17 İyun 2023 09:20
710
CƏMİYYƏT
A- A+
Naxçıvan yeni dövrünə qədəm qoyur

Naxçıvan yeni dövrünə qədəm qoyur

 

Məlum olduğu kimi, Prezident İlham Əliyev "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncam imzalayıb. Dövlət proqramının məqsədi davamlı iqtisadi artımı təmin etməklə, vətəndaşların həyat səviyyəsini yaxşılaşdırmaqla Naxçıvanın sosial-iqtisadi yüksəlişinə nail olmaqdır. Muxtar respublikanın hərtərəfli inkişafını hədəfləyən yeni proqramın icrası mühüm əhəmiyyətə malikdir.
Mövzu ilə bağlı Milli Məclisin deputatlarının fikirlərini öyrəndik. Deputatların sözlərinə görə, bu sənəd son yüz ildə Naxçıvanın inkişafı ilə bağlı qəbul edilmiş ilk belə böyükmiqyaslı dövlət proqramıdır.

 

Qədim diyarın müasir yol xəritəsi 

 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli bildirib ki, Prezident İlham Əliyevin "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında" 5 iyun 2023-cü il tarixli sərəncamı dövlət başçımızın müstəqil dövlətimizin ayrılmaz tərkib hissəsi olan, qədim tarixə malik bu diyarın bütün istiqamətlər üzrə müasir inkişafının təmin olunmasına göstərdiyi böyük qayğının və dəstəyin əməli ifadəsidir: "Naxçıvanın muxtar respublika olduğu son yüz il ərzində bu regionun inkişaf etdirilməsinə dair indiki miqyasda dövlət proqramı heç vaxt qəbul edilməyib. Bu, regionun geosiyasi və tarixi-coğrafi şəraiti, habelə təbii resursları və iqtisadi imkanları nəzərə alınmaqla, Naxçıvan Muxtar Respublikasının hərtərəfli müasir inkişafına və perspektivlərinə hesablanmış mühüm əhəmiyyətə malik birinci sanballı dövlət proqramıdır".
Deputatın sözlərinə görə,  dövlət proqramı xarakteri və mahiyyəti etibarilə Naxçıvan Muxtar Respublikasının yeni tarixi mərhələ üzrə strateji inkişaf konsepsiyasıdır: konsepsiya siyasi və iqtisadi cəhətdən mükəmməl şəkildə, hərtərəfli surətdə əsaslandırılıb. Dövlət proqramında əksini tapmış inkişaf strategiyasının həyata keçirilməsinin 11 istiqamət üzrə ən əlverişli və münasib icra mexanizmləri və maliyyə mənbələri müəyyən edilib. Xüsusi qeyd etmək lazımdır ki, muxtar respublikanın inkişafının siyasi və iqtisadi cəhətdən qiymətləndirilməsi və proqnozlaşdırılması zamanı elmi prinsiplərə də istinad edilib. Bütün bunlara görə, dövlət proqramı muxtar respublikanın inkişafının siyasi-iqtisadi cəhətdən əsaslandırılmış və elmi baxımdan hərtərəfli işlənib hazırlanmış mükəmməl yol xəritəsidir. Bu mühüm dövlət proqramı nəinki muxtar respublikanın yenidən qurulmasına, sözün tam mənasında hazırkı mərhələdə yeni Naxçıvanın meydana çıxmasına imkan yaradacaq. Bu baxımdan genişmiqyaslı dövlət proqramı Naxçıvan Muxtar Respublikasının yeni tarixi dövrünün və müasir inkişafının baş planıdır.
Dövlət proqramında Naxçıvan Muxtar Respublikasının yeni tarixi mərhələdəki müasir inkişafının təmin edilməsi baxımından nəzərdə tutulmuş mühüm iqtisadi tədbirlər kifayət qədər iri həcmə və geniş perspektivə malik olan əhəmiyyətli layihələrdir: "Dövlət proqramında əksini tapmış Naxçıvan İqtisadi Zonasının yaradılması muxtar respublikanın inkişaf konsepsiyasının ana maddəsidir. Bu, dövlət proqramının "Mövcud reallıqlar" bölməsində düzgün şəkildə ifadə edildiyi kimi, regionun "xarici dövlətlərlə sərhəddə yerləşməsi nəzərə alınmaqla, Naxçıvan Muxtar Respublikasında vergi və gömrük güzəştləri müəyyən edilməklə, rəqabətqabiliyyətli ticarət qovşağının yaradılması imkanının dəyərləndirilməsi" deməkdir". 
Akademik vurğulayıb ki, Azərbaycanda hələlik yalnız Ələt Azad İqtisadi Zonasının mövcud olduğunu nəzərə alsaq, Naxçıvan İqtisadi Zonası ölkəmizin müasir inkişaf xəritəsində ən yeni ünvanlardan biri olacağı təsəvvürünü yaradır. Onun sözlərinə görə, Ələt Azad İqtisadi Zonası üçün beynəlxalq dəniz ticarət limanları və Bakı-Tbilisi-Qars dəmir yolu əlverişli imkanlar yaratdığı kimi, xarici dövlətlərlə qonşu olması, regionun Qərbə və Şərqə doğru açıq pəncərə funksiyasını yerinə yetirməsi də Naxçıvan İqtisadi Zonasının geniş üfüqlərini nəzərə çarpdırır. Dövlət proqramında iqtisadi zonalar üçün səciyyəvi olan vergidən və gömrük rüsumlarından azadedilmə güzəştlərinin tətbiq olunacağının nəzərdə tutulması Naxçıvan İqtisadi Zonasına paytaxtımızdan və digər regionlarımızdan başqa, qonşu dövlətlərin sahibkarlarının da sərmayə qoyacağının proqnozlaşdırılmasına imkan yaradacaq. İsa Həbibbəylinin fikrincə, Naxçıvan İqtisadi Zonası geniş mənada ticarət-iqtisadi əlaqələrin ölkədaxili subyektivlər, yaxın xarici qonşular və hətta uzaq tərəfdaşlarla daha yaxından bağlanmasına əhəmiyyətli töhfə verə bilər.
"Eyni zamanda iqtisadi zonaların geniş əraziləri əhatə etdiklərini nəzərə alsaq, Naxçıvan İqtisadi Zonasının da muxtar respublikanın böyükmiqyaslı infrastruktura malik iqtisadi mərkəz funksiyasını həyata keçirəcəyini əyani şəkildə göz önünə gətirər. Naxçıvan İqtisadi Zonası muxtar respublikanın ən iri iqtisadi-mədəni ərazisi olacaq. Naxçıvanın hansı tərəfində salınacağından asılı olmayaraq, bu iqtisadi zona muxtar respublikanın bütün regionlarının inkişafı üçün əsas hərəkətverici qüvvə rolunu oynayacaq", - deyə deputat qeyd edib. 
İsa Həbibbəyli vurğulayıb ki, Naxçıvan iqtisadi regionunun inkişaf etdirilməsi, Naxçıvan İqtisadi Zonasının fəaliyyət göstərməsi bu regionda nəqliyyat-logistika imkanlarının da genişləndirilməsi zərurətini yaradır: "Bu zərurət Prezident İlham Əliyevin uğrunda mübarizə apardığı və dünyanın diqqət mərkəzində olan Zəngəzur dəhlizinin və Laçın dəhlizinin açılacağına da real tələbat yaradır. Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan Muxtar Respublikası Avropa və Asiyanı əlaqələndirən əsas nəqliyyat qovşağına çevriləcək. Eyni zamanda Naxçıvan İqtisadi Zonası faktoru ilə son illərin Azərbaycan-Türkiyə danışıqlarında aktiv yer tutan Bakı-Tbilisi-Qars dəmir İpək yolunun Türkiyənin Qars şəhərindən İqdır-Aralıq Dilucu marşrutu vasitəsilə qardaş ölkəyə aid hissəsinin və Sədərək-Naxçıvan ərazisindəki davamının çəkilməsi məsələsinin həll edilməsi də zərurətə çevriləcək. Bu isə Naxçıvanın qərbdən Türkiyədən keçməklə Avropa ilə, şərqdən isə İran-Türkmənistan yolu ilə Asiya ölkələri ilə əlaqələndirilməsini təmin edəcək". 
Dövlət proqramında Azərbaycanın ayrı-ayrı regionlarından aşağı büdcəli aviareyslərin təşkil edilməsinin də nəzərdə tutulması Naxçıvanın ölkəmizin digər bölgələri ilə əlaqələndirilməsinə əlverişli imkanlar yaradacaq. Bu cəhətdən uzun illər ərzində fəaliyyət göstərmiş Naxçıvan-Gəncə aviareysinin bərpa olunmasından başqa, Naxçıvan-Qəbələ, Naxçıvan-Lənkəran hava marşrutlarının açılması da fayda verə bilər.
"Təqdim olunan dövlət proqramında "elektrik enerjisinin istehsalı və ixrac üzrə mövcud potensialdan istifadə etməklə yeni bərpaolunan enerji (əsasən günəş) stansiyalarının, həmçinin istilik-elektrik stansiyalarının tikintisi"nin ayrıca konkret maddədə ifadə edilməsi heç də təsadüfi deyil. Çünki Naxçıvan alternativ enerji mənbələri baxımından geniş təbii imkanlara malikdir. Coğrafiyaçı alimlər və astronomlar çoxdan sübut etmişlər ki, kontinental iqlimə malik olmasına baxmayaraq, il ərzindəki günəşli günlərin sayına görə Naxçıvan regionu Azərbaycanda ilk yerlərdən birini tutur. Ona görə də Naxçıvanda günəş enerjisindən istifadə etməklə alternativ enerjini geniş miqyasda artırıb inkişaf etdirmək mümkündür", - deyə müsahibimiz qeyd edib.
İsa Həbibbəyli əlavə edib ki, dövlət proqramında günəş enerjisinin diqqət mərkəzinə çəkilməsi Naxçıvanda "yaşıl enerji"nin bu sahəsinin böyük həcmdə infrastrukturunun qurulacağından xəbər verir: "Hesablamalara görə, Naxçıvan Muxtar Respublikasının Culfa şəhəri və ətraf ərazisi küləkli günlərin kəmiyyət göstəricisi etibarilə ölkə üzrə rekord imkanlara malikdir. Düşünürəm ki, dövlət proqramının imkanları hesabına Culfa rayonu ərazisində alternativ "yaşıl enerji"ni küləkli günlərin potensialı hesabına daha da artırmaq olar. Dövlət proqramında nəzərdə tutulduğu kimi, bərpaolunan alternativ enerjinin Naxçıvandan Türkiyəyə, oradan da Avropaya ixrac edilməsi real iqtisadi səmərə verə bilən potensialın işə salınması deməkdir. Uzun illər ərzində sərt iqlim şəraitində elektrik enerjisi qıtlığının əziyyətlərinə dözümlü münasibət bəsləməyi sınaqdan çıxarmış Naxçıvan Muxtar Respublikası üçün yeni tarixi mərhələdə Avropaya enerji ixrac edən bir regiona çevrilmək ölkə üçün, eləcə də beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyətə malikdir". 

 

Naxçıvanın ölkəmizin digər bölgələri ilə əlaqələndirilməsinə əlverişli imkanlar yaradılır

 

İsa Həbibbəyli bildirib ki, çətin blokada səbəbindən muxtar respublikada turizmin imkanlarından minimum səviyyədə istifadə olunub: "Halbuki Naxçıvan Muxtar Respublikasında turizmin bir neçə sahəsi özünün geniş imkanları ilə dünyanın bu sahə üzrə ixtisaslaşmış ayrı-ayrı ölkələri və regionları ilə rəqabətə girə bilər. Bu baxımdan dövlət proqramında Naxçıvan Muxtar Respublikasında ən müasir turizm infrastrukturunun yaradılmasının yer alması regionun rəqabətəqabiliyyətli mühüm turistik məkana çevrilməsinə əsas verə bilər. Dövlət proqramında əksini tapmış ekoturizm, sağlamlıq turizmi, qış və kənd turizmi diyarın inkişaf səviyyəsini və simasını dəyişdirib inkişaf etdirən ən mühüm faktorlardandır. Naxçıvandakı qədim Duzdağ mağaraları dünyada analoqu olmayan nadir sağlamlıq turizmi bazası hesab edilə bilər. Hazırda istifadədə olan Duzdağ mağarası duz mədəninin həmin mağarasının yalnız bir hissəsini əhatə etdiyi üçün onun daha da uzadılması və genişləndirilməsi mümkündür. İkincisi isə Naxçıvan Duzdağında istifadəsi çoxdan dayandırılmış və hazırda istismarda olmayan başqa köhnə mağaralar da vardır ki, onlarda da sağlamlıq turizmi üçün münasib şərait yaradıla bilər. Ümumiyyətlə, Naxçıvan Duzdağı Azərbaycanın misilsiz sərvətidir". 
Deputatın fikrincə, dini turizmin təşkili baxımından Naxçıvandakı Əshabi-Kəhf mağaraları dünyada qəbul edilmiş müqəddəs ziyarətgahlardan sonra ən mühüm inanc yerlərindəndir: "Tanrıçılıqla islam dəyərlərini özündə cəmləşdirən Əshabi-Kəhf dünyanın əsas dini turizm mərkəzlərindən biri səviyyəsinə qaldırıla bilər. Tarix və mədəniyyət abidələri baxımından xüsusi zənginlikləri ilə seçilən Naxçıvan diyarı bu istiqamətdəki turizm sektorunun həcminin qat-qat artırılmasına şərait yaradacaq. Ağbulaq qış turizmi ilə Naxçıvanın turizm imkanları daha da genişlənəcək. Deməli, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" qədim diyarın müasir turizm imkanlarına işıq salır".
Hazırkı şəraitdə dövlət proqramında əksini tapmış Türkiyənin Aralıq-Dilucu məntəqəsindən - Ümid körpüsünə qədər 18 kilometr magistral qaz kəmərinin çəkilməsi və muxtar respublikanın Türkiyənin qaz şəbəkəsi ilə birləşdirilməsi həm iqtisadi, həm də siyasi cəhətdən böyük əhəmiyyətə malikdir. "Əvvəla, bununla Naxçıvana ixrac edilən qaza görə maliyyə ödənişlərinin həcmi xeyli dərəcədə azalacaq. Naxçıvanın Bakı-Tbilisi-Ərzurum qaz kəməri şəbəkəsinə qoşulması Azərbaycan qazının ölkəmizin ayrılmaz tərkib hissəsi olan bu diyara da gəlib çatmasını təmin edəcək. Ən əsası  isə İqdır-Dilucu-Sədərək qaz kəmərinin çəkilməsi və istifadəyə verilməsi ilə Naxçıvan maye qazdan istifadəyə görə İrandan asılılıqdan xilas olacaq. Son on ildə bu sahədə qonşu ölkə tərəfindən yaradılmış bəzi süni gərginliklər regionun qaz təminatı riskindən xilas edilməsinin zəruriliyini nəzərə almağı tələb edir. Bu baxımdan Naxçıvana qaz nəqlinin Türkiyə ərazisindən təmin edilməsi mühüm əhəmiyyətə malikdir", - deyə deputat deyib.
İsa Həbibbəyli həmçinin vurğulayıb ki, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" inkişafın müasir səviyyəsi üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına yeni tələbat doğuracaq: "Azərbaycanın ən qabaqcıl ali təhsil ocaqlarından biri olan Naxçıvan Dövlət Universitetinin geniş potensialı istənilən yeni ixtisas üzrə kadrların hazırlanmasına şərait yarada bilər. Dövlət proqramının uğurla həyata keçirilməsi məqsədi Naxçıvan Dövlət Universitetində xarici dillər, iqtisadiyyat, beynəlxalq münasibətlər, turizm, menecment, muzeyşünaslıq və sair kimi ixtisasların imkanlarının daha da genişləndirilməsini tələb edir".
Son illər Naxçıvan Dövlət Universitetində uğurla həyata keçirilən genişmiqyaslı islahatlar burada yeni dövrün mütəxəssis hazırlığı tələbatına çevik münasibət bəsləniləcəyinə və mühüm nəticələr əldə ediləcəyinə inam yaradır: "Dövlət proqramındakı Naxçıvan Dövlət Universitetinin imkanlarının daha da genişləndirilməsinə dair müddəalar da kadr potensialının formalaşdırılması işinə nikbin baxmaq üçün tam əsas verir. Xüsusən Naxçıvan Dövlət Universitetinin nəzdində muxtar respublikada ilk ingilis dili təmayüllü məktəbin açılmasının əksini tapması Naxçıvanın ən müasir tələblər səviyyəsində təqdim edə biləcək yeni nəsil mütəxəssislərinin keyfiyyət dəyişikliklərini indidən görmək üçün bəs edir".
İsa Həbibbəyli bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə Naxçıvanda Prezidentin Səlahiyyətli Nümayəndəsi İnstitutunun fəaliyyətə başlaması və məqsədyönlü islahatların uğurla həyata keçirilməsi ilə regionda yeni inkişaf mərhələsinin başlanması təmin edilib: "Qədim diyar bu gün müasir inkişaf mərhələsinə qədəm qoyub. "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda əksini tapmış genişmiqyaslı tədbirlər, böyük maliyyə tutumlu infrastruktur layihələri muxtar respublikanın gələcəyini bütün reallıqları ilə təqdim edir. Bu dövlət proqramı vaxtilə Ulu Öndər Heydər Əliyevin düşmən işğalından xilas etdiyi, yeni inkişafın möhkəm təməllərini atdığı, Prezident İlham Əliyev tərəfindən diqqət və qayğı ilə əhatə olunmuş Naxçıvan Muxtar Respublikasının çoxillik tarixində fərqli bir intibah dövrünün başlandığını bəyan edir. Şübhəsiz ki, dövlət proqramı uğurla həyata keçiriləcək, ölkəmizə böyük nailiyyətlər qazandıracaq, xalqımıza xoş günlər bəxş edəcək".

 

Dövlət proqramı nailiyyətlərlə əlamətdar olacaq

 

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, Vətən müharibəsindəki zəfərimiz, o cümlədən qələbəyə qədər və postmünaqişə dövründə uğurlu sosial-iqtisadi və siyasi addımların nəticəsi olaraq qütblərarası ziddiyyətlərin dərinləşdiyi hazırkı mürəkkəb mərhələdə Azərbaycanın güc və imkanlarının artacağı şübhə doğurmur: "Yeni geosiyasi situasiyaya uyğunlaşmaq, o cümlədən inkişaf və tərəqqinin davamlılığını təmin etmək məqsədilə iqtisadi suverenliyin möhkəmləndirilməsi və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik daha qüdrətli dövlətin formalaşması artıq zərurətə çevrilib. Bu məqsədlə möhtərəm Prezident 2021-ci il 2 fevral tarixli sərəncamı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"i təsdiq edib və sənədlə davamlı və yüksək iqtisadi artım, daxili və xarici təsirlərə dayanıqlılığı təmin etməklə, artan rəqabətqabiliyyətli iqtisadiyyat quruculuğunu ilk milli prioritet kimi müəyyən edib. Həmçinin cənab Prezident hədəf kimi müəyyən edib ki, davamlı və yüksək iqtisadi artım dinamik və inklüziv cəmiyyətin formalaşmasına xidmət etməli, hər bir vətəndaş öz həyatında bu inkişafı hiss etməlidir".
Deputat qeyd edib ki, sənədə əsasən, uzunmüddətli dövrdə əsas məqsədimiz regionların inkişafını paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaqdır: "Bunun üçün isə regionlarda iqtisadi aktivlik daha da artırılmalı, mövcud iş qüvvəsi və bütün resurslar tamamilə iqtisadi dövriyyəyə cəlb edilməlidir. "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamı da ilk növbədə məhz bu milli hədəflər çərçivəsində qiymətləndirilməli, sənədə cənab İlham Əliyevin özünün rəhbərliyi və birbaşa nəzarəti altında Naxçıvanda bu günə qədər əldə edilən uğurların yeni situasiyaya transformasiyası və davamlılığının təmin edilməsi imkanı kimi baxılmalıdır".
Bəhruz Məhərrəmov deyib ki, qədim və tarixi keçmişə malik olmasına, digər bölgələrimizlə bərabər özünəməxsus inkişaf yolu keçməsinə baxmayaraq, sirr deyil ki, Naxçıvan XX əsrin 60-cı illərinə, daha konkret desək, 1969-cu ilə qədər çox aşağı iqtisadi göstəricilərə malik olmuş, sözün əsl mənasında, mərkəzin diqqətindən kənarda qalmışdı: "Yalnız Ulu Öndərin siyasi hakimiyyətə gəlişi və dahi liderin çoxşaxəli fəaliyyəti sayəsində digər regionlarımız kimi, Naxçıvanın da sosial-iqtisadi inkişafının möhkəm bünövrəsi qoyulmuşdur. Ulu Öndərin siyasi hakimiyyətdən uzaqlaşdığı dövrdə muxtar respublika üçün yenidən ağır dövr başlamış, yalnız 1991-ci ildən etibarən tədricən ağır durum səngimişdir. Cənab İlham Əliyevin hakimiyyəti illərində, xüsusən 2004-cü ildən Naxçıvanın sosial-iqtisadi inkişafının möhkəm bünövrəsi qoyulmuşdur. Görülən tədbirlər səmərəli olmuş, iqtisadiyyatın inkişafı yeni iş yerlərinin və müəssisələrin yaradılması, kommunal və sosial infrastruktur təminatı səviyyəsinin yüksəlməsi ilə nəticələnmiş, perspektiv üçün zəruri olan bütün iqtisadi və sosial infrastruktur yaradılmışdır".
Deputat həmçinin vurğulayıb ki, regionların sosial-iqtisadi inkişafı sahəsində beynəlxalq təcrübələrin təhlili göstərir ki, bu gün milli prioritetlərlə qarşıya qoyulmuş yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət, inkişafdan hər bir vətəndaşın bəhrələnməsi kimi vəzifələrə yeni çağırışlar fonunda baxış zərurəti yaranıb: "Xüsusən son illər ərzində regionların potensialından istifadənin səmərəliliyinin və iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılması, "yaşıl iqtisadiyyat"ın formalaşdırılması, innovativ yanaşmaların tətbiqi kimi məsələlərin önə çəkilməsi yeni həll variantları tələb edir. Digər tərəfdən, Azərbaycanın əldə etdiyi qələbənin nəticəsi olaraq formalaşan konfiqurasiya, Azərbaycanın Şərqlə Qərbin qovşağında kommunikasiya habına çevrilməsi, o cümlədən Zəngəzur dəhlizinin  açılması Naxçıvan Muxtar Respublikasının qarşıdakı illərdə inkişafı üçün geniş imkanlar yaratmışdır. Dövlət proqramı da məhz yaranmış tarixi fürsətlərdən səmərəli formada yararlanmaq üçün bölgənin sosial-iqtisadi inkişafı ilə əlaqədar tədbirlərin, həmçinin kompleks proqramların hazırlanması və icrasının davam etdirilməsinin əlaqəli, mərkəzləşmiş və kompleks formada təmini üçün qəbul edilib".
Bəhruz Məhərrəmov vurğulayıb ki, proqram özündə 13 vacib çağırışı əhatələyir ki, bu hədəflər Naxçıvanda iqtisadi və sosial sahələrdə əldə olunan nailiyyətlərin daha da möhkəmləndirilməsi, eləcə də regionun potensialından istifadənin səmərəliliyinin və iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılması üçün müasir çağırışlara və yanaşmalara əsaslanan zəruri addımların atılmasını təmin edəcək.

Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!