Balet Teatrında qoyulan bu əsər, Ü.Hacıbəylinin beş illik gərgin əməyinin bəhrəsidir. O, bu operanı yazmaqdan ötrü 20 ilə yaxın müddətdə şifahi xalq dastanı "Koroğlu"nu, onun müxtəlif variantlarını dönə-dönə oxumuş, tədqiqatlar aparmış, məlumatlar toplamışdır. Çünki Üzeyir bəyin "Koroğlu"su onun xalqının ürəyində yaşatdığı "Koroğlu"ya layiq olmalı idi. İ.Hidayətzadənin quruluş verdiyi ilk tamaşaya bəstəkar özü dirijorluq etmişdi, ikinci tamaşada isə bəstəkarın tələbəsi Əşrəf Həsənov dirijor kürsüsü arxasında olmuşdur.
Operanın librettosu H.İsmayılov və M.S.Ordubadi tərəfindən məşhur aşıq nağılları əsasında tərtib edilmişdir. İlk tamaşada Koroğlu rolunu Bülbül, Nigar rolunu G.İskəndərova, Həsən xan rolunu isə M.Bağırov ifa etmişdir.
Bülbüldən sonra 70 il ərzində Koroğlu rolunun müxtəlif səhnələrdə bir çox ifaçıları olmuşdur: Yaqub Rzayev, Şirzad Hüseynov, A.A.Drozdov (1940-1960-cı illər), İbrahim Cəfərov (1960-cı illər), Adil Məlikov (1960-1970-ci illər), Hüseyn Əliyev (1970-ci illər), Xanlar Haqverdiyev (Türkmənistan səhnəsində), Lütfiyar İmanov, Nemət Sinhəbibi Qaracayev (Özbəkistan səhnəsində) və başqaları. Operanın rəssamı R.Mustafayevin tərtibatı quruluşla üzvi surətdə bağlı idi.
Belə ki, birinci pərdədə kəndlilər özlərinin ağır həyat şəraitini müzakirə edir, Alı kişinin kor olmasından sonra oğlu Rövşən kəndliləri üsyana çağırır. İkinci pərdədə xanın həyətindəki təntənə səhnələri məharətlə verilmişdir. Üçüncü pərdə Çənlibel qalasında baş verir. Burada qonşu kəndlərdən olan kəndlilər də yavaş-yavaş Koroğlunun dəlilərinin yanına gəlirlər və Həmzə bəyin gəlməsilə konflikt başlanır. Dördüncü pərdədə hadisələr sürətlə baş verir, qəhrəmanın və xalqın zülm və ədalətsizlik üçün qisas aldıqları səhnələr göstərilir. Məhəbbət və dostluq, zülm, ədalətsizlik üzərində qələbə çalır.
Uzaq keçmişdə baş vermiş kəndlilər üsyanının əzəmətini musiqidə qüdrətlə təcəssüm etdirən "Koroğlu" operasında nikbinlik ruhu, azadlıq pafosu canlanır. Xor və rəqs səhnələrində xalq kütlələri məğlubedilməz nəhəng qüvvə kimi təsvir edilmişdir. Musiqisi uvertüra ilə başlayan bu operada mübarizəyə çağırış, hünər və qələbə təntənəsi aydın duyulur.
Koroğlu özü aşıqdır və onun dastanı aşıqlar tərəfindən oxunur. Buna görə də operada əsas üslub - aşıq üslubudur. Muğamatdan isə başlıca olaraq xanın və onun saray adamlarının xarakteristikası üçün istifadə edilmişdir.
Üzeyir bəy məhz "Koroğlu" operasında ilk dəfə olaraq simfonik orkestrin tərkibinə milli çalğı alətlərimiz - tar, kamança, zurna, balaban, dəf əlavə edərək, operanın milliliyini daha da nəzərə çarpdırmışdır.
Ü.Hacıbəylinin milli musiqi ənənələri əsasında yaratdığı "Koroğlu" operası Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında mühüm mərhələ olmuşdu. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə epik qəhrəmanlıq səciyyəli bu operanın təntənəli nümayişi keçirilmiş, qeyrilərindən fərqli olaraq tamaşa bir dəfə yox, üç dəfə göstərilmişdir və o dövrün yüksək mükafatı hesab edilən - Stalin mükafatına layiq görülmüşdür.
Tamaşadan sonra Ü.Hacıbəyli dörd saat ərzində İ.V.Stalinlə milli operanın perspektivləri, əsərin ideya-mənəvi amilləri barədə söhbət etmişdir. Stalinin tövsiyəsi ilə Ü.Hacıbəyli əsərin finalında bir qədər dəyişiklik etmiş, onun daha təsirli alınmasına nail olmuşdur.
Bu müvəffəqiyyətdən sonra demək olar ki, bütün Moskva qəzetləri öz səhifələrində "Koroğlu" operasının möhtəşəm uğurundan söhbət açırdı. "Pravda" qəzeti "Koroğlu" operasının böyük müvəffəqiyyəti" adlı məqaləsində yazırdı: "…Moskvada keçirilən Azərbaycan dekadası günləri çərçivəsində 14 noyabrda SSRİ-nin Böyük Teatrının səhnəsində Azərbaycan SSR Xalq artisti Üzeyir bəy Hacıbəylinin "Koroğlu" operasının 3-cü dəfə göstərilən sonuncu tamaşası olmuşdur. Üzeyir bəyin bəstəkarlıq məharəti bu dəfə də böyük alqışlara səbəb olmuşdur. Dirijor Əşrəf Həsənovun rəhbərlik etdiyi simfonik orkestr uvertüranı bitirən kimi zalda əyləşən tamaşaçıların alqış səsləri hər yana yayıldı. Böyük müvəffəqiyyətlə keçən bu opera sürəkli alqışlarla qarşılanmışdır və tamaşaçılarda böyük rüh yüksəkliyi yaratmışdır. M.F.Axundov adına Azərbaycan Opera və Balet Teatrının sonuncu tamaşasında İ.V.Stalin, V.M.Molotov, K.E.Voroşilov, V.U.Çubar, N.İ.Yejov, M.A.Bağırov da tamaşaçılar arasında olmuşlar…"
Dekadadan sonra bəstəkar operanın V pərdəsini də əlavə edərək, III variantını işləmiş və əsər 1943-cü ildə Bakıda rus dilində səhnəyə qoyulmuşdur.
Həmin günlər (3-6 oktyabr) Bakı küçələrində asılmış bir elan hamının diqqətini cəlb edirdi. M.F.Axundzadə adına Opera və Balet Teatrında SSRİ Xalq artisti Üzeyir bəy Hacıbəylinin 5 pərdəli "Koroğlu" operası rus dilində (Z.Q.Zalçmanın tərcüməsində) səhnəyə qoyulurdu. Operanın bədii təribatçısı İ.Hidayətzadə, rəssamı A.F.Filippov, dirijoru isə Niyazi olmuşdur.
Yarandığı ilk gündən Şərq xalqlarının opera yaradıcılığının inkişafında böyük rol oynayan bu əsər əlbəttə ki, bundan sonra da opera səhnəsində şah əsər olaraq qalacaqdır.
Təranə HƏSƏNOVA,
Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin elmi işçisi