Şəhid polkovnik-leytenantın yadigarları onun arzularını gerçəkliyə çevirirlər
14 yaşında qərar verib hərbçi olacağını qətiləşdirdi. Sevdiyi müqəddəs mundiri geyinmək üçün 1992-1995-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə, 1995-1999-cu illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) hərbin sirlərinə yiyələndi. 1999-cu ildən Gədəbəy, Qusar, Ağdam, Füzuli, Ağcabədi, Goranboy rayonlarında yerləşən hərbi hissələrdə xidmət keçdi. 42 illik ömrünün 25 ilini Vətənə xidmətə həsr etdi. Seçdiyi hərb yolunda qürurla, fəxrlə irəlilədi. 2016-cı ildə polkovnik-leytenant kimi ehtiyata buraxıldı.
Tərxis olunsa da, qəlbi yenə uşaqlığından ömrünü fəda etdiyi sənətində, silahdaşlarının yanında qaldı. 2016-cı ildə baş verən Aprel döyüşlərində ən yaxın dostlarının şəhid olmaları isə onu çox sarsıtdı. 2020-ci ilin Tovuz döyüşlərindən sonra isə dayana bilmədi və Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə könüllü müraciət etdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində silaha sarılan polkovnik-leytenant tabor komandiri kimi döyüş yolu keçdi. Cəbrayılın, Füzulinin, Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən əməliyyatlarda əsl qəhrəmanlıq göstərdi. Oktyabrın 31-də Qubadlının yüksək zirvələrində döyüş tapşırığının icrası zamanı şəhildik zirvəsinə ucaldı. Döyüş yoldaşları onun şəhid olduğu yüksəkliyi belə adlandırdılar - Nail Orucov zirvəsi...
Rusiyadan Vətənə qonaq gəldi, aşiq olub hərbçi ilə ailə qurdu
Bu gün Nail Orucovun uca şəhidlik məqamının üçüncü ildönümüdür. Şanlı Zəfərdə izini qoyan, bizi qələbəyə aparan, qəhrəmanlıq salnaməmizi yazanlardan biridir Nail Orucov. Haqqın yerini tapması, ədalətin bərpası uğrunda canından keçdiyi Vətənin Zəfər yolunu çəkənlərdən biri olan polkovnik-leytenant 1978-ci il iyunun 11-də Astara rayonunun Məscidməhəllə kəndində dünyaya gəlib. Gözəl ailə başçısı idi, 3 oğul övladı böyüdürdü Vətən üçün. Bu gün o, təkcə ailəsinin deyil, bütün Azərbaycan xalqının qürurudur, fəxarətidir. İndi ailə üzvləri şəhid polkovnik-leytenantın arzularını gerçəkləşdirirlər.
Bu il Orucovlar ailəsində baş verən xoş hadisələr şəhidin ruhunu da şad edib. Həyat yoldaşı Nigar xanım və oğlu Əlihəsən ali məktəbə qəbul olunublar. Bu, Nail Orucovun arzularından biri idi...
Redaksiyamızın qonağı olan şəhidimizin tələbə ailə üzvləri maraqlı xatirələrini, sevincli və kədərli anlarını bizimlədə bölüşdülər.
Nigar xanım Nail Orucovla ilk tanışlığından, hərbçi ilə ailə qurmaq istəyindən söz açdı: "2002-ci ildə ailə həyatı qurmuşuq. Mən də əslən Astaralıyam. Ailə üzvlərimlə Rusiyada yaşayırdıq və orada təhsil alırdım. Pedaqoji kolleci bitirmişdim. Daha sonra ali məktəbə qəbul olunmuşdum. İkinci kursda oxuyanda Astaraya istirahətə gəlmişdim. Bir təsadüfdə Naillə tanış olduq. Hərbçi olduğunu öyrəndim. Amma mənim üçün hər şeydən önəmli bir insanın daxili keyfiyyətidir. Onu ilk tanıyandan cəsarətli, cəsur olması xoşuma gəldi. Bundan başqa, mənim üçün hər şeydən öncə ali təhsilli olması idi. Hər zaman düşünürdüm ki, ailə quracağım şəxs ali təhsilli olarsa, biz bir-birimizi tamamlaya bilərik. Toyumuz oldu, evləndikdən sonra bir müddət Astarada məskunlaşdıq".
"Hər zaman istəyirdi ki, ali təhsil alım"
Nail Orucov hərbçi idi və işi ilə əlaqədar olaraq Azərbaycanın müxtəlif bölgələrindəki hərbi hissələrdə xidmət keçirdi: "Nail ilk vaxtlardan sona qədər döyüş bölgələrində olub. Ən çətini isə Gədəbəydə olduğumuz vaxtlar idi. Ora həm müharibə şəraiti, həm də iqlim baxımından çətin yer idi. Bəzən Nail yüksəkliklərə qalxanda on günlərlə evə qayıda bilmirdi".
İşini, təhsilini yarımçıq qoyub Nail bəylə hərbi xidməti ilə əlaqədar bərabər rayon-rayon gəzən Nigar xanım həm də üç oğul böyüdürdü. Nigar xanım həyat yoldaşının bütün müsbət keyfiyyətlərini, xüsusən ehtiyata buraxıldığı 4 il ərzində görüb: "Əlindən hər şey gəlirdi və bildiklərini də övladlarına ötürmək istəyirdi. Nə iş görürdüsə, onların da yanında olmasını istəyirdi. Yoldaşım illər sonra da hər zaman istəyib ki, ali təhsil alım. Üç övladım var idi, çətin gəlirdi mənə ali təhsil almaq. Amma Nail məsləhət gördü ki, hansısa kompüter kurslarına gedim. Mən də onun xahişini yerinə yetirdim. Həmin vaxtlarda kompüter kurslarına getdim, Naildən sonra bu təcrübəm mənə çox kömək oldu".
Nail Orucovun çoxdan gözlədiyi xəbər
Polkovnik-leytenant ehtiyata buraxıldıqdan cəmi iki ay sonra Aprel döyüşləri başlayır. Döyüşlərdə yaxın dostlarını itirən Nail Orucov çox sarsılır. Nigar xanım deyir ki, Aprel döyüşləri başlayanda Nail Orucov hər gün həyəcan keçirirdi: "Çox narahat idi. Deyirdi ki, 25 il hərbidə olasan, heç bir savaş olmaya, indi qardaşlarım düşmənlə savaşa başlayab, amma mən evdəyəm".
Aprel döyüşlərinin iştirakçısı olmaq istəsə də, bu ali məqam ona həmin vaxt qismət olmur. 2020-ci ildə Tovuz hadisələrinin baş verməsi isə Nail Orucovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə könüllü müraciəti üçün əsas olur. O, dərhal müraciət edərək adını yazdırır ki, müharibə olarsa, kənarda qalmasın.
Nail Orucovun düşündüyü kimi də olur. Sentyabrın 27-də Ermənistanın təxribatlarının qarşısının alınması və ərazi bütövlüyümüz uğrunda, daha sonra Azərbaycan tarixinin Zirvəsini şərtləndirən Vətən müharibəsi başlayır. Cəmi bir gün sonra Nail Orucov arzusuna çatır. Onu da ordu sıralarına çağırırlar.
Həyat yoldaşı həmin günü belə xatırlayır: "Süfrə başında idik. Telefonuna mesaj gəldi. Mesajı oxuyan kimi üzündə qəribə gülüş yarandı, sanki çoxdan gözlədiyi xəbəri almışdı. Gözlərinə baxanda başa düşdüm. Elə bil bu yolun axırında ölüm olduğunu da unutmuşdu. Dərhal hazırlaşmağa başladı. Həmin an çox şeyi dərk etmirdim. Daim onu işi ilə bağlı xidmətə yola salmışdım. Düşünürdüm ki, yenə onu işə yola salıram. Dedi ki, getməliyəm, axı hərbçiyəm, mən getməyim, digəri getməsin, bəs, Vətənimizi kim qorusun? Nail belə söhbətləri evdə övladlarıyla daim edirdi. Anası ilə görüşdü, atasının qəbrini ziyarət etdi, gün ərzində yaxınlarına, əzizlərinə baş çəkdi. Son olaraq evə qayıtdı və hamımızı başına yığdı. Bəlkə, 3 saata yaxın danışdı, biz də qulaq asdıq. Hər şeyi bizim üçün aydınlaşdırdı, hazırlıqlı olmağımızı tövsiyə etdi. Gedəndə halallıq alandan sonra isə dərk etdim ki, hər şey ola bilər. Çünki bu vaxta kimi onu belə yola salmamışdım".
Ata vəsiyyəti, şəhadət zirvəsinə gedən yol
Nail Orucov ailəsinə güc, təsəlli verərək elə həmin gecə cəbhəyə yollanır. Ömrünün 25 ilini hərbi sahəyə həsr etmiş polkovnik-leynetant kimi getdiyi yolun dönüşünün çətin olduğunu bilirdi. Bunu üç oğul övladına və xanımına hər şeyə hazırlıqlı olmaları üçün, bəlkə də, ürək ağrısı ilə izah etmişdi.
Polkovnik-leytenant getdikdən sonra bir həftə Ağcabədidə hərbi təlimlərdə olur. Ailəsi ilə hər əlaqə saxlayanda isə onlara narahat olmamalarını bildirərək döyüş bölgəsinə gedəndə xəbər edəcəyini deyir.
Bir gün Nigar xanıma, bəlkə də, heç arzulamadığı zəng gəlir: "İlk sözü bu oldu - zaman gəldi. Bunu deyəndən sonra anladım ki, artıq irəli gedir. Bütün istəklərini, arzularını mənə dedi. Həmin gün hamı ilə vidalaşdı. Ondan sonra bir aya kimi fürsət olduqca zəng edirdi. Amma bir daha mənimlə etdiyi son söhbətinə qayıtmadı. Əslində, o gündən sonra çətin günləri başlamışdı. Amma heç vaxt "ola bilər qayıtmayım", "hər şey ola bilər", "güclü ol kimi" sözlər işlətmədi".
Nail Orucovun döyüşə yollandığı zaman Nigar xanımdan əsas istəyi övladlarıyla bağlı olur. O, dönə-dönə uşaqların dərslərinə ciddi yanaşmasını, ona görə fikirlərinin dərsdən yayınmasını istəmədiyini tapşırırdı. Buna görə də hər zəngində mütləq üç oğlu ilə qısa olsa da danışmağa çalışırdı.
O, əsgərlərini övladları kimi sevirdi. Bir telefon zəngi zamanı Nigar xanımın ona "özündən muğayat ol, sənin üç övladın var" fikrinə belə cavab verir: "Orada üç övladım varsa, burada 300 övladım var, hamısı mənə doğmadır, əzizdir".
Qəhrəmanımızın ailəsi ilə sonuncu danışığı oktyabrın 29-da olur. Oktyabrın 31-də Qubadlı zirvələrində həyata keçirilən döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. "Sonuncu zəngində dedi ki, güclü olun. Qapıdan bayraq asın", - deyə Nail Orucovun son sözlərini xatırlayan Nigar xanımın sözünə oğlu Əlihəsən qoşulur. Evin ortancılı Əlihəsən atası ilə son danışığını belə xatırlayır: "Ayın 29-u zəng etdi. Demək olar, bütün nəsillə vidalaşdı. Hamıyla danışmışdı. Sonda bizimlə danışanda dedi ki, iş yerimdə (təqaüdə çıxdıqdan sonra "Aztelekom"da çalışırdı) bayraq var, onu qapıdan asarsız, gələcəm. Elə qismət oldu ki, bizə yanında bayrağımızı gətirdi..."
Əlihəsən atası ilə xatirələrini də bölüşdü: "Atam həmişə bizə qarşı qayğıkeş idi, düzdür, hərbidə olanda çox vaxt ayıra bilmirdi. Amma ehtiyata buraxılandan sonra hər gün yanımızda idi. Həmişə bizə məsləhətlər verərdi. Hətta müharibəyə gedəndə demişdi ki, ola bilər, sizə sevgimi tam göstərə biməyim, amma sizdən başqa kimim var? Deyirdi ki, mənim ən dəyərlilərimsiz, elə bilməyin, işlə bağlı nə vaxtsa sizi yaddan çıxartmışam. Savaşa getməzdən öncə bizimlə çox söhbət etmişdi. Ən böyük arzusu gələcəkdə ali savadlı kadr kimi yetişməyimiz idi. Hətta ixtisas seçimində də deyirdi ki, nə olursunuz olun, işinizdə ən yaxşısı olun, peşənizi sevin. Müharibəyə gedəndə də vəsiyyəti o oldu ki, əgər alınmasa, diplomunuzu məzarıma gətirərsiz. Gedəndən sonra hər zəng edəndə dərslərimizin necə getdiyini soruşardı. Elə bir telefon danışığı yox idi ki, dərslərimizi soruşmasın".
Nail Orucovun tələbə ailəsi, şərəfli yol
Nail Orucovun ən böyük arzusu və vəsiyyəti övladlarının ali təhsil alması idi. Böyük oğlunu həkim görmək istəyirdi.
Övladları Ruslan və Əlihəsən ata vəsiyyətini yerinə yetiriblər. Ruslan ötən il Tibb Universitetinin Hərbi tibb fakültəsinə daxil olub. O, atasının arzusunu yerinə yetirməklə, həm də onun yolu ilə getməyi hədəfləyib.
Nigar xanımdan hərbi sahəni seçdiyi üçün narahatlığı barədə soruşanda dedi: "Doğrudur, bir ana kimi məni narahat edir, bu sahənin çətinliyini də bilirəm. Amma nə qədər çətin olsa da, şərəfli bir peşədir. Çox çətinliklər görmüşəm, amma peşman deyiləm. Bu onların öz seçimidir".
Ata vəsiyyətini bacardığı qədər yerinə yetirməyə çalışdığını deyən Əlihəsən də bu il Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olub. "Universitetə hazırlaşdığım vaxt mənim məsuliyyətim çox böyük idi. Çünki atam vəsiyyət etmişdisə, bunu yerinə yetirmək borcum idi. Ən böyük dəstəkçimiz - anamız hər zaman yanımızda oldu. Bütün dərslərimizlə hər gün maraqlandı. Əlimizdən gəldiyi qədər atamızın arzusunu reallaşdırmağa çalışdıq. Bundan sonra da çalışacağıq. Atam deyirdi, vətənə layiqli övlad olun. İnşallah, həm atama, həm də Vətənə layiqli övlad olaram", - deyir Əlihəsən.
Evin kiçiyi İbrahim isə 6-cı sinifdə oxuyur və bu il "Dünya" Məktəbinə daxil olub. O da "böyüyəndə atam kimi həbçi olmaq istəyirəm", - deyir.
Nigar Orucova da illər əvvəl yarımçıq qoyduğu təhsil yoluna davam edir. Bu il Bakı Dövlət Universitetinin Filologiya (rus dili və ədəbiyyatı) fakültəsinə qəbul olan Nigar xanım deyir ki, bu, hər şeydən əvvəl Nail Orucovun arzusu idi: "Onun sağlığında da dəfələrlə təhsil almağımla bağlı təşəbbüs oldu, amma alınmadı. Bu il arzum çin oldu... Üç il keçir, hələ elə bir məqam olmayıb ki, seçim arasında qalım. Nail davranışları, sözləri ilə hər şeyin planını çəkmişdi. Bəzən düşünürəm ki, hansısa məqamda nə qədər çətin, ağır sözlər deyib, amma onun da mənası var imiş..."
Ölümündən sonra Nail Orucov "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.
Bu gün onun ən böyük dəstəkçiləri yadigarı olan övladlarıdır. Atalarının vəsiyyətini yerinə yetirməklə yanaşı, komandirin son danışığındakı "güclü olun" əmrini də unutmurlar. Nigar xanım onun evdən çıxarkən dediyi "sən güclüsən, hər şeyin öhdəsindən gələrsən" sözündən hər zaman ilham alır.
Bəli, cənab polkovnik-leytenant, dediyin kimi, bu gün Nigar xanım güclüdür, Vətənə layiqli üç övlad böyüdür. Sənin əziz xatirənə sığınaraq qurduğun planla irəliləyirlər...
Tabor komandiri həm də sadiq əsgərlərinin, silahdaşlarının and yeri - Orucov zirvəsi oldu. Çünki o, Qubadlı zirvəsini öz adı ilə əbədiləşdirib.
Şəhadət günün mübarək, cənab polkovnik-leytenant!
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"