Yenicə çapdan çıxmış "Zəfər yanğısı" kitabının müəllifi - qəzetimizin əməkdaşı Vahid Məhərrəmov Birinci və İkinci Qarabağ müharibələrinin, habelə Aprel döyüşlərinin iştirakçısıdır. Günlərlə cəbhə xəttində əsgər və zabitlərlə bir səngərdə olub, çətin və ağrı-acılı anlar yaşayıb.
V.Məhərrəmovun "Zəfər yanğısı" romanında Birinci Qarabağ müharibəsinin iştirakçısı zabit Qalibin döyüş yolunu davam etdirən oğlu Elşadın simasında torpaqlarımızın azadlığı uğrunda gedən ölüm-qalım savaşında əsgər və zabitlərimizin göstərdiyi şücaətlərdən, şəhidlik zirvəsinə yüksəlmiş cəsur oğullardan, qorxmaz qazilərdən bəhs edilir.
...Elşadın atası döyüşlərdə ağır yaralandığına görə ordudan tərxis olunmuşdu. Məktəbdə hərbi müəllim işləyirdi. Ailədə, ictimaiyyət arasında həmişə əsgərlərimizin şücaətindən söhbət açırdı. Müharibənin yaxın zamanlarda Azərbaycanın qələbəsi ilə başa çatacağını bildirirdi... Hər kəsi terrorçu erməni silahlıları ilə mübarizəyə həvəsləndirirdi.
Şərəfli döyüş yolu keçmiş atasının istəyinə qoşulanlardan birincisi elə oğlu Elşad olur. O, məktəbli ikən qəti qərara gəlir ki, böyüyəndə hərbçi olsun, atasının yarımçıq qalmış döyüş yolunu davam etdirsin.
...Elşad ali hərbi təhsilini başa vurduqdan sonra komandanlıqdan xahiş edir ki, onu bir zamanlar atasının uğrunda döyüşdüyü Füzuli-Cəbrayıl bölgəsinə göndərsinlər. Gənc zabitin istəyi nəzətə alınır. Elşad Lələtəpə istiqamətindəki ön mövqelərdə dayanır. Erməni işğalçılarının tapdağı altında olan Cəbrayıl rayonunun dağıdılmış, viran edilmiş kəndlərini gördükcə kövrəlir, qəlbində düşmənə qarşı qisas hissi daha da artır.
Elşadın ailə qurduğu Aydan da vətənpərvərlikdə həyat yoldaşından geri qalmır. Şəhərdəki işini atıb könüllü olaraq cədhə bölgəsinə gəlir, hərbi hospitalda tibb bacısı kimi xidmət göstərir.
Aprel döyüşləri başlayanda Elşad gərgin əməliyyatların iştirakçısı olur. Lələtəpə yüksəkliyinin ermən işğalçılarından azad edilməsində qəhrəmanlıqlar göstərir. Yüksəklikdə Zəfər bayrağını ucaldanların sırasında olur. Amma döyüşlərin dörd gündən sonra dayandırılması Elşadı məyus edir.
Aprel döyüşlərindən dörd il sonra İkinci Qarabağ müharibəsi başlayanda Elşad ön cəbhədə vuruşa-vuruşa doğma ocaqlarına tərəf irəliləyir. Lakin Cəbrayılın Soltanlı kəndi uğrunda döyüşlərdə yaralanır. Onu huşsuz vəziyyətdə hospitala çatdırırlar. Əməliyyatdan sonra gözünü açanda bacısı Ülkəri başının üstündə görür. Özünə gələndən sonra öyrənir ki, müharibə başlayan kimi həkim bacısı həyat yoldaşı Famillə könüllü olaraq hospitalda yaralı hərbçilərə tibbi xidmət göstərirlər. Elşad bundan çox qürürlanır, bacısının zabit və əsgərlərə şəfa verən əllərindən öpür.
Yaraları sağalandan sonra Elşad yenidən müharibə meydanına qayıdır. Döyüşə-döyüşə kəndlərinə qədər gedir. Uşaq olanda didərgin düşdüyü dağılmış evlərinə cəsur bir zabit kimi dönür.
Romanı oxuduqca hiss edirsən ki, müəllif yalnız döyüşçülərimizin vətənpərvərliyini, şücaətini, habelə müharibənin insanların, xalqların taleyinə vurduğu yaraları, ağrı-acıları sözlə sıralamaqla kifayətlənmir, işğala, müharibəyə can atan terrorçu erməni silahlı birləşmələrinə milyonlarla tərəqqipərvər insanların adından "yetər!" deyir, "dur!" deyir.
Xalqımızın vətənpərvərlik ruhunu bədii dillə əks etdirən bu əsər müharibə ədəbiyyatı kimi çox dəyərlidir. Roman ürəkaçan sonluqla tamamlanır. Erməni işğalı nəticəsində doğma ocaqlarından uzun illər didərgin düşən Elşad valideynləri, dörd övladı və həyat yoldaşı ilə bərabər ata-baba yurdlarına qayıdırlar.
"Apastrof" nəşriyyatı tərəfindən nəfis tərtibatla çap olunmuş, geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş "Zəfər yanğısı"ı ilə ətraflı tanış olduqda düşünürsən ki, nə gözəl sevgidi Vətən sevgisi. Bunu ilk növbədə müəllifin zəhmətində, qəhrəmanlarının vətən və xalq təəssübkeşliyində görmək olur.
Rəhman SALMANLI,
"Azərbaycan"