O, nakam aşiq
idi... 14 yaşında qəlbinə düşən sevgi atəşinin qoru ömrünün sonuna qədər ona dinclik
vermədi, ahı dağları yandırdı, daşlarda əks-səda verdi... Çağlayıb daşan təbi ilk
məhəbbətinin carçısı oldu... Sinəsinə basdığı quru odun parçası dilə gəldi, yanıqlı-yanıqlı
inlədi, nazlı nigarın hicranından gileyləndi... Ürəyinin alovu qəlbindən süzülərək
dodağında gəraylıya, qoşmaya, təcnisə, müxəmməsə, divanəyə çevrildi... Məcnun yolu
ilə getdi, eşqin müqəddəs qapısında səcdəyə durdu... Haqq aşiqi oldu...
Qəfil qəza məni saldı toruna,
Açıq yolu bağlar qalan mən oldum.
Ehtiramla səcdə edib varlığa,
"Lahu” deyə çağlar qalan mən oldum...
Qarabağın
ustad aşıqlarından olan Aşıq Xaspolad Coşqundan danışırıq... Kiçik yaşlarından şeir
yazmağa meyil edən Xaspolad atası ilə kəndə gələn aşıqların məclislərinə gedir,
onları dinləməkdən doymurdu. Xatirələrində isə onu "aşıq” edən əsl səbəbdən yazırdı:
"Həqiqi təb o adamda yaranır ki, erkən yaşlarında saf bir məhəbbətlə sevir və sevilir,
lakin istəyinə nail ola bilmir. Mən də belə olmuşam. Ona görə də bütün yaradıcılığımın
səbəbini və həmişə çağlayıb daşan təbimin ilkin mənbəyini bunda görürəm. 1935-ci
ildə sevdiyim qız ailələri ilə birlikdə kəndimizdən köçüb başqa yerə getdilər. Hər
şey tarimar oldu, fikrim-zikrim qarışdı, dünya gözümdə qaraldı. Həmin vaxtlar Məhəmməd
Füzulinin "Leyli və Məcnun” poemasını tapıb oxudum və əzbərlədim. Eşqin müqəddəsliyini
həmin dastandan öyrəndim. Saza-sözə meyilim o qədər idi ki, sazım olmadığından odun
parçasının üzərinə sim bağlayıb ondan istifadə edirdim. Kənd arasında, bulaq başında,
bağlarda çalıb-çağırırdım. 1936-cı ildə üç simli bir cürə aldım. İki sim də özüm
əlavə qoşdum. 1938-ci ildə isə cürəni tarla əvəz etdim”.
Valeh nəslindənəm, cəsarətim var
Ömrünün
80 ilini yazıb-yaratmağa, çalıb-çağırmağa həsr edən Aşıq Xaspolad Coşqun 1919-cu
il martın 20-də Ağdam rayonunun Abdal kəndində anadan olub. Gənc yaşlarından ustad
aşığın saza-sözə güclü həvəsi olur. O, bədahətən qoşmalar, gəraylılar qoşar və onları
sazla oxuyardı. Şeirə, sənətə olan bu həvəsin ona ulu babası Aşıq Valehdən irsən
keçdiyini söyləyirlər. O, Kərbalayı Şəfi Aşıq Valehin kötükcəsidir və bu barədə
şeirində də məlumat verir.
Hünər meydanında dəyanətim var,
Aşıqlıq elmimdə öz adətim var
Valeh nəslindənəm, cəsarətim var,
Coşğun Xaspoladam, Qarabağlıyam.
İlk təhsilini
Abdal ibtidai məktəbində, sonra isə Gülablı yeddiillik məktəbində alan ustad aşığın
ana tərəfində xeyli din xadimləri olub. Babası Axund Molla Xəlil, Molla Əsəd, dayıları
Molla Abbas, Molla Hüseyn, Molla Xəlil (Axund Molla Xəlilin nəvəsi) və başqaları
Nəcəfül-Əşrəfdə təhsil almışdılar. Bu səbəbdən də onların əhatəsində böyümüş Xaspolad
dini savada da yiyələnmişdi. Dini o qədər güclü bilirdi ki, hətta din alimləri belə
onunla mübahisə etməkdən çəkinirdilər.
1939-cu ildə
hərbi xidmətə yollanan Aşıq Xaspolad 1941-ci ildə müharibənin ilk günlərindən odun,
alovun içərisinə atılır. Elə ilk döyüşlərin birində top mərmisinin zərbəsindən yaralanır
və gözləri tutulur. O, Lvov şəhərində bir müddət hərbi hospitalda müalicə olunsa
da, gözləri açılmır. 1942-ci ilin iyun ayında hərbidən tərxis olunub evlərinə dönür.
Doğma torpağından aldığı qüvvətin möcüzəsindən gündən-günə səhhəti yaxşılaşır, gözlərinə
nur gəlir. Müharibəyə yenidən qayıtmaq istəsə də, səhhəti buna imkan vermir. Az
keçmir ki, Aşıq Xaspolad Abdal məktəbinə hərbi müəllim təyin edilir, 1944-cü ildə
isə ailə həyatı qurur.
Sənətinin
mahir bilicisi Aşıq Xaspolad dəfələrlə bu meydanda özünü sınamış, Aşıq Hüseyn Saraçlı,
Aşıq Pənah, Aşıq Məcid, gürcüstanlı şair Teymur, qocaman Dərviş, Aşıq Məhəmməd,
Aşıq Zeynal, gəncəli Aşıq Qədir, Mirqələm, həkim Şahlar, Aşıq Tərlan, Aşıq Hilal,
Aşıq Soltan, Aşıq Nübar Mədətova ilə deyişib. Aşıq Xaspolad aşıqlığının müxtəlif
dövrlərində üzbəüz deyişmələrdə ya qalib gəlmiş, ya da tərəf-müqabilinin təklifini
nəzərə alıb mehribanlıqla ayrılmışdı.
Aşığın xatirə
dəftərində olan bir nümunədə deyilir: "1950-ci ilin mart ayında Mingəçevirdə yenə
də aşıqlar bir yerdə cəmləşib çalıb-çağırırdılar. Növbə Zeynal adlı bir aşığa çatdı.
O, eşitmədiyim bir təcnis oxudu. Mən bu təcnisin kimin olduğunu soruşdum. Dedi ki,
dayımındır. Soruşdum, dayın kimdir, dedi ki, Aşıq Şəmşir. Dedim, Aşıq Şəmşir kimdir?
Həqiqətən də Şəmşir haqqında eşitməmişdim. Zeynal kinayə ilə dedi: "Bəs sən necə
aşıqsan ki, dayım haqqında eşitməmisən?” Mən Zeynaldan Aşıq Şəmşirin ünvanını öyrənib
ona bir məktub yazdım. Bu məktubdan bir ay keçdi, cavab gəlmədi. Aşıq Şəmşirə ikinci
məkrubu "Cavab ver” şeiri ilə yazdım. Xeyli keçəndən sonra Şəmşirin oğlundan bir
məktub aldım. "Qulaq as” rədifli bir şeirlə mənə öyüd-nəsihət yazmışdı. Mən üçüncü
dəfə üç qatar "Qulaq as” başlığı altında şeirlə yenə bir məktub yazdım. Bir sözlə,
aşıqlıq sənətində əsl cəsarəti bircə Aşıq Şəmşirdə gördüm. O, sazını da götürüb
Mingəçevirə gəldi. Lakin mənimlə deyişmədi, dedi ki, "sən elə bir ocaqdansan ki,
aşıqlar səninlə deyişməyə yox, səni ziyarətə gəlməlidir”.
Aşığın qıfılbəndləri
hələ də aşıqlar tərəfindən açılmamış qalır. Öz deyişmələri ilə bağlı xatirələrinin
birində aşıq söyləyir: "İlk dəfə 1938-ci ildə Abdal kəndində Aşıq Səyyafla deyişmişəm.
Göyçədən gəlmişdi. Üç saatlıq deyişmədən sonra mən onu Aşıq Ələsgərin "Oldu” bağlaması
şeiri ilə bağladım”.
Mirzə İbrahimov Aşıq Xaspoladı Bakıya çağırır
Aşıq Xaspoladın
ocağına onunla görüşmək üçün Mirzə İbrahimov, dramaturq Məcid Şamxalov, Şərqin ilk
filosof qadını Şükufə Mirzəyeva, yazıçı Əlfi Qasımov, xalq şairləri Tofiq Bayram,
Qabil, Bəxtiyar Vahabzadə, Famil Mehdi, Şahmar Əkbərzadə, Aşıqlar Birliyinin sədri
Hüseyn Arif, respublikanın xalq artistləri - tarzən Qurban Pirimov, Xan Şuşinski,
Əbülfət Əliyev, Sara Qədimova, Aşıq Şəmşir, Aşıq Hüseyn Saraçlı, Aşıq Soltan həyat
yoldaşı Qəndab xanımla, yazıçı Mustafa Çəmənli, folklorşünas Mahmud Allahmanlı və
daha neçə görkəmli şəxslər gəlib.
Bu tanınmış
elm, incəsənət adamları ustad aşığı dinləməkdən doymur, onun maraqlı söhbətlərinə
saatlarla qulaq asırdılar. 1958-ci ildə respublika Ali Sovetinin sədri Mirzə İbrahimov
Qurban Pirimovla birlikdə Abdal-Gülablı kəndinə gəlir. O, Qurban Pirimovun məsləhəti
ilə Aşıq Xaspoladla görüşür. Elə həmin ilin oktyabr ayında Aşıq Xaspoladı Qurban
Bakıya çağırtdırır. Onu Nizami adına Ədəbiyyat İnstitutuna folklorşünas Məmmədhüseyn
Təhmasibin yanına göndərir. Məmmədhüseyn Təhmasib Radio Komitəsinin sədri Teymur
Əliyevlə danışır. Aşıq Xaspoladın "Valeh və Taleh” dastanını müəllifin ifasında
lentə alırlar. Akademik Həmid Araslının iştirakı ilə aşığın dörd dastanı da lentə
alınır.
Lakin Aşıq
Xaspolad imkansızlıq, diqqətsizlik və bir sıra səbəblərdən şeirlərini və dastanlarını
çap etdirə bilmir. Yalnız 1969-cu ildə onun Famil Mehdi ilə birlikdə topladığı,
Aşıq Valehin yaradıcılığına aid olan "Alçaqlı ucalı dağlar” kitabı çap olunur.
1990-cı ildə Aşıq Xaspoladın 17000 nüsxə ilə "Taleh və Həqiqət” adlı kitabı işıq
üzü görür. 1999-cu ildə ustadın "Qəlbimdə nisgilli hekayətim var” adlı ikinci kitabı
nəşr olunur. Bütün ömrünü haqq aşığı Aşıq Valehin yaradıcılığının toplanmasına sərf
edən Dədə Xaspoladın ev arxivində özünün çap olunmamış çoxlu dəyərli yazıları və
Aşıq Valeh haqqında topladığı sənədlər indi də saxlanılır. Onun ulu babası Aşıq
Valeh haqqında geniş məlumatı vardı. Bu barədə Mustafa Çəmənlinin qeydləri də maraqlıdır:
"Xaspolad kişi iri bir qovluğu qarşıma qoyub, - mən istəyirəm babamın kitabı bu
sayaq çıxsın, - dedi. Qovluğu açıb əlyazmanı vərəqlədim, gördüm ki, Xaspolad kişi
Aşıq Valehin hər şeirinin yaranma tarixini, hadisə və rəvayəti də toplayıb. Doğrudan
da, Aşıq Valehin yaradıcılığı bu rəvayət və hadisələrlə birgə çap olunsa, daha təsirli,
daha bitkin olardı”.
Bu kitabda
aşığın yüz qırxdan artıq qoşması, on gəraylısı, on altı qəzəli, doqquz deyişməsi,
dörd müxəmməsi, beş dastanı toplanmışdır. Dastanlardan ikisi ("Taleh və Həqiqət”,
"Valeh və Taleh”) Aşıq Valeh və oğlu Taleh haqqında məlumat verir. Ustad sənətkarın
səkkiz dastanı və xeyli şeirləri var. Ustadnamələr, gəraylılar, qoşmalar, müxəmməslər,
divanilər, hərbə-zorbalar, həcvlər, qıfılbəndlər yaradıcılığında geniş yer tutur.
Onun "Bülbüllə”, "Aşıq Valehin məzarı ilə”, "Dağlarla”, "Molla ilə”, "Mələklə”,
"İnsanla” deyişmələri olduqca maraqlıdır.
"Nənə qızlar”ın ustad dədəsi...
1950-ci ildən
Aşıq Xaspolad Aşıqlar Qurultayına nümayəndə seçilir. Yaradıcılıq uğurları getdikcə
artan aşığın 1961-ci ildə keçirilən III Aşıqlar Qurultayında iştirakı da əlamətdar
olur: "Qurultayda iştirak etdikdən sonra Aşıq Şəmşirlə birgə Azərbaycan Pedaqoji
İnstitutunda çıxışa dəvət olundum. Çıxışım müəllimlər və tələbələr tərəfindən rəqbətlə
qarşılandı, yenidən çıxış üçün səhnəyə dəvət olundum. İnstitutun rektoru, mərhum
Mehdixan Vəkilov məni təbrik edib minnətdarlığını bildirdi”.
Çoxşaxəli
yaradıcılığa malik ustad həm də mədəniyyət sahəsində çalışıb. O, yaşadığı kənddə
yaradılmış Mədəniyyət Evinə uzun müddət başçılıq edib. 1983-cü ildə Gülablı kənd
Mədəniyyət Evinin müdiri Aşıq Xaspolad Mirzəliyevə Ağdam Rayon Mədəniyyət Evindən
tapşırıq gəlir - bütün mədəniyyət evlərinin nəzdində folklor ansamblları təşkil
olunmalıdır. Xaspolad kişi Xavər Nuruyevanın bu işi layiqincə yerinə yetirəcəyini
düşünür. Beləliklə, kənddə səsi, istedadı, qabiliyyəti olan on yeddi qızı yığıb
1984-cü ildə məşhur "Nənə qızlar” folklor ansamblını yaradırlar. Folklor ansamblının
keçirdiyi tədbirlərin senarisini Aşıq Xaspolad özü yazırdı. Çox təəssüf ki, bu bədahətən
deyilən şeirlər vaxtında yazıya alınmadığından yalnız ansamblın qızlarının yaddaşından
yazıya köçürülüb. Uzun illər səhnədə xalqımızın keçmişini, məişətini, adət-ənənəsini
öz ifalarında yaşadan "Nənə qızlar” ansamblı paytaxt Bakıda, respublikada və digər
ölkələrdə elə bir tədbir yox idi ki, iştirak etməsin. İyirmi nəfər üzvü olan ansambl
üç dəfə keçmiş Ümumittifaq Folklor Yaradıcılığı Festivalının iştirakçısı olmuş,
dəfələrlə Moskvadan vətənə laureat kimi qayıtmışdı. Ansamblın bəzi üzvləri qızıl
medala layiq görülmüşdü.
"Qəm gəldi qəm üstə, mənə pay oldu...”
Təəssüf ki,
saza və sözə sadiq ustad sənətkar Aşıq Xaspoladın taleyinə məcburi köçkünlük də
yazılmışdı və ömrünün sonuna qədər Bakıda cənnət-məkan Abdal-Gülablının həsrəti
ilə yaşamağa məcbur olmuşdu. 2000-ci ildə 81 yaşında haqq dünyasına qovuşan ustad
sənətkar elə doğulduğu Ağdamda, Xındırıstan kənd qəbiristanlığında dəfn olunur.
Coşqun Xaspoladam, ömrüm zay oldu,
Çeşmimin yaşından bulaq çay oldu,
Qəm gəldi qəm üstə, mənə pay oldu,
Cavan vaxtı ağlar qalan mən oldum...
Tezliklə Qarabağımızın,
Abdal
-Gülablının
düşmən tapdağından azad olmasını və Aşıq Xaspoladın da ruhunun şad olmasını diləyirik.
Almara NƏBİYEVA,
filologiya
üzrə fəlsəfə doktoru