Mütəxəssislər bu səbəbdən xəstəliyin diaqnozunu qoymağın çətinləşdiyini bildirirlər
Yüksək yoluxuculuğa malik olan “Omikron” variantı hazırda dünyada digər COVID-19 variantlarını üstələmiş vəziyyətdədir. Ən çox yayılan isə “Omikron”un altvariantı BA.1-dir. Əksər ölkələr, xüsusilə də Asiya və Avropa ölkələri BA.2-nin səbəb olduğu yoluxma hallarının artdığını bildiriblər. Mütəxəssislər məlumat verirlər ki, viruslar mutasiyaya uğradıqda və yeni variantlar ortaya çıxdıqda onlar bəzən altnövlərə bölünə bilirlər.
“Delta” variantının 200 müxtəlif altvariantı var. Eyni proses “Omikron”da da müşahidə edilir, belə ki, onun BA.1, BA.2, BA.3 və sair altnövləri var. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ötən ayın sonuna olan məlumatına görə, qlobal GISAID məlumat bazasına təqdim edilən nümunələrin təxminən 99 faizi bu subvariant olub. Lakin BA.2 digər subvariantlara nisbətən daha yoluxucu olsa da, onun ağır xəstəliyə səbəb olduğuna dair hələlik heç bir elmi sübut yoxdur.
Ümumilikdə isə “Omikron” yoluxduğu şəxslərdə fərqli simptomlarla özünü büruzə verir. Bir çox xəstə yüngül soyuqdəymə kimi simptomlardan şikayət etsə də, bəziləri şiddətli simptomlarla üz-zə qalır. ÜST-ün yoluxucu xəstəliklər üzrə mütəxəssisi doktor Maria Van Kerkhove “Omikron” virusuna yoluxmuş insanların onlarca əlamət göstərə biləcəyini söyləyib. O, əlavə edib ki, biz bilirik ki, “Delta” ilə müqayisədə “Omikron” ilə yoluxsanız, xəstəxanaya yerləşdirmə riski orta hesabla daha azdır, lakin bu onun yüngül xəstəlik olduğu demək deyil.
“Omikron” xəstələrində mədə-bağırsaq simptomları müşahidə olunur
İngiltərədəki London Kral Kolleci tərəfindən idarə olunan ZOE COVID araşdırma tətbiqi yeni növ koronavirusun simptomları haqqında istifadəçi bildirişlərini toplayır. Bu bildirişlərə əsasən müəyyən olunub ki, əksər “Omikron” xəstəsində boğaz ağrısı, şiddətli bədən ağrısı, yorğunluq, şiddətli baş ağrısı kimi soyuqdəyməyə bənzər simptomlar müşahidə olunur.
ZOE-nin nəticələrinə görə, son zamanlarda “Omikron” xəstələrində ishal, iştahasızlıq və qarın ağrısı kimi mədə-bağırsaq simptomu artıb. Digər tərəfdən, yoluxmuş insanlar klassik COVID-19 simptomu, öskürək, qızdırma və qoxu itkisi ilə bağlı daha az məlumat veriblər. Mütəxəssislər bildiriblər ki, simptomların bu qədər geniş olması səbəbindən xəstəliyin diaqnozunu qoymaq çətinləşib.
Eyni zamanda tibb elminin gəldiyi qənaət budur ki, “Omikron”a yoluxanlar xəstəliyi yüngül keçirsə də, vaksinasiya olunmayanlarda bu ştam ciddi fəsadlar törədə bilir.
Azərbaycanda COVID sertifikatlarının etibarlılıq müddətinə dair tələblər dəyişib
Son dövrlər “Omikron” səbəbindən Azərbaycanda da COVID-ə yoluxma sayı artıb. Amma epidemioloji vəziyyət nəzarət altındadır. Bu həm də Azərbaycan əhalisinin 47 faizinin hər iki doza üzrə peyvəndlənməsi ilə əlaqədardır ki, müvafiq göstərici ÜST-ün 40 faiz hədəfini aşıb.
Fevralın 15-dən etibarən ölkəmizdə COVID sertifikatlarının etibarlılıq müddəti COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı (2 doza) təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını (“buster” doza) aldıqda müddətsiz olacaq.
Bu, Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli qərarı ilə “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks-göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.
Eyni zamanda Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında dəyişiklik edib. Beləliklə, 2022-ci il fevralın 15-dən etibarən bu qərarda nəzərdə tutulan iş və xidmət sahələri işçilərindən etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatının və ya sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədin, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb ediləcək.
Fevralın 15-dən bütün elm və təhsil müəssisələri işçiləri və tələbələr üçün də peyvənd sertifikatına dair yeni tələb qüvvəyə minib. Qərara əsasən, fevralın 15-dən etibarən mülkiyyət formasından asılı olmayaraq, bütün elm və təhsil müəssisələri işçilərindən (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatının və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədin, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb ediləcək. O cümlədən fevralın 15-dən ali və orta-ixtisas təhsili müəssisələrində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb ediləcək. Bu halda yenə də təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələri istisna təşkil edəcək.
Toy mərasimlərində peyvənd sertifikatına dair yeni tələb
Fevralın 15-dən toy mərasimlərində peyvənd sertifikatına dair tələb də dəyişib. Belə ki, Nazirlər Kabinetinin yuxarıda adıçəkilən qərarda etdiyi dəyişikliyə əsasən, göstərilən tarixdən COVID sertifikatlarının etibarlılıq müddəti COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda daimidir. Etibarlılıq müddəti COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsizdir. Beləliklə, bununla əlaqədar 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqlara münasibətdə də yeni tələb qüvvədədir.
Yasəmən MUSAYEVA,
“Azərbaycan”