29 Aprel 2024 16:22
287
Mədəniyyət
A- A+

Oğuz sakininin kreativ əl işi - dağ ətəyində kiçik “ayı mağarası” - FOTO  

 

İxtisasca ilahiyyatçı olan Bakıxan Abdullayevin beş aya ərsəyə gətirdiyi ayı başı formasında olan sığınacaq son günlər sosial şəbəkələrdə ən çox maraqla qarşılanan və müzakirə olunan mövzulardandır.

Böyük Qafqaz sıra dağlarının cənub yamacında yerləşən Oğuzun Baş Daşağıl kəndi Şahdağ Milli Parkının şimal-qərb bölgəsində son nöqtəsi hesab edilir. Hər tərəfi dağlarla əhatə olunan bu əsrarəngiz kəndin füsunkar təbiəti var. İnsanları da zəhmətkeş və yaradıcıdır. Elə kənd sakini Bakıxan Abdullayevin əl işi də bunu sübut edir. AZƏRTAC-ın əməkdaşının Bakıxan Abdullayevin əl işi barədə hazırladığı reportajı təqdim edirik.

İxtisasca ilahiyyatçı olan Bakıxan Abdullayevin əsas hobbisi arıçılıq və təbiət qoynunda gəzib dolaşmaqdır. Özünün də dediyi kimi, doğulub boya-başa çatdığı kənddə elə dağ-dərə, yaylaq, qayalıq yoxdur ki, ora Bakıxanın ayağı dəyməsin. O, əvvəllər də kəndin müxtəlif məkanlarında özü üçün maraqlı əl işləri hazırlayıb. Lakin indiyədək kimsənin bilməsini istəməyib. Son vaxtlar isə əl işlərini sosial şəbəkələrdə paylaşmaqla insanlara örnək olmaq istəyir. Baş Daşağıl kəndinin bir neçə kilometrliyində, dağın ətəyində hazırladığı son əl işi isə çoxlarının marağına səbəb olub.

Bakıxanla əvvəldən razılaşdığımız kimi, kəndin girişində görüşüb yol alırıq onun xəyal dünyasına, yəni əl işini hazırladığı məkana. Ətraf yamyaşıldır, dağlarla əhatələnib. Burada ancaq quşların səsini və çayın şırıltısını eşidirsən. Bu mənzərəni seyr edəndən sonra anlayırsan ki, Bakıxan nə üçün bu əraziləri seçib. O, hazırladığı əl işini bizə göstərə-göstərə deyir: “Mən sakit təbiətdə vaxt keçirməyi, təbiətdə özümlə baş-başa qalmağı xoşlayıram. Bu, bir növ mənim hobbim, əyləncəmdir, istirahət tərzim budur”.

Quşlar nəğmə oxuyur, yaxınlıqdakı dərə çayının şırıltısı insanın könlünü oxşayır. Uzaqdan uşaq səsləri gəlir. Öyrənirik ki, Baş Daşağıl kənd tam orta məktəbinin bir qrup müəllim və şagirdi Bakıxanın əl işinə tamaşa etmək üçün buraya gəlir. Onlarla tanış oluruq. Qrupa rəhbərlik edən elə Bakıxanın sinif müəllimi Lətafət xanımdır.

İxtisasca biologiya müəllimi olan Lətafət Məmmədəliyeva Bakıxanın əl işlərini bu gün də arxivində saxlayırmış. “Bakıxan mənim sevimli şagirdlərimdən olub. Dərs dediyim vaxtlar onun gözəl əl işləri, rəsmləri olurdu. Uzun müddətdir məktəbi qurtarmasına baxmayaraq, həmin əl işlərini saxlayıram. Sosial şəbəklərdə bu ayı başını görəndə çox təəccübləndim. Maraqlandım, məlum oldu ki, elə öz şagirdimin əl işidir və dərhal ona yazdım: “Sənin kimi bir şagirdim olduğuna görə fəxr edirəm”.

Lətafət müəllim sözlərinə onu da əlavə edir ki, əgər Bakıxan bu kimi yeni layihələr həyata keçirsə, öz sinifi ilə onun yanında olacaq və bu işdə keçmiş şagirdinə lazımi kömək göstərəcək.

Şagird və müəlimlər Bakıxanla xeyli söhbət edir, ona gördüyü işlə bağlı maraqlı suallar ünvanlayırlar. O suallardan biri məni də maraqlandırırdı: Niyə, məhz ayı?

“Biz Qafqaz dağlarında yaşayırıq. Bizim meşələrdə bir çox heyvan var. Amma ən yırtıcısı ayıdır. Ayılar burada çoxdur. Bizim meşələrin iki simvolu varsa, biri dağ keçisi, digəri ayıdır”, - deyə Bakıxan cavab verir.

Meşə və dağ yamacında sınıb qalan ağac və kötükdən hazırladığı oturacaq insanı keçmişə aparır. Bu arada, Bakıxanın dərə suyundan dəmlədiyi çayın da tamam başqa bir ləzzəti var.

Bu sadə və yaradıcı kənd adamı ilə söhbətdən o da bəlli olur ki, onun xeyli planı var. Yaşadığı kənd həm də Şahdağ Milli Parkının son nöqtəsi olduğundan bu ərazilərə ilin hər fəsilində xeyli turist gəlir. Bunu nəzərə alan Bakıxanın onlar üçün də maraqlı ideyaları var. Deyir ki, qarşıdakı aylarda bu istiqamətdə fəaliyyətini genişləndirəcək.

Təbiət vurğunu, sadə kənd adamına uğur diləyib Baş Daşağıl yaylasından ayrılırıq. İnanırıq ki, onun daha maraqlı, kreativ əl işlərinə tez-tez rast gələcəyik. Çünki turizm mövsümü başlayır və insanların təbiət qoynunda belə əl işlərinə marağı böyükdür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video