Bir zamanlar Neft Daşlarının infrastrukturunu əsasən estakadalar və estakadayanı meydançalar, iş proseslərini həyata keçirən qurğu və avadanlıqlar təşkil edirdi.
İllər keçdikcə estakadalardan aralıdakı sahələrdə də neft, qaz müşahidə olundu və orada quyular qazmaq lazım gəldi. Bu vaxt artıq yeni, daha müasir üsuldan istifadə edilməyə başlandı. Həmin ərazilərdə dərin dəniz özülləri (DDÖ) quraşdırıldı.
Hazırda Neft Daşlarında 33 kilometrə qədər estakada, 85 estakadayanı meydançadan əlavə 14 DDÖ var.
Bu özüllər Xəzərin qoynunda sayrışan ulduzlara bənzəyirlər. Estakadalar boyu addımladıqca, yaxud maşınla irəlilədikcə ara-sıra sağda, solda DDÖ-lər gözə dəyir. Onlar estakadadan 100, bəzən də bir neçə yüz metr aralıda yerləşirlər. Bir-birindən gah yaxın, gah da bir qədər uzaq məsafədədirlər. Neft Daşlarına gələn qonaqlar onları bir-birindən az fərqləndirə bilirlər. Amma dəniz şəhərinin sakinləri hər özülü təkcə görkəminə və nömrəsinə görə deyil, “xarakter”inə görə də tanıyırlar. Özüldə işləyən neftçi üçün isə bura evi qədər doğmadır.
Dənizin qasırğalı günləri də az olmur. Belə vəziyyətdə gəmilər özüllərə yan ala bilmir və orada işləyənlərlə yalnız telefon əlaqəsi saxlamaq mümkün olur. Bunları nəzərə alaraq özüllərdə çalışanlar altı ay müddətində xarab olmayan ehtiyat ərzaq məhsulları ilə də təmin edilirlər.
Son illərdə özül neftçilərinə ən zəruri avadanlıqlardan, məsələn, su çəni, elektrik sobası, stol-stuldan əlavə, soyuducu, kondisioner kimi cihazların da verilməsi onlara göstərilən qayğının daha bir təzahürüdür.
Elə özüllər də var ki, onlara təkcə gəmi ilə deyil, vertolyotla da getmək mümkündür. Belə ki, onlar vertolyotların enməsi üçün meydançaya malikdirlər.
Şəkildə fotomüxbirimizin Neft Daşlarında olarkən obyektivə aldığı belə özüllərdən biri öz əksini tapıb.
“Azərbaycan”