Neft Daşlarından
"Şahdəniz”ədək dedikdə təkcə Azərbaycanın bu iki zəngin karbohidrogen mənbəyi arasındakı
məsafəni nəzərdə tutmuruq. Bununla belə, qeyd edək ki, Neft Daşları Xəzərin qoynunda,
Bakı şəhərindən 110 kilometr şərqdə yerləşir. "Şahdəniz” isə sahildən təxminən
75 kilometr cənubdadır.
70 il əvvəl
Azərbaycan neftçiləri açıq dənizdə (Neft Daşlarında) böyük çətinliklərlə ilk quyunu
qazırdı. Bu gün isə Azərbaycan əsas resurs bazası "Şahdəniz” yatağı olan, dünyaya
səs salan "Cənub qaz dəhlizi” kimi nəhəng bir layihənin təşəbbüsçüsü, lideridir
və tərəfdaşları ilə birlikdə onu müvəffəqiyyətlə sona çatdırmaqdadır.
70 il tarix
üçün böyük zaman kəsiyi deyil. Lakin Azərbaycanın neft-qaz sənayesinin bu illər
ərzində keçdiyi şərəfli yolun təkcə xalqımızın deyil, bütün dünyanın tarixində əhəmiyyəti
böyükdür.
1949-cu ilin
isti yay günlərində Azərbaycan neftçiləri əvvəllər "Qara daşlar” kimi tanınan, sonra
həmişəlik Neft Daşları adını alan ərazidə ilk quyunun qazılmasını davam etdirirdilər.
Bu işə başlamaq üçün xeyli hazırlıq görülmüşdü. İlk dəfə açıq dənizdə daş silsiləsi
üzərinə xüsusi geoloji kəşfiyyat desantı enmişdi. Bu desantın tərkibinə böyük neft
təşkilatçısı Sabit Orucov, tanınmış geoloq Ağaqurban Əliyev, istedadlı qazma mühəndisi
Yusif Səfərov və başqaları daxil idi. Onlar hələ 1948-ci ilin noyabrında kiçik
"Pobeda” barkasında Neft Daşları rayonuna yaxınlaşmışdılar. Lakin barka suda çıxıntı
yaradan qayalara yaxınlaşa bilməmişdi. Mütəxəssislər Bakıya qayıdaraq belə qərara
gəlmişdilər ki, daş adanın bir hissəsində qazma qurğusu quraşdırsınlar. Bu, adanın
sınaq üçün qoyulmuş sementin quru qalmış hissəsində mümkün ola bilərdi…
Beləliklə,
1949-cu il iyulun 24-də ilk quyunun qazılmasına başlandı. Briqadaya əfsanəvi qazma
ustası Mixail Kaveroçkin rəhbərlik edirdi.
Özülün inşası
və quyunun qazılması işi çox çətin hidrometeoroloji şəraitdə gedirdi. Külək və qasırğalar
vacib tikinti materiallarının, iş alətlərinin vaxtında çatdırılmasına mane olurdu.
Bununla belə, fədakar neftçilər ikinci quyu üçün özülün və buruğun tikintisini də
aparırdılar.
Dünyada dəniz
neftinin erası belə başlanırdı... 1949-cu il noyabrın 7-də Neft Daşlarında ilk quyunun
fontan vurması Azərbaycanın dənizdə neftin və qazın çıxarılması sahəsində cığıraçan
olduğunu təsdiqlədi.
Daha sonra
Xəzərdə yeni yataqlar kəşf olundu və istismara daxil edildi. Ulu Öndər Heydər Əliyevin
neft sənayesinə xüsusi qayğı və diqqəti sayəsində bu yataqların siyahısına yeni
adlar əlavə olundu. Qocaman neftçilərdən biri maraqlı xatirə danışır. Söyləyir ki,
Ümummilli Lider 1970-ci illərdə dəniz şəhərinə səfərlərinin birində estakadada dayanıb
Neft Daşlarında tikinti işlərinə rəhbərlik edən Sosialist Əməyi Qəhrəmanı Xanoğlan
Bayramovla söhbət edirdi və biz də orada idik. Ulu Öndər görülən işləri bəyəndiyini
bildirdi. Sonra birdən əlini irəliyə tərəf uzatdı və dedi ki, indi bax, o əraziləri
öyrənmək, kəşf etmək, işləmək lazımdır. Bu, həmin ərazi idi ki, orada artıq uzun
illərdir "Günəşli” yatağı istismar olunur...
İndi "Bahar”,
"Azəri”, "Çıraq”, "Günəşli”nin dayaz və dərin hissələri, "Şahdəniz”, daha neçə-neçə
yataq Azərbaycanın neft-qaz sənayesinin "sütun”unu təşkil edərək ölkəmizə, xalqımıza
şöhrət və gəlir gətirməkdədir.
Azərbaycanın
dəniz neftinin Neft Daşlarından başlanan yolu uğurlu oldu. Ulu Öndər Heydər Əliyev
"Neft Daşları olmasaydı, nə "Azəri” olardı, nə "Çıraq”, nə də Bakı-Tbilisi-Ceyhan...”
deyib. Belə ki, 1994-cü ilin sentyabrında Azərbaycan daha bir ilkə imza atdı. Xəzər
regionunda birinci olaraq dəniz yataqlarının tanınmış xarici şirkətlərlə birgə işlənməsi
üçün saziş imzaladı, konsorsium yaratdı. "Azəri-Çıraq-Günəşli” layihəsi gerçəkləşdi,
"Üç dənizin əfsanəsi” adlandırılan Bakı-Tbilisi-Ceyhan kəməri çəkildi. Çəkilən yollar
indi artıq böyük dəhlizlərə qovuşur.
"Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident
İlham Əliyev bu barədə demişdir: "Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz
kəmərlərinin tikintisi iqtisadiyyata böyük valyuta axını təmin edir. Bu kəmərlər
olmasaydı, biz neft-qaz resurslarını haraya ixrac edəcəkdik? Daxili bazarımız isə
bizdə olan yataqlarla müqayisədə kiçikdir. Bakı-Tbilisi-Ceyhanı əngəlləmək üçün
anti-Azərbaycan qüvvələr nə qədər səy göstərdilər, alınmadı. Biz möhkəm dayanmışdıq,
güclü iradə göstərmişdik və bu layihələri qonşu dövlətlərlə birlikdə icra etdik.
Bakı-Tbilisi-Ceyhan on ildən çoxdur ki, fəaliyyət göstərir. On ildən çoxdur ki,
qaz kəmərimiz qazımızı Ərzuruma qədər nəql edir. Əgər bu layihələr olmasaydı, Bakı-Tbilisi-Qars
da olmazdı. Əgər bu olmasaydı, "Şahdəniz-2” də olmazdı. "Cənub qaz dəhlizi” - dəyəri
40 milyard dollardan çox olan layihə də olmazdı. Bütün bu layihələr xalq qarşısında
tarixi xidmətlərdir. Bu layihələr, eyni zamanda, uzunmüddətli inkişafımıza şərait
yaradır. Biz indi 42 milyard dollar valyuta ehtiyatlarımıza malikik. Bunları nəyin
hesabına qazanmışıq? Enerji resurslarının ixracı nəticəsində”.
2006-cı ilin
sonundan Gürcüstana və növbəti ildən Türkiyəyə mavi yanacaq çatdırılmasına imkan
verən "Şahdəniz” Azərbaycanı dünyaya həm də qaz ixrac edən ölkə kimi tanıtdı. Artıq
13 ildir "Şahdəniz-1”dən qaz hasilatı ahəngdar davam edir. Bir ildən çoxdur "Şahdəniz-2”
də istismara daxil olub. TANAP (Transanadolu Qaz Boru Kəməri) genişləndirilmiş CQBK-dan
(Cənubi Qafqaz Boru Kəməri) qəbul etdiyi mavi yanacağı Türkiyəyə nəql edir. TANAP
Azərbaycan qazını TAP-a (Transadriatik Qaz Boru Kəməri) ötürmək üçün tam hazırdır.
TAP-ın çəkilişi isə gələn il tamamlanacaq və bu kəmər qazı Avropadakı istehlakçılara
çatdıracaq.
70 il əvvəl
neftçilərinin Xəzərdə fırtınalara sinə gərərək sularla əhatə olunmuş qayalar üstündə buruq quraşdırıb ilk quyu qazdığı
bir ölkənin həmin vaxtdan indiyədək sözügedən sahədə qazandığı qələbələrin şərhə
ehtiyacı yoxdur. Bir zamanlar dünyanı "möcüzələr adası”, "mədən-şəhər”i, "polad
dirəklər üstündə şəhər”i ilə heyrətə gətirən Azərbaycan bu gün Xəzərdə ən müasir
hasilat platformaları quraşdırıb. Salnaməsi uğurla davam edən "Azəri-Çıraq-Günəşli”
platformalarından sonra dənizdə "Şahdəniz Alfa”, "Şahdəniz Bravo” ucalıb.
Azərbaycanın
dəniz neftinin Neft Daşlarından başlanan uğurlu yolu artıq "Şahdəniz” "zirvə”sinə çatıb.
Flora SADIQLI,
"Azərbaycan”