20 Noyabr 2023 17:23
360
İQTİSADİYYAT
A- A+

Nazir müavini: Laçın Hava Limanının layihəsi üzrə işlərin icra vəziyyəti 53 faizdir

 

Şuşa şəhərində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəqliyyat və rabitə infrastrukturu üzrə qarşıya qoyulmuş tapşırıqların icrası ilə bağlı görülmüş işlər, hazırda davam edən layihələr və gələcək planlara dair aidiyyəti qurumların məlumatları dinlənilib, layihələrin icrası ilə bağlı mövcud imkanlar, qarşıya çıxan çətinliklər və onların həlli yolları geniş müzakirə edilib.

İclası giriş sözü ilə açan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, İşçi Qrupunun rəhbəri Rəhman Hümmətov qeyd edib ki, Dövlət Proqramının Tədbirlər Planında avtomobil və dəmir yollarının bərpa və tikintisi, yeni hava limanlarının tikintisi kimi strateji layihələr yer alıb: “Bunlardan artıq bir neçəsi – “Zəfər yolu”, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolu, Füzuli-Hadrut avtomobil yolu, Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının tikintisi uğurla icra olunub. Laçın Hava Limanının tikintisi üzrə işlər sürətlə davam etdirilir, hazırda layihə üzrə işlərin ümumi icra vəziyyəti 53 faiz təşkil edir”.

Nazir müavini əlavə edib ki, Bərdə-Ağdam (47,1 km) və Horadiz-Ağbənd (110,4 km) dəmir yolu xətlərinin tikintisi işləri də davam etdirilir. Layihələr üzrə əldə edilmiş fiziki tərəqqi uyğun olaraq 83 və 44 faiz təşkil edir.

Rəhman Hümmətov hazırda ümumi uzunluğu 2157 kilometr olan 17 layihə üzrə avtomobil yollarının tikintisi işlərinin qrafikə uyğun aparıldığını və bunların da əksəriyyətinin respublika əhəmiyyətli yollar olduğunu diqqətə çatdırıb.

Daha sonra nazir müavini işğaldan azad edilmiş ərazilərdə radio-televiziya yayımı, mobil rabitə və sabit telekommunikasiya şəbəkəsi üzrə görülmüş və planlaşdırılan işlər barədə məlumat verib. Bildirib ki, hazırda ərazidə bərpa edilən radio-televiziya yayım stansiyaları vasitəsilə 10 televiziya və 7 radioproqramın yayımı həyata keçirilir. Mobil telekommunikasiya xidmətlərinin təşkili üçün antiterror əməliyyatları nəticəsində azad edilən ərazilər də daxil olmaqla, 330 ədəd baza stansiyası quraşdırılıb. Şuşa, Laçın, Füzuli, Zəngilan və digər ərazilərdə telefon və yüksəksürətli internet xidmətləri göstərilir.

Rəhman Hümmətov “Yolumuz Qarabağa”  portalı üzərindən Şuşa, Ağdam və Füzuli şəhərinə indiyədək təşkil edilən avtobus marşrutları barədə iclas iştirakçılarını məlumatlandırıb. “Bu istiqamət üzrə ümumilikdə 639 reys həyata keçirilib, 26 226 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib”.

Nazir müavini, həmçinin Şuşa şəhərində hazırda abunəçilərə yeni texnologiyalar əsasında telefon və sürətli internet xidmətlərinin verildiyini, tikinti və bərpası icra edilən ictimai əhəmiyyətli binaların telekommunikasiya xidmətləri ilə təmin edilməsi üçün layihələndirmə işlərinin aparıldığını, müxtəlif istiqamətlər üzrə magistral və abunəçi fiber-optik xətlərin çəkilməsi işlərinin görüldüyünü qeyd edib.

İclas çərçivəsində işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşa şəhərində yol-nəqliyyat infrastrukturunun qurulması, avtonəqliyyat və sərnişindaşıma xidmətlərinin təşkili məsələləri, mövcud tələbat və imkanlar geniş müzakirə edilib.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının sektor müdiri Elmir Vəlizadə, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təmsilçisi Kənan Quliyev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müşaviri Nazim Talıbov, həmçinin digər iştirakçılar çıxışlarında işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyəti, onların icrasının İdarələrarası Mərkəz vasitəsilə əlaqələndirilməklə aidiyyəti qurumlar tərəfindən həyata keçirilməsi, ərazilərdə mina təhlükəsizliyi üzrə tədbirlərin daim nəzarətdə saxlanılması, yeni salınacaq yaşayış məntəqələrinə əhalinin köçürülməsi və məşğulluğunun təmin edilməsi və digər vacib məsələlər barədə qarşıda duran vəzifələrdən danışıblar.

İclasda Dövlət Proqramında sahə üzrə nəzərdə tutulan tədbirlərin vaxtında icrası ilə əlaqədar aidiyyəti qurumlarla birgə tədbirlər görülməsi, həmçinin yerlərdə tikinti-quraşdırma və bərpa işlərində müasir texnologiyaların tətbiqinin zəruriliyi və digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

Səfər müddətində həmin ərazilərdə icra edilən bəzi layihələrə, o cümlədən Şuşa şəhərinin daxili yol-nəqliyyat şəbəkəsinin tikintisi işlərinə, şəhərdə telekommunikasiya şəbəkəsinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə görülən işlərə və Əhmədbəyli-Füzuli-Şuşa 4-6 hərəkət zolaqlı alternativ yolun tikintisinə baxış keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video