Novruz bayramı rəssamlarımızın tablolarında
Azərbaycan təsviri sənət tarixində, xüsusilə rəssamlarımızın yaradıcılığında Novruz bayramının əksi ayrıca bir səhifəni təşkil edir. Baxmayaraq ki sovetlər dövründə bu bayramın qeyd edilməsinə rəsmi qadağalar qoyulmuşdur. Lakin xalqımız həmişə sevə-sevə bu el bayramını qeyd edərək könüllərdə yaşatmışdı.
Azərbaycan Milli İncəsənət Muzeyində Novruz mövzusunda saxlanılan əsərlər - rəngkarlıq sahəsində xalq rəssamları Səttar Bəhlulzadənin "Bahar nəğməsi", "Xonça" (Etüd), "Torpağın arzusu", "Azərbaycan nağılı", Xalidə Səfərovanın "Novruz", "Çovkan", "Çovkançılar", Elbəy Rzaquliyevin "Novruz bayramı", Altay Hacıyevin "Novruz sandığı", Əməkdar rəssam Mahmud Tağıyevin "Gül açan bağ", "Bağçada yaz gülləri", istedadlı rəssamlar Həsən Haqverdiyevin "Bahar", Sara Namitokova-Manafovanın "Novruz", Orxan Hüseynovun "İçərişəhərdə bayram", qrafika sahəsində xalq rəssamları Əzim Əzimzadənin "Tonqal üstündən tullanmaq", "Kos-kosa", Elmira Şahtaxtinskayanın "Novruz bayramı ərəfəsində", "Qutablar", əməkdar rəssamlar Ələkbər Rzaquliyevin "Gəlinə hədiyyə ilə" ("Köhnə Bakı" silsiləsindən), Arif Ələsgərovun "Novruz", "Kəndirbazlar" və başqalarının yüksək səviyyədə yaratdıqları rəsmlər tamaşaçılarda böyük maraq və rəğbət doğurur. Adları sadalanan rəssamların çoxu artıq Azərbaycan təsviri sənət tarixində sözlərini demiş və öz yaradıcılıq yolu ilə iz qoymuş görkəmli sənətkarlardır.
Bənzərsiz və zəngin yaradıcılıq dünyasına malik, əfsanəvi fırça ustası Səttar Bəhlulzadənin yaratmış olduğu bütün tablolarında, baxmayaraq ki rəssam daha çox mənzərə əsərləri yaradırdı, milli mədəniyyətimizin hansısa bir elementini və ya rəmzi ifadəsini görməmək və duymamaq mümkünsüzdür. Rəssam "Azərbaycan nağılı" adlı əsərində sanki Azərbaycan dünyasını tabloda əks etdirmək istəmişdir. Kompozisiyada əzəmətli dağlar fonunda, göl ətəyində dairəvi iri xonçalar və xonçaların içərisi dolu bol Azərbaycan nemətləri çiçəkləmiş ağacların və güllərin əhatəsində o qədər ustalıqla və əsl sənət coşqusu ilə təsvir edilib ki, bu sehrin ağuşuna köklənmədən və bol estetik zövq almadan əsərdən ayrılmaq olmur. Rəssam eyni zamanda tablonun yuxarı hissəsində dalğalanan kəlağayını təsvir etməklə bir növ yaradıcılıq işinə möhür vurmuşdur, yəni əlavə heç bir şərhə ehtiyac duymadan tablodan Azərbaycan dünyasını asanlıqla sezmək mümkündür. Sadalanan xüsusiyyətləri rəssamın Novruzla bağlı digər əsərlərinə də şamil etmək olar.
Xalidə Səfərovanın "Novruz" adlı əsəri olduqca diqqətçəkəndir. Kompozisiyada mərkəzdə Novruz bayramının ləziz nemətləri ilə bəzədilmiş xonça, xonçanın əhatəsində isə əllərində Bahar bayramının rəmzi olan səməni tutmuş xanımlar və xoruz döyüşdürən milli geyimli gənc oğlanlar təsvir edilib. Yallı rəqsinin ifaçılarının oyun hərəkətləri bayram sevincini daha da artırır. Əsər zəngin kolorit həlli ilə tamamlanıb. Rəssamın milli çovkan oyununa həsr edilmiş əsərləri də diqqət çəkir.
Elbəy Rzaquliyevin "Novruz bayramı" əsərində isə Xəzər dənizinin fonunda, İçərişəhərdə Novruz bayramı şənliklərinin bədii təsviri əks olunub. Tabloda kəndirbazın oyunu və milli geyimli rəqqasələrin müxtəlif pozalı hərəkətləri əsl bayram əhvali-ruhiyyəsini təcəssüm etdirir. Əsərin sağ hissəsində təsvir edilmiş xalça nümunəsinin təsviri əsərin bədii ifadəliliyini daha da artırır.
Azərbaycan rəssamlıq sənətinin parlaq nümayəndəsi, istedadlı rəssam Əzim Əzimzadənin qrafika sahəsində yaratmış olduğu sənət əsərləri Azərbaycan incəsənətinin qiymətli xəzinəsini təşkil edir. Rəssamın tonqal üzərindən atlanmaq səhnəsini olduqca real təsvir edən rəsminə tamaşa edəndə Novruz bayramının xoş ovqat təəssüratı yaranır. Kos-kosa oyunu da Bahar bayramının ən yaddaqalan ənənəvi cəhətlərindən biridir.
Tanınmış rəssam Ələkbər Rzaquliyev öz yaradıcılığında xalqımızın məişət və etnoqrafik ənənələrini böyük ustalıqla tərənnüm etməkdən yorulmamışdır. Rəssamın "Köhnə Bakı" silsiləsinə aid əsərlərinin hər biri bədii estetik məziyyətləri ilə yanaşı, həmçinin özünəməxsus dəqiq işlənilmə xüsusiyyətləri ilə də seçilir. "Gəlinə hədiyyə ilə" adlı əsərində rəssam Novruz bayramı ərəfəsində bayram şirniyyatları ilə dolu xonça ilə qız evinə bayram görüşünə tələsən ailənin bədii görüntülərini təsvir edib. İçərişəhərin fonunda milli geyimli ailə üzvlərinin fərdi xarakterik xüsusiyyətləri incə cizgi, ştrix elementləri ilə ustalıqla əks etdirilib.
E.Şahtaxtinskaya "Novruz bayramı ərəfəsində", "Qutablar" adlı əsərlərini yaradarkən Azərbaycan xalqının ən qədim adət-ənənələrinə yaradıcı şəkildə müraciət edib. Rəssam Novruz bayramına hazırlıq mərhələsində, qadınların səmənilərin əhatəsində milli şirniyyat növləri - paxlava, şəkərbura, digər əsərində isə milli ornamentli kilim üzərində əyləşmiş üç qadının Azərbaycan mətbəxinin ləziz nemətlərindən hesab olunan qutab hazırladıqları məqamı təsvir edib. Hər iki əsər öz dolğun bədii lövhələri, zəngin etnoqrafik çalarlığı və zəngin kolorit həlli ilə diqqəti cəlb edir. Bu bədii əsərlər həm də milli etnoqrafik xüsusiyyətlərimizin mükəmməlliklə təsviri baxımından da əhəmiyyətlidir.
Qeyd etmək lazımdır ki, yuxarıda sadalanan əsərlər Azərbaycan rəssamlarının Novruz bayramına həsr edilmiş bədii yaradıcılıq işlərinin kiçik bir qismini təşkil edir. Xalqımızın tarixində və məişətində geniş şəkildə kök salmış və hər il dövlət səviyyəsində qeyd edilən bu bayram və onun gözəl xüsusiyyətləri bütün zamanlarda rəssamlarımızın ilham qaynağına çevrilərək onların yaradıcılığında öz geniş təzahürünü tapacaqdır.
Əsəd QULİYEV,
Rəssamlar İttifaqının üzvü, sənətşünas, dissertant
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Suqovuşan‒Sərsəng su anbarı‒Qozlukörpü‒Kəlbəcər avtomobil yolunun yenidən qurulmasına 17 milyon mana...
04 Dekabr
Bu ilin on ayında Rusiyadan Türkiyəyə turist axını 26 faiz artıb
04 Dekabr
ÜST: İqlim dəyişmələri ilə bağlı səbəblər ucbatından hər il 250 min nəfər dünyasını dəyişəcək...
04 Dekabr
Nazir: Qızılca ilə bağlı hazırkı rəqəmlər pandemiya təhlükəsinin olmadığını göstərir...
04 Dekabr
Zəlzələ ilə bağlı Türkiyənin bütün əlaqədar qurumları səfərbər edilib
04 Dekabr
Mərmərə dənizində zəlzələ olub
04 Dekabr
Bakıda Cənubi Qafqazda mina probleminə həsr olunmuş dəyirmi masa keçirilir
04 Dekabr
Özbəkistan Ali Məclisinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib...
04 Dekabr
Rəsədxana: Geomaqnit qasırğası gözlənilir
04 Dekabr
Monitorinq Mərkəzinin rəsmisi: Saytlarda 1371 orfoqrafik səhv qeydə alınıb
04 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!