Dünyanın hər gün inkişaf etdiyi, elmin, tərəqqinin yüksəldiyi XXI yüzillikdə də müstəmləkəçilik siyasətini davam etdirənlərin olması təəssüf doğurur. Hələ də öz doğma vətənində azad ömür sürməsinə, ölkəsinin sərvətlərindən bəhrələnərək firavan yaşamasına, milli-mənəvi irsinə sahib çıxmasına imkan verilməyən, əsarətdə saxlanılan xalqların ən böyük arzuları və haqlı tələbləri bu qanunsuzluqlara, ədalətsizliklərə son qoyulmasıdır. Onlar Fransa kimi dildə demokratik, əməldə isə müstəmləkə siyasətini israrla və zor gücünə davam etdirən dövlətlərin zülmlərindən, işgəncələrindən qurtuluş yolları axtarırlar.
Ölkəmizin paytaxtında iyunun 3-də təşkil olunan Birləşmiş Millətlər Təşkilatının (BMT) müxtəlif strukturlarında dekolonizasiya sahəsində çalışan, həmçinin bu sahə üzrə ixtisaslaşmış alimlərin ilk beynəlxalq konfranslarında bu əhəmiyyətli məsələlərdən danışıldı. Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə baş tutan "İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar" mövzusunda elmi konfransda BMT-nin dekolonizasiya sahəsi üzrə təcrübəli ekspertləri, Fransanın keçmiş və hazırkı müstəmləkələrində fəaliyyət göstərən tanınmış alimlər, beynəlxalq hüquq sahəsində nüfuzlu mütəxəssislər, xarici ölkələrin Azərbaycanda akkreditə olunan səfirləri, eləcə də deputatlar iştirak etdilər. Beynəlxalq tədbirdə müstəmləkəçilik problemi elmi cəhətdən müzakirə olundu, beynəlxalq təşkilatların prizmasından nəzərdən keçirildi.
Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu tərəfindən bu kontekstdə dekolonizasiya səylərinə dəstək göstərmək məqsədilə son iki ildə Qvadelup, Mayot, Kanaki (Yeni Kaledoniya), Fransız Qvianası, Reyunyon, Korsika, Martinik, Mao hi Nui (Fransız Polineziyası) və müstəmləkəçilikdən əziyyət çəkən digər ərazilərə həsr edilmiş konfranslar keçirilib.
Tədbirdə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov kolonializmin bütün müasir təzahürlərinin beynəlxalq hüquqi mexanizmlər, ictimaiyyətin məlumatlılığının artırılması və çoxtərəfli əməkdaşlıq vasitəsilə həll edilməli olduğunu vurğuladı. Kolonializmin davam etməsinin BMT Nizamnaməsinə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə və BMT Baş Assambleyasının digər çoxsaylı qətnamələrinə zidd olduğunu diqqətə çatdırdı.
Beynəlxalq konfrans çərçivəsində düzənlənən "Müstəmləkəçiliyin ideoloji əsasları", "Müqavimət və dekolonializasiya" mövzusunda panel iclaslarında BMT-nin Afrikaəsilli Xalqların Daimi Forumunun (PFPAD) üzvü (Sent-Lüsiya) xanım Æune Christine Marie Soomer, ABŞ-ni təmsil edən idarəçilik üzrə beynəlxalq məsləhətçi Carlyle Corbin, PFPAD üzvü, kolumbiyalı pastor Elias Murillo Martinez, Əlcəzair Universitetinin elmi-tədqiqat işləri üzrə rəhbəri professor Chakib Benhafri, Cənub Sakit Okeanı Universitetinin baş müəllimi Lorenz Rudolf Gonschor, Əlcəzairdən olan elmi tədqiqatçı Hichem Daoud və ADA Universitetinin dosenti Murat Özkale çıxış edərək müstəmləkəçiliyin təkcə siyasi və iqtisadi təzyiq vasitəsi deyil, eyni zamanda ideoloji əsaslarla bəraət qazandırılmış və uzun müddət davam etdirilmiş idarəetmə sistemi olduğunu vurğuladılar. Müstəmləkəçilik siyasətinin ağır fəsadları, kolonial dövlətlərin əsarət altında saxladıqları xalqlara münasibətdə həyata keçirdikləri siyasət, tətbiq olunan ayrı-seçkilik metodları, habelə neokolonializmin tərkib hissəsi kimi tətbiq edilən siyasi, iqtisadi və mədəni məhdudiyyətlər, milli kimliyin məqsədli şəkildə itirilməsi siyasəti elmi və metodoloji yanaşmalar əsasında dərindən təhlil edildi. Diqqətə çatdırıldı ki, müstəmləkəçilik və onunla mübarizə yolları həm də tədris proqramına əlavə edilməli, xüsusilə universitet səviyyəsində tədris olunmalıdır.
ADA Universitetində "İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar" adlı beynəlxalq elmi konfransın iştirakçılarının da olduğu "Müasir beynəlxalq münasibətlərdə müstəmləkə düşüncəsinin davamlılığı" mövzusunda "dəyirmi masa"da da müstəmləkə düşüncəsinin və müasir beynəlxalq münasibətlərin davamlılığı müzakirəyə çıxarıldı.
BMT-nin Afrikaəsilli Xalqların Daimi Forumunun üzvü Æune Soomer müstəmləkəçilərin məqsədinin öz ölkəsini inkişaf etdirmək və zənginləşdirmək üçün zəbt etdikləri torpaqlardan ehtiyatların çıxarılması olduğunu və onların heç birinin bu hərəkətlərini səhv hesab etmədiyini diqqətə çəkdi. Karib adalarına gələn avropalıların milyonlarla yerli əhali ilə qarşılaşdıqlarını, cəmi 11 ildən sonra onların sayının yüz minlərlə azaldığını bildirən Æune Soomer tarixə nəzər saldı: "Kolumbun gündəlikləri bu xalqların qonaqpərvərliyinə dəlalət edir. Lakin qonaqpərvərlik qətllərlə qarşılandı və kütləvi soyqırımına səbəb oldu. Yerli əhali məhv edildikdən sonra torpaqlar ələ keçirildi. Müstəmləkəçilər rəhbərlərinə müraciət edərək, bunu bu torpaqlarda guya "insan olmadığı" ilə əsaslandırdılar. Torpaqları ələ keçirərək adaların adlarını dəyişdirdilər və onlara aid olduqlarını iddia etdilər".
ABŞ-ni təmsil edən idarəçilik üzrə beynəlxalq məsləhətçi Carlyle Corbin tarixən müstəmləkəçilikdən əziyyət çəkən, səs hüququ olmayan xalqların tədricən Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq platformalardan istifadə edərək öz inkişaflarına dair fikirlərini ifadə etmək imkanına nail olduqlarını nəzərə çatdıraraq bildirdi ki, dekolonizasiya səyləri tam özünüidarəetmənin ərazi təminatı məsələlərinə aid olan BMT Nizamnaməsinin XI fəslinə əsaslanır. "1946-cı ildə dünyanın 74 koloniyasının siyahısını tərtib etmək üçün təməl qoyuldu. Vaxt keçdikcə bu siyahı azaldı, lakin həmişə qanuni səbəblərdən deyil. Bəzi ərazilər müstəmləkəçilərin tam özünüidarəetməni təmin etmək üçün minimum standartlar hazırlamadan öncə xaric edilib". Beynəlxalq məsləhətçi 1946-1960-cı illər arasında özünüidarə hüququ olmayan bəzi ərazilərin siyahıdan çıxarıldığını qeyd etdi. Bu, xüsusilə fransız ərazilərinə aid idi. Bu ərazilərin bəziləri yenidən baxıldıqdan sonra siyahıya qaytarıldı.
Cənub Sakit Okeanı Universitetinin baş müəllimi Lorenz Rudolf Gonschor öz növbəsində müstəmləkəçiliyin yalnız siyasi strukturlarda deyil, düşüncə tərzində də özünü göstərdiyini qeyd etdi. O, Ficinin paytaxtı Suva şəhərində küçələrin ingilis müstəmləkə xadimlərinin adlarını daşıdığını misal gətirdi. Diqqətə çatdırdı ki, Elizabeth street, Queen street, Victoria street, Gordon street Ficiyə məxsus küçə adları olsa da, onlar yalnız ingilis rəhbərliyi ilə əməkdaşlıq edən liderlərlə əlaqəlidirlər: "Bu, müstəmləkə düşüncəsinin bölgənin ictimai yaddaşına təsirinin davam etdiyini göstərir".
"İmperial quruluş: Kolonial ideologiyalar və reallıqlar arasında" adlı beynəlxalq elmi konfransda dekolonizasiya və təzminat məsələlərində elmi öhdəliyə dair Bakı Bəyanatı qəbul edildi. Beynəlxalq elmi konfransda iştirak edən alim və akademiklər insan hüquqları, ədalət, dekolonizasiya, elmi azadlıq və həqiqət axtarışına dair qlobal dəyərlərə sadiqliklərini elmi təşəbbüs və yanaşmaları vasitəsilə bir daha bəyan etdilər. Bəyanatda BMT-nin Afrika mənşəli xalqlar üzrə Daimi Forumu və Afrikaəsilli xalqlar üzrə Ekspertlər Qrupunun təşəbbüsü ilə yaradılmış Afrikamənşəli xalqların tədqiqi üzrə Qlobal Şəbəkənin fəaliyyəti yüksək dəyərləndirildi. Həmçinin beynəlxalq elmi həmrəyliyi gücləndirmək, tədqiqatçılar arasında əməkdaşlığı genişləndirmək, gənc alimləri dəstəkləmək və dekolonizasiya mövzusunda bilik mübadiləsinə şərait yaratmaq məqsədilə Dekolonizasiya üzrə Beynəlxalq Tədqiqat və Bilik Platformasının yaradılmasında ortaq niyyət ifadə edildi. Bakı Bəyanatında beynəlxalq təşkilatları, hökumətlərarası qurumları, regional institutları və vətəndaş cəmiyyəti nümayəndələrini bu platformaya dəstək verməyə çağırış yer aldı.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"