Ermənipərəst və antiislamçı siyasətçi hökuməti tərk edir
Niderlandda ifrat sağçı Azadlıq Partiyasının (PVV) lideri Gert Vilders bildirib ki, onun partiyası immiqrasiya ilə bağlı fikir ayrılıqları səbəbindən hökuməti tərk edir. Bu, onsuz da qeyri-sabit olan hakim koalisiyanın dağılmasına və görünür, növbədənkənar seçkilərin keçirilməsinə səbəb olub.
Vilders partiyasının 2023-cü ilin noyabrında keçirilən seçkilərdə gözlənilməz qələbəsindən sonra koalisiya tərəfdaşları ilə razılaşdırılmış "indiyə qədərki ən sərt immiqrasiya siyasəti"nin həyata keçirilməsinin asta tempindən narazılığını ifadə edib. "Sığınacaq planlarımızda bizim imza yoxdur... PVV koalisiyanı tərk edir", - deyə Vilders "X" sosial şəbəkəsində bildirib. Gert Vilders vurğulayıb ki, Azadlıq Partiyasından olan bütün nazirlər Niderland hökumətini tərk edirlər. AFP agentliyi xəbər verir ki, bu, ifrat sağçı partiyaların Avropada güc qazandığı bir vaxtda Aİ-nin beşinci ən böyük iqtisadiyyatında siyasi qeyri-müəyyənlik dövrünü açır. Ölkədəki hökumət böhranı Niderlandın dünya liderlərinin NATO sammitinə evsahibliyi etməsinə bir neçə həftə qalmış baş verir.
Vildersin sürpriz seçki qələbəsindən 18 ay sonra sorğular göstərir ki, PVV-nin reytinqi azalsa da, hələ liderliyini qoruyur. Onun ardınca Avropa Komissiyasının keçmiş vitse-prezidenti Frans Timmermansın rəhbərlik etdiyi sol mərkəzçi Yaşıllar/Solçular partiyası və ənənəvi olaraq Niderland siyasətində güclü partiya olan liberal Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası (VVD) gəlir.
Miqrasiyanın qarşısını almaq üçün sərt plan
Mayın sonunda Vilders gözlənilmədən mətbuat konfransı keçirərək Baş nazir Dik Shof hökumətinə səbrinin tükəndiyini açıqlayıb. Onun immiqrasiyanın qarşısını almaq üçün 10 bəndlik yeni planı bir neçə həftə ərzində həyata keçirilməsə, koalisiyanı parçalayacağı ilə hədələyib.
Vildersin planına sığınacaq axtaranlar üçün sərhədlərin bağlanması, sərhəd nəzarətinin gücləndirilməsi və cinayətlərə görə məhkum edilmiş ikili vətəndaşların deportasiyası daxildir. O, tələblərini ümumiləşdirərək deyib: "Sığınacaq axtaranlar və ailələrin birləşməsini istəyənlər üçün sərhədləri bağlayın. Artıq yerləşdirmə mərkəzləri yoxdur. Olanları bağlayın".
Siyasətçilər və hüquqşünaslar bu təklifləri icrası mümkün olmayan və qanunsuz adlandırıblar. Bəziləri hesab edirlər ki, Vilders hökuməti devirmək üçün qəsdən böhrana yol açıb. Vildersi immiqrasiya əleyhinə baxışlarına və fərqli saç düzümünə görə tez-tez "Niderlandlı Tramp" adlandırırlar.
Gert Vilders üçün siyasi perspektivlər
Vildersin partiyasının seçkilərdə qalib gəlməsinə baxmayaraq, onun ölkəyə rəhbərlik etmək cəhdi uğursuz olub. Koalisiyadakı tərəfdaşları onun baş nazir postuna namizədliyini əngəlləyərək, yerinə kompromis fiqur olan Dik Shofu seçiblər. Dörd koalisiya partiyasının liderləri öz partiyalarını parlamentdən idarə edərək nazir postlarını tutmamaq barədə razılığa gəliblər.
Vilders parlamentdə barışmaz fiqur olaraq qalır və bunu Timmermansla şifahi duelləri də göstərir. Ekstravaqant siyasətçi dəfələrlə bəyan edib ki, onun antiimmiqrasiya gündəmini həyata keçirməyin yeganə yolu baş nazir olmaqdır. Amma Niderlandın parçalanmış siyasi sistemində heç bir partiya 150 yerlik parlamentdə mütləq çoxluğu qazanmaq imkanında deyil və Vildersin müttəfiqlərə ehtiyacı var.
O, "Fermerlər və Vətəndaşlar Hərəkatı" aqrar partiyasının (BBB) dəstəyinə arxalana bilər. Lakin onun hazırkı, ancaq qeyri-sabit koalisiya tərəfdaşı olan VVD-dən olan liberalların dəstəyi şübhə altındadır. Koalisiyanın dördüncü partiyası - antikorrupsion "Yeni Sosial Xartiya" xarizmatik lideri Piter Omtsiqin gedişindən sonra seçicilər arasında dəstəyini itirib.
Xatırladaq ki, ifrat sağçı ermənipərəst Gert Vilders islam, miqrasiya, Niderlandın Aİ-yə üzvlüyü və Ukraynaya hərbi yardım ayrılmasına qarşı çıxan siyasətçi kimi tanınır.
Son məlumata görə, Niderlandın Baş naziri Dik Shof istefa verib.
Rizvan CƏFƏROV,
"Azərbaycan"