02 Oktyabr 2026 11:56
93
SİYASƏT
A- A+
Müstəqil Azərbaycan dövlətçiliyinin xilasetmə və inkişaf yolu: 1993-cü ildən bu günə  

Müstəqil Azərbaycan dövlətçiliyinin xilasetmə və inkişaf yolu: 1993-cü ildən bu günə  


“Azərbaycanın belə bir dağılan vəziyyətində,
parçalanan vəziyyətində mən Azərbaycana gəlib bir məqsəd daşımışam —
Azərbaycanı bu fəlakətdən xilas edim, parçalanmaqdan xilas edim”. 

 Ümummilli Lider Heydər Əliyev


3 oktyabr 1993-cü ildə keçirilmiş prezident seçkiləri Azərbaycanın müasir siyasi tarixində mühüm mərhələlərdən biri olmuşdur. Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin mürəkkəb ictimai-siyasi və iqtisadi şəraitdən keçdiyi dövrə təsadüf edirdi. Bu dövrün tarixi əhəmiyyəti sonrakı illərdə Azərbaycanın siyasi, hüquqi və institusional inkişafında baş verən dəyişikliklər fonunda daha aydın görünür.Siyasi sabitliyin möhkəmləndirilməsi, hüquqi institutların formalaşdırılması, iqtisadi inkişaf xəttinin müəyyənləşdirilməsi və Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin güclənməsi əsas təhlil istiqamətləridir.

Müstəqilliyin bərpası Azərbaycan qarşısında yalnız yeni imkanlar deyil, eyni zamanda olduqca mürəkkəb vəzifələr də yaratmışdı. 1990-cı illərin əvvəllərində ölkə bir tərəfdən Qarabağ münaqişəsi və hərbi qarşıdurma, digər tərəfdən daxili siyasi gərginlik, idarəetmə problemləri və iqtisadi çətinliklərlə üzləşmişdi. Yeni dövlət institutlarının formalaşdırılması isə bütün bu proseslərlə paralel aparılmalı idi.

Belə bir şəraitdə 1993-cü ilin siyasi hadisələri ölkənin sonrakı inkişaf istiqamətinə ciddi təsir göstərdi. Həmin il oktyabrın 3-də keçirilən prezident seçkilərində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu hadisənin tarixi əhəmiyyəti yalnız hakimiyyət dəyişikliyi ilə məhdudlaşmırdı. Əsas məsələ müstəqilliyini yenicə bərpa etmiş dövlətin idarəçilik imkanlarının möhkəmləndirilməsi və gələcək siyasi xəttinin müəyyənləşdirilməsi idi.

Bu baxımdan 3 oktyabr 1993-cü ili bir günün hadisəsi kimi deyil, daha uzun bir siyasi prosesin başlanğıc nöqtələrindən biri kimi qiymətləndirmək mümkündür. Sonrakı illərdə dövlət idarəçiliyinin sabitləşdirilməsi, qanunvericilik bazasının yaradılması və dövlət institutlarının formalaşdırılması həmin mərhələnin əsas xüsusiyyətlərinə çevrildi. 

33 il bundan əvvəl, 1993-cü il oktyabrın 3-də keçirilmiş Prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün yeni bir mərhələnin başlanğıcı idi.  Xalqımız müstəqilliyi, dövlətçiliyi,  inkişafı, rifahı əsas götürərək  böyük səs çoxluğu ilə  Ulu Öndər Heydər Əliyevi Prezident seçdi.  Xalq ona, o isə xalqa arxalanırdı,   gücü ondan alırdı. Müdrik siyasətçi özü bu haqda fikir bildirərkən qeyd edirdi ki “Ölkənin ağır vaxtında prezident seçiləndə, prezident kürsüsünə qalxanda da, and içəndə də mən təkcə Azərbaycanın ərazisində olan azərbaycanlılara yox, bütün dünyada yaşayan azərbaycanlılara müraciət etdim. Bildirdim ki, respublikanın bu ağır dövründə hər bir azərbaycanlı, damarlarında azərbaycanlı qanı axan hər bir insan gərək Vətənin bu gününə yansın, münasibətini bildirsin, kömək etsin”. 

1993-cü ildən sonra qarşıda duran başlıca məsələlərdən biri ölkədə siyasi sabitliyin təmin edilməsi və dövlət hakimiyyəti institutlarının işlək vəziyyətə gətirilməsi idi. Müstəqilliyin davamlı olması üçün onun hüquqi və institusional dayaqlara söykənməsi zəruri idi.

Bu prosesdə 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi xüsusi yer tutur. Konstitusiya dövlət hakimiyyətinin təşkili, hakimiyyət bölgüsü, insan və vətəndaş hüquq və azadlıqları, demokratik, hüquqi və dünyəvi dövlət prinsipləri üçün əsas hüquqi çərçivəni müəyyən etdi. Bunun ardınca məhkəmə-hüquq sisteminin yenilənməsi, Konstitusiya Məhkəməsinin və Ombudsman institutunun yaradılması, ölüm hökmünün ləğvi kimi addımlar hüquqi dövlət quruculuğunun tədricən institusional məzmun qazanmasına xidmət etdi.

Burada mühüm məqam ondan ibarətdir ki, dövlətçilik artıq yalnız müstəqilliyin siyasi bəyanı ilə ifadə olunmurdu. Müstəqillik qanunları, Konstitusiyası, idarəetmə mexanizmləri və hüquqi institutları olan sistem şəklində möhkəmlənirdi.

Dövlət quruculuğunun davamlılığı iqtisadi əsasların yaradılmasından da asılı idi. Sovet iqtisadi modelindən çıxmış Azərbaycan üçün bazar münasibətlərinə keçid, sahibkarlığın inkişafı və xarici sərmayənin cəlb olunması yeni iqtisadi siyasətin vacib istiqamətləri idi.

20 sentyabr 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” bu baxımdan mühüm hadisəyə çevrildi. Azərbaycanın enerji ehtiyatlarının işlənməsinə xarici şirkətlərin cəlb edilməsi ölkəyə investisiya axınının genişlənməsinə və dünya iqtisadiyyatı ilə əlaqələrin dərinləşməsinə imkan verdi. Enerji siyasəti sonrakı illərdə nəqliyyat və kommunikasiya layihələri ilə tamamlanaraq Azərbaycanın regional iqtisadi əlaqələrində rolunu artırdı.

Eyni zamanda, müstəqil xarici siyasətin formalaşdırılması dövlət quruculuğunun ayrılmaz hissəsi idi. Müxtəlif ölkələrlə ikitərəfli münasibətlərin genişləndirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlıq və Azərbaycanın mövqeyinin beynəlxalq platformalarda təqdim olunması bu dövrün xarici siyasət gündəliyində mühüm yer tutdu. Yeni müstəqil dövlət üçün dünyaya açılmaq sadəcə diplomatik əlaqələr yaratmaq deyil, öz maraqlarını müəyyənləşdirib həmin maraqları beynəlxalq münasibətlər sistemində müdafiə etmək bacarığı formalaşdırmaq demək idi.

Tarixi hadisələrin əhəmiyyəti bəzən onların baş verdiyi anda deyil, sonrakı illərdə yaratdığı nəticələr fonunda daha aydın görünür. 3 oktyabr 1993-cü il də bu baxımdan Azərbaycanın müasir dövlətçilik tarixində diqqət çəkən tarixlərdən biridir.

Həmin tarixdən sonrakı mərhələdə siyasi sabitliyin möhkəmləndirilməsi, Konstitusiyanın qəbul olunması, hüquqi institutların yaradılması, iqtisadi modelin yenilənməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində ardıcıl proseslər baş verdi. Buna görə 3 oktyabr 1993-cü il yalnız prezident seçkilərinin keçirildiyi gün deyil, müstəqil Azərbaycanın dövlət institutlarının möhkəmlənməsi ilə səciyyələnən yeni siyasi mərhələnin başlanğıc nöqtələrindən biri kimi araşdırıla bilər.

Ulu Öndər Heydər Əliyev mürəkkəb, ziddiyyətli tarixi prosesləri düzgün dəyərləndirən, ən çətin vəziyyətdə belə təmkinini itirməyən, dünyadakı geosiyasi dəyişiklikləri, reallıqları dərindən qiymətləndirərək  xalqımızın, dövlətimizin maraqlarını  təmin edən bir lider idi. O, öz ölkəsini dərin iqtisadi- siyasi-hərbi böhrandan çıxararaq, sabitliyə və inkişafa nail oldu. 

  Ümummilli Lider Heydər Əliyev siyasəti, onun dövlətçilik xətti  bu gün də davam edir. Çünki bu siyasət Azərbaycanın gələcək tərəqqisinin təminatı baxımından mühüm əhəmiyyət kəsb edir. Onun banisi olduğu bu siyasət balanslıdır, cəmiyyətin bütün təbəqələrinin mənafelərini ifadə edir, vətəndaşların hüquq və azadlıqlarını, onların milli-dövlətçilik maraqlarının, açıq cəmiyyətin ali dəyərlərini müdafiə edir. bu siyasət  2003-cü ilin oktyabrından Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı - cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Ulu Öndər Heydər Əliyevin demokratik dövlətçilik strategiyasını ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti müəyyənləşdirilmiş möhkəm ənənələr üzərində özü də yeni bir dövlətçilik məktəbinin banisinə çevrilmişdir. Cənab İlham Əliyev respublikamızı uğurlu inkişaf yoluna çıxarmaqla, Cənubi Qafqaz bölgəsində həyata keçirilən qlobal enerjikommunikasiya layihələrinin başlıca təminatçısına çevrilmişdir. 

Ümummilli Lideri Heydər Əliyevin prezidentliyi dövründə dövlət quruculuğu sahəsində atılan strateji əhəmiyyətli addımlar müasir Azərbaycanın bugünkü davamlı və sistemli inkişafının əsasını qoydu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlətimizin müasirləşdirilməsi və daha da möhkəmləndirilməsi, milli iqtisadiyyatın dinamik inkişafı istiqamətində Ulu Öndərin  apardığı kursu uğurla davam etdirir. Ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan uzunmüddətli inkişaf perspektivləri olan dövlətə çevrilmişdir. Xalqın və Azərbaycan dövlətinin mənafeyini hər şeydən üstün tutaraq, bütün səyləri, qarşıya qoyulan məqsədlərə çatmağa yönəldən İlham Əliyev 20 ildə ölkənin sosial-iqtisadi həyatında dönüşə nail oldu, dövlət əsaslarını və bünövrəsini  daha da gücləndirdi. Problemlərin həllinə sistemli və kompleks yanaşma, dövlət başçısının məqsədyönlü fəaliyyəti, konkret tapşırıqların icrasına yönəldilməsi nəzərdə tutulanlara səmərəli üsullarla nail olmağa imkan verdi.

Hər birimizin gözləri qarşısında Prezident, Ali Baş Komandan İlham Əliyev   güclü ordu və onu  bütün məsələlərdə dəstəkləyən xalqla birlikdə qəhrəmanlıq və dövlətçilik salnaməsi yaratdı. Məhz İlham Əliyevin siyasi qətiyyətli və uzaqgörən  sayasəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Dövlətimizin ərazi bütövlüyü və suverenliyi təmin edildi. 

Uğurla həyata keçirilən islahatlar bu gün Azərbaycanı inkişafın keyfiyyətcə yeni mərhələsinə aparır. “Böyük Qayıdış” Proqramı əsasında Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur. 

Azərbaycan bu illər ərzində həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən gücləndi, regionun lider dövlətinə çevrildi, nəhəng nəqliyyat, kommunikasiya, neft, qaz, enerji layihələrinin təşəbbüskarı oldu və dünyaya sübut etdi ki, Cənubi Qafqazda ən güclü dövlətdir. Azərbaycan Heydər Əliyevin qoyduğu yolla gedərək ən uğurlu ölkə adını hələ uzun illər qoruyacaq. Vaxtilə Heydər Əliyev deyirdi: “Mən nikbinəm, hesab edirəm ki, xalq, millət, Azərbaycan vətəndaşları - biz hamımız birlikdə bu çətinliklərin öhdəsindən gələcəyik. Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz, bundan sonra heç bir qüvvə Azərbaycanın dövlətçiliyini məhv edə bilməz”. 

Bu gün  Azərbaycan qarşısında dayanan taleyüklü məsələləri həll edərək, daha da  inkişaf edir, beynəlxalq aləmdə  özünü təsdiq edir, haqqını qoruyur. İndi dövlətimizin tək bölgədə deyil, dünyada nüfuzu artır. Ölkəmiz qlobal təşəbbüslər irəli sürür, bütövlükdə dünyanı düşündürən məsələləri səsləndirir, təkliflər irəli sürür, sülh, təhlükəsizlik, harmoniya, bərabərlik, ədalətlilik naminə öz layiqli töhfələrini verir. 


Hicran HÜSEYNOVA,

Milli Məclisin Komitə sədri 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir  

12:18
02 Oktyabr

Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik  

12:17
02 Oktyabr

"ADEX 2026" davam edir

12:16
02 Oktyabr

Müstəqil Azərbaycan dövlətçiliyinin xilasetmə və inkişaf yolu: 1993-cü ildən bu günə  

11:56
02 Oktyabr

Beynəlxalq Astronavtika Konqresində

11:51
02 Oktyabr

Lənkəranda ahıl şəxslər üçün bayram tədbiri təşkil edilib

11:49
02 Oktyabr

Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq  

11:49
02 Oktyabr

Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin  

11:48
02 Oktyabr

Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir  

11:47
02 Oktyabr

Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb

11:46
02 Oktyabr

Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib  

11:45
02 Oktyabr

Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

11:44
02 Oktyabr

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir  

11:44
02 Oktyabr

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

11:34
02 Oktyabr

Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın  

11:33
02 Oktyabr

Hikmət Hacıyev: Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək  

11:31
02 Oktyabr

Şuşada Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər  

11:30
02 Oktyabr

Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi  

11:29
02 Oktyabr

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi  

11:29
02 Oktyabr

Heydər Əliyev qüdrətli Azərbaycan dövlətinin banisidir  

11:08
02 Oktyabr

Azərbaycanın gələcək inkişafının təməlinin qoyulduğu tarixi gün  

10:57
02 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!