Dədə Qorquddan bugünədək yol gələn "Saz bayramı-yaz bayramı” həm də ulu
ozan sənətinin yaşadılması deməkdir
Müdriklərimiz martı tarixən "təbiətin oyanış”
ayı da adlandırıblar. Çünki çayların buzu əriyir, arxın kənarlarında yarpız soyuq-sazaqdan qorxmayıb Günəşə tərəf boylanır.
Zirvəsi bəyaz dağlar baharın gəlişini duyub ağ çalmasını açmağa, yaşıl şala bürünməyə
hazırlaşır. Qaya dibinə sığınmış novruzgülünə elə gəlir ki, ondan tez oyanan yoxdur.
Amma baxıb görəndə ki qarəməngül-peşəməngül - danaqıran "onu yuxuya verib”, boynunu
əyib kövrəlir, kol dibində göyərən bənövşəni səsləyir, təbiət yenidən canlanır,
qış donunu soyunmaqla yeni bir fəslin gəlişindən xəbər verir, o da nazlanmağa başlayır.
Novruz
günlərinə qədər dörd həftə yol gələn
yaz fəsli Sudan keçib, Odda bişib, Yelin qanadlarında özünü Torpağa yetirəndə görüb
ki, qarçiçəyi yerin bağrını yarıb. Novruzun təbiətə gətirdiyi oyanış, deyirlər ki,
aran yerlərində daha tez hiss olunur. Lakin dağların Novruz bayramını necə qarşılamasının
şahidi olanlar bu həqiqəti bəzən qəbul edə bilmirlər. Amma bunun da öz səbəbləri
var.
Novruz bayramı günlərində (hətta çərşənbələr
başlayandan) qəmli notlardan uzaq olmaq lazımdır. Bu da folklorumuzdan gəlmədir:
dəm dəmi gətirər, qəm də qəmi. Ağrı-acılarımızı tonqalda yandırırıq ki, yeni baharımız, yazımız xoş əhvali-ruhiyyə
gətirsin, şadlıq və sevincli günlər qədəm bassın həyatımıza. Lakin gecə ilə gündüz, axşamla səhər öz axarındadır. Demək, xeyirlə şər
də qaçılmazdır.
"Kitabi-Dədə Qorqud”dan boy verən bu oyanış təəssüf ki, işğal altındakı yurdlarımızda
illərdir ki, gecikir. Çünki orada yağı torpağı əkib-becərmir, əksinə, zəhərli silahlarla
onu yaralayır.
Ozan-aşıq sənəti ən qədim folklor örnəklərindən
olmaqla, Azərbaycan xalqının mənəvi-mədəni inkişafında mühüm yer tutur. Novruz şənliklərini
saz çalğısı, aşıq musiqisi olmadan təsəvvür etmək mümkün deyil. Hətta, keçmiş sovetlər
birliyi dövründə də ölkəmizdə "Saz-söz bayramı”nın keçirilməsinə qadağa qoyula bilmədi. Müstəqilliyin bərpasından sonra Azərbaycanda Novruz
şənlikləri məhz ozan-aşıq sənətinin bugünkü davamçılarının ifalarında bir-birindən
maraqlı çıxışlarla yadda qalır.
Azərbaycanın ustad aşıqlarından olan Sarı
Aşıq, Abbas Tufarqanlı, Dirili Qurbani, Xəstə Qasım, Şəmkirli Hüseyn, Aşıq Musa,
Aşıq Ələsgər, Aşıq Alı, Aşıq Şəmşir, Bozalqanlı Aşıq Hüseyn, Aşıq Mirzə Bilal, Aşıq
Şakir, Aşıq Pənah və başqaları Novruz bayramının
müqəddəsliyini, ümumiyyətlə, yazın gəlişini, təbiətin oyanışını, həyatın gözəlləşməsini,
bolluq və xoş güzəranı tərənnüm edən gözəl, ifadəli şeir nümunələri yaratmışlar.
Aşıq sənəti Azərbaycan xalqının yaradıcılıq
sahəsi olaraq UNESKO-nun dünyanın qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Novruz bayramı günlərində aşıqlar qədim sazı
sinələrinə basıb el-el dolaşır, yurd, vətən, yaz, Novruz, sevgi haqqında nəğmələr
qoşurlar.
Azərbaycan Respublikasının Birinci vitse-prezident,
UNESKO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın aşıq sənətinin
qorunması, inkişafı və təbliği istiqamətində fəaliyyəti xüsusi qeyd olunmalıdır.
Məhz bu fəaliyyət sayəsində Azərbaycanın
aşıq sənəti ilə birlikdə Novruz bayramı
2009-cu ildə UNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Baharın tərənnümü, Novruzun vəsfi aşıq yaradıcılığında
xüsusi yer tutur. Baharın - Novruzun təsvir-tərənnümünə həsr olunan şeirlər "Novruznamə”
adlanır.
Dirili Qurbani adı ilə tanınan saz-söz ustadının
poeziyasında baharın tərənnümü xüsusi yer tutur. Onun "Bənövşəni” qoşması bu gün
də dillər əzbəridir:
Başına döndüyüm, ay qəşəng pəri,
Adətdi, dərərlər yaz bənövşəni.
XVI yüzilliyin sonları - XVII yüzilliyin
ortalarında yaşamış, şeirləri, "Qul”, "Şikəstə”, "Bikəs” təxəllüsləri ilə daha çox
tanınan Abbas Tufarqanlının həyat və yaradıcılığından söz açan, aşıqların dilinin əzbəri olan "Abbas-Gülgəz” dastanına
400-dən çox aşıq şeiri daxildir. Şair-aşığın əsərlərində bahar motivli nümunələr
xüsusilə çoxluq təşkil edir:
Yenə gəlib bahar fəsli,
Süsən, sünbül, Məzə dağı.
Açılıb güllər, nərgizlər,
Bənövşələr, bəzə dağı.
Təbiətin təsviri, yazın, payızın tərənnümü
Xəstə Qasımın da yaradıcılığında mühüm yer tutur:
Payız dərdim, qış möhnətim, yaz qəmim,
Hicran tapdaq
etdi yayılan məni.
Götür qələm,
sərxəttimi yaz mənim,
Qoyma dərgahından
yayılan məni.
Yaxud "Təcnis Alı” kimi də tanınmış ustad Aşıq Alının
gəraylı və qoşmalarında da bahar mövzusu xüsusi vurğulanır:
Süsənli-sünbüllü,
tər bənövşəli,
Yaylaq, bizim
yaylaqlara bənzərsən.
İçən ölməz
abi-kövsər suyunu,
Bulaq, bizim
bulaqlara bənzərsən.
Aşıq poeziyasında
kamil sənət nümunələri yaradan Aşıq Hüseynin bahar güllərini vəsf edən "Sarı gül”
rədifli qoşması, xanəndələrimizin repertuarında
özünə əbədilik qazanıb:
Yarın bağçasında
üç gül açılıb,
Ağ gül, qırmızı
gül, illah sarı gül.
Hər üçü də
bir-birindən öyməli,
Ağ gül, qırmızı
gül, illah sarı gül.
Azərbaycanın
aşıq-şeir sənətinin zirvəsini fəth etmiş Aşıq Ələsgərin əsərləri arasında baharla,
yazla, Novruzla bağlı nümunələri saymaqla
qurtarmaq olmaz. Aşıq Ələsgər Azərbaycanın təbiətini - başı qarlı dağlarını, ala
yaylaqlarını, bahar fəsilli min rəngə boyanan çəmənlərini, əkin-biçin yerlərini,
tarla və zəmilərini min bir dillə oxşayır, min bir çalarda tərənnüm edirdi:
Bahar fəsli,
yaz ayları gələndə,
Süsənli-sünbüllü,
lalalı dağlar...
Ana dilinin
incəlikləri hesabına ərsəyə gələn təcnisin cığalı, dodaqdəyməz, dildönməz kimi nadir
incilərini yaradan ustad sanki ana təbiətin fəsillərinin dördünü də eyni dərəcə
sevib və vəsf edirdi. Amma bu sevgidən baharın, yazın bəxtinə daha çox düşürdü:
Qışda dağlar
ağ geyinər, yaz qara,
Sağ dəstinlə
ağ kağıza yaz qara.
Əsər yellər,
qəhr eyləyər yaz qara,
Daşar çaylar,
gələr daşlar çataçat.
Novruzun,
yazın, təbiətin tərənnümü Aşıq Musa, Aşıq Rəcəb, Dədə Şəmşir, Bozalqanlı Aşıq Hüseyn,
şair Vəli, Aşıq Şakir, Aşıq Pənah və digər ustad el sənətkarlarının yaradıcılığında
da xüsusi yer tutur. Dədə Şəmşirin "Dağların” rədifli gəraylısı bütövlükdə bir bahar
lövhəsidir. Təbiətin nadir ətirli çiçəyi olan bənövşə çox şairlərin ilham mənbəyi
olmuşdur. Ustad sanki boynu bükük çiçəyi
öz şeirinin gözəlinə, ilham pərisinə çevirib:
Bahar çatıb
bəzəyirmi dağları,
Açılırmı sizin
yerdə bənövşə?
Qımışırmı
dodaqları nərgizin,
Təzə-tərmi
güneylərdə bənövşə?
Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan”