Ermənilər köhnə vərdişlərindən əl çəkmirlər. Qədim tarixə malik mədəniyyət abidələrini, musiqi alətlərimizi, folklor nümunələrini, milli mətbəximizin bəzi ləziz təamlarını "özəlləşdirməyə"çalışan "hay"lar arabir müəllif əsərlərinə də əl uzatmaqdan çəkinmirlər.
Utanmaq hissindən məhrum olan "qonşularımız" bu dəfə sözləri və musiqisi tanınmış Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan, ilk dəfə 1972-ci ildə Xalq artisti Arif Babayev tərəfindən ifa edilən "Qarabağ" ("Anadır arzulara hər zaman Qarabağ") əsərinə tamah salıblar. Erməni ifaçısı Gor Yepremyan məşhur mahnının sözlərini dəyişərək "Armenian Folk", yəni "erməni xalq mahnısı" "Sirun jan" adı altında, "Yutub" platformasına yerləşdirib. Təbii ki, bu, ermənilərin müsiqi numunələrimizi oğurlamaları haqqında ilk fakt olmadığı kimi heç sonuncu da olmayacaq. Məsələ burasındadır ki, dünyaşöhrətli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin əsərlərini mənimsəyən ermənilər cəmiyyətin sərt reksiyası ilə qarşılaşsalar da, bədnam əməllərindən əl çəkə bilmədiklərini davamlı şəkildə nümayiş etdirməkdədirlər.
Faktla bağlı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi birgə bəyanat verərək məsələyə aydınlıq gətiriblər. Bəyanatda qeyd edilir ki, sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan "Qarabağ" əsəri XX əsrdə yaradılmış və ilk dəfə Xalq artisti Arif Babayev tərəfindən 1972-ci ildə ifa edilmişdir. Əsər 1972-ci il iyunun 2-də SSRİ qanunvericiliyinə uyğun olaraq Əqli Mülkiyyət Agentliyinin hüquqi sələfi olan Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan şöbəsində qeydə alınmışdır. 1998-ci ildə dünyasını dəyişmiş Bəhram Nəsibovun vərəsələri onun mahnı janrında yazılmış bir çox əsərlərini, o cümlədən bu əsəri 2004-cü il iyulun 14-də Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyində (Əqli Mülkiyyət Agentliyinin hüquqi sələfi) dövlət qeydiyyatından keçirmiş, onlara agentlik tərəfindən əsərin qeydiyyatı haqqında 662 nömrəli şəhadətnamə verilmişdir.
Xatırladaq ki, Bəhram Nəsibovun ən məşhur mahnılarından olan "Qarabağ" dəfələrlə Azərbaycan, Türkiyə, Özbəkistan və digər ölkələrdə kütləvi ifa edilmiş, həmin ifaların çoxlu sayda video və audioyazıları mövcuddur.
Bəyanatda vurğulanır ki, "Sirun jan" videosu oxşarlığın müəyyən edilməsi məqsədi ilə Əqli Mülkiyyət Agentliyinin ekspertlərinə təqdim edilib. Ekspert qismində Xalq artistləri, bəstəkarlar Faiq Sücəddinov və Eldar Mansurov apardıqları araşdırmanın nəticəsi olaraq müəyyənləşdiriblər ki, erməni ifaçının səsləndirdiyi "Sirun jan" adlı mahnının musiqisi Bəhram Nəsibovun muğamın "Çahargah" ladında yazdığı "Qarabağ" əsərinin musiqisi ilə tam üst-üstə düşür, eynidir. Bundan əlavə, əsərin orijinal "Qarabağ" adı "Sirun jan" adına, "Anadır arzulara hər zaman Qarabağ" cümlələri də daxil olan Azərbaycan dilindəki mətni isə erməni dilində yeni mətnə dəyişdirilərək əsər təhrif edilmişdir. Beləliklə, mahnı təhrifə məruz qalmış, onun tərkib hissəsi olan musiqi barəsində plagiatçılıq törədilmişdir.
Bununla əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Ermənistan Respublikasının müvafiq strukturlarından Azərbaycan bəstəkarı Bəhram Nəsibovun "Qarabağ" əsərinin Gor Yepremyan tərəfindən sözləri dəyişdirilməklə "Sirun jan" adı altında erməni xalq mahnısı kimi kütləvi ifasını, təqdim edilməsini və plagiatçılıq hallarının aradan qaldırılmasını, Bəhram Nəsibovun müəlliflik hüquqlarının bərpa edilməsini, beynəlxalq hüquqa və milli qanunvericiliyə uyğun olaraq pozuntunu törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsini və görülmüş tədbirlər barədə Azərbaycan tərəfinə məlumat verilməsini tələb ediblər.
Elşən QƏNİYEV,
"Azərbaycan"