Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polis nəfəri şəhid Əzizbəy Muradovun qəhrəmanlıqlarla dolu nəğməli dünyası
O gün son bahar günəşi sozalan şəfəqlərini də götürüb yavaş-yavaş dağların arxasına çəkilmiş, bunu fürsət bilən süd kimi ağ duman isə sürünərək Şuşanın darmadağın olmuş, toz-torpağa bürünmüş ürəkağrıdan mənzərəsinin üzərinə sanki tüldən nazik pərdə çəkmişdi...
Bayaqdan bəri top, raket mərmilərindən lərzəyə gələn şəhərə qəribə bir sükut çökmüş, elə bil yer də, göy də, silahlar da illərin həsrətindən sonra vətən qibləmizdən İlahi musiqi kimi yüksələcək həmin melodiyaya qulaq vermək üçün bir anlıq susmuşdu...
Və... Əynində əsgər paltarı olan qədd-qamətli, qaraqaş, qaragöz bir gənc piano arxasına keçərək soyuqdan üşümüş, cəmi bir neçə dəqiqə əvvələ qədər silah tutan barmaqlarını elə dünyanın özü kimi ağ-qara olan dillərin üzərində məharətlə gəzdirməyə başlamışdı...
Gənc əsgər düz 28 illik ayrılığın ardından Şuşada doğma Azərbaycan musiqisini dilləndirmiş, "Dədə Qorqud" filmindən aşina olduğumuz, əzbər bildiyimiz "İncə bellim" mahnısını elə şövqlə, elə məharətlə, elə sevgi ilə çalmışdı ki...
Şuşadan qanadlanaraq bir anda bütöv Azərbaycana yayılan bu melodiyanı dinləyəndə sanki bu gənc Azərbaycan oğlunun ürəyinin səsinə, qəlbinin atəşinə, ana torpaq sevgisinə qulaq vermişdik...
İndi şəhidlik məqamında olan və 44 günlük Vətən müharibəsi zamanı Şuşada pianoda musiqi ifa etməsi ilə yeddidən yetmişə hər birimizin qəlbinə yol tapan əsgər Əzizbəy Muradovun incə ruhuna, musiqi sevdasına, Vətən eşqinə heyran olmuşduq...
"Haqqını halal et, ana..."
2023-cü ilin payızı, adi günlərdən biri idi. Sabirabadın Ulacalı kəndində yaşayan Muradovlar ailəsi həmin günü böyük sevinclə açmışdılar. İşi ilə əlaqədar Bakıda yaşayan oğulları Əzizbəy axşamdan zəng vuraraq valideynlərinə baş çəkəcəyini demişdi. Oğlunun gəlişinə hazırlıq görmək üçün Fatma ana sübh tezdən qollarını çırmalayaraq işə başlamışdı. Sonbeşik övladının xoşladığı xörəklər hazırlanmış, kabab çəkilmiş, samovara od salınmışdı...
Əzizbəyin gəlişi evdə həmişə toy-bayrama çevrilərdi, bu dəfə də belə oldu. Keçmiş günlərdəki kimi, hamı bir süfrə başına yığışmışdı, demişdilər gülmüşdülər... Amma Əzizbəyin fikirli halda "ana, sənə bir söz deyəcəm, atamla da danışacam", deməsi ilə Fatma ananın ürəyinə xal düşmüşdü. Nə qədər istəsə də ağlına gələn qara fikirləri başından ata bilməmiş, elə hey çək-çevir etmiş, öz-özünə təskinlik verməyə çalışmışdı ki, yəqin balası könlünün sirrini anasına açacaq... Axı çoxdan idi ki, bu xəbəri gözləyir, altdan-altdan toy hazırlıqları da görürdü...
Ancaq səhəri gün Əzizbəyin atası Ədalətlə danışıb halallaşdığını, işi ilə əlaqədar hansısa çətin tapşırığa gedəcəyini eşidəndə elə bil ürəyini məngənəyə salıb sıxmışdılar: "Mənə bircə onu dedi ki, ana, həyatda hər şeyə hazır ol. Soruşdum "bala, bu nə sözdür deyirsən, mən nəyə hazır olmalıyam ki?!" Cavab verdi ki, heç, özünüzdən muğayat olun... O, hamımızla görüşdü, halallaşdı, sonra da bağımızdan bir nar dərib özü ilə götürdü və getdi... Bu, Əzizbəyin son gedişi oldu... O gündən gözümüzü yollarda, ağlar qoydu..."
"Vətən oldu oğullar" rubrikasında Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polis nəfəri şəhid Əzizbəy Muradovun qəhrəmanlıqla dolu həzin musiqili ömür səhifələrini anası Fatma Muradova ilə vərəqləyirik.
İllərin şərəfi
DİN-in Əlahiddə Çevik Polis Alayının Xüsusi təyinatlı ikinci taborunun 3-cü bölüyünün sabiq polis nəfəri, polis kiçik serjantı Muradov Əzizbəy Etibar oğlu 3 fevral 1998-ci ildə Sabirabadın Ulacalı kəndində anadan olub. 2016-2017-ci illərdə həqiqi hərbi xidmətdə olan Əzizbəy Muradov 2018-2022-ci illərdə Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecini bitirib.
2020-ci ildə 44 günlük Vətən müharibəsi başladığı dövrdə Əzizbəy Muradov könüllü olaraq döyüşlərdə iştirak edib, göstərdiyi şücaətlərə görə Prezidentin sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Əzizbəy Muradov müharibədən sonra 4 oktyabr 2022-ci ildə daxili işlər orqanlarında xidmətə qəbul edilərək DİN-in Əlahiddə Çevik Polis Alayında polis nəfəri vəzifəsində xidmət edib.
İşğaldan azad olunmuş ərazilərdə xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə Əzizbəy Muradov Şuşa şəhərinə ezam olunub. 19 sentyabr 2023-cü ildə Xocavənd rayonu istiqamətində hərəkətdə olarkən qanunsuz erməni silahlı birləşmələri tərəfindən quraşdırılmış minanın partlaması nəticəsində ağır yaralanıb, göstərilən tibbi müdaxilələrə baxmayaraq 6 oktyabr 2023-cü ildə vəfat edib.
Şəhid Əzizbəy Muradov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə görə Prezident tərəfindən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
Komandir heyəti tərəfindən bacarıqlı və intizamlı əməkdaş kimi xarakterizə edilən şəhid Əzizbəy Muradov anadan olduğu Ulacalı kəndində dəfn olunub. 25 yaşında şəhadətə ucalan Əzizbəy Muradov subay idi.
Xatirələrə qəm ələnəndə...
İki ilə yaxındır ki, yoxluğu ilə ürəyinə dağ çəkən oğlunu xatirələrlə anmağın dəhşətli əzabları ilə qovrulan Fatma ana müsahibəmiz boyu Əzizbəylə bağlı heç bir cümləsini tamamlaya, onların sonuna nöqtə qoya bilmədi... Yarımçıq qırılan acılı-şirinli xatirələr arasında çırpınan ananın gücü yalnız ürəyindən süzülüb gözlərindən sel kimi axan yaş damlalarına çatdı...
Valideynlər bütün övladlarını eyni dərəcədə sevirlər. Amma sonbeşiklərin çox istəkli olmaları da hər kəsə bəllidir. Əzizbəy də evin sonbeşiyi idi, ata-anası onu bir ayrı istəyirdi. Əzizbəyin uşaqlıq illərini göz yaşları içərisində xatırlayan Fatma ana dedi ki, o ağıllı, mərhəmətli, ürəyiyuxa, sözəbaxan övlad olub...
Ancaq 2023-cü ilin 19 sentyabrından oktyabrın 6-na qədər - düz 17 gün reanimasiyada olarkən anası nə qədər Əzizbəyi çağırmışdısa o gözlərini açmamış, hay verməmiş, 25 illik həyatında ilk dəfə anasının sözünə baxmamışdı:
- Allah heç kəsə belə faciə yaşatmasın. Oğlum gözümün önündə sakitcə uzanmışdı. Ağlayırdım, çağırırdım, yalvarırdım... Nə qədər, "anan boyuna qurban, dur ayağa, Əzizbəy" deyirdim, ancaq hay vermirdi mənə... Övladım var ikən yox idi...
Əzizbəy həyat dolu uşağıydı. Məktəbdə də dərslərini yaxşı oxumuşdu, amma uşaq yaşlarından musiqiyə bağlanmışdı. O, Üzeyir Hacıbəyli adına musiqi məktəbini bitirdikdən sonra qarmon ixtisası üzrə Asəf Zeynallı adına musiqi kollecinə sənədlərini vermişdi. Həmin il hərbi xidmətə çağrılmışdı. Xidmətini Şahbuz rayonunda keçmişdi. Hərbi xidmətini başa vurduqdan sonra musiqi təhsilini davam etdirmişdi.
2020-ci il Vətən müharibəsi başlayanda isə bizə heç nə demədən təhsilini donduraraq könüllü şəkildə döyüşə yollanmışdı.
Həmin 44 gündə çox qorxu, stres keçirirdim. Amma Əzizbəy bizimlə telefonla əlaqə saxlayanda elə rahat, təmkinlə danışırdı ki, elə bil heç döyüşdə deyildi. Deyirdi ki, ana, qorxma hər şey yaxşıdır. O təhlükənin içində, hər an ölümlə üz-üzə olduğunu qətiyyən bildirmirdi ki, təki biz narahat olmayaq. Müharibə vaxtı Qubadlıda tapdıqları qarmonda "Qarabağ şikəstəsi"ni, sonra "Həyat, mən yoruldum, sən yorulmadın" mahnısını ifa etmişdi. Şuşada isə bir köhnə pianoda "İncə bellim"i çalmışdı. Yoldaşları musiqi ifa edərkən onu videoya çəkmişdilər. Əzizbəy həmin videoları mənim də telefonuma göndərmişdi. Deyirdi ki, ana, bax sağ-salamatam. "İncə bellim" mahnısını sənə həsr eləmişəm, sən bu mahnını çox sevirsən...
Torpaqlarımız bir-bir azad olunduqca çox sevinirdi. O, 2020-ci il sentyabrın 28-də müharibəyə getdi və qələbə qazandıqdan iki ay sonra - yanvarın 10-da evə gəldi.
Döyüş yoldaşları danışırlar ki, Əzizbəy müharibədə çox qəhrəmanlıqlar göstərib. Hətta onları neçə dəfə ölümdən qurtarıb, düşmən mühasirəsindən çıxarıb. Kim ki, ailəlidir, onları döyüşdə irəlidə getməyə qoymurmuş ki, övladlarınız var, qoyun mən gedim, subayam...
Belə böyük ürəyə sahib idi oğlum...
Müharibədən qayıdandan sonra qarmonuna yaxın getmədi, musiqi ifa etmədi. Elə hey savaşda gözləri önündə şəhid olan döyüş yoldaşlarını xatırlayırdı. Çox kədərli idi, heç üzü gülmürdü...
Musiqi dünyası, Vətən eşqi
Əzizbəy Muradov hər nə qədər uşaqlıqdan musiqiyə könül versə də, qanı ilə axan vətən eşqi onu maqnit kimi başqa sahəyə cəzb edirdi. Buna görə də 4 oktyabr 2022-ci ildən DİN-in Əlahiddə Çevik Polis Alayında polis nəfəri vəzifəsində xidmət etməyə başlamışdı. Ta uşaqlığından könül verdiyi musiqi dünyasını, polis olaraq vətənə xidmətə dəyişmişdi.
Əzizbəyin qəlbində boy atan torpaq sevgisi isə ona ailəsindən genetik ötürülmüşdü:
- Bizim ailədə üç nəsil hərbçi yetişib. Əzizbəyin babası Xanoğlan Muradov 1941-1945-ci illər müharibəsinin veteranı idi. Atası Ədalət 1992-ci ildə torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə iştirak edib, veterandır. Əzizbəy uşaqlıqdan babasının, atasının müharibə haqqında xatirələrinə qulaq asardı, o mühitdə yetişərdi. Elə atasıgilin yarımçıq qalan döyüş yolunu davam etdirmək, şəhidlərimizin qisasını almaq üçün 44 günlük müharibəyə könüllü yollanmışdı.
O işi ilə əlaqədar Bakıda kirayədə qaldığına görə bizim yanımıza tez-tez gələ bilmirdi. Sonuncu dəfə 2023-cü il sentyabrın 16-da bizimlə görüşməyə gəldi. Səhəri günü isə hamımızla halallaşıb xidməti vəzifəsini yerinə yetirmək üçün Qarabağa yollandı. Nəsə ürəyim çox narahat idi, heç 44 günlük müharibədə bu cür olmamışdım. Bir neçə gün sonra xəbər gəldi ki, Əzizbəy yaralanıb, onu xəstəxanaya yerləşdiriblər. Həmin gündən həyatım qaraldı, dünyam başıma uçdu. Övladım düz 17 gün komada qaldı. O, 17 gündə Allaha dua etdim, balama gözlərini açması, mənə hay verməsi üçün yalvarıb-yaxardım, amma...
Həkimlər nə qədər çalışdılarsa, onu həyata qaytarmaq mümkün olmadı.
Hər şey qismətdir, görünür, tale Əzizbəyin alnına 44 gündə yox, 23 saatda şəhid olmaq yazıbmış (ağlayır).
"Yoxluğuna dözə bilmirəm, oğul!"
- Əzizbəy şəhadətə ucalan gecəsi yuxuda gördüm ki, kimsə məni qaranlıq bir yerə çəkir. Əlimi uzadıb deyirəm ki, Əzizbəy, əlini ver mənə buradan çıxım. O, əlimdən dartıb, özü həmin qaranlıq yerə getdi. Bu an elə bil ürəyimə iynə sancıldı, oyandım... Üstündən çox keçmədən övladımın şəhidlik xəbəri gəldi...
Gənc ürəyində o qədər arzuları var idi ki... Həmişə deyirdi ki, işim var, özümə ev, maşın alandan sonra - 28 yaşımda evlənəcəm...
Ona elçi gedə, nişan qoya, toy edə bilmədim...
Əzizbəy el-obamızda ailənin xoş günlərində qarmonu ilə musiqi ifa edib, o qədər gəlin gətirib, nişan, xınayaxdılar, "əsgərgetdi"lər edib ki...
Amma özünə "Vağzalı", bəylik libası qismət olmadı...
Övlad dərdi, heç nəyə bənzəmir. Bir il yarımdır ki, gözüm yollardadır. Özümü heç cür sakitləşdirə bilmirəm. Həyətimizi, evin hər yerini Əzizbəyin şəkilləri ilə bəzəmişəm ki, hara baxsam onu görüm. Onun üçün ayrıca otaq tikdirmişəm, şəkillərini, əşyalarını yığmışam... Adına bulaq düzəltmişik...
Ona bəy otağı qismət olmadı, məzarını bəy otağı kimi bəzəmişəm. Bütün bunlar hamısı mənə göz dağıdır. Qəbrinin üstünə gedib, saatlarla oturub Əzizbəylə dərdləşirəm, "yoxluğuna dözə bilmirəm, oğul, hardasan gəl!", - deyə haraylayıram...
Amma o mənə heç bir cavab vermir, özüm deyib özüm eşidirəm...
Çox çətindir... Allah heç bir ananı övladı ilə imtahana çəkməsin. Desələr balanı gətirib göstərərik, iki gözümü verərəm, dünya işığına həsrət qalaram ki, təki balam yaşasın. Amma o əbədi getdi... Bir gün Əzizbəy gələcək deyə, özümü aldada-aldada yaşayıram, əgər buna yaşamaq deyərlərsə...
Bu dünyadan bir Əzizbəy keçdi
Bəli, bu dünyadan bir Əzizbəy keçdi... O, cəmi 25 illık qısa ömür yoluna böyük qəhrəmanlıqlar sığdırıb ellərin əzizi oldu. Biz də onu azadlığına yenicə qovuşan Şuşada pianoda məharətlə ifa etdiyi "İncə bellim" mahnısıyla tanıyıb sevdik. O, Vətən müharibəsində musiqi kollecindəki təhsilini yarımçıq qoyaraq könüllü döyüşlərə yollanmış, çalınan parlaq Qarabağ zəfərində, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan oğul və qızlarımızın qisasının alınmasında onun da payı olmuşdu.
"Əsas odur ki, Qarabağı, işğalda olan torpaqlarımızı azad etdik. Əsas arzumuza, istəyimizə çatmışıq. Ərazi bütövlüyümüzü bərpa etmişik. Bayrağımızı torpaqlarımıza sancmışıq. Qalibik. Əsas olan budur. Qayıdanda təhsilimi davam etdirəcəm", - deyə, Əzizbəy Muradov 44 günlük müharibədə qazandığımız şanlı qələbə ilə bağlı qürurlu təəssüratlarını müsahibələrinin birində bu sözlərlə ifadə etmişdi.
Ancaq o zaman gənc qəhrəmanın ağlına da gəlməmişdi ki, amansız fələk ömür yoluna ayrı bir yazı da yazıb... Şəhidlik yazısı...
Vətən müharibəsindən üç il sonra - antiterror tədbirləri zamanı ağır yaralanan Əzizbəy Muradov şəhadətə yüksəlməsi ilə doğmalarını, el-obasını, bütün Azərbaycanı yasa boğdu. Ondan geriyə isə yaddaşlarda qürurlu xatirəyə çevrilən qəhrəmanlıqlarla dolu nəğməli dünyası qaldı...
Yasəmən MUSAYEVA,
"Azərbaycan"